Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7373/2021 16.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, Cavabdeh Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1957/2021 saylı, 06 may 2021-ci il tarixli qətnaməsindən cavabdeh Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı iddia ərizəsi, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onunla "xxxx" ASC arasında bağlanmış 08.05.2015-ci il tarixli, 129056/08/05/02 №-li Bank əmanəti müqaviləsinə əsasən əmanətə qoyulmuş 10 000 (on min) ABŞ dolları məbləğində pul vəsaitinin, habelə həmin məbləğə 08 may 2017-ci il tarixdən 07 may 2019-cu il tarixinədək olan dövr üçün illik 7% (yeddi faiz) dərəcəsilə hesablanmış 1 342 (bir min üç yüz qırx iki) ABŞ dolları və 08 may 2019-cu il tarixdən 19 mart 2021-ci il tarixindək olan dövr üçün illik 4,25% dərəcəsilə hesablanmış 787 ABŞ dolları məbləğində faizlərin, cəmi 12.129 ABŞ dolları məbləğində pul vəsaitinin, həmçinin iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzinin Əmanətlərin Sığortalanması Fondundan tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1957/2021 saylı, 06 may 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, 08.05.2015-ci il tarixli, 129056/0803/02 saylı bank əmanəti müqaviləsinə əsasən iddiaçının "xxxx" ASC-yə qoyduğu 10.000 (on min) ABŞ dolları məbləğində əmanət və ona hesablanmalı olan 413 (dörd yüz on üç) ABŞ dolları məbləğində kompensasiya məbləği olmaqla, cəmi 10.413 (on min dörd yüz on üç) ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) məbləğində pul və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi cavabdeh Əmanətlərin Sığortalanması Fondundan alınaraq İddiaçı verilməsi qət edilmişdir. Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinə 30 iyul 2021-ci il tarixdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin sorğusu daxil olmuşdür. Həmin sorğuda qeyd edilən mülki iş üzrə iddiaçı tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1957/2021 saylı, 06 may 2021-ci il tarixli qətnaməsindən şikayət verildiyi qeyd edilmiş və yaranmış zərurətlə hazırki mülki işin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Mülki Prosessual Məcəllənin 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, mülki iş apellyasiya baxışından çıxarılmalı və İddiaçı tərəfindən verilmiş şikayətin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 364-cü maddəsini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1957/2021 saylı, 06 may 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş şikayətin Mülki Prosessual Məcəllənin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş apellyasiya baxışından çıxarılaraq Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin.
Məhkəmə qərarları › İş №2(103)-7373/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7373/2021
16.08.2021 · Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver