Məhkəmə qərarları › İş №2(103)-7384/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7384/2023

20.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7384/2023 20.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh ləğv prosesində olan "xxxx" ASC-yə və Cavabdeh1na qarşı iş üzrə (Açar sözlər: kredit borcu) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Axundova Ülkər Səfər qızının katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 sentyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 20 dekabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Əmanətçi İddiaçı ilə «X4 (CDB)» ASC arasında xx.xx.2016-cı il tarixdə CBDPV-2352-01 nömrəli “tikdim ki izim qala” depozit müqaviləsi bağlanmışdır. Göstərilən depozit müqaviləsinə əsasən əmanətçi 30000 ABŞ dolları məbləğində pul vəsaitini illik 3% ödənilmək şərtilə 12 ay müddətinə banka depozitə qoymuşdur. Ləğv edilmiş Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının xx.xx.2017-ci il tarixli, 01 saylı qərarı ilə “X4 (CDB)” ASC-nin fəaliyyətinə xitam verilməklə, hüquq və vəzifələrinin (aktiv və öhdəliklərinin) Cavabdeh2 ASC-yə keçirilərək Cavabdeh2 ASC-nin qoşulma şəklində yenidən təşkil olunmasına razılıq verilmişdir. xx.xx.2017-ci il tarixində “X4 (CDB)” Açıq Səhmdar Cəmiyyətinə bank fəaliyyətinə verilmiş xx.xx.1992-ci il tarixli 92 saylı lisenziyası ləğv edilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2020-ci il tarixli qərarı ilə Cavabdeh2 ASC-yə bank fəaliyyətinə verilmiş xx.xx.1994cü il tarixli 176 saylı lisenziya ləğv edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli 2-3(103)-129/2020 saylı qərarı ilə Cavabdeh2 ASC müflis elan olunmuş, onun barəsində iflas proseduruna başlanmış və ləğvedici qismində Cavabdeh1 təyin edilmişdir. Azərtac Dövlət informasiya Agentliyinin 15 may 2020-ci il tarixdə inetrnet səhifəsində yerləşdirilən məlumatında Cavabdeh1 Himayəçilik Şurasının qərarına əsasən, "xxxx" ASC-də qorunan əmanətlərin kompensasiyaların verilməsi üçün agent bank qismində "xxxx" ASC seçildiyi və kompensasiyaların verilməsi qaydaları barədə məlumat dərc edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdeh ləğv prosesində olan "xxxx" ASC-yə və Cavabdeh1na qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla "X4 (CDB)" ASC arasında bağlanılmış 00908- ******* №-li xx.xx.2016-cı il tarixli Depozit Müqaviləsinə əsasən yerləşdirilmiş 30000 ABŞ dolları məbləğində pul vəsaitinin əvəzinin “Əmanətlərin tam sığortalanması haqqında" Qanunun 5.1-ci maddəsinə əsasən kompensasiya formasında Cavabdeh1 tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Tələb onunla əsaslandırılmışdır ki, əmanətin qaytarılması ilə bağlı müraciəti Cavabdeh1 tərəfindən təmin olunmamış və ona məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur.

4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2740/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim N.Abbasov) iddia təmin olunmuşdur.

5. Məhkəmə iddiaçının kompensasiya ödənişi almaq hüququ üzrə müəyyən edilmiş son müddət həddinin, beş illik müddətin ötürülmədiyi, Bankın səlahiyyətli şəxsləri tərəfindən əmanətin fiziki şəxsdən qəbul edilməsi barədə mədaxil qəbzinin tərtib edilərək, bankın müvafiq möhürü ilə təsdiq edildiyi andan bankın Mülki Məcəllənin 947.2-ci maddəsinə əsasən əmanəti qaytarmaq öhdəliyinin yarandığı qənaətinə gəlmiş və bu səbəbdən iddianı əsaslı sayaraq təmin etmişdir.

6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 947.2, 947.3, 948.1, 950.1, 950.4-cü maddələri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın rədd olunmasını xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının pul tələbi kreditor tələbi olduğundan, həmin iddia tələbinə Bankın müflis elan olunmasına dair qərar qəbul etmiş məhkəmə (Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası) tərəfindən baxılaraq hüquqi qiymət verilməlidir. Belə ki, müflis elan olunmuş banka qarşı tələblər yalnız iflas proseduru çərçivəsində irəli sürülür (Banklar haqqında qanun, 72.1.3-cü maddə). Fondun əsas məqsədi qoyulan əmanətlərin mülkiyyət kimi geri qaytarılması deyil, əmanətçilərin banklarda olan əmanətlərini sığortalamaqla onlara dəyə biləcək maddi və mənəvi ziyanı ən qısa müddətdə qanunvericiliklə müəyyən edilmiş qaydada kompensasiya etməklə ölkənin maliyyə və bank sisteminin inkişafına dəstək olmaqdır. Depozitin faiz dərəcəsi həmin növ müqavilələr üzrə mühüm şərtdir. Bank müqavilənin mühüm şərtini birtərəfli qaydada dəyişə bilməzdi. Müqavilə, tərəflərin qarşılıqlı razılaşması yolu ilə dəyişdirilə və sığortalı faiz dərəcəsi tətbiq oluna bilər. İddiaçının bununla bağlı banka müraciət etməsi halı müəyyən edilməmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən şəxslər üzrsüz səbəbdən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

11. Maddə 944.1. Bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. Bank əmanəti müqaviləsi yazılı formada bağlanır.

12. Maddə 946.1. Bank əmanəti müqaviləsinin yazılı formasına o halda riayət olunmuş sayılır ki, əmanətin qoyulması bank kitabçası ilə, bank və ya depozit sertifikatı ilə və ya bank tərəfindən əmanətçiyə verilmiş digər sənədlə, özü də qanunda bu cür sənədlər üçün nəzərdə tutulmuş tələblərə, qanuna uyğun müəyyənləşdirilmiş bank qaydalarına və bank praktikasında tətbiq olunan işgüzar dövriyyə adətlərinə uyğun gələn sənədlə təsdiq edilsin.

13. Maddə 947.2. İstənilən növ bank əmanəti müqaviləsinə görə bank əmanətçinin ilk tələbi ilə əmanətin məbləğinin ən azı dörddə bir hissəsini dərhal, qalan hissəsini isə ən geci beş bank günü müddətində verməlidir, amma qaytarmanın müqavilədə nəzərdə tutulmuş başqa şərtləri ilə hüquqi şəxslərin qoyduqları əmanətlər istisna təşkil edir. Fiziki şəxsin əmanəti ilk tələb üzrə almaq hüququndan imtina etməsi haqqında müqavilənin şərti əhəmiyyətsizdir.

14. Maddə 947.3. Tələbli əmanət istisna olmaqla, müddətli və ya başqa əmanət müddət qurtaranadək və ya bank əmanəti müqaviləsində göstərilmiş ayrı hallar baş verənədək əmanətçinin tələbi ilə ona qaytarıldıqda əmanət üzrə faizlər bankın tələbli əmanətlər üzrə ödədiyi faizlərin miqdarına uyğun miqdarda ödənilir, bu şərtlə ki, müqavilədə faizlərin ayrı miqdarı nəzərdə tutulmasın.

15. Maddə 950.4. Bank əmanətin qaytarılmasının təmin edilməsi üçün bank əmanəti müqaviləsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirmədikdə, habelə əmanətin qaytarılması üçün təminat itirildikdə və ya onun şərtləri pisləşdikdə, əmanətçi bankdan əmanət məbləğini dərhal qaytarmağı, bu Məcəllənin 948.1-ci maddəsinə uyğun müəyyənləşdirilmiş miqdarda faizlər ödəməyi və vurulmuş zərərin əvəzini verməyi tələb edə bilər.

16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2.6-cı maddəsinin şərh edilməsinə dair” 5 sentyabr 2018-ci il tarixli qərarı: ““Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2.6-cı maddəsinə görə, həmin Qanunun 8.1.20-ci maddəsinə müvafiq olaraq əmanətin qorunan əmanət statusuna aid edilməsi üçün onun illik faiz dərəcəsi müəyyən edilmiş həddən artıq olmamalıdır. Əmanətlə bağlı verilən bonus illik faiz dərəcəsinə aid edilmir. Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınaraq müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş və təshih tədbirinin tətbiqindən sonra əmanətlərin şərtlərinin dəyişdirilməsi (faiz dərəcəsinin aşağı salınması) yolu ilə qorunan əmanət statusuna aid edilmiş əmanətlər qorunan əmanətlər hesab edilməlidir”.

Apellyasiya baxışının hədləri

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

18. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən mübahisələndirildiyindən qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi sadalanan maddi hüquq normalarını işin müəyyən edilmiş faktiki hallarına tətbiq etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir.

20. Kompensasiya ödənişinin alınması barədə əmanətçi tərəfindən müraciət müddətinin ötürülməsi barədə Cavabdeh1 dəlillərinə münasibətdə qeyd olunmalıdır ki, 29 dekabr 2006-cı il tarixli “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanunun 28.3-cü maddəsinə əsasən Fond əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir. Digər maddənin, 28.4-cü maddənin isə tələbinə əsasən əmanətçinin müraciətini qeyri-mümkün etmiş halların mövcud olduğunu təsdiq edən sənədlər təqdim edildikdə bu Qanunun 28.3cü maddəsində göstərilən müddət əmanətçinin ərizəsinə əsasən uzadıla bilər. Lakin bundan asılı olmayaraq bütün hallarda əmanətçinin kompensasiya almaq hüququ Fondun kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq beş il müddətində saxlanılır.

21. Tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən, sığorta hadisəsi baş verdikdə Fond müqavilədə göstərilən kütləvi informasiya agentliklərində əmanətçiyə kompensasiya ödənilməsi yeri və vaxtı barədə məlumat vermək öhdəliyi vardır. Həmin öhdəliyə əsasən Fondun kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi günün cavabdehin xx.xx.2023-cü il tarixli etiraz məktubunda göstərildiyi kimi xx.xx.2023-cü il tarixdə deyil, xx.xx.2020-ci il tarixdə olması müəyyən olunur. Əmanətçinin məhkəməyə təqdim etdiyi Fonda yazılı müraciət etməsini bildirən məktub isə xx.xx.2023cü il tarixlidir. Beləliklə, iddiaçının kompensasiya ödənişi almaq hüququ üzrə müəyyən edilmiş son müddət həddinin, beş illik müddətin ötürülmədiyi aşkardır.

22. Cavabdehlər tərəfindən irəli sürülən digər dəlil isə, sığorta hadisəsi baş verən dövrdə qorunan əmanətlərin maksimal həddi 30.000 manat ekvivalent müəyyən edilməsidir. Bununla bağlı qeyd olunmalıdır ki, yuxarıda göstərilən və Fond tərəfindən kompensasiyaların ödənilməsi haqqında yerləşdirilən bildirişin məzmunundan da görünür ki, əmanətçilərin 30 min manat ekvivalentindən yuxarı olan əmanətlər üzrə də kompensasiyaların qaytarılması nəzərdə tutulmuşdur. Bunun hüquqi əsası kimi 19 yanvar 2016-cı il tarixli “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsi təşkil edir. Qeyd olunan qanunun 3-cü maddəsinin 19 fevral 2019-cu ilə qədər olan redaksiyasında: Qanun qüvvəyə mindiyi gündən etibarən faizləri “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.20-ci maddəsinə müvafiq olaraq Cavabdeh1 Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan Fondun iştirakçı bankları tərəfindən 3 (üç) il müddətində tam sığortalanır. Həmin Qanunun 3-cü maddəsinin sığorta hadisəsi baş verdiyi və kompensasiyaların ödənilməsinə başlanması tarixinə qədər olan redaksiyasına görə (13 mart 2020-ci il tarixli əlavə və düzəlişlərlə) bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan Fondun iştirakçı bankları tərəfindən 4 (dörd) il 9 (doqquz) ay müddətində tam sığortalanır. Bununla da cavabdehlərin bu dəlili də əsassız hesab edilməlidir.

23. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinəəsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

24. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları da qeyd edir.

26. “Əmanətlərin sığortalanması haqqında” 2006-cı il 29 dekabr tarixli Qanunun 2.1.9-cu maddəsinə əsasən sığorta hadisəsi – iştirakçı bankın məcburi ləğv edilməsi və ya müflis elan olunması, yaxud qanunvericiliyə müvafiq olaraq əmanətlər üzrə öhdəliklərin yerinə yetirilməsinə moratorium tətbiq edilməsi barədə məhkəmə qərarının qüvvəyə minməsi və bankın əmanətçilər qarşısında öz öhdəliklərini qanun və ya müqavilə şərtlərinə uyğun yerinə yetirə bilməməsi faktının maliyyə bazarlarına nəzarət orqanı Azərbaycan Respublikasının Mərkəzi Bankı (bundan sonra – Mərkəzi Bank) tərəfindən tərəfindən təsdiq edilməsidir.

27. Məhkəmə kollegiyası qeyd edir ki, əmanətlərin sığortalanması sisteminin yaradılmasının məqsədi banklar və xarici bankların yerli filialları ödəmə qabiliyyətini itirdikdə, fiziki şəxslərdən əmanətə qəbul olunmuş pul vəsaitinin itirilməsi riskinin qarşısını almaq, maliyyə və bank sisteminin sabitliyini və inkişafını təmin etməkdir. Qanunverici bank əmanətlərinin qaytarılmasını təmin etmək məqsədi ilə sığorta hadisəsi baş verdikdə əmanətlər üzrə kompensasiyanın ödənilməsini nəzərdə tutan “Əmanətlərin sığortalanması haqqında” 2006-cı il 29 dekabr tarixli Qanun qəbul etmişdir. Bununla yanaşı, Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 9 fevral tarixli Fərmanına əsasən Cavabdeh1 yaradılmışdır.

28. Konstitusiya Məhkəməsi Plenumunun “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 27.3-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 2017-ci il 6 iyul tarixli Qərarında göstərilmişdir ki, sığorta hadisəsi baş verdikdə Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə kompensasiyanın ödənilməsi heç də bank əmanətinin qaytarılması və ya Fondun bankın öhdəliyini öz üzərinə götürməsi anlamını verməməlidir. Fond tərəfindən kompensasiya əmanətçinin pul vəsaitini itirməsi riskinin qarşısını almaq məqsədi ilə yarana biləcək məhdudiyyətlərin əvəzi kimi ödənilir. Beləliklə, Fondun əsas məqsədi qoyulan əmanətlərin mülkiyyət kimi geri qaytarılması deyil, əmanətçilərin banklarda olan əmanətlərini sığortalamaqla onlara dəyə biləcək maddi və mənəvi ziyanı ən qısa müddətdə qanunvericiliklə müəyyən edilmiş qaydada kompensasiya etməklə ölkənin maliyyə və bank sisteminin inkişafına dəstək olmaqdır.

29. “Əmanətlərin sığortalanması haqqında” Qanun Azərbaycan Respublikasında fəaliyyət göstərən banklarda fiziki şəxslərin əmanətlərinin kollektiv icbari sığortalanması sisteminin yaradılması və fəaliyyəti, o cümlədən əmanətlər üzrə kompensasiya ödənilməsi qaydalarını müəyyən edir.

30. “Əmanətlərin sığortalanması haqqında” Qanunun 2.1.2.6-cı maddəsinə əsasən, cəlb edildiyi günə bu Qanunun 8.1.20-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər qorunmayan əmanətlərə aid edilir.

31. Həmin Qanunun 8.1.20-ci maddəsinə görə, X3 qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini Mərkəzi Bankla razılaşdırmaqla müəyyən edir.

32. Qeyd olunmalıdır ki, X3 qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin müəyyən edilməsi ilə bağlı bir neçə qərar qəbul etmişdir. Belə ki, 2009-cu il 10 iyun tarixli qərar ilə qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 15 faiz, 2013-cü il 1 avqust tarixli qərar ilə 10 faiz, 2015-ci il 24 fevral tarixli qərar ilə 12 faiz, 2016cı il 2 mart tarixli qərar ilə xarici valyuta üzrə 3 faiz, milli valyuta üzrə 12 faiz müəyyən edilmişdir. X2 2016-cı il 16 sentyabr tarixli qərarı ilə isə banklarda qəbul edilən əmanətlərin illik faiz dərəcəsi xarici valyuta üzrə 3 faiz, milli valyuta üzrə 15 faiz olmaqla 3 (üç) il müddətində tam sığortalanması müəyyən edilmişdir.

33. Göründüyü kimi, X3 tərəfindən ayrı-ayrı vaxtlarda qəbul olunmuş qərarlarda qorunan əmanətlər üzrə müxtəlif faiz dərəcələri nəzərdə tutulmuşdur.

34. Yuxarıda qeyd olunduğu kimi, “Əmanətlərin sığortalanması haqqında” Qanunun 2.1.2.6-cı maddəsinə görə, həmin Qanunun 8.1.20-ci maddəsinə müvafiq olaraq əmanətin qorunan əmanət statusuna aid edilməsi üçün onun illik faiz dərəcəsi müəyyən edilmiş həddən artıq olmamalıdır. İşdən göründüyü kimi, 28 oktyabr 2016-cı il tarixdə «X4 (CDB)» ASC iddiaçıdan (əmanətçidən) pul vəsaitini 3 faizlə hesaba qəbul edərkən illik faiz dərəcəsinin yuxarı həddi elə 3 faiz olmuşdur. Deməli, iddiaçının banka qoyduğu pul vəsaiti qorunan əmanət statusuna malik olmuşdur və həmin əmanətin qaytarılması barədə tələb əsaslı olduğundan təmin edilməlidir. Depozitə qoyulmuş əmanətin qorunan əmanət hesab edilməməsi barədə cavabdehin dəlilləri əsassızdır.

35. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2.6-cı maddəsinin şərh edilməsinə dair” 5 sentyabr 2018-ci il tarixli qərarına da uyğun sayır. Həmin qərarda qeyd olunmuşdur ki, ““Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2.6-cı maddəsinə görə, həmin Qanunun 8.1.20-ci maddəsinə müvafiq olaraq əmanətin qorunan əmanət statusuna aid edilməsi üçün onun illik faiz dərəcəsi müəyyən edilmiş həddən artıq olmamalıdır. Əmanətlə bağlı verilən bonus illik faiz dərəcəsinə aid edilmir. Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınaraq müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş və təshih tədbirinin tətbiqindən sonra əmanətlərin şərtlərinin dəyişdirilməsi (faiz dərəcəsinin aşağı salınması) yolu ilə qorunan əmanət statusuna aid edilmiş əmanətlər qorunan əmanətlər hesab edilməlidir”.

36. Mülki Məcəllənin 944.1-ci maddəsinə əsasən, bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür.

37. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

38. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin iş üzrə 14 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar