Məhkəmə qərarları › İş №2(103)-7406/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7406/2022

28.10.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7406/2022 28.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənov Orxan Qəhrəman oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “cavabdehlərin mənzildən çıxarılması və mənzilin boşaldılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli, 2(010)-27/2022 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “cavabdehlərin mənzildən çıxarılması və mənzilin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin əşyaları ilə birlikdə, iddiaçıya məxsus olan və qeydiyyatda olduqları ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması və yaşayış evinin cavabdehlərin hesabına boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli, 2(010)- 27/2022 saylı qətnaməsi ilə (hakim Nərminə Rzayeva) iddia təmin olunmuşdur. Cavabdeh1 10 iyun 2022-ci il tarixdə qeyd edilən qətnamədən apellyasiya şikayəti vermiş, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5689/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti qeyri-mümkün hesab olunmuş, apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş materialları Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-27/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti qaytarılmışdır. Bundan sonra Cavabdeh1 nümayəndəsi (vəkili) tərəfindən qətnamədən apellyasiya şikayəti vermə müddətinin bərpası barədə vəsatət verilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-27/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə qətnamədən apellyasiya şikayəti vermə müddəti bərpa olunmuş və apellyasiya şikayəti mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası, apellyasiya şikayətini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət üzrə apellyasiya qeyri-mümkün sayılmalı, mülki iş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra, MPM) 133.2 və 133.3-cı maddələrinə əsasən, buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). Baxılan işdən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 avqust 2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayətinin qanunla nəzərdə tutulmuş prosessual müddət ötürülməklə verildiyi, şikayətə buraxılmış müddətin bərpasına dair vəsatətin əlavə olunmadığı və bu səbəbdən apellyasiya şikayətinin prosessual qanunvericliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş materialları rayon məhkəməsinə qaytarılmışdır. Lakin sonradan cavabdehin nümayəndəsi (vəkili) tərəfindən müddətin bərpasına dair vəsatət verilsə də, eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməmişdir (vəsatətə yeni apellyasiya şikayət əlavə olunmamışdır). Belə olan halda isə müddətin bərpasına dair ərizəyə mahiyyəti üzrə baxılması da mümkün deyildir. Göründüyü kimi, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunu tam yoxlamamışdır. Məhkəmə aktlarından apellyasiya şikayəti verildiyi halda MPM-in 361 və 363-cü maddəsinin tələblərinin yoxlanılması birinci instansiya məhkəməsinin səlahiyyətinə aid olduğundan, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya qeyri-mümkün hesab edilməli, mülki iş şikayətin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “cavabdehlərin mənzildən çıxarılması və mənzilin boşaldılması“ tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli, 2(010)-27/2022 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin. Mülki iş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar