Məhkəmə qərarları › İş №2(103)-7365/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7365/2021

22.07.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7365/2021 22.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış sahəsinə istifadə hüquqlarına xitam verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhər Suraxanı rayon məhkəməsinin 08 may 2021ci il tarixli, 2(010)-3105/2021 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış sahəsinə istifadə hüquqlarına xitam verilməsi” tələbi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan yolu, ev 17-də yerləşən 67 saylı mənzilə istifadə hüquqlarına xitam verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhər Suraxanı rayon məhkəməsinin 08 may 2021-ci il tarixli, 2(010)-3105/2021 saylı qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış sahəsinə istifadə hüquqlarının itirilmiş hesab edilməsinə dair iddia ərizəsinin qəbuludan iddianın yolverilməzliyinə görə imtina edilmiş, iddiaçıya izah edilmişdir ki, mülkiyyətində olan mənzildən cavabdehlərin qeydiyyatdan çıxarılması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, inzibati orqan tərəfindən imtina edildikdə, onların həmin mənzildən qeydiyyatdan çıxarılması öhdəliyinin həmin orqanın üzərinə qoyulması barədə Bakı İnzibati Məhkəməsinə iddia tələbi ilə müraciət etməlidir. Qeyd olunan qərardaddan narazı qalan iddiaçı şikayətlə məhkəməyə müraciət edərək, qərardadın ləğv edilməsi və iddia tələbinə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərardadı qanunsuz və əsassızdır. Belə ki, cavabdehlərdən biri Cavabdeh1 mənzilin keçmiş mülkiyyətçisidir, digər cavabdeh isə mənzilin keçmiş mülkiyyətçisinin ailə üzvüdür. Cavabdehlər iddiaçı ilə mənzilin keçmiş mülkiyyətçisi arasında alğı-satqı müqaviləsi bağlananadək həmin mənzildə yaşamış və onların həmin mənzilə alğı-satqı müqaviləsi bağlanan anadək istifadə hüququ mövcud olmuşdur. Mənzilə istifadə hüququnun olub-olmamasını müəyyən etmədən şəxsin qeydiyyatda olduğu mənzildən pasport qeydiyyatında çıxarılması qanunvericiliyin tələblərinə ziddir. Cavabdehlərin isə həmin mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi və ya cavabdehlərin həmin mənzilə istifadə hüququna xitam verilməsi məsələsi qanunvericiliklə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə deyil mülki məhkəmənin səlahiyyətləri sırasına daxil edilmişdir. Yalnız Məhkəmə qətnaməsi əsasında cavabdehlərin sözügedən mənzilə istifadə hüququ olmadığı müəyyən olunduqdan sonra cavabdehlərin həmin mənzildə pasport qeydiyyatından çıxarılması vəzifəsi inzibati orqan tərəfindən icra olunmalıdır. Qeyd olunanlardan məlum olur ki, mənzilə dair alğı-satqı müqaviləsi notarial qaydada təsdiq olunanadək cavabdehlərin həmin mənzilə istifadə hüququ mövcud olmuş, cavabdehlərin həmin mənzilə istifadə hüququna xitam verilməsi və ya cavabdehlərin həmin mənzilə dair istifadə hüqunun itirilmiş hesab edilməsinə dair iddialara mülki məhkəmə icraatında baxılmalıdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli, 2(010)-3105/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş, Bakı şəhər Suraxanı rayon məhkəməsinin 08 may 2021-ci il tarixli, 2(010)-3105/2021 saylı qərardadı qüvvəsində saxlanılmış, Bakı şəhər Suraxanı rayon məhkəməsinin 08 may 2021-ci il tarixli 2(010)-3105/2021 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayət iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 376.2-ci maddəsinə əsasən, məhkəmə iclasının iddiaçının iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim, yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti” barədə 10 aprel 2015-ci il tarixli qərarında da ifadə olunmuşdur. Belə ki, həmin qərarın 15.4-cü bəndində göstərilmişdir ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Kollegiya hesab edir ki, iddia ərizəsindən görünür ki, iddiaçı məhkəməyə müraciət edərək, cavabdehlərin istifadə hüquqlarına xitam verilməsini xahiş etmişdir. İddia ərizəsinə mahiyyəti üzrə baxmadan cavabdehlərin yaşayış sahəsinə istifadə hüquqları mövcud olmayan şəxslər kimi qiymətləndirməsi və bunun əsasında iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməsi yolverilməzdir. Beləliklə, iddiaçının iddia tələbi predmet və subyekt tərkibinə görə mülki mübahisə xarakterlidir və bu səbəbdən ümumi məhkəmədə baxılmalıdır. Qeyd olunanlara əsasən, kollegiya hesab edir ki, qərardad ləğv olunmalı, qeyd olunan hallar araşdırılmaqla iş iddia ərizəsinin icraata qəbulunun mümkünlüyü barədə məsələnin yenidən müzakirə edilməsi üçün birinci instansiya məhkəməsinin göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı şikayəti təmin edilsin. Bakı şəhər Suraxanı rayon məhkəməsinin 08 may 2021-ci il tarixli, 2(010)-3105/2021 saylı qərardadı ləğv edilsin. Mülki iş iddia ərizəsinin icraata qəbulunun mümkünlüyü barədə məsələyə yenidən baxılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar