Məhkəmə qərarları › İş №2(103)-7395/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7395/2022

02.11.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7395/2022 02.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh MMC-yə qarşı “işə bərpa və s. tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-109/2022 saylı 12 sentyabr 2022-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “işə bərpa, ödənilməmiş əmək haqqı, mükafat, son haqqıhesab, istifadə edilməmiş məzuniyyət pulu, maddi və mənəvi ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin onun işdən kənarlaşdırılması barədə xx.xx.2017-ci il tarixli, İRİŞ386/A əmrinin ləğv edilib, yenidən vəzifəsinə qayıtmasının təmin olunması, əmək haqqı, mükafat və son haqq-hesabının hesablanaraq ödənilməsi, istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, qanunsuz olaraq işləməkdən məhrum olunmağı nəticəsində ona dəyən maddi zərərin əvəzi kimi hər ay ödənilməmiş əmək haqqına görə 700 manat olmaqla, 4 il müddətinə cəmi 33600 manat əmək haqqı hesablanmaqla, maddi və mənəvi zərərə görə 20000 manat, yekun olaraq 53600 manat məbləğində pulun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(010)-109/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı işdən kənarlaşdırılması barədə Cavabdeh xx.xx.2017-ci il tarixli, İRİŞ-386/A nömrəli əmri ləğv edilmiş, Cavabdehndən 7673.26 manat məbləğində son haqq-hesaba görə ödəniş, 500 manat məbləğində mənəvi ziyan olmaqla, cəmi 8173.26 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, məhkəmənin xx.xx.2022-ci il tarixli 2(010)-109/2022 saylı qərardadı ilə apellyasiya şikayəti qanunla müəyyən edilmiş prosessual müddət buraxılmaqla verildiyindən geri qaytarılmışdır. Hazırda isə cavabdeh apellyasiya şikayəti və şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə ilə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdehin nümayəndəsi müvafiq qətnaməni xx.xx.2022-ci il tarixdə qəbzə imza etməklə almış, xx.xx.2022-ci il tarixdə qətnamədən apellyasiya şikayəti vermişdir. Lakin məhkəmə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq qətnamənin xx.xx.2022-ci il tarixdə "xxxx" MMC-yə məxsus elektron kabinetə yerləşdirilməsini əsas gətirərək, xx.xx.2022-ci il tarixdə prosessual müddət buraxılmaqla verildiyinə görə apellyasiya şikayətini Cavabdeh MMC-yə geri qaytarmışdır. Yuxarıda qeyd edilən tarixlərdə Cəmiyyətin aparıcı-məsləhətçi hüquqşünası məzuniyyətdə olduğundan, nümayəndənin elektron məhkəmə sistemi portalında qeydiyyatı olmadığından və eyni zamanda "xxxx" MMC-nin asan imzası olmadığından onlar “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq qətnamənin xx.xx.2022-ci il tarixdə "xxxx" MMC-yə məxsus elektron kabinetə yerləşdirilməsindən xəbərsiz olmuş, şikayət vermə müddətini buraxmışlar. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-109/2022 saylı 12 sentyabr 2022ci il tarixli qərardadı ilə ərizə təmin edilməmiş, cavabdeh tərəfindən buraxılmış apellyasiya şikayəti verilməsi müddəti bərpa edilməmişdir. Həmin qərardaddan cavabdehin verdiyi şikayət məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respulikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) müvafiq olaraq prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir (maddə 128.1). Apelyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər (maddə 360). Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur (maddə 130.1). Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir (maddə 133.1). “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə əldə edilmiş məlumatdan görünür ki, müvafiq qətnamə xx.xx.2022-ci il tarixdə həm Cavabdeh MMC-yə, həm də cavabdehin nümayəndəsi Nümayəndə məxsus elektron kabinetə yerləşdirilmişdir. Qətnamədən elektron qaydada verilmiş apellyasiya şikayəti xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Prosessual müddətin cavabdeh tərəfindən buraxılması onunla əsaslandırılmışdır ki, qətnamə cavabdehə məxsus elektron kabinetdə yerləşdirilsə də cavabdeh MMC-nin aparıcı məsləhətçi hüquqşünası məzuniyyətdə olduğundan, digər nümayəndənin kabinetdə qeydiyyatı olmadığından və Cavabdeh MMC-nin asan imzası olmadığından cavabdeh tərəfindən vaxtında şikayət verilməmişdir. Məhkəmə haqlı olaraq göstərmişdir ki, Cavabdeh MMC Bakı şəhərində sərnişin daşıma xidməti göstərən hüquqi şəxsdir. Cəmiyyətin ayrıca hüquq şöbəsi var və hazırkı iş üzrə keçirilən məhkəmə iclaslarında bu şöbənin hüquqşünaslarından ikisi nümayəndə kimi iştirak etmişdir. Elə sözügedən məhkəmə qətnaməsi də həm Cəmiyyətin, həm də nümayəndələrdən birinin elektron kabinetinə yerləşdirilmişdir. Bu baxımdan “elektron kabinetdən məlumatsız olmaq” peşəkar hüquqşünas işçiləri, ayrıca hüquq şöbəsi olan bir MMC üçün prosessual müddətin iki aydan çox müddətə buraxılmasının üzürlü səbəbi hesab elə bilməz. Hüquqşünaslardan birinin məzuniyyətdə olması, MMC-nin asan imzasının olmaması kimi sübut edilməmiş hallar da müddətin buraxılmasının üzürlü səbəbləri deyil. Kollegiya hesab edir ki, məhkəmə düzgün nəticəyə gəlmişdir. Prosessual müddətin ötürülməsi üzrlü səbəbdən baş verməmişdir. Kollegiya qeyd edir ki, məhkəmənin qənaəti qanuni və əsaslıdır, şikayətin dəlilləri əsassızdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-109/2022 saylı 12 sentyabr 2022ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar