Məhkəmə qərarları › İş №2(103)-7361/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7361/2020

28.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7361/2020 28.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahvediyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçı və onun nümayəndəsi-vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçıCavabdeh qarşı “mənzildən isdifadə hüququna xitam verilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(001)- 4443/2020 saylı qərardadından cavabdehin şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən mənzildən isdifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçı iddianı təmin etmə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə həmin mənzildən cavabdehin istifadəsinin dayandırılması, mənzildən özünün istifadə imkanlarının təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(001)- 4443/2020 saylı qərardadı ilə ərizə təmin edilmiş, ünvan 1 ünvanında yerləşən mənzildən Cavabdeh istifadəsi dayandırılmış, həmin mənzildən İddiaçı istifadə imkanları təmin edilmişdir. Qərardaddan cavabdeh tərəfin verdiyi şikayət məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətdə qərardadın ləğv edilməsi xahiş edilmişdir. Şikayətin onunla əsaslandırılmışdır ki, mübahisə predmeti olan mənzil Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan göründüyü kimi iddiaçının adına olsa da, bu real vəziyyəti əks etdirmir. İddiaçı mənzilə qanunsuz alğı-satqı müqaviləsi əsasında mülkiyyət hüququ əldə etmişdir. Daha sonra iddiaçı Binəqədi rayon Məhkəməsinə onun evdən çıxarılmağı barədə iddia tələbi ilə müraciət etmişdir. O isə öz növbəsində Nəsimi rayon Məhkəməsinə “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə” iddia ərizəsi ilə müraciət etmişdir. Binəqədi rayon məhkəməsinin icraatında olmuş mülki iş Nəsimi rayon məhkəməsində baxılan mülki işlə bağlı olduğundan icraat dayandırılmışdır. Həmin işlə bağlı yekun məhkəmə qərarı olmadan Binəqədi Rayon məhkəməsinin qərardadı ilə iddia təmin tədbiri tətbiq edilərək həmin mənzilə istifadə hüququnun məhdudlaşdırılması qanunvericiliyin tələblərinə ziddir. Məhkəmə iclasında iştirak edən cavabdeh şikayəti müdafiə edərək, təmin edilməsini xahiş etdi. Həmçinin qeyd etdi ki, mübahisəli mənzil yataqxana binasında yerləşən iki otaqlı yaşayış sahəsidir, bu mənzildə onunla atası yaşamış, 2018-ci ildə atası vəfat etdikdən sonra isə özü tək yaşamışdır. Mənzilə dair nə mərhum atasının, nə də özünün adına heç bir sənəd olmasa da, hamı bilir ki, həmin mənzili atasına keçmiş Azərbaycan Universitetinin rektoru Elşad Abdullayev verib. Buna baxmayaraq, Fəqan Musayev mənzili 2017-ci ildə qanunsuz özəlləşdirərək, sonradan – 2019-cu ildə iddiaçıya satmışdır. Hazırda Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(001)- 4443/2020 saylı qərardadına əsasən o, mənzildən çıxaraq iddiaçıya təhvil vermiş, ancaq müəyyən əşyaları mənzildə qalmışdır. İddiaçı və nümayəndəsi-vəkili şikayətin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdilər. Sonuncu həmçinin qeyd etdi ki, mübahisəli mənzil hələ 2017-ci ildə Əfqan Hacıyevin adına qeydiyyatdan keçmiş və iddiaçı da mənzili xx xxxxxxx 2019-cu il tarixli alqı-satqı müqaviləsi əsasında Əfqan Hacıyevdən almışdır. Cavabdehin həmin mənzilə heç bir hüququ yoxdur. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin olunmadan, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nın 157.1-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Kollegiya qeyd edir ki, iddianı təmin etmə tədbirləri iddianı qabaqcadan həll etməyib, müvəqqəti xarakter daşıyır. Bu, iddianın təmin ediləcəyi təqdirdə iddia tələblərinin realizə edilməsinə təminat verməyə yönəlmiş məhkəmə tərəfindən tətbiq olunan tədbirlər institudur. Bu tədbirlər fiziki və hüquqi şəxslərin hüquqlarının əsas təminatçısı olmaqla, mülki hüquq pozuntusu nəticəsində onların pozulmuş hüquqlarının bərpasına xidmət etməyə yönəlmişdir. Bu institutun əhəmiyyəti ondan ibarətdir ki, onunla cavabdehin vicdansız davranışı halı üçün iddiaçının qanuni maraqları müdafiə olunur və ya iddianı təmin etmə tədbirlərinin görülməməsi gələcəkdə qətnamənin icrasını mümkünsüz edilməsi ilə nəticələnə bilər. Bununla belə, nəzərə almaq lazımdır ki, iddianı təmin etmək üçün görülmüş tədbirlər işdə iştirak edən cavabdehin maraqlarına da xələl gətirməməli, iddianın həcminə adekvat olmalıdır. MPM-nin 158.1.2-ci maddəsinə əsasən, iddianı təmin etmək üçün müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək tədbiri görülə bilər. Eyni məcəllənin 158.1.3-cü maddəsinə görə mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək tədbiri görülə bilər. Məhkəmə zəruri hallarda iddianı təmin etmək məqsədi ilə bu Məcəllənin müvafiq maddələrində nəzərdə tutulan digər tədbirləri görə bilər. Məhkəmə iddianın təmin edilməsinin bir neçə növünü tətbiq edə bilər (MPM 158.2). Kollegiya qeyd edir ki, cavabdehin şikayətinin dəlilləri əsassızdır və qərardadın ləğv edilməsi üçün təşkil etmir. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisə predmetini bilavasitə ünvan 1 ünvanında yerləşənmənzil təşkil edir və iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, həmin mənzil xx.xx.2019-cu il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. Sonuncu mənzili xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən əvvəlki mülkiyyətçi X1 almışdır. İddianın məzmunu cavabdehin hal-hazırda iddiaçıya məxsus mənzildə yaşaması və tələb onun mənzildən istifadə hüququna xitam verilməsidir. Belə olan halda həmin mənzillə bağlı hər hansı hərəkətin edilməsi, iddianın təmin ediləcəyi halda qətnamənin icrasını çətinləşdirə bilər. Odur ki, birinci instansiya məhkəməsi iddiaçının ərizəsini təmin etməkdə haqlı olmuşdur. Kollegiya onu da nəzərə alır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(001)-4443/2020 saylı qərardadı artıq icra olunmuşdur və hazırki vəziyyətdə həmin qərardadın ləğv edilərək ərizənin təmin edilməməsi onunla nəticələ bilər ki, qərardadın icrasında dönüş baş verməsi nəticəsində mənzil ona heç bir hüququ olmayan (hazırki vəziyyətdə) cavabdehə təhvil verilər. Kollegiya hesab edir ki, mübahisələr həll olunana qədər mübahisəli mənzilin hazırki vaxtda qanuni mülkiyyətçisi olan iddiaçının istifadəsində olması daha ədalətlidir. O da nəzərə alınmalıdır ki, mübahisəli mənzil daşınmaz əmlakdır və bütün mübahisələr həll olunana kimi tələb olunan müddət ərzində onun məhv olması ehtimalı istisna olunur, buna görə də gələcəkdə tərəflərdən hansının mənzilə hüquqları tanınarsa, o da mənzilə sahib çıxacaqdır. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 401 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(001)- 4443/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Vahid Sadıqov Hakimlər Qürbət Əsgərov Azad İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar