Məhkəmə qərarları › İş №2(103)-7399/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7399/2022

03.11.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7399/2022 03.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi ilə, Məmmədov Məmməd Allahverdi oğlu və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli, 2(011)- 122/2022 saylı qərardadından Cavabdeh Rəfael qızının vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq Müəyyən etdi : Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-122/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə "xxxx" İKB ASC ilə Cavabdeh arasında bağlanmış 07 avqust 2018-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi, 76851,13 manat məbləğində əsas borc, 27875,17 manat məbləğində faiz borcu, 445,76 manat məbləğində dəbbə borcu olmaqla, cəmi 105172,06 manat məbləğində kredit borcu, 30 manat məbləğində iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu, 10 manat daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmsı üçün ödənilmiş dövlət rüsumu və 30 manat xidmət haqqının Cavabdeh alınaraq İddiaçı ASCnə ödənilməsi, tələbin Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 11 nömrəli mənzilə yönəldilməsi, ünvan 1 ünvanında yerləşən 11 nömrəli mənzilin ilkin satış qiyməti 230000 manat məbləğində olmaqla, mənzil açıq hərracdan satılması və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən 105172,06 manat məbləğində kredit borcu, 30 manat məbləğində iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu, 10 manat daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmsı üşün ödənilmiş dövlət rüsumu və 30 (otuz) manat xidmət haqqının əvəzi İddiaçı ASC-nə ödənilməsi, borc ödənildikdən sonra mənzilin satışından qalan məbləğ Cavabdeh qaytarılması, ünvan 1 ünvanında yerləşən 11 nömrəli mənzilə tutma yönəldikdən və satıldıqdan 1 bir ay sonra Cavabdeh öz əşyaları ilə birlikdə həmin mənzildən çıxarılması və mənzilin boşaldılması qət edilmişdir. Cavabdeh Rəfael qızı həmin qətnamədən apellyasiya şikayəti vermiş və qətnamədən apellyasiya şikayəti verməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş, məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə onun xx.xx.2022-ci il tarixli qətnamədən apellyasiya şikayəti verməsi üçün qanunla müəyyən edilmiş prosessual müddət ötürülməmiş hesab edilmişdir. Həmin qərardaddan narazı qalan iddiaçının nümayəndəsi tərəfindən şikayət verilmiş, məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət qismən təmin edilərək, qətnamədən apellyasiya şikayəti verilməsi üçün müddətin bərpasına dair ərizəyə yenidən baxılması üçün Məhkəməyə qaytarılmışdır. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə cavabdehin məhkəmənin 2(011)- 122/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpasına dair ərizəsi rədd edilmişdir. Həmin qərardaddan narazı qalan cavabdehin vəkili və nümayəndəsi şikayət verərək qərardadın ləğv olunmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07 oktyabr 2022-ci il tarixli, 2(011)-122/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün mülki işin materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 133.1-ci və 360-cı maddələrinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində verilə bilər. Həmin Məcəllənin 135.5-ci maddəsinə görə, bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məcəllənin 135.6-cı maddəsinə görə, "Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Həmin Məcəllənin 135.7-ci maddəsinə görə isə, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. Bu halda işdə iştirak edən şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş hesab edilir. SMS-in işdə iştirak edən şəxsə çatdırıldığı vaxt barədə məlumat “Elektron məhkəmə” informasiya sistemində qeyd edilir. Mülki işin materiallarından görünür ki, məhkəmənin xx.xx.2022-ci il tarixli qətnaməsi xx.xx.2022-ci il tarixdə Cavabdeh elektron kabinetinə yerləşdirilmiş, xx.xx.2022-ci il tarixdə o, mülki işin materialları ilə işin 39-cu səhifəsinə qədər, xx.xx.2022-ci il tarixdə isə işin bütün materialları ilə tanış olmuş, xx.xx.2022-ci il tarixdə iclas protokollarına qeydlər vermiş, apellyasiya şikayəti isə xx.xx.2022-ci il tarixdə elektron sistemə yerləşdirimişdir. Kollegiya qeyd edir ki, üzrlü səbəblər müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyri-mümkün edən elə hallardır ki, onların mövcudluğu tərəfə nəzərdə tutduğu prosessual hərəkəti etməyə imkan vermir və ya əhəmiyyətli dərəcədə çətinləşdirir. Cavabdeh qətnamədən apellyasiya şikayəti verə bilməsi üçün müəyyənləşdirilmiş müddətin üzrlü səbəblərdən ötürülüb-ötürülmədiyi məsələsinə də ərizəçinin irəli sürdüyü hal kontekstində qiymət verilməli, bu zaman mülki-prosessual qanunvericiliyin yuxarıda sadalanan müddəalarının mənasına görə qətnamənin məhz işdə iştirak edən şəxslərin elektron kabinetinə yerləşdirilməsinin qətnamənin rəsmi çatdırılması hesab olunduğu nəzərə alınmalıdır. İş materiallarından görünür ki, Cavabdeh qətnamə çıxarılan zaman iclasda iştirak etmiş, qətnamədən məlumatlı olmuş, qətnamə elektron kabinet vasitəsilə daha sonra iş materialları ilə tanış olmuş və iclas protokollarına dair qeydlər də vermişdir. Hazırda cavabdeh həmin qətnamənin elektron kabinetdən yüklənməsində texniki problem olduğunu, bu səbəbdən qətnaməni 09 iyun 2022-ci il tarixdə kağız daşıyıcıda aldığına istinad etmişdir. Kollegiya bu dəlili əsaslı saymır və qeyd edir ki, cavabdeh həmin qətnamənin elektron kabinetə yüklənməsindən sonra iki dəfə iş materialları tanış olmaqla bağlı müraciət etmiş və iş materialları ilə tanış olmuş, lakin heç bir halda qətnamənin elektron kabinet vasitəsilə alınmasında problemlər olmasını qeyd etməmiş, yalnız ikinci dəfə iş materialları ilə tanış olduğu gün, yəni qətnamə elektron kabinetə yerləşdirildiyi tarixdən bir aya yaxın müddət keçdikdən sonra bu barədə müraciət etmişdir. Qeyd edilənlər qətnamədən apellyasiya şikayəti verilməsi müddətinin üzrlü səbəblərdən ötürülməsini istisna edir. Yuxarıda qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin hazırkı mübahisə üzrə qəbul etdiyi qərardadda gəldiyi nəticə düzgün olmuşdur, həmin qərardaddan verilmiş şikayət əsassızdır və təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qərardaddan verilmiş şikayəti əsassız hesab edir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin olunmasın. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli, 2(011)- 122/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar