Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7368/2023 06.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi ilə, İddiaçı cavabdeh Qafarova (Məmmədova) Səmayə Əli qızına qarşı “istifadə hüququna xitam verilməsi” tələbinə dair Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-649/2023 nömrəli işi üzrə 03 aprel 2023-cü il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh X3 Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsi, 126a saylı evə istifadə hüququna xitam verilməsi barədə iddiasına dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-649/2023 nömrəli işi üzrə 03 aprel 2023-cü il tarixli qərardadı qəbul edilərək mülki işin icraatına xitam verilmişdir. Qərardadda Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarına; Mülki Məcəllənin 262.1; Mülki Prosessual Məcəlləsinin 114.1, 114.1.4, 261.0.1, 262.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, cavabdehin Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsi, 126A-da yerləşən evdən istifadə hüququnun yaranmış olması mübahisəsiz olduğundan, həmin evin sökülməsi ilə (daşınmaz əşyanın məhv olması ilə) cavabdehin istifadə hüququna da xitam verilmişdir. Bu halda da mövcud olmayan hüquqa xitam verilməsi barədə verilmiş iddia tələbinə məhkəmədə baxıla bilməz. Cavabdeh X9 şikayət vermiş, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilməsini və İddiaçı X4 qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbi barədə” iddiasına mahiyyəti üzrə baxılaraq həmin iddianın rədd edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.1, 158.2, 158.3, 158.4; Mülki Prosessual Məcəllənin 185-ci maddələrinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli qərarına istinadən qeyd edilmişdir ki, Nəsimi Rayon Məhkəməsi hazırki iş üzrə səhv nəticəyə gəlmiş, maddi və prosesssual hüquq normalarının pozulması ilə qərardad qəbul etmişdir. Belə ki, işdə olan 2- 1144/2004 saylı, 23 iyun 2004-cü il tarixli qətnamədən görünür ki, hazırki iş üzrə cavabdeh X7 qəsəbəsində ona aid torpaq sahəsini satmış və Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsi, 126a saylı evi əldə etmiş, həmçinin həmin evə pasport qeydiyyatına alınmışdır. Həmin ev özbaşına tikilidir. Bu evdə Səmaya Qafarova ilə birlikdə onunla faktiki nikah münasibətlərində olan X5 (hazırki iş üzrə iddiaçının atası) yaşamışdır. X1 və onun ailə üzvləri, o cümlədən də, İddiaçı sözügedən evə qeydiyyata alınması barədə iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etmişlər. Məhkəmə həmin iddianı təmin etmişdir. Göründüyü kimi, Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsi, 126a saylı ev Səmaya Qafarovanın vəsaiti hesabına alınmışdır. Lakin ev özbaşına tikili olduğuna görə, o, ev üzərində hüquqlarını rəsmilləşdirə bilməmişdir. Səmaya Qafarova ilə faktiki nikah münasibətlərində olan Abbas Baxışov və onun övladları sonradan həmin ünvan üzrə pasport qeydiyyaına alınmışlar. X8 xəstəliyindən istifadə edən, ailə qurduqdan sonra bu evdə heç yaşamayan İddiaçı, əri və narkomaniya xəstəsi olan qardaşı ilə birləşərək, Səmaya Qafarovaya fiziki və psixoloji təzyiqlər göstərmiş, onu həmin evdən məcburi çıxartmışlar. Bundan sonra Səmaya Qafarova, onun öz evinə köçürülməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, onun bu iddiası təmin edilmişdir. Lakin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin olmasına baxmayaraq, İddiaçı müxtəlif üsullarla qətnamənin icrasına maneçilik törətmişdir. Səmaya Qafarovanın bununla bağlı müxtəlif dövlət orqanlarına etdiyi çoxsaylı müraciət və şikayətləri də heç bir müsbət nəticə verməmişdir. Bu yaxınlarda isə Səmaya Qafarovanın məlumatı olmuşdur ki, pulunu verərək aldığı, yaşadığı, istifadə hüququ məhkəmə qətnaməsi ilə tanınmış və pasport qeydiyyatında olduğu ev, onun məlumatı və razılığı olmadan tikinti şirkəti tərəfindən sökülmüşdür. Ev sökülməmişdən əvvəl isə İddiaçı tikinti şirkəti olan "xxxx" MTK ilə əvəzləşdirmə müqaviləsi bağlamışdır. Həmin müqaviləyə görə, sökülmüş evin əvəzinə İddiaçı MTK-dan 4 ədəd mənzil və 2 ədəd qaraj almışdır. Bütün bunlar barədə İddiaçı Səmaya Qafarovaya heç bir məlumat verməmişdir. İddiaçı bununla da kifayətlənməmiş, Səmaya Qafarovanın əldə etdiyi evin əvəzinə "xxxx" MTK- dan aldığı daşınmaz əmlaklardan Səmaya Qafarovaya verməmək üçün bu səfər sonuncunun istifadə hüququna xitam verilməsi barədə Nəsimi Rayon Məhkəməsində iddia qaldırmışdır. Həmin işə baxmış hakim bu nəticəyə gəlmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsi, 126a saylı ev söküldüyünə görə, Səmaya Qafarova da həmin evə olan istifadə hüququnu itirmişdir. Lakin bu zaman hakim, İddiaçı əsl niyyətini (MTK-dan aldığı mənzil və qarajların bir hissəsinin Səmaya Qafarovaya verməkdən yayınmaq) ya başa düşməmiş, ya da başa düşmək istəməmişdir. İddiaçı da hakim Günay Abidovanın bu iş üzrə qəbul etdiyi məhkəmə aktı əsasında Səmaya Qafarovanı sözügedən evdən pasport qeydiyyatından çıxartdırmışdır. Səmaya Qafarovanın sökülmüş evə istifadə hüququ qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə tanınmışdır. Əmlakdan istifadə hüququ əşya hüququ sayılır. Bu səbəbdən də Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsi, 126a saylı ev sökülmüş olsa belə, Səmaya Qafarovanın həmin evə istifadə hüququ itirilmir. Həmin hüquq sökülmüş evin əvəzinə verilmiş mənzil üzərində saxlanılır. Bunlardan başqa, qeyd etdikləri kimi hakim Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsi, 126a saylı ev söküldüyünə görə, Səmaya Qafarovanın da həmin evə olan istifadə hüququnun artıq mövcud olmadığı qənaətinə gəlmişdir. Lakin bu zaman hakim nəzərə almamışdır ki, həmin iş üzrə Səmaya Qafarovanın istifadə hüququna xitam verilməsi barədə iddianı irəli sürən İddiaçı da sökülmüş ev üzərində hər hansı hüququ mövcud deyil. Başqa sözlə, hakimin məsələnin həllinə yanaşmasını (evin sökülməsi) əsas götürsək, bu qənaətə gəlinir ki, İddiaçı həmin iddianı irəli sürmək üçün subyektiv hüququ olmamışdır. Hazırki işə baxan hakim mülki mübahisənin qanuni həlli üçün ilk növbədə iddia qaldırmış İddiaçı müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalı olduğu halda, bu halı araşdırmamışdır. Əslində hakim hazırki iş üzrə icraata xitam verilməsi barədə qərardad deyil, İddiaçı subyektiv hüququnun olmaması əsası ilə onun iddiasının təmin edilməməsi barədə qətnamə qəbul etməli idi. Lakin Nəsimi Rayon Məhkəməsi subyekti hüququ olmayan şəxsin verdiyi iddia əsasında işə baxmışdır. Nəsimi Rayon Məhkəməsi məhkəmə baxışında cavabdeh Səmaya Qafarovanın iştirakını qanuna müvafiq qaydada təmin etməmişdir. Belə ki, Nəsimi Rayon Məhkəməsi tərəfindən cavabdeh Səmaya Qafarovanın adına olan məhkəmə bildirişlərinin göndərilməsi barədə iş materiallarına məktub əlavə olunsa da, həmin bildirişlərin Səmaya Qafarova tərəfindən alınması iş materialları ilə təsdiq olunmur. Bu hal onu təsdiq edir ki, Nəsimi Rayon Məhkəməsi cavabdeh Səmaya Qafarovanı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar etməmişdir. Göründüyü kimi Nəsimi Rayon Məhkəməsi, MPM-nin 185-ci maddəsinin tələblərini pozmuşdur. Qərardad çəkişmə şəraitində qəbul edilməmişdir. Bu hal isə düzgün olmayan qərardadın qəbul edilməsinə səbəb olmuşdur. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-649/2023 nömrəli işi üzrə 01 noyabr 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Mülki Prosesual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Azərbaycan Respublikası Konstitusiyasının 24 (İİİ), 80; “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 62-67; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2, 8, 9, 261-262, 385-395, 397-ci maddələrinə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab etmir, prosessual qanunvericiliyin mahiyyətinə aid olmayan formal mülahizələr əsasında tərtib edilmiş qərardadın ləğv edilməsi üçün əsaslar müəyyən edir. Belə ki, çəkişmə prinsipini pozan birinci instansiya məhkəməsi mahiyyəti üzrə iddia tələbini qiymətləndirmiş, qətnamə ilə həll edilməli məsələyə qərardadla qiymət verərək işin faktiki hallarına müdaxilə etmişdir. Halbuki, məhkəmənin istinad etdiyi mülki prosessual qanunvericiliyin norması münasibətlərin ümumi səciyyəsinə və tərəflərin subyektiv tərkibinə müvafiq qiymət verilməsini ehtiva edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən: İ.Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır.. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən: İ. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Vİİ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 4.1.Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 4.2. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz.24.1. Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. Məcəllənin 261.0.1-ci maddəsinə əsasən: iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icaata xitam verir. 262.3. Bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Qeyd edilənlərə əsasən,cavabdehin şikayəti təmin edilməli, məhkəmənin mübahisə edilən qərardadı ləğv edilməli və iş üzrə sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Diqqətə çatdırılmalıdır ki, məhkəmə aktları ehtimallara deyil, qanunla müəyyən edilmiş əsaslara uyğun əsaslandırılmalı və (diskresion səlahiyyətlərdən və dispozitiv imkandan kənar) hüquqdan sui-istifadəyə məruz qalaraq hüquqların əsassız məhdudlaşmasına xidmət etməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 395- 403-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə r a r a a l d ı: Cavabdeh X3 şikayəti təmin edilsin. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)- 649/2023 nömrəli işi üzrə 03 aprel 2023-cü il tarixli qərardadı ləğv edilsin və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün iş Bakı şəhər Nəsimi Rayon Məhkəməsinə göndərilsin.
Məhkəmə qərarları › İş №2(103)-7368/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7368/2023
06.12.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver