Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7398/2021 14.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X5 oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X2, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «mənzilə köçürülmə» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli, 2(009)-1284/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «mənzilə köçürülmə» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Ə.Cavad küçəsi 14 saylı evin 12, 13, 14 saylı mənzilinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı, iddia tələbinin onunla əsaslandırmışdır ki, sözügedən mənzil məhkəmə qətnaməsi ilə tərəflər arasında bərabər paylarla bölünmüşdür. Əmlakın yarısı ona məxsus olsa da, cavabdehin süni manelərinə görə həmin evdə yaşamaq imkanı yoxdur. Bu səbəbdən iddiaçı kirayədə yaşamaq məcburiyyətində qalmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli, 2(009)-1284/2021 saylı qətnaməsi ilə (hakim İlkin Rüstəmli) iddia təmin edilmişdir. Cavabdeh, birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini, onun ünvan 1 ünvanında qeydiyyatda olmasına baxmayaraq, iddiaçının MPM-in 39.1-ci maddəsinə istinad edərək, Səbail Rayon Məhkəməsinə müraciət etməsinin əsassız olması, hazırkı iddia ilə həmin maddədə göstərilən tələblərdən heç birinin iddia olunmadığı, iddianın paylı mülkiyyətdə olan mənzilə köçürülmə ilə bağlı olması isə əsaslandırmışdır. İzahatlar, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) apellyasiya şikayətini dəlillərinə uyğun izahat verərək, şikayətin təmin olunmasını, işin ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, eyni zamanda bildirmişlər ki, hazırkı tələblə bağlı əvvəlcə Nəsimi Rayon Məhkəməsinə iddia ilə müraciət etsələr də, iddia ərazi aidiyyətinə əməl olunmadığı üçün geri qaytarılmışdır. Ona görə də, Səbail Rayon Məhkəməsinin iddia ərizəsini icraata götürərək, mahiyyəti üzrə baxması əsaslı olmuşdur. Odur ki, göstərilənlərə əsasən, apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edirlər. HÜQUQİ MƏSƏLƏLƏR : Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin mübahisəsiz hallarına görə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 06 mart 2017-ci il tarixli, 2(009)-430/2017 saylı qətnaməsi ilə İddiaçı ilə Cavabdeh birgə nikahı dövründə əldə edilmiş, Cavabdeh adına rəsmiləşdirilmiş qətnamənin nəticə hissəsində sadalanan daşınar və daşınmaz əşyalar, o cümlədən Bakı şəhəri, Səbail rayonu, Ə.Cavad küçəsi ,14 saylı evin 12, 13, 14 saylı mənzili bərabər paylarla tərəflərin ümumi əmlakı hesab edilərək, İddiaçı onlar üzrərində ½ hissədə mülkiyyət hüquqları tanınmış və qətnamə qanuni qüvvəsini almışdır. Buna baxmayaraq, cavabdeh iddiaçının paylı mülkiyyətçisi olduğu sözügedən mənzilə köçüb, orada yaşamasına maneçilik törədir. Birinci instansiya məhkəməsi, iddianı təmin edərkən gəldiyi qənaəti belə əsaslandırmışdır ki, iddiaçı mübahisə predmeti olan mənzilin 1/2 hissəsinin mülkiyyətçisi hesab edildiyindən, onun həmin mənzildə yaşamaq hüququ vardır. Lakin iddiaçının bu hüququ cavabdehin qanunsuz hərəkətləri nəticəsində pozulmuş, bu səbəbdən o, mülkiyyət hüquqlarının həyata keçirilməsindən məhrum olmuşdur. Ona görə də, iddiaçının mübahisəli mənzildə yaşamaq hüququ təmin edilməli, mənzil üzərində mülkiyyət hüququnun həyata keçirilməsi ilə əlaqədar cavabdeh tərəfindən yaradılan maneələr qanunsuz hesab edilməli və o, həmin mənzilə köçürülməlidir. Məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qətnaməsini iddianın əsaslılığı ilə bağlı hissədə yoxlamazdan əvvəl, apellyasiya şikayətinin ərazi aidiyyəti ilə bağlı dəlillərinə qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Bu normada nəzərdə tutulmuş “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydalarını, qanuni məhkəmə tərkibinin mövcudluğunu və s. subyektiv elementləri ehtiva edir. Konstitusiyanın norma və prinsiplərini inkişaf etdirən MPM-in 4-cü fəsli ərazi aidiyyəti qaydalarını müəyyən etməklə işlərə ədalət mühakiməsinin həyata keçirilməsi şərtlərinə uyğun olaraq tam, hərtərəfli və vaxtında baxılmasının təmin edilməsinə yönəlmişdir. Həmin normalardan görünür ki, qanunvericinin ərazi aidiyyətinin müəyyənləşdirilməsində başlıca məqsədi şəxslərin məhkəməyə əlçatanlığının, işlərə ağılabatan müddətdə baxılmasının, prosessual qənaət prinsipinin, ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsindən ibarətdir. MPM-in 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Qeyd edilən maddədə mülki məhkəmə icraatının ərazi aidiyyəti ilə bağlı əsas prinsipi əks olunmaqla iddianın bir qayda olaraq fiziki şəxs olan cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilməli olduğu təsbit edilmişdir. İşdən görünür ki, hazırda Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. Bununla yanaşı, qanunverici bir sıra hallar üçün ərazi aidiyyətini dəqiq müəyyən edərək iddiaçının başqa məhkəmədə iddia qaldırmaq imkanı istisna etmişdir. Belə ki, MPM-də daşınmaz əşyalarla bağlı müəyyən mübahisələrə dair qanunla müəyyən edilmiş ümumi ərazi aidiyyətindən fərqli aidiyyət növü (müstəsna aidiyyət) nəzərdə tutulmuşdur Müstəsna aidiyyəti tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinə görə, tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Müstəsna aidiyyətin mahiyyəti ondan ibarətdir ki, iddiaçının konkret işə baxılması üçün bu və ya digər məhkəməni öz iradəsinə uyğun olaraq seçmək imkanı istisna olunur və müvafiq işə yalnız Mülki Prosessual Məcəllənin 39-cu maddəsində göstərilmiş məhkəmədə baxılır. Müstəsna aidiyyət müvafiq işlərin düzgün və vaxtında həlli üçün əhəmiyyətli dərəcədə əlverişli şərait yaradılmasının təmin edilməsinə yönəlmişdir Qeyd olunmalıdır ki, qanunla xüsusilə daşınmaz əşya ilə bağlı tələblər üzrə müstəsna aidiyyətin müəyyən edilməsi mübahisə predmeti olan əşyanın yerində müayinəsi, həmin əşyaya dair sənədlərin vaxtında toplanması, eləcə də mülki işin ədalətli və qanunauyğun həllinə yönəlmiş digər prosessual hərəkətlərin yerinə yetirilməsini asanlaşdırır və işə obyektiv baxılmasının təmin edilməsinə xidmət edir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 iyun 2021-ci il tarixli qərarı). Baxılan işdən görünür ki, iddiaçı cavabdehin paylı mülkiyyətçisi olduğu mənzildə yaşamasına maneçilik yaratdığını bildirərək, həmin mənzilə köçürülməsini tələb edir. Yuxarıda qeyd olunan normanın (MPM-in 39.1-ci mad.) mənası baxımından isə bu tələb mahiyyət etibarilə müstəsna aidiyyət qaydasında baxılmalı olan mübahisələrə aiddir. Kollegiya, bu qənaətə gələrkən, onu da vurğulayır ki, Konstitusiya Məhkəməsi Plenumun istinad olunan qərarında əks olunmuş ər-arvadın daşınmaz əşya üzərində ümumi birgə mülkiyyətinin bölünməsinə dair iddialara qanunla başqa hal nəzərdə tutulmamışdırsa, cavabdehin rəsmi qeydə alındığı yer üzrə baxılmalı olması barədə mövqeyi bu iş üzrə nəzərə alına bilməz. Ona görə ki, baxılan iddia tələbi ər-arvad arasında əmlak bölgüsü barədə olmamaqla, artıq bölünmüş əmlak üzərində mülkiyyət hüququnun müdafiəsi ilə bağlıdır. Belə olan halda, məhkəmə kollegiyası, hesab edir ki, birinci instansiya məhkəməsinin iddia ərizəsini müstəsna aidiyyət qaydalarına uyğun olaraq icraata götürməsi və işə mahiyyəti üzrə baxaraq qərar qəbul etməsi qanuni və əsaslı olmuşdur. Mübahisənin hüquqi həlli ilə bağlı da, Kollegiya, rayon məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. MM-nin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. MM-in 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülkiyyətin müdafiəsini təmin edən bu normanın mənasından aydın olur ki, iddiaçının həmin tələblə çıxış edə bilməsi üçün bir neçə şərtin gerçəkləşməsi zəruridir: iddiaçının əşyanın mülkiyyətçisi olması; cavabdeh tərəfindən əşyaya qəsd və ya başqa maneələr törədilməsi və həmin maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilməsi. Mülkiyyətin müdafiəsi ilə bağlı neqator iddianın təmin edilməsi üçün həmin şərtlərin hər biri müəyyən edilməlidir. Sadalanan ünsürlərdən biri aşkar olunmadığı halda bu xarakterli iddia təmin edilə bilməz. Hazırkı işdə mübahisəli mənzil tərəflərin paylı mülkiyyətində olmasına baxmayaraq, işdən mübahisəsiz qaydada müəyyən olunur ki, cavabdeh onu mənzilə buraxmamaqla, mülkiyyət hüququnun həyata keçirilməsinə maneçilik yaradır. Belə olan halda iddiaçı, cavabdehə qarşı mübahisəli mənzilə köçürülmə barədə iddia qaldırmaqda müvafiq subyektiv hüquqa (tələb hüququna) malikdir. Eyni zamanda, nəzərə alınmalıdır ki, MM-in 215.2-ci və 215.4-cü maddələrinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Beləliklə, məhkəmə kollegiyası, qeyd olunanlara əsasən hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Apellyasiya şikayətinin dəlilləri isə qətnamənin ləğvi üçün əsas ola bilməz. Bu səbəbdən də, şikayət təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmaldıır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «mənzilə köçürülmə» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli, 2(009)-1284/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli, 2(009)- 1284/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7398/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7398/2021
14.09.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver