Məhkəmə qərarları › İş №2(103)-7391/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7391/2022

20.10.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7391/2022 20.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1544/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında yoxlayaraq, Müəyyən etdi: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1544/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “vərəsəlik şəhadətnaməsinin etibarsızlığı və sair” tələbinə dair iddiası rədd edilmişdir. Həmin qətnamədən İddiaçı2 vəkili Fərid Qurbanov tərəfindən elektron qaydada verilmiş apellyasiya şikayəti ilk dəfə Bakı Apellyasiya Məhkəməsinin 19 avqust 2022-ci il tarixli qərardadı ilə qeyri-mümkün hesab edilərək mülki iş materialları birinci instansiya Məhkəməsinə qaytarılmışdır. Daha sonra İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti bu dəfə də qeyri-mümkün hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 73.1-ci maddəsində qeyd edilmişdir ki, nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. 74.2-ci maddəyə görə isə nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir. İddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, .., məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Məcəlləyə görə apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, şikayət birinci instansiya məhkəməsi tərəfindən qaytarılır (363.1.1). Göründüyü kimi apellyasiya şikayətinə əlavə edilmiş etibarnamədə Fərid Qurbanovun İddiaçı2 adından məhkəmə aktlarından şikayət vermək səlahiyyəti qeyd edilməmişdir. (iş/vər. 241) Belə olan halda kollegiya hesab edir ki, prosessual qanunvericiliyə görə Fərid Qurbanovun şikayəti imzalamaq səlahiyyəti olmamışdır. Qeyd olunmalıdır ki, MPM-ə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər (357.1). MPM-in 366-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Ona görə də qətnamədən verilmiş apellyasiya şikayətini səlahiyyət olmadığı halda elektron qaydada vəkil kimi Fərid Qurbanov tərəfindən imzalandığından qeyri-mümkün hesab edilərək geri qaytarılması üçün mülki işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 357, 363, 366, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1544/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və şikayətin geri qaytarılması üçün mülki iş birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Rafael Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar