Məhkəmə qərarları › İş №2(103)-741/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-741/2022

01.03.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-741/2022 01.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi: Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı nümayəndəsi X2, nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 06 sentyabr 2021-ci il tarixli, 2(007)-2332/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən 13 saylı mənzil 23 fevral 1981-ci il tarixli 195446 nömrəli orderlə ona və ailə üzvləri Bəsti Məmmədova və Samirə Məmmədovaya verilib və halhazırda da onların istifadəsindədir. Təxminən 7 il bundan əvvəl sahə müvəkillərinin xahişi ilə yaşamağı yeri olmayan Cavabdeh müvəqqəti olaraq həmin məzildə yaşamağa icazə veriblər. Hazırda mənzilini özəlləşdirmək istədikdə məlum olub ki, Cavabdeh qeyri-qanuni yolla 11.04.2018-ci il tarixdə onun etibarından suiistifadə edərək istifadəsində olan mənzilinə qanunsuz olaraq qeydiyyata düşüb. O, cavabdehdən dəfələrlə mənzilə qeydiyyatdan çıxmağı və mənzili boşaltmağı tələb edib, lakin cavabdeh mənzildən çıxmaqdan imtina edib, onun istifadəsində olan mənzilinə öz mülkiyyəti kimi sahiblik edib,onun mənzildən sərbəst istifadə hüququnu pozub. Ona görə də, 1981-ci ildən onun istifadəsində olan ünvan 2 ünvanında yerləşən 13 saylı mənzilində müvəqqəti yaşamasına icazə verdiyi Cavabdeh mənzildən çıxarılması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Bakı şəhər X5 İcrayə Komitəsinin 23 fevral 1981-ci il tarixli 195446 nömrəli orderdən görünür ki, Bakı şəhərində mənzil almaq hüququna malik olmuş İddiaçı növbəlik əsasında 2 nəfər ailə üzvü ilə birlikdə yaşamaq üçün ünvan 1 ünvanında yerləşən 13 saylı bir otaqlı mənzil verilib. Qeyd etdiklərindən göründüyü kimi, Cavabdeh qeyd olunan qanunvericilik normalarının tələblərini pozaraq onun istifadəsində olan ünvan 1 ünvanında yerləşən 13 saylı mənzilindən iradəsinin ziddinə qanunsuz istifadə etməklə, onun qanunvericiliklə qorunan mənzildən sərbəst istifadə hüququnu pozub və pozmaqda davam edir, ona mənzilindən sərbəst istifadə etməyə, sərəncam verməyə mane olur. Ona görə də, Cavabdeh ünvan 1 ünvanında yerləşən 13 saylı mənzilindən məcburi qaydada çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddia tələbinə qarşı etiraz vermiş və birinci instansiya məhkəməsində izahat verərək bildirmişdir ki, iddia tələbi tamamilə əsassızdır. Mənzildən çıxarılması üçün ona kompensasiya verilməlidir. Onun başqa yaşayış yeri yoxdur, iddiaçı tərəf onun mənzillə təmin etsin, sonra o mənzildən çıxıb gedər. Bu neçə illər ərzində mənzilin bütün kommunal xərclərini o özü ödəmiş, bu gün iddiaçı eşidib ki, binalar plana düşüb və söküntüdən sonra vətəndaşlar mənzillə təmin olunucaqlar, indi durub gəlib onunla mənzil davası edir. O qanuni əsaslarla qeydiyyata alınmışdır. O uzun illərdir ki, mənzildə yaşayır. Onu mənzillə təmin etsinlər və ya kompensasiya ödəsinlər. İddianın təmin edilməməsini xahiş edir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 06 sentyabr 2021-ci il tarixli, 2(007)- 2332/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Yavər Səfərov küçəsi, 36 saylı evin 13 saylı mənzilindən məcburi qaydada çıxarılması qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Bakı şəhər X5 İcrayə Komitəsinin 23 fevral 1981-ci il tarixli 195446 nömrəli orderinə əsasən Bakı şəhərində mənzil almaq hüququna malik olmuş İddiaçı növbəlik əsasında 2 nəfər ailə üzvü ilə birlikdə yaşamaq üçün ünvan 1 ünvanında yerləşən 13 saylı bir otaqlı mənzil verilmişdir. Həmin andan İddiaçı və onun ailə üzvlərinin qeyd olunan mənzilə sahiblik və istifadə hüququ yaranmışdır. İddiaçı Cavabdeh müvəqqəti olaraq həmin mənzildə yaşamağa icazə vermişdir. Hal-hazırda iddiaçı sahibliyində olan mənzildən cavabdehin çıxarılmasını tələb edir. Cavabdeh mübahisəli mənzildə yaşaması üçün hər-hansı bir hüquqi sənəd mövcud deyil. Cavabdehin mənzildə qeydiyyatda olması ona sahiblik və istifadə hüququ vermir. Məhkəmə iş materiallarını araşdıraraq hesab etmişdir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Yavər Səfərov küçəsi, 36 saylı evin 13 saylı mənzilindən məcburi qaydada çıxarılmalıdır. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi nəticəni hüquqi cəhətdən Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, mübahisənin yarandığı dövrdə qüvvədə olmuş Mənzil Məcəlləsinin 48-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1, 157.2-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 06 sentyabr 2021-ci il tarixli, 2(007)- 2332/2021 saylı qətnaməsindən Cavabdeh apelyasiya şikayəti vermiş və şikayətini onunla əsaslandırmışdır ki, qətnamə iş üzrə müəyyən olunmuş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamış, cavabdehin dəlillərinə hər hansı qiymət verilməmiş, qətnamə maddi və prosessual hüquq normalarının tələblərinin pozuntusu ilə qəbul edilmiş və bu səbəbdən də qətnamə ləğv edilməli, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Qeyd edilən prosessual qanunvericiliyin tələblərinə əsasən kollegiya hesab edir ki, apellyasiya sikayəti qətnamənin ləğvinə yönəldildiyindən cavabdehin apelyasiya şikayətinə əsasən qətnamə tam yoxlanılır. Kollegiya iş materiallarını, apelyasiya şikayətinin dəlillərini araşdırıb və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti əsaslı olduğundan təmin olunmalı, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Sübutların tədqiqi: Məhkəmə kollegiyasının iclasında Cavabdeh apelyasiya şikayətini müdafiə edərək izahatında göstərdi ki, o, iş üzrə iddiaçını tanımır, onu heç vaxt görməmiş və hər hansı bir münasibəti olmamışdır. Yaşamağa yeri olmadığı üçün 1990-cı ilin əvvəllərində mənzil istismar sahəsi ilə əlaqə saxlamış və ona hazırda yaşadığı boş və yararsız olan yataqxana binasında bir otaq təklif olunmuş, o, həmin mənzilin kommunal xəttlərini yararlı hala salaraq, həmin vaxtdan köçüb orada yaşamağa başlamışdır. Yaşadığı müddətdə evin bütün kommunal xidmət müqavilələri onun adına olmuş və kommunal xidmət haqları özü tərəfindən ödənilmişdir. Yaşadığı evə pasport qeydiyyatına alınması üçün müxtəlif dövlət orqanlarına müraciət etmiş və nəticədə 2018-ci ildə yaşadığı evə pasport qeydiyyatına alınmışdır. Yaşadığı müddət ərzində onu heç kim narahat etməmiş, 30 il ərzində öz evi kimi yaşamış, zəruri təmir işləri apararaq mənzildə yaşamaq üçün normal şərait yaratmışdır. 2021-ci ilin əvvəllərində özünü Günay xanım kimi təqdim edən şəxs ona bildirmişdir ki, bu mənzil onun atasına məxsusdur və ondan mənzili boşaltmasını tələb etmişdir. O, həmin xanımın tələbinə etiraz etmiş və bildirmişdir ki, mənzil onundur və onu burada heç kim çıxara bilməz. Bu məsələ ortaya çıxandan sonra o, Günay xanımın kimliyi ilə maraqlanmış və məlum olmuşdur ki, yaşadığı mənzil əvvəllər Günay xanımın atasına yaşamaq üçün verilmiş, sonradan isə ona ev verilmiş və onlar köçüb Yasamaldakı evlərində yaşayırlar və bu evlə heç bir əlaqələri olmamışdır. Hazırda onlara məlub olub ki, bu ev söküləcək və yaşayanlara yeni evlər veriləcək. Ona görə də gedib arxivdən arayış alaraq 1981-ci ildə evin onlara verilməsinə əsaslanaraq, onu evdən çıxarmaq istəyirlər. Bir daha bildirir ki, o, həmin evə köçərkən ev boş olmuş və mənzil istismar idarəsindən də bildirmişlər ki, mənzilin əvvəlki sahibi dövlətdən ev alıb və köçübdür. Qeyd edilənlərə əsasən hesab edir ki, yaşadığı ev dövlətin balansındadır, iddiaçı dövlət tərəfindən yaşayış sahəsi ilə təmin olunduğu üçün, bu mənzilə dair hər hansı bir hüququ olmadığından, hazırki tələbi irəli sürməyə hüququ yoxdur. Lakin qeyd edilənləri birinci instansiya məhkəməsində bildirsə də, nəzərə alınmamış, yaşadığı evin kommunal xərclərini ödəməsi barədə sənədləri məhkəməyə təqdim etsə də, məhkəmə baxıb geri qaytarmış və işə əlavə etməmişdir. Ona görə də məcbur olub yaşadığı mənzilə görə kommunal xidmət müqavilələrinin onun adına olması və ödənişlərin özü tərəfindən həyata keçirilməsini təsdiq edən sənədləri hazırki apelyasiya baxışında təqdim edir və xahiş edir ki, həmin sənədlər qəbul edilərək iş materiallarına əlavə edilsin və qərar qəbul edilərkən qiymətləndirilsin. Məhkəmə kollegiyasının iclasında çıxış edən cavabdehin nümayəndəsi və vəkili Vəkil apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, cavabdeh kimsəsiz bir insandır. 30 ildən artıqdır ki, mübahisləndirilən mənzildə yaşayır və pasport qeydiyyatındadır. Mənzilin bütün kommunal xidmətləri cavabdeh tərəfindən ödənilib. İddiaçı həmin mənzillə 1990-cı ildən əlaqəni kəsmiş, çünki, verilmiş sorğular nəticəsində müəyyən edilir ki, iddiaçıya 1990-cı ildə dövlət tərəfindən 4 otaqlı ev verilmiş və o, ailəsi ilə köçüb Yasamaldakı evlərində yaşayır. İddiaçının yeddi il bundan qabaq sahə müvəkkilinin xahişi ilə müvəqqəti yaşamaq üçün cavabdehi evə buraxması barədə göstərdikləri həqiqətə uyğun deyil. Çünki, cavabdehin adına olan kommunal ödənişlər barədə qəbzlərdən görünür ki, cavabdeh 1990-cı illərdən hazırki mənzilə görə kommunal xidmət haqları ödəmişdir. Hazırki apelyasiya icraatı vaxtı cavabdehə hüquqi yardım göstərdiyi üçün, etdiyi sorğulara Yasamal rayon İcra Hakimiyyəti tərəfindən verilmiş cavabdan iddiaçıya dövlət tərəfindən 1990-cı ildə ev verildiyi müəyyən edilmişdir. Ona görə də həmin sənədləri məhkəməyə təqdim edir və sübut kimi qəbul edilib, qiymətləndirilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi vəkili Nümayəndə iddia tələbinin dəlillərinə uyğun izahat verərək, əlavə olaraq göstərdi ki, mübahisələndirilən mənzil iddiaçıya dövlət tərəfindən verilmiş və həmişə onun istifadəsində olmuşdur. Başqa yaşayış sahəsi verilsə də, həmin bir otağın yaşayış sahəsi onun istifadəsində saxlanılmış və həmin mənzilə görə verilmiş order hal-hazırda da qüvvədədir. Bunu Xətai rayon İcra Hakimiyyətinin vəkil sorğusuna verilmiş cavab məktubu da təsdiq edir. (həmin məktub məhkəmə kollegiyası təqdim edildi) Mənzildə yaşamadığı üçün sahə müvəkkilinin xahişi ilə cavabdehi 7-8 il bundan əvvəl müvəqqəti olaraq yaşamaq üçün mənzilə buraxmış, lakin sonradan dəfələrlə tələb etməsinə baxmayaraq, cavabdeh mənzildən çıxmamışdır. Cavabdeh heç bir qanuni əsas olmadan ona məxsus mənzildən istifadə etməklə və tələbinə baxmayaraq mənzili boşaltmamaqla onun hüquqlarını pozur. Çünki hazırda ailəsi böyüdüyü üçün mənzildən istifadəyə ehtiyacı yaranmışdır. Qeyd edilənlərə əsasən apelyasiya şikayətinin rədd edilməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi X4 da eyni məzmunlu izahat verərək, apelyasiya şikayətinin rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyasına təqdim edilmiş kserosurəti notarial qaydada təsdiq edilmiş 195446 saylı order adlı sənəddən müəyyən olunur ki, həmin order 23 fevral 1981-ci ildə İddiaçı adına yazılaraq, ona ailə tərkibi 3 (üç) nəfər olmaqla, Bakı şəhəri, Botanika (hazırki Yavər Səfərov) küçəsi, ev 36-da yerləşən, sahəsi 14 kv.m olan bir otaqlı 13 saylı mənzil verilmişdir. Məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş iş materiallarında olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsi tərəfindən iddiaçının nümayəndəsinə verilmiş Q-108 nömrəli 03.03.2020-ci il tarixli arxiv çıxarışından müəyyən olunur ki, Bakı şəhəri, Xətai rayonu (Şaumyan) XDS iclasının 13 fevral 1981-ci il tarixli 28 nömrəli protokolu ilə 1977-ci ildən mənzil növbəsində olan İddiaçı Yavər Səfərov (keçmiş Botanika) küçəsi 36 saylı evin sahəsi 14 kv.m olan məhdud kommunal şəraitli 13 saylı bir otaqlı mənzil 3 (üç) nəfər ailə tərkibi olmaqla mənzil növbəsi saxlanılmaqla verilməsi barədə P.Montin adına zavodun müdiriyyəti və həmkarlar komitəsinin 24.Xİİ.1980-ci il tarixli qərarı ilə təsdiq edilmişdir. İddiaçı nümayəndəsi vəkili Nümayəndə tərəfindən məhkəmə kollegiyasına təqdim edilmiş və tədqiq edilmiş Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri tərəfindən imzalanmış 23.02.2022-ci il tarixli M-42-012 saylı məktubun məzmunundan məlum olur ki, Xətai rayon XDS İK-nın 28 saylı 13.02.1981-ci il tarixli qərarına əsasən İddiaçı verilmiş 195446 saylı order qüvvədədir. Məhkəmə kollegiyasının sorğusuna Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri tərəfindən verilmiş və tədqiq edilmiş 21.01.2022-ci il tarixli 66 saylı məktubun məzmunundan məlum olur ki, İddiaçı Xətai rayon İcra Hakimiyyətində növbəlilik siyahısında olması barədə məlumat aşkar edilməmişdir. Cavabdehin vəkili tərəfindən məhkəmə kollegiyasına təqdim edilmiş və tədqiq edilmiş Bakı şəhəri Yasamal rayon XDS İK tərəfindən verilmiş 032548 saylı orderin surətindən müəyyən olunur ki, həmin order 05.06.1990-cı ildə tərtib edilmiş və İddiaçı Bakı şəhəri, Yeni Yasamal ev 8-də yaşayış sahəsi 71,10 kv.m olan 5 (beş) otaqlı 68 saylı mənzil 6 (nəfər) ailə tərkibi olmaqla verilmişdir. Yasamal rayon İH MKTB-nin 19 saylı MKİS-in 15.02.2022-ci il tarixli arayışından məlum olur ki, iddiaçı və ailə üzvləri 1991-ci il tarixdən Yeni Yasamal ev 8-də 68 saylı 5 (beş) otaqlı mənzilə pasport qeydiyyatına alınmışlar. ƏMDK DƏDRX tərəfindən verilmiş ******* saylı çıxarışa əsasən qeyd edilən mənzil 14.11.2014-cü il tarixdən İddiaçı adına mülkiyyət hüququ əsasında qeydə alınmışdır. Cavabdeh tərəfindən təqdim edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq eilmiş sənədlərdən müəyyən olunur ki, mübahisələndirilən yaşayış sahəsi üzrə kommunal xidmət müqaviləsi 1999-cu ildən cavabdehin adına olmuş və ödənişlər də onun tərəfindən həyata keçirilmişdir. Məhkəmənin sorğusuna əsasən verilmiş, kollegiya tərəfindən tədqiq edilmiş MKTBnin 67 saylı MKİS-in rəisinin məlumatından müəyyən olunur ki, Bakı şəhəri, Y.Səfərov küçəsi ev 36, mənzil 31 MKTB-nin balansındadır. İddiaçı 09.04.1981-ci ildən 10.08.1991-ci ilə kimi ailəsi ilə birlikdə qeyd olunan ünvanda ailəsi ilə birlikdə qeydiyyatda olub və yaşayıb. 20.08.1991-ci ildən isə qeydiyyata alındığı Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal ev 8, mənzil 68-ə köçüb. Cavabdeh 1999-cu ildən bəri MKTB-nin ödənişlərini edərək, qeydiyyatsız olaraq orada yaşayıb, 10.04.2018-ci ildə isə həmin mənzilə qeydiyyata düşdüyündən, həmin ildən də adına şəxsi hesab açılıb, həmin ünvanda özü yaşayır və kommunal xərcləri bu günə qədər ödəyir. Məhkəmənin sorğusuna əsasən verilmiş və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 27.01.2022-ci il tarixli 2489-1222 saylı məktubuna əlavə edilmiş sənədlərdən (03 vərəqə) müəyyən olunur ki, Cavabdeh Bakı şəhəri, Yavər Səfərov küçəsi 36 saylı evin 13 saylı mənzilində uzun illər qeydiyyatsız yaşadığından, müraciəti nəzərə alınaraq, 06.04.2018-ci il tarixdən yaşadığı mənzilə pasport qeydiyyatına alınmışdır. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Konstitusiyasının hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyada ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin 2-ci hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin 7-ci hissəsi) təsbit olunmuşdur. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişən tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hüquqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 365-ci maddəsi ilə müəyyən olunmuşdur ki, apellyasiya icraatına bu fəslin (41-ci fəslin) və bu Məcəllənin müddəaları tətbiq olunur. Prosessual qanunvericiliyin həmin müddəasına görə apelyasiya instansiyası məhkəməsində işlərə bu məhkəmədə icraatı müəyyən edən MPM-nin 41-ci fəslində göstərilmiş xüsusiyyətlərlə yanaşı, mülki prosesin prinsiplərinə, o cümlədən tərəflərin bərabər hüquqlara və imkanlara malik olması prinsipinə uyğun olaraq baxılır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Qeyd edilən prosessual qanunvericiliyin göstərişlərini nəzərə alan kollegiya hazırki icraat zamanı tərəflərin təqdim etdikləri və məhkəmənin sorğusuna əsasında əldə edilmiş sübutların qəbul edilib, qiymətləndirilməsini mümkün hesab etmişdir. Çünki hazırki icraat zamanı təqdim edilmiş sübutlar işin həqiqi hallarının müəyyən edilməsi və ədalətli məhkəmə araşdırması hüququnu və tərəflərin tələb və etirazlarının dəlillərinin təsdiq və ya təkzib edilməsini təmin etmiş olur. Məhkəmə kollegiyası tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, İddiaçı 1977-ci ildə mənzil növbəsində olmuş, işlədiyi müəssisənin müdiriyyəti və həmkarlar komitəsinin 24.Xİİ.1980-ci il tarixli qərarı ilə ona 3 (üç) nəfər ailə tərkibi olmaqla, Bakı şəhəri, Yavər Səfərov küçəsində (keçmiş Botaniçeskaya küçəsi) 36 saylı evdə məhdud kommunal şəraitli sahəsi 14 kv.m olan bir otaqlı 13 saylı mənzilin verilməsi qərara alınmış və həmin qərar rayon XDS İK-nın qərarı ilə təsdiq edilərək, həmin mənzilə dair ona 23 fevral 1981-ci il tarixdə order verilmiş və o, ailəsi ilə birlikdə həmin mənzildə yaşamışdır. 1990-cı ildə isə Bakı şəhəri Yasamal rayonunda yerləşən 5 otaqlı yaşayış sahəsi ilə təmin olunmuş və 1991-ci ildən hal-hazıra kimi Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1, 8 saylı evin, 5 otaqlı 68 saylı mənzilində köçüb yaşayır. Həmçinin müəyyən olunmuşdur ki, Cavabdeh 1990-cı ilin əvvəllərində boş ev kimi mübahisəli mənzilə köçüb, hal-hazırki vaxta kimi 30 ildən artıq müddətdə həmin mənzildə yaşamış, 2018-ci ildə boş mənzil kimi pasport qeydiyyatına alınaraq, mənzilin şəxsi hesabı onun adına bağlanmış və bütün kommunal xidmət haqları da cavabdeh tərəfindən ödənilir. İddiaçı tələbinin faktiki əsası kimi ona istinad etmişdir ki, mübahisəli yaşayış sahəsi orderlə ona məxsusdur və cavabdehin qanunsuz sahibliyində olması onun həmin mənzildən mülkiyyət kimi istifadə etməsinə maneələr yaradır, bu səbəbdən də cavabdehin həmin yaşayış sahəsindən çıxarılmasını tələb edir və tələbinin hüquqi əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152 və 157-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır. Kollegiya iddiaçının hazırki tələbi irəli sürməsinə subyektiv hüququnun olubolmamasını müəyyənləşdirmək üçün onun həmin mənzili əldə etdiyi və sonrakı vaxt qüvvədə olan Mənzil Məcəlləsinin müvafiq münasibətləri tənzimləyən normalarının tələbləri nəzərə alınmalı olmasını zəruri hesab edir. 01 oktyabr 2009-cu il tarixə kimi qüvvədə olmuş Mənzil Məcəlləsinin 1-ci maddəsində Azərbaycan vətəndaşlarının mənzil hüququ təsbit olunmuşdur. Həmin maddəyə görə Azərbaycan vətəndaşları mənzil hüququna malikdirlər. Bu hüquq dövlət və ictimai mənzil fondunun inkişafı və mühafizəsi, kooperativ və fərdi mənzil tikintisinə yardım göstərilməsi, abad mənzillərin tikintisi proqramı həyata mənzil sahəsinin ictimai nəzarət altında ədalətlə bölüşdürülməsi, habelə mənzil və kommunal xidmətlər haqqının yüksək olmaması ilə təmin edilir. Həmin Məcəllənin 5-ci maddəsinə əsasən Dövlət mənzil Fondu yerli X3 və nazirlikləri, dövlət komitələrinin və baş idarələrin ixtiyarındadır. Həmin Məcəllənin 6-cı maddəsinə əsasən yaşayış evləri və yaşayış sahəsi vətəndaşların daimi yaşaması üçündür. Həmin Məcəllənin 28-ci maddəsinə görə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət və ya ictimai mənzil fondu evlərində istifadə üçün yaşayış sahəsi almaq hüququna malikdirlər. Həmin Məcəllənin 31-ci maddəsinə görə mənzil fondu olan və mənzil tikən, yaxud mənzil tikintisində pay vəsaiti ilə iştirak edən müəssisələrdə, idarələrdə, təşkilatlarda işləyən və mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar həm iş yerində, həm də öz arzusu ilə yaşayış yeri üzrə uçota götürülürlər. Həmin Məcəllənin 34-cü maddəsinə əsasən vətəndaş uçota götürüldükdən sonra xidməti yaşayış sahəsi və ya yataqxana ilə təmin edildikdə onların uçotu saxlanılır. Həmin Məcəllənin 35-ci maddəsinə görə vətəndaşları mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların uçotundan çıxarılması üçün əsaslardan biri mənzil şəraiti yaxşılaşdırıldıqda və buna görə uçotda qalması üçün əsaslar qalmaması nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 40-cı maddəsinə görə Azərbaycan SSR-də mənzil sahəsi norması adambaşına on iki kvadratmetr müəyyən edilmişdir. Həmin Məcəllənin 48-ci maddəsinə görə dövlət və ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd X3 icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Həmin Məcəllənin 60-cı maddəsinə görə icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanılır. Kollegiya qeyd edilən Mənzil Məcəlləsinin normalarını hazırki mübahisəyə tətbiq edərək qeyd edir ki, iddiaçı qeyd edilən mənzil qanunvericiliyinin normalarına uyğun olaraq, iş yerində 1977-ci ildə mənzil növbəsinə götürülmüş, 1981-ci ildə ona mənzil növbəsində saxlanılmaqla, məhdud kommunal şəraiti olan mübahisələndirilən mənzil 3 nəfər ailə tərkibi ilə verilmiş və iddiaçı 1990-cı ildə qanunvericiliyə uyğun olaraq yaşayış sahəsi ilə təmin olunaraq, mübahisəli mənzildən köçmüş və hazırki iddianı qaldırana kimi mübahisələndirilən mənzilə hər hansı bir bağlılığı, əlaqəsi olmamışdır. İddiaçının mübahisələndirilən mənzillə 1990-cı ildən sonra hər hansı bir bağlılığı olması, ondan istifadə etməsi barədə işdə hər hansı bir sübut mövcud deyil. Əksinə, işin araşdırılmış sübutları ilə mübahisələndirilən mənzildə 1991-ci ildən cavabdehin yaşadığı, mənzilə görə kommunal xidmət haqlarının cavabdeh tərəfindən ödənilməsi, iddiaçının həmin mənzillə hər hansı bir əlaqəsinin olmasını təkzib edir. Kollegiya iddiaçının həmin mənzildən istifadə etməsi, 7-8 il bundan qabaq həmin mənzili müvəqqəti yaşamaq üçün cavabdehə verilməsi barədə dəlilləri, həmçinin iddiaçının nümayəndəsinin apelyasiya icraatında verdiyi izahatında göstərdiyi 1990-cı ildə hazırda yaşadığı evi alarkən ailə tərkibinin çox olması nəzərə alınaraq, mübahisələi mənzilin də iddiaçının istifadəsində saxlanılması barədə dəlillərini əsaslı hesab etmir. Çünki iddiaçı həmin dəlillərini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir (MPM-nin 77.1-ci maddəsinə əsasən). Kollegiya həmçinin iddiaçının vəkilinin mübahisəli mənzilin verilməsi üçün əsas olan orderin hal-hazırda qüvvədə olması barədə Xətai rayon İcra Hakimiyyəti tərəfindən təqdim edilmiş məktuba tənqidi yanaşır. Çünki həmin orderin qüvvədə qalması yuxarıda qeyd edilən Mənzil Məcəlləsinin normalarının tələblərinə əsasən hər hansı hüquqi əhəmiyyət kəsb etmir. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, mübahisələndirilən mənzillə əlaqədar iddiaçının həmin mənzil üzərində har hansı bir hüququ olmadığından, onun hazırki iddianı qaldırmağa subyektiv hüququ olmamışdır. Lakin işə baxan birinci instansiya məhkəməsi iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququnun olub-olmamasını aydınlaşdırmamış, yalnız iddiaçının adına orderin olmasına əsaslanaraq iddianın təmin olunması barədə gəldiyi nəticəyə səhv olmuşdur. Kollegiya onu da qeyd edir ki, hətta iddiaçının ehtimal edilən subyektiv hüququ olmuş olsa belə, iddia tələbi iddia müddətinin ötürülməsi əsası ilə də təmin edilə bilməz. Belə ki, işin materialları ilə müəyyən edilir ki, iddiaçı 1990-cı ildən mübahisəli mənzildə yaşamır və həmin mənzildə 1991-ci ildən cavabdeh yaşayır. İddiaçı hazırki iddianı 2021-ci ilin may ayında, daha doğrusu mübahisəli mənzildən köçəndən 30 il sonra qaldırıb. 1964-cü ildə qəbul edilmiş Mülki Məcəllənin 73-cü maddəsinə görə hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün ümumi iddia müddəti üç il müəyyən edilmişdir. Həmin Məcəllənin 77-ci maddəsinə görə iddia müddəti tərəflərin bildirməsindən asılı olmayaraq, məhkəmə tərəfindən tətbiq olunur. Bu Məcəllənin 82-ci maddəsinə görə iddia qaldırılana qədər iddia müddətinin keçməsi iddianı rədd etmək üçün əsasdır. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı cavabdehin həmin mənzildə yaşadığı vaxtdan hüququnun pozulduğunu bilməli idi və pozulmuş hüququnun bərpası üçün qanunvericiliklə müəyyən edilmiş iddia müddəti ərzində məhkəməyə müraciət edə bilərdi. Lakin iddiaçı öz hüququndan vaxtında istifadə etməmişdir, iddia müddətini ötürdüyündən, iddia təmin edilə bilməz. Kollegiya araşdırılmış sübutlar əsasında iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququnun olmaması, həmçinin iddia müddətini ötürməsini təsbit etdiyindən, cavabdehin mübahisəli mənzildə yaşamasının qanuni və ya qanunsuz olmasına münasibət bildirməyə zərurət görmür. Çünki mübahisəli mənzil dövlət mənzil fonduna aid olmaqla, müvafiq icra hakimiyyəti bu halı mübahisələndirdiyi halda həmin məsələyə qiymət verilə bilər. Lakin, müvafiq icra hakimiyyəti tərəfindən cavabdehə qarşı hər hansı bir tələb irəli sürülməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 388-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Həmin Məcəllənin 390-cı maddəsinə əsasən məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişsə, məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillər işin hallarına uyğun hesab edilmir. Kollegiya qeyd edilən prosessual qanunvericiliyin tələblərinə əsasən hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyənləşdirməmiş, tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş, tərəflərin dəlillərini prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq qiymətləndirməmiş, bununla da maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmədiyindən, apelyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir.. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 06 sentyabr 2021-ci il tarixli, 2(007)-2332/2021 saylı qətnaməsi qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar