Məhkəmə qərarları › İş №2(103)-7378/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7378/2023

11.12.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7378/2023 11.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 27 oktyabr 2023-cü il tarixli, 2(010)- 5028/2023 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun iki azyaşlı övladı - xx.xx.2014-cü il tarixdə anadan olmuş X3 və xx.xx.2015-ci il tarixdə anadan olmuş X2 ilə birlikdə ünvan 1 ünvanda yerləşən evə köçürülməyi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5028/2023 nömrəli iş üzrə qəbul etdiyi 27 oktyabr 2023-cü il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin iddiaçıya geri qaytarılması qərara alınmışdır. İddiaçı həmin qərardaddan şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçının cavabdehlə xx.xx.2012-ci il tarixdən xx.xx.2021-ci il tarixədək rəsmi nikahda olmağı, mübahisəli evi nikah müddətində alımaqları, komunal xidmətlərə dair abonent müqavilələrinin keçmiş həyat yoldaşı Cavabdeh adına bağlanması, ailələrinin həmin evə köçərək orada yaşaması, onun nikaha girdiyi zaman apardığı cehiz əşyalarının həmin evdə qalması, cavabdehin 2021-ci ilin may ayında onu və uşaqları yaşadıqları evdən çıxararaq oraya buraxmaması ilə onun və uşaqlarının həmin evə sahiblik və istifadə (yaşamaq) hüquqlarının cavabdeh tərəfindən pozulduğu və onun tərəfindən verilən iddianın onun qanuni sahiblik edərək azyaşlı uşaqları ilə birlikdə yaşadığı evə hüquqlarının pozulmasının aradan qaldırılmasına dair iddia olduğu üçün MPM-nin 39.1-ci maddəsinə əsasən müstəsna aidiyyət qaydasına uyğun olaraq ərazi aidiyyəti üzrə daşınmaz əmlakın olduğu yerin məhkəməsində baxılmalıdır və məhkəmənin ərazi aidiyyəti barədə gəldiyi nəticə düz deyildir. Suraxanı Rayon Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq və şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək iş iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Birinci instansiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, iddia ərizəsindən və AZEMİS vasitəsilə edilmiş çıxarışdan görünür ki, Cavabdeh qeydiyyat ünvanı “Bakı şəhəri, Səbail rayonu”dur. Hazırki iddianın daşınmaz əşyanın olduğu yerə görə verilməsi üçün qanunda nəzərdə tutulmuş heç bir şərt mövcud deyildir. Odur ki, hazırkı tələb Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39-cu maddəsinin təsir dairəsinə düşmür. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) müvafiq olaraq aidiyyət qaydalarının pozulmasına yol verilmir (31.1). Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir (maddə 35.1). Daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir (maddə 39.1). “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 02 iyun 2021-ci il tarili plenum qərarına əsasən daşınmaz əşya üzərində mülkiyyət hüququnun tanınmasına dair iddialar müstəsna aidiyyət qaydalarını tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən həmin daşınmaz əşyanın olduğu yer üzrə məhkəməyə verilməlidir. Müstəsna aidiyyətin mahiyyəti ondan ibarətdir ki, iddiaçının konkret işə baxılması üçün bu və ya digər məhkəməni öz iradəsinə uyğun olaraq seçmək imkanı istisna olunur və müvafiq işə yalnız Mülki Prosessual Məcəllənin 39-cu maddəsində göstərilmiş məhkəmədə baxılır. Müstəsna aidiyyət müvafiq işlərin düzgün və vaxtında həlli üçün əhəmiyyətli dərəcədə əlverişli şərait yaradılmasının təmin edilməsinə yönəlmişdir. Qeyd olunmalıdır ki, qanunla xüsusilə daşınmaz əşya ilə bağlı tələblər üzrə müstəsna aidiyyətin müəyyən edilməsi mübahisə predmeti olan əşyanın yerində müayinəsi, həmin əşyaya dair sənədlərin vaxtında toplanması, eləcə də mülki işin ədalətli və qanunauyğun həllinə yönəlmiş digər prosessual hərəkətlərin yerinə yetirilməsini asanlaşdırır və işə obyektiv baxılmasının təmin edilməsinə xidmət edir. Kollegiya qeyd edir ki, hazırki mübahisənin predmeti olan daşınmaz əmlak Bakı şəhəri, Suraxanı rayonu, Zığ bağları, Samir Əliyev küçəsi 50A saylı ev Suraxanı rayonunun ərazisində yerləşdiyindən, iddiaçı haqlı olaraq daşınmaz əşyaya mülkiyyət hüquqlarının pozulmasının aradan qaldırılması barədə iddia ərizəsi ilə Suraxanı Rayon Məhkəməsinə müraciət etmişdir. Bu baxımdan iddiaçı hazırkı iddia ərizəsi ilə əmlakın yerləşdiyi yer üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası işin qeyd olunan hallarını, sadalanan prosessual hüquq normalarını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş ərizənin yenidən müzakirə edilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı şikayəti qismən təmin olunsun. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 27 oktyabr 2023-cü il tarixli, 2(010)- 5028/2023 saylı qərardadı ləğv edilsin və bu qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla ərizəyə yenidən baxılması üçün mülki iş Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar