Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7384/2021 08.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Məmmədovanın sədrliyi və məruzəsi ilə, X1 və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 may 2021-ci il tarixli 2(006)-2422/2021 nömrəli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «vurulmuş ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zərdab rayon Polis İdarəsinin əməkdaşlarının və Şəki Ağır Cinayətlər Məhkəməsinin qanunsuz və əsassız qərarları ilə saxlanıldığı 276 gün üçün hər gün 100 manat hesablamaqla 27.600 manat, şərəf və ləyaqəti alçaldıldığı üçün 50.000 manat, mənəvi ziyan olaraq 30.000 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Şəki Ağır Cinayətlər Məhkəməsinin 03 sentyabr 2019-cu il tarixli hökmü ilə onu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilərək beş il altı ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum etmişlər. Şəki Ağır Cinayətlər Məhkəməsinin 03 sentyabr 2019-cu il tarixli hökmündən Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti ilə müraciət etmişdir. Şəki Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 28.01.2020-ci il tarixli 1(107)-5/2020 saylı hökmü ilə əməlində cinayət tərkibi olmadığından və cinayət əməlini onun törətmədiyi müəyyən olunduğundan ona bəraət verilmiş və məhkəmə zalından azad olunmuşdur. Şəki Apellyasiya Məhkəməsində ona qanunsuz məhkum olunduğuna və qanunsuz həbsdə saxlanıldığına görə kompensasiya ala biləcəyini izah etmişlər. Dövlət ittihamçısı Mazan Fətəliyev tərəfindən Şəki Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 28.01.2020-ci il tarixli 1(107)-5/2020 saylı hökmündən kassasiya protesti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət Kollegiyasının 01.12.2020-ci il tarixli 1(102)-777/2020 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmişdir. CPM-in 56, 57.1-ci maddələrinə, CM-in 58.1, 58.2, 60.1-ci maddələrinə, Mülki Məcəllənin 21.1, 21.2, 23.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Mülki Məcəllənin 21-23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2020-ci il tarixli qərarına istinad edən iddiaçı daha sonra qeyd etmişdir ki, Zərdab rayon Polis Şöbəsinin qanunsuz əməllərinə görə o, 9 ay 3 gün əsassız olaraq şübhəli və təqsirləndirilən şəxs kimi saxlanılmışdır. Bundan əlavə onun adını «Narkotacir» kimi rəsmiləşdirərək onun şərəf və ləyaqətini alçaltmışlar. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 may 2021-ci il, tarixli 2(006)-2422/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, İddiaçı vurulmuş mənəvi zərərə görə 3.000 (üç min) manat məbləğində pul cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Qətnamədən cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2422/2021 saylı iş üzrə 03.05.2021-ci il tarixli qətnaməsininin ləğv edilməsini, iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırır ki, mxəhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1101.1-ci maddəsinə istinad edərək iddiaçıya dəymiş zərərin dövlət büdcəsi hesabına ödənilməsi qərarına gəlmişdir. Halbuki, həmin maddənin tələbinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsəalmanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası (konkret dövlət büdcəsi nəzərdə tutulmamışdır) qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Digər tərəfdən Mülki Məcəllənin 1114.3-cü maddəsinə əsasən isə təhqiqat, ibtidai istintaq, prokurorluq və ya məhkəmə orqanlarının vəzifəli şəxsinin vurduğu zərərin əvəzinin ödənildiyi halda, əgər onun təqsiri məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyənləşdirilmişdirsə, Azərbaycan Respublikasının həmin şəxsə reqres hüququ vardır. Bununla bağlı olaraq, iddia tələbi dövlət büdcəsinə yönəldiyindən məhkəmə tərəfindən iş üzrə təqsirkar vəzifəli şəxslərin məhkəmə prosesinə cəlb olunması, onların təqsirinin müəyyən edilməsi və dövlətin həmin şəxslərə qarşı reqres hüququndan istifadə edə bilməsi üçün hüquqi faktların məhkəmə qərarında göstərilməsi barədə qanunsuz hərəkətə yol vermiş vəzifəli şəxs məhkəmə prosessinə cəlb olunmalı idi. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 03 noyabr tarixli 7 nömrəli Qərarının 10-cu hissəsinə əsasən mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı , zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Məhkəmə qətnamənin əsaslandırma hissəsində qeyd etmişdir ki, cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində iddiaçının mənəvi iztirab çəkməsi ilə bağlı dəlillərdən bəhs etsə də, iddiaçı tərəfindən məhkəməyə belə dəlillər təqdim edilməmişdir. Məhkəmə iddiaçının mənəvi iztirab çəkməsini heç bir mötəbər sübutla təsdiqləməmiş, yalnız iddiaçının mülahizələrinə əsaslanaraq iddiaçıya mənəvi zərərə görə 3000 manat vəsaitin ödənilməsi qənaətinə gəlmişdir. Hesab edirlər ki, mənəvi zərərin müəyyən edilməsi zamanı analoji norma kimi Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 190-cı maddəsinin müddəaları nəzərə alınmalıdır. Belə ki, həmin maddədə zərər çəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş ziyana görə müvafiq məbləğdə kompensasiya almaq hüququ müəyyən edilmişdir, (ona qarşı xüsusilə ağır cinayət törədildikdə — üç yüz otuz manat, ona qarşı ağır cinayət törədildikdə — yüz altmış beş manat, ona qarşı az ağır cinayət törədildikdə — əlli beş manat, ona qarşı böyük ictimai təhlükə törətməyən cinayət törədildikdə — on bir manat). Göründüyü kimi mövcud qanunvericiliyə əsasən hər hansı şəxsə qarşı xüsusilə ağır cinayət törədildiyi halda ona ödəniləcək kompensasiyanın məbləği üç yüz otuz manatdır. Qeyd edirlər ki, Cinayət-Prosessual Məcəllənin yuxarıda sadalanan norması kontekstində iddiaçıya mənəvi zərərə görə 3000 manat məbləğində kompensasiya hesablanması tamamilə əsassızdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı iddia ərizəsinin dəlillərinə istinad edərək, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini və tərəfin izahatını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və 1-ci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, Şəki Ağır Cinayətlər Məhkəməsinin 03 sentyabr 2019-cu il tarixli hökmü ilə İddiaçı Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək, 5 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, şübhəli şəxs kimi tutulduğu və həbsdə olduğu müddətin həmin cəzaya hesablanması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəlinin şübhəli şəxs kimi tutulduğu 26 aprel 2019-cu il tarixdən hesablanması, cəza çəkdiyi müddətdə alkoqolizmdən müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi hökm edilmişdir. İş materiallarına əlavə olunmuş Şəki Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 28 yanvar 2020-ci il tarixli hökmü ilə İddiaçı müdafiəçisi Emil Əliyevin apellyasiya şikayəti təmin edilmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin 03 sentyabr 2019-cu il tarixli hökmü ləğv edilmiş, İddiaçı Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyinə görə, ona bəraət verilmiş, barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və o, məhkəmə iclası zalından dərhal həbsdən azad edilmiş, Kəmil Rəsulovun CPM-in 56 və 63-cü maddələrinə əsasən, cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində vurulmuş ziyanın ödənilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək və kompensasiya almaq hüququ tanınmış və ona izah edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət Kollegiyasının 01 dekabr 2020-ci il tarixli 1(102)-777/2020 saylı qərarı ilə kassasiya protesti təmin edilməmiş, iş üzrə Şəki Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 28 yanvar 2020-ci il tarixli hökmü dəyişiklik edilmədən saxlanılmışdır. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 1096-cı maddəsinin tələblərinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. Qanunvericiliyin qeyd olunan müddəasının tələblərindən görünür ki, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Həmin şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Həmin şərtlərdən hər hansı birinin mövcud olmaması mülki hüquqi məsuliyyəti istisna edir. Mülki Məcəllənin 1100-cü madəsinin tələblərinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Mülki Məcəllənin 1101.1-ci madəsinin tələblərinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Mülki Məcəllənin 1101.2-ci madəsinin tələblərinə görə təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 57.1-ci maddəsinin tələbinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş maddi ziyan əsaslandırılaraq hesablandıqdan sonra kompensasiyası verilməklə tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 58.2-ci maddəsinin tələbinə görə fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ yaranır. Bu Qanunun 1-ci maddəsində göstərilmiş əməliyyat-axtarış tədbirlərinin cinayət işi başlamazdan əvvəl keçirilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ belə tədbirlər keçirildikdən dərhal sonra yaranır. Həmin Qanunun 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində) hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Qeyd edilən Qanunun 6-cı maddəsinin 1-ci bəndinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Məhkəmə kollegiyası, iddiaçının istintaq orqanının səhvi nəticəsində mənəvi iztirab çəkməsi ilə bağlı dəlillərinə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli və iddiaçının xeyrinə ədalətli həddə, yəni 3.000 (üç min) manat məbləğində mənəvi ziyan tutulmalıdır. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin tələbinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir. Həmin Qanunun 12-ci maddəsinin tələbinə əsasən fiziki və mənəvi ziyan, Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. İstintaq və ya inzibati icraat müddətində və ya cəza çəkdiyi dövrdə şəxsə vurulmuş mənəvi ziyanın ümumi məbləği Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəql nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstəririr ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X2rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. Beləliklə də, məhkəmə kollegiyası iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddianın qismən təmin edilməsi, İddiaçı vurulmuş mənəvi zərərə görə 3.000 (üç min) manat məbləğində pul cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür. Göstərilənlərdən əlavə Kollegiya apellyasiya şikayətinin “Məhkəmə qətnamənin əsaslandırma hissəsində qeyd etmişdir ki, cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində iddiaçının mənəvi iztirab çəkməsi ilə bağlı dəlillərdən bəhs etsə də, iddiaçı tərəfindən məhkəməyə belə dəlillər təqdim edilməmişdir.” dəlilləri ilə bağlı qeyd edir ki, Şəki Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 28.01.2020-ci il tarixli 1(107)-5/2020 saylı hökmü ilə əməlində cinayət tərkibi olmadığından və cinayət əməlini onun törətmədiyi müəyyən olunduğundan iddiaçıya bəraət verilmiş və məhkəmə zalından azad olunmuşdur. Dövlət ittihamçısı Mazan Fətəliyev tərəfindən Şəki Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 28.01.2020-ci il tarixli 1(107)-5/2020 saylı hökmündən kassasiya protesti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət Kollegiyasının 01.12.2020-ci il tarixli 1(102)-777/2020 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmişdir. CPM-in 56, 57.1-ci maddələrinə, CM-in 58.1, 58.2, 60.1-ci maddələrinə, Mülki Məcəllənin 21.1, 21.2, 23.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Mülki Məcəllənin 21-23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2020-ci il tarixli qərarına istinad edən iddiaçı daha sonra qeyd etmişdir ki, Zərdab rayon Polis Şöbəsinin qanunsuz əməllərinə görə o, 9 ay 3 gün əsassız olaraq şübhəli və təqsirləndirilən şəxs kimi saxlanılmışdır.Bu halda iddiaçı mənəvi əziyyət və iztirab keçirməsi istisna olunmur. Kollegiya nəzərə alır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 may 2021-ci il tarixli 2(006)-2422/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-7384/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7384/2021
08.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver