Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-741/2025 24.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı mülki iş üzrə (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil3, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X4 iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 1458/2023 saylı iş üzrə 05 may 2023-cü il tarixli qətnaməsindən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X17 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları
1. İş materiallarında olan "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı xx.xx.2006-cı il tarixdə ABB-nin «Hava Limanı» şöbəsinin müdiri vəzifəsinə işə qəbul edilmiş, əmək müqaviləsi xx.xx.2006-cı il tarixdən xx.xx.2006-cı il tarixədək bağlanmışdır.
2. İş materiallarında olan "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2010cu il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı xx.xx.2010-cu il tarixdə ABBnin Pərakəndə biznesin inkişafı departamenti Kiçik bizneslə iş şöbəsinin müdiri vəzifəsinə təyin edilmiş, əmək müqaviləsi xx.xx.2010-cu il tarixdən müddətsiz bağlanmışdır.
3. İş materiallarında olan "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2011ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı xx.xx.2011-ci il tarixdə ABBnin Pərakəndə biznes departamentinin Kiçik və orta biznesin kreditləşməsi şöbəsinin müdiri vəzifəsinə təyin edilmiş, əmək müqaviləsi xx.xx.2011-ci il tarixdən müddətsiz bağlanmışdır.
4. İş materiallarında olan "xxxx" ASC ilə İddiaçı arasından bağlanmış xx.xx.2013-cü il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı xx.xx.2013-cü il tarixdə ABB-nin Səbail filialının müdirinin müavini vəzifəsinə təyin edilmiş, əmək müqaviləsi xx.xx.2013-cü il tarixdən müddətsiz bağlanmışdır. Müqavilənin 3.3-cü maddəsinin «b» bəndinə əsasən, Əmək Məcəlləsinin 10-cu maddəsinə uyğun olaraq əmək intizamına və Bankdaxili intizam qaydalarına, o cümlədən ABB-nin Korporativ Etika Məcəlləsinin və s.tələblərini yerinə yetirməsi işçinin vəzifəsidir.
5. İş materiallarında olan "xxxx" ASC-nin Korporativ Etika Məcəlləsinin 5.14.2-ci bəndinə əsasən bank əməkdaşları formalaşmış korporativ mədəniyyətə və etik dəyərlərə, daxili nizam-intizam qaydalarına daim ciddi riayət etməklə «ABB-nin əməkdaşı» adının müsbət imicinin qorunmasına səy göstərməlidirlər. - Həmin Məcəllənin 5.17-ci bəndinə əsasən bank əməkdaşları öz vəzifələrindən sui-istifadə etməməli, vəzifə öhdəliklərindən irəli gələn bütün hərəkətlərdə Bankın mənafelərini öz şəxsi mənafelərindən üstün tutmalıdırlar. - Həmin Məcəllənin 5.26-cı bəndinə əsasən ünsiyyət korporativ etikanın əhəmiyyətli komponenti olmaqla biznesin aparılmasında müstəsna rola malikdir. Bank istər əməkdaşlar arasında, istərsə də müştərilərlə ünsiyyət prosesində işgüzar etikanın prinsiplərinə riayət olunmasına xüsusi diqqət yetirir. Bu konteksdə, Bank müxtəlif ünsiyyət formaları üzrə daxili tələbləri müəyyənləşdirir. - Həmin Məcəllənin 5.38 və 5.38.1-ci bəndlərinə əsasən bankın rəhbər vəzifələrdə çalışan şəxsləri (şöbə müdiri, departament direktorunun müavini, departament direktoru, MXS rəhbəri və s) bu Məcəllənin tələblərindən irəli gələrək öz fəaliyyətləri ilə etik davranış nöqteyi-nəzərindən nümunə olmaq məsuldurlar. - Həmin Məcəllənin 5.4-ci bəndinə əsasən Bank əməkdaşları Bankın informasiya texnologiyalarından funksional vəzifə öhdəliklərinin icrası məqsədilə istifadə etməlidirlər. - Həmin Məcəllənin 6.6-cı bəndinə əsasən müştəriləri yaxından tanımaq onların gələcəkdə apara biləcəkləri şübhəli əməliyyatları vaxtında aşkar etməyə və preventiv tədbirlər həyata keçirməyə yönələn tədbirlərin etik qaydalar çərçivəsində görülməsini fəaliyyətində rəhbər tutur. - Həmin Məcəllənin 6.8-ci bəndinə əsasən Bank müştərilərə xas məlumatların qorunmasının əsas təminatçısıdır. Qanunvericiliklə müəyyənləşdirilmiş qaydada məlumatların paylaşılması halları istisna olmaqla, Bank biznes əməliyyatlarında müştərilərə aid məlumatların yalnız onların yazılı razılığı əsasında istifadəsinə və ötürülməsinə diqqət yetirir. - Həmin Məcəllənin 6.9-cu bəndinə əsasən Bank əməkdaşları yalnız öz xidməti vəzifələrinin icrası prosesində onlara məlum olan müştəri məlumatlarının qanunla müəyyən edilən qaydada istifadəsinə çalışmalıdırlar. Bankın digər müştəri xidmətləri strukturlarının ayrı-ayrı müştəriləri barəsində məlumatlar əldə etməyə çalışmaq, habelə həmin məlumatlardan istifadə etməyə cəhd etmək yolverilməzdir.
6. İş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Rəsulzadə Nəzrin xx.xx.2009-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası İddiaçı, anası Rəsulova Leyladır.
7. İş materiallarında olan Tibbi-Sosial Ekspert Komissiyasının elektron arayışın surətindən görünür ki, sağlamlıq imkanları məhdud xx.xx.2009-cu il təvəlldlü X9 «Eşitmənin konduktiv və neyrosensor itirilməsi. Eşitmənin iki tərəfli itirilməsi» diaqnozu qoyulmuşdur.
8. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 4139k saylı əmrin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə özünü X2 əqdim edən şəxs Bankın məlumat mərkəzinə zəng edərək, Nizami filialının müdir müavini İddiaçı şikayətçi olduğunu bildirmişdir. Belə ki, müraciət edən şəxs tanışı (qohumluq əlaqəsi olduğunu bildirir) X5 xx.xx.2022-ci il tarixdə Bankın Nizami filialına kredit götürmək üçün yaxınlaşdığını və filialın müdir müavini İddiaçı müştərinin kredit sənədləri içərisindən onun mobil nömrəsini götürərək, həmin müştərini şəxsi məqsədlər üçün narahat etdiyini və ona işdən-kənar müxtəlif formalarda təkliflər etdiyini bildirmişdir. Əlavə olaraq qeyd etmək lazımdır ki, müştəri X10 xx.xx.2022-xx.xx.2022-ci il tarix aralığında 4 halda Banka zəng və onlayn formada yazılı müraciət edərək, qeyd olunan hal ilə bağlı şikayətçi olduğunu bildirmiş və Bank tərəfindən əməkdaş İddiaçı qarşı tədbir görülməsini xahiş etmişdir. Məsələ ilə bağlı Daxili nəzarət departamenti araşdırmaya başlamışdır. Yoxlama nəticəsində videomüşahidə zamanı xx.xx.2022-ci il tarixdə saat 12.13-də müştəri T. Qəhrəmanovanın kartından vəsaiti nağdlaşdırmaq məqsədilə filialda ATM-lərin yerləşdiyi otağa daxil olarkən onunla birgə əməkdaş İddiaçı da həmin otağa gəldiyi, müştərinin nağdlaşdırma əməliyyatında iştirak etdiyi və müştəriyə məxsus olan, məxfi hesab edilən PİN kodun İddiaçı tərəfindən ATM-ə daxil edildiyi müşahidə edilmişdir. Əlavə olaraq, müştəri nağdlaşdırma əməliyyatını bitirdikdən sonra ATM-lərin yerləşdiyi otaqdan çıxarkən əməkdaş İddiaçı da onun ardınca çıxaraq filialın giriş hissəsinə kimi söhbət edərək birgə getdikləri müşahidə edilmişdir. İddiaçı tərəfindən «Korporativ Etika Məcəlləsi»nin tələblərinin 5.14.2-ci bəndi kobud şəkildə pozulmuşdur. Nəticədə Bankın rəhbər vəzifəli əməkdaşının müxtəlif saytlarda səs yazısı yayılmışdır. Bu da Bank üçün imic riski yaradan hal kimi qiymətləndirilmişdir. Əməkdaş müştəriyə aid fərdi məlumatları öz şəxsi məqsədləri üçün istifadə edərək mövcud qanunvericiliyi və əmək müqaviləsinin 3.3-cü bəndinin şərtlərini pozmuşdur. Yuxarıda yazılanları nəzərə alaraq işçinin əmək müqaviləsinə xitam vermək məqsədilə Nizami filialının müdir müavini İddiaçı xx.xx.2022-ci il tarixdən AR ƏMnin 70-ci maddəsinin «ç» bəndinə əsasən tutduğu vəzifədən azad edilməsi və onunla bağlanılmış əmək müqaviləsinə xitam verilməsi, işçiyə işlədiyi günədək əmək haqqı və AR ƏM-nin 144-cü maddəsinin 2-ci bəndinə əsasən xx.xx.2021-xx.xx.2022-ci il üzrə 13 gün və xx.xx.2022-xx.xx.2023-cü il üzrə 9 gün, cəmi 22 gün istifadə etmədiyi əmək məzuniyyətinə görə pul əvəzi ödənilməsi əmr edilmişdir. Əsas: Daxili nəzarət departamenti tərəfindən təqdim edilən xx.xx.2022-ci il tarixli arayışı, «Etik və İntizam məsələləri üzrə» komissiyasının İddiaçı elektron poçtla göndərdiyi xx.xx.2022-ci il tarixli izahatı.
9. Məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis Bölməsi tərəfindən verilmiş İddiaçı ərizəsi əsasında toplanmış materiallarında olan İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə Nərimanov RPİ 16-cı PB-nə yazmış olduğu ərizəsi araşdırılmışdır. İzahatı alınan X14 etdiyi əməldən peşman olduğunu bildirmişdir. Bununla da X6 əməlində hər hansı cinayət və ya inzibati xəta tərkibinin olmaması müəyyən edilmişdir. - Həmin materialında olan Nərimanov RPİ-nin 16-cı PB-nin CA üzrə əməliyyat müvəkkili Ramil Qəmbərli tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli arayışından görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə ərizə ilə Nərimanov RPİ-nin 16-cı PB-nə müraciət edərək bildirmişdir ki, bank sistemində işləyən zaman onlardan kredit götürən X10 ilə aralarında səmimi münasibət yaranmış və daha sonra X14 onunla əlaqə saxlayaraq onu təhqir etmiş və onu söhbət üçün Quba şəhərinə çağırmışdır. Araşdırma zamanı X5 və X6 izahatları alınmışdır. İzahatı alınan X14 etdiyi əməldən peşman olduğunu bildirmişdir. Bununla da X6 əməlində hər hansı cinayət və ya inzibati tərkibinin olmaması müəyyən edilmişdir.
10. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş əməkdaş tərəfindən etik davranış məcəlləsinin tələblərinin pozulması halının araşdırılmasına dair İTAŞ116/2022, İNM-322 nömrəli yoxlama arayışın surətindən görünür ki, bankın Nizami filialının müdir müavini İddiaçı tərəfindən etik davranış məcəlləsinin pozulması halının yoxlaması xx.xx.2022-ci il tarixdə başlanıb, yoxlamanın bitmə tarixi xx.xx.2022-ci il tarixli göstərilmişdir. xx.xx.2022-ci il tarixdə müştəri X1 Nizami filialına yaxınlaşaraq kredit üçün müraciət etmişdir. Qeyd olunan tarixdə filialın pərakəndə satış və xidmət üzrə aparıcı mütəxəssisi İ.İrzaquliyev tərəfindən müştəriyə əmək haqqı əsasında (müştəri "xxxx" MMCdə çalışır) 1900 manat «tam kart» kredit kartı rəsmiləşdirilmişdir. xx.xx.2022-ci il tarixdə X2 təqdim edən şəxs bankın məlumat mərkəzinə zəng edərək, Nizami filialı müdirinin müavini İddiaçı şikayətçi olduğunu bildirmişdir. Belə ki, müraciət edən şəxs tanışı (qohumluq əlaqəsi olduğunu bildirir) X5 xx.xx.2022-ci il tarixdə Bankın Nizami filialına kredit götürmək üçün yaxınlaşdığını və filialın müdir müavini İddiaçı müştərinin kredit sənədləri içərisindən onun mobil nömrəsini götürərək, həmin müştərini şəxsi məqsədləri üçün narahat etdiyini və işdən-kənar müxtəlif formalarda təkliflər etdiyini bildirmişdir. Müraciət edən şəxs bu barədə özü əməkdaş İddiaçı zəng edərək irad bildirdiyini və İddiaçı ondan etdiyi hərəkətin düz olmadığını anlayaraq üzr istədiyini və bu barədə heç kimə şikayət etməməsini xahiş etdiyini bildirmişdir. Əlavə olaraq müraciət edən şəxs sözügedən insidentlə bağlı əməkdaş İddiaçı tərəfindən X16ya göndərilən mesaj və səs yazılarının özündə olduğunu bildirmişdir. X16 xx.xx.2022-xx.xx.2022-ci il tarix aralığında 4 halda Banka zəng və onlayn formada yazılı müraciət edərək qeyd olunan hal ilə bağlı şikayətçi olduğunu bildirmiş və bank tərəfindən əməkdaş İddiaçı qarşı tədbir görülməsini xahiş etmişdir. T.Qəhrəmanova İddiaçı ona mobil nömrəsinin kredit sənədlərinə qol çəkdiyi zaman götürdüyünü bildirdiyini və bankdan çıxdıqdan sonra ona whatsapp vasitəsilə yazaraq görüş təklif etdiyini və şam yeməyinə dəvət etdiyini bildirmişdir. Əlavə olaraq müştəri bu barədə sosial şəbəkələrdə paylaşım etdiyini və həmin filiala gedən qadınlara mobil nömrə qoymamağı tövsiyyə etdiyini bildirmişdir. Təqdim olunan məlumatlara əsasən qeyd olunan məsələ müxtəlif sosial platformalarda müzakirə olunmuşdur. - Yoxlama çərçivəsində videomüşahidə zamanı xx.xx.2022-ci il tarixdə saat 12.13-də müştəri T.Qəhrəmanovanın kartından vəsaiti nağdlaşdırmaq məqsədilə filialda ATM-lərin yerləşdiyi otağa daxil olarkən onunla birgə əməkdaş İddiaçı da həmin otağa gəldiyi və müştərinin nağdlaşdırma əməliyyatında iştirak etdiyi və müştəriyə məxsus olan məxfi hesab edilən PİN kodun İddiaçı tərəfindən ATM-ə daxil edildiyi müşahidə edilmişdir. Əlavə olaraq müştəri nağdlaşdırma əməliyyatını bitirdikdən sonra ATM-lərin yerləşdiyi otaqdan çıxarkən əməkdaş İddiaçı da onun ardınca çıxaraq filialın giriş hissəsinə kimi söhbət edərək birgə getdikləri müşahidə edilmişdir. Yuxarıda qeyd olunan halları nəzərə alaraq əməkdaş İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixli Korporativ Etika Məcəlləsinin tələblərinin pozulması halına yol verilmişdir. Qeyd olunanlardan irəli gələrək Bankın rəhbər şəxsi tərəfindən bu formada Bankın müştəri məlumatlarını əldə edərək, istifadə edilməsi Bank üçün imic riski yaradan hallara çıxara bilər. - Əməkdaş İddiaçı təqdim etdiyi məlumatda Tamaşa Qəhrəmanovaya məxsus moil nömrəni kredit sənədlərindən götürmədiyini, T.Qəhrəmanovanın özü tərəfindən ona verildiyini bildirmişdir. Əməkdaş İddiaçı müştəri T.Qəhrəmanovanın bank əməliyyatı apararkən kartdan istifadə edə bilmədiyi üçün ondan kömək etməsini xahiş etdiyini və PİN kodun müştərinin özü tərəfindən ona bildirdiyini qeyd etmişdir. Bundan sonra İddiaçı müştəri T.Qəhrəmanovanın onunla dostluq əlaqələri yaratmağa meyl edən insan kimi davranmağa başladığını və qarşılığında onunla mehriban danışıqlar apardığını bildirmişdir. Əməkdaş İddiaçı müştəri T.Qəhrəmanovanın ondan gizli məqsdlər üçün istifadə etdiyi çalışdığını, belə ki, sonradan Rəşad Talıbov adlı şəxs ona zəng vurarkən danışıq formasından onu T.Qəhrəmanova ilə birlikdə şantaj etməyə çalışdıqlarını başa düşdüyünü və bundan sonra onunla «siz düzgün insanlar deyilsiniz, bir də mənə zəng etməyin» dediyini bildirmişdir. Lakin daha sonra onu şantaj etmək məqsədilə müxtəlif saytlara səs yazısı qoyduqlarını, bundan sonra isə vəkil xidmətindən istifadə edərək polis orqanlarına bu barədə müraciət etdiyini bildirmişdir. Əlavə olaraq polis orqanlarında aparılan araşdırma zamanı T.Qəhrəmanovanın izahatında İddiaçı ilə arasında baş vermiş hadisənin anlaşılmazlıq olduğunu və İddiaçı qarşı şikayət və tələbinin olmadığını, sosial şəbəkələrdə olan səs yazısını götürdüyünü qeyd etdiyini bildirmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
12. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1996-cı ilin iyun ayından xx.xx.2022-ci il tarixə kimi bank sistemində işləmiş, o cümlədən xx.xx.2000-ci il tarixdən «Beynəlxalq Bank»da qüsursuz işləmişdir. Buna baxmayaraq xx.xx.2022-ci il tarixdən heç bir əsaslı səbəb olmadan Beynəlxalq Bankın idarə heyətinin sədri Abbas İbrahimovun imzası ilə iddiaçının bankla olan əmək müqaviləsinə xitam verilmişdir. Belə ki, Beynəlxalq Bankın əmək müqaviləsinə xitam verilməsi haqqında qərarında göstərilmişdir ki, xx.xx.2022-ci il tarixində özünü X2 təqdim edən şəxs bankın məlumat mərkəzinə zəng edərək Nizamı filialının müdir müavini İddiaçı şikayətçi olduğunu bildirmişdir. Belə ki, müraciət edən şəxs tanışı (qohumluq əlaqəsi olduğunu bildirir) X5 xx.xx.2022-ci il tarixdə bankın Nizamı filialına kredit götürmək üçün yaxınlaşdığını və filialın müdir müavini İddiaçı müştərinin kredit sənədləri içərisindən onun mobil nömrəsini götürərək həmin müştərini şəxsi məqsədləri üçün narahat etdiyini ona işdənkənar müxtəlif formalarda təkliflər etdiyini bildirmişdir. Əlavə olaraq qeyd etmək lazımdır ki, müştəri X10 xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarix aralığında dörd halda banka zəng və onlayn formada yazılı müraciət edərək qeyd olunan hal ilə bağlı şikayətçi olduğunu bildirmiş və bank tərəfindən əməkdaş İddiaçı qarşı tədbir görülməsini xahiş etmişdir. Məsələ ilə bağlı daxili nəzarət departamenti araşdırma aparmış, yoxlama nəticəsində video müşahidə zamanı xx.xx.2022-ci il tarixdə saat 12.13-də müştəri Tamaşa Qəhramanovanın kartından vəsaiti nağdlaşdırmaq məqsədi ilə filialda ATM-lərin yerləşdiyi otağa daxil olarkən onunla birgə əməkdaş İddiaçı da həmin otağa gəldiyi, müştərinin nağdlaşdırma əməliyyatında iştirak etdiyi və müştəriyə məxsus olan, məxfi hesab edilən PİN kodun İddiaçı tərəfindən ATM-yə daxil edildiyi müşahidə edilmişdir, əlavə olaraq müştəri nağdlaşdırma əməliyyatını bitirdikdən sonra ATM-lərin yerləşdiyi otaqdan çıxarkən əməkdaş İddiaçı da onun ardınca çıxaraq filialın giriş hissəsinə kimi söhbət edərək birgə getdikləri müşahidə edilmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq idarə heyətinin sədri Abbas İbrahimovun əmri ilə Nizami filialının müdir müavini İddiaçı xx.xx.2022-ci il tarixdən AR ƏM-nin 70-ci maddəsinin «ç» bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanılmış əmək müqaviləsinə xitam verilmişdir. Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndində, habelə 72-ci maddəsində göstərilən bəndlərin heç biri iddiaçının işdən kənarlaşmasına əsas verən halları özündə ehtiva etmir. İşə götürən iddiaçı barəsində qərəzli mövqe tutmuşdur. Bu hər şeydən əvvəl onunla izah olunur ki, əmək müqaviləsinə xitam verilməsi haqqında əmrdə göstərilmişdir ki, guya iddiaçı müştərinin kredit sənədlərinin içərisindən onun mobil nömrəsini götürmüşdür. Bu tam yalandır, çünki mobil nömrəsini müştəri özü iddiaçıya verib. İkinci, iddiaçı müştəri ilə iş vaxtı, iş prosesində heç bir əlaqə yaratmamışdır, müştəri ilə onun söhbətləri iş prosesinə heç bir xələl gətirməyib, eləcədə bankın imicinə xələl gətirməyib. Qəhrəmanova Tamaşa işdən kənar vaxtda özü iddiaçı ilə əlaqə yaradıb, söhbətə cəlb edib, onunla münasibətləri yalnız telefon söhbətindən ibarət olub. Həmin ərəfədə başa düşmüşdür ki, Tamaşa Qəhrəmanova məqsədli surətdə onunla danışır, məqsədi ondan ibarət olmuşdur ki, özünün köhnə tanışı X15 ilə birləşib şantaj yolu ilə iddiaçıdan pul alsınlar. Bunu başa düşən kimi iddiaçı dərhal polis orqanlarına şikayət etmişdir, onların hər ikisi barəsində polis orqanında araşdırılma aparılıb. İddiaçının işdən kənarlaşmasının bu məsələ ilə bağlı hansı səbəbli əlaqəsi vardır? İş fəaliyyəti zamanı mən heç bir kobud səhvə və ya hüquq pozuntusuna yol verməmişdir. İddiaçının müştəriyə yaxınlaşıb ona ATM-dan pul çıxarmasına köməklik göstərməsi, birincisi, bu onun xahişi ilə olmuşdur, ikincisi bu ümumiyyətlə səhv hərəkətdirmi? Sadəcə olaraq müştərinin bankdan pul çıxarmasına kömək göstərmək hər bir bank işçisinin birbaşa borcludur. Ən qısası bu bır insanlıqdır. Bu hərəkətdə səhv yoxdursa kobud səhv haradan ola bilər? Bundan əlavə iddiaçının Tamaşa Qəhrəmanova ilə olan telefon danışıqları hamısı iş fəaliyyəti zamanı yox iddiaçının məzuniyyətdə olduğu dövrdə olmuşdur. Bu hərəkətin özündə də hər hansı bir kobud səhvdən söhbət gedə bilməz. Əksinə, iddiaçı Tamaşa Qəhrəmanovanın telefon danışıqları zamanı iddiaçıya olan danışığından şübhələnib ondan polis orqanlarına şikayət etmişdir. Həmin fakt polis orqanlarında araşdırılmış və iddiaçının hərəkətlərində hər hansı qanunu zidd əməl olmaması müəyyən edilmişdir. Qeyd etdiyi halların hər hansı birində işəgötürən qanuni mənafeyinə ciddi xələl gəlməsi halları vardırmı? Qanunu və cəmiyyəti az da olsa anlayan hər bir şəxs dərhal dərk edir ki, bu hərəkətlərin heç birində bankın mənafeyinə xələl gələn hər hansı bu hal mövcud deyildir. O ki qaldı, ciddi xələl gəlməsinə, bu tamamilə cəfəngiyyatdır. Çünki, qanuni mənafeyinə ciddi xələl gəlmə dedikdə, bankın cəmiyyət və vətəndaşlar qarşısında nüfuzdan düşməsi çoxsaylı vətəndaşların banka yazılı müraciətləri, yaxud bu və ya digər hərəkətlər nəticəsində müştərilərin qaçıb dağılması, habelə banka külli miqdarda ziyan dəyməsi halların olması başa düşülməlidir. İşəgötürənin iddiaçıya qarşı olan münasibəti, o cümlədən xx.xx.2022-ci il tarixli 4139k nömrəli əmək müqaviləsinə xitam verilməsi haqqında əmri qərəzlidir, sadəcə olaraq 26 il müddətində bank sistemində qüsursuz xidmət göstərən işçiyə qarşı məhz bucur hərəkət edilməsi normal hal hesab edilə bilməz. Qeyd olunan əmr qərəzli olmaqla həm də səthi və məsuliyyətsiz verilmişdir. Hətta əmrin özündə yazılmışdır ki, «İddiaçı AR ƏM-nin 70-ci maddəsinin «ç» bəndinə əsasən tutduğu vəzifədən azad edilsin və onunla bağlanmış əmək müqaviləsinə xitam verilsin». Bildirir ki, əmrin özü də kobud səhv kimi tərtib edilmişdir. İddiaçı bank sistemində 26 il qüsursuz işləmişdir, heç vaxt heç bir intizam tənbehinə məruz qalmamışdır. Bundan əlavə iddiaçının ailəsində əlilliyi müəyyən edilmiş 18 yaşına çatmayan bir övladı və artıq əlillik qrupu verilmiş ikinci övladı vardır. İşə götürənin qərəzli olması bir daha onunla sübut olunur ki, iddiaçını qanunsuz işdən kənarlaşdırarkən hətta ailənin bu ağır vəziyyətini də nəzərə almamışdır. Göstərilənlərə əsasən işə götürənin iddiaçı barəsində xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi haqqında əmrinin qanunsuz olmasını nəzərə alıb onu öz əvvəlki işinə bərpa edilməsi barədə və ötən müddət ərzində ona dəymiş zərərin ödənilməsi, eyni zamanda əmək haqqı və bonusların, ƏM-nin 77-ci maddəsinə uyğun olaraq iddiaçıya orta aylıq əmək haqqının azı iki misli miqdarında təminat verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
13. Cavabdeh tərəf iddiaya etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, iddiaçının sistemə daxil olmaq səlahiyyəti var. Lakin şəxsi məqsədlər üçün səlahiyyətindən sui istifadə edilərək, nəzərdə tutulmayan məlumatlara baxılması, onların götürülməsi, istifadəsi qadağandır. Qərəzliliklə bağlı qeyd etmək istəyir ki, ABB iddiaçı qarşısında qərəzli olaraq onu işdən çıxarmaq istəsəydi niyə bu neçə illər ərzində deyil, indi çıxarmaq istəsin. Halbuki, iddiaçı həmişə hörmətli, yaxşı reputasiyası olan bir işçi olub. Əgər bankın ona qarşı qərəzli münasibəti var idisə, bu neçə ildə ortaya çıxardı. Belə uzun ssenari qurmaq bankın marağında deyil. Sağlamlıq imkanları məhdud uşaqlarının olması ilə bağlı qeyd etmək istəyir ki, iddiaçı ikinci uşağı barədə banka məlumat verməmiş və nəticədə bankın bundan məlumatı olmamışdır. İddiaçının qeyd etdiyi kimi bununla bağlı bank tərəfindən ona maddi yardım göstərilibsə, bunu sübut etmək yükü onun öhdəsinə düşür. Bununla bağlı bankın sonradan məlumatı olmasına gəlincə isə bildirmək istəyir ki, işçinin işdən çıxarıldıqdan sonra bu səbəbdən işə yenidən bərpa olunması ilə bağlı qanunvericilikdə heç bir norma nəzərdə tutulmamışdır. Tamaşa Oəhrəmanovanın nömrəsinin iddiaçı tərəfindən necə əldə olunması barədə bildirir ki, iddiaçı tərəfindən bununla bağlı üç fərqli izahat verilmişdir. Belə ki, iddiaçı adı çəkilən xanımla yazışmalarında özu şəxsən bildirir ki, nömrəni öz müdir müavini vəzifələrindən istifadə etməklə əldə etmişdir. Polisə verdiyi izahatda nömrəsini xanımın verdiyini və ilk dəfə xanımın ona zəng etdiyini, məhkəmə iclasında isə nömrəni ona xanımın verdiyini və nömrəsinin ona düşməsi üçün ilk özünün xanıma yazdığını bildirir. İddiaçının yol verdiyi hərəkətlərin onun AR ƏM-nin 70-ci maddəsinin «ç» bəndi ilə onu işdən çıxarmaq üçün əsas olub-olmamasına gəlincə isə, həmin maddənin məzmununda işçi tərəfindən öz əmək funksiyalarını kobud surətdə pozulması və müəssisənin işgüzar nüfuzuna xələl gətirməsi göstərilir. İddiaçı ilə bank arasında bağlanmış əmək müqaviləsinin 3.3-cü bəndinə əsasən əmək intizamına, o cümlədən ABB-nın Korporativ Etika Məcəlləsinin tələbləri işçi tərəfindən yerinə yetirilməlidir. Müştəri məlumatları yalnız müştərinin razılığı alımaqla bankın risklərini ön görmək məqsədilə istifadə edilə bilər. İddiaçı bununla tanış olaraq müqaviləni imzalamışdır. Yalnız iddiaçı bunu riayət etməmiş və həmin maddənin tələblərini pozmuşdur. Həmçinin bundan ziyadə, hazırki mülki iş üzrə iddiaçı sadəcə sıravi bir işçi yox, filial müdiri vəzifəsində çalışmışdır. Həmçinin o, uzun müddətdir ki, bankda fəaliyyət göstərir. Bu özu də onu göstərir ki, o, digər işçilərə örnək olmalı olduğu və bütün bankdaxili qaydalar barədə məlumatlı olduğu halda, qeyd edilən pozuntulara yol vermişdir. Həmçinin iddiaçı tərəfindən müştəri barəsində edilən hərəkətlərlə bağlı «TİKTOK» sosial şəbəkəsində paylaşım edilməsi xalq arasında nüfuz sahibi olan bir bank olaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin işgüzar nüfuzunu zədələmiş və ona vətəndaşların inamını sarsıtmışdır. Bütün bu qeyd edilənlərə əsasən iddia tələbinin rədd olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
14. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)- 1458/2023 saylı qətnaməsi ilə (hakim Ramin Xəlilov) iddianın qismən təmin edilməsi, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin İddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli 4139k saylı əmrinin ləğv olunması, İddiaçı məcburi işburaxmaya görə işdən azad edildiyi gündən qətnamə icra olunan günədək ştat cədvəlinə uyğun olaraq əvvəlki vəzifəsinə uyğun əmək haqqı ödənilməklə (əlavələr ilə birlikdə), onun əvvəlki iş yerinə bərpa edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, "xxxx" Açıq Səhmdar Cəmiyyətindən dövlət rüsumunun əvəzi kimi dövlət nəfinə 100 (yüz) manat məbləğində pulun tutulması qət edilmişdir.
15. Məhkəmə gəldiyi nəticənin əsası kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3.9, 10, 70-ci maddəsinin “ç” bəndi, 71.2, 71.3, 72, 76.1, 77, 80.1, 187.2, 187.3-cü maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.2, 217.3, 217.4, 218.1-ci maddələrinə istinad etmişdir.
b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
16. Qətnamədən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X17 apellyasiya şikayəti verərək iddia tələbinin təmin edilən hissəsində ləğv edilməsini, iddia tələbinin həmin hissədə də rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi öz qətnaməsində qeyd etmişdir ki, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin məhkəməyə təqdim etmiş olduğu 322 saylı arayışdan görünür ki, iddiaçının şifahi izahatı alındıqdan sonra bir ay keçməklə rəsmi araşdırma aparılmış və onun üzərindən də daha 1 aya yaxın müddət keçdikdən sonra iddiaçı barədə cavabdeh tərəfindən müvafiq əmr verilmişdir (25 oktyabr 2022-ci il tarix- xx.xx.2022-ci il tarix aralığıiki aya yaxın müddət). Bu hal isə onu deməyə əsas verir ki, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kifayət qədər araşdırma aparılması üçün vaxtı (iddiaçının verilmiş şikayəti etiraf etməsi, şikayətdən dərhal sonra onun izahatının alınması) və imkanları (hüquqşünaslarının sayının kifayət qədər olması) mövcud olmuşdur. Bildirmək istəyirlər ki, Əmək Məcəlləsində sözügedən maddənin məzmunundan da görünür ki, inzibati tənbehin verilməsi üçün müəyyən olunan 1 aylıq müddət məhz əmək və ya icra intizamının pozulmasının aşkar olduğu zamandan başlanır. Məhkəmə öz mövqeyini belə əsaslandırmışdır ki, cavabdeh tərəfə bu hal (şikayət) onların rəsmi əlaqə nömrəsinə (Call Center) 25 oktyabr 2022-ci il tarixində daxil olmuş və bu nömrə isə hamıya bəlli olan və danışıqların qeydiyyatı aparılan əlaqə nömrəsi olmuşdur. Lakin bu hal özü hələ pozuntunun mövcudluğunun aşkar edilməsi demək deyildir. Belə ki, Banka hər gün ərzində müxtəlif mövzularda – aparılan proseduralar, işçilər və s. barəsində onlarla müraciət və şikayət daxil olmaqdadır. Hamıya məlum olan haldır ki, edilən bütün şikayət və müraciətlərin həqiqəti əks etdirməsi və dərhal ortada hansısa xətanın olması qənaətinə gəlinməsi qeyri-mümkündür. Bunu dəqiqləşdirmək üçün ilk növbədə ilkin və daha sonra rəsmi araşdırılmaların aparılması zəruridir. Daxil olan şikayət və zənglərin sadəcə müştərinin şəxsi fikri və ya reallığı əks etdirib-etdirməməsi yalnız həmin araşdırılmanın yekunlaşması zamanı müəyyən oluna bilər və yalnız bu zaman “pozuntu aşkar olundu” və ya “aşkar olunmadı” qənaətinə gəlmək olar. Hazırki iddianın predmeti olan məsələnin hallarına müvafiq olaraq da demək olar ki, Qəhrəmanova Tamaşa tərəfindən (hətta müraciətlərin bəziləri onun özü tərəfindən deyil, özünü Qəhrəmanova Tamaşanın yaxın qohumu kimi təqdim edən Rəşad Talıbov tərəfindən) İddiaçı barəsində Banka xx.xx.2022 – xx.xx.2022-ci il tarixi aralığında 4 dəfə yazılı və şifahi müraciətlər olunmuşdur. Sırf müştərinin, bəlkə də, hansısa şəxsi fikri, aqressiyası və ya sadəcə qərəzliliyi nəticəsində müraciət etməsi ilə Bankın öz əməkdaşı barəsində “pozuntu aşkar edilmişdir” ifadəsini deyə bilməsi və artıq tənbeh tətbiq etməsi ağlabatan olmamaqla bərabər ədalətli olmazdı. Buna görə də ilk növbədə pozuntunun, həqiqətən də, olub olmadığına dair ilkin, daha sonra isə rəsmi araşdırmaların aparılması təbii bir zərurət olmuşdur. Buna görə də Bankın müvafiq araşdırmaların aparılmasına məsul olan strukturu Daxili Nəzarət Departamenti tərəfindən rəsmi araşdırma məhz xx.xx.2022-ci il tarixdə başladılmış və xx.xx.2022-ci il tarixdə bitmişdir (bununla bağlı müvafiq arayış iş materiallarında mövcuddur). Odur ki, hazırki işlə bağlı İddiaçı tərəfindən əmək və ya icra intizamının pozulmasının aşkar olduğu zaman məhz xx.xx.2022-ci il tarixdən başlanılmalıdır. Həmçinin birinci instansiya məhkəməsi öz qətnaməsini bu cür əsaslandırmışdır ki, məhkəmədə şahid kimi ifadə vermiş hər üç şəxs də (hər üç şəxs rəhbərliyin göstərişi əsasında izahat alınması məqsədilə təyin olunan iddiaçıdan daha yüksək vəzifəli şəxslər olmuşlar) vətəndaşın xx.xx.2022-ci il tarixində vermiş olduğu şikayətdən sonrakı gün iddiaçıdan şifahi formada izahatlar almışlar və həmin izahatlarda iddiaçının özü əməli etiraf etmişdir. Bununla bağlı bildirmək istəyirlər ki, məhkəmə şahidlərin ifadəsini təhrif edərək sübutların da araşdırmasında və düzgün qiymət verilməsində səhvə yol vermişdir. Belə ki, məhkəmə iclasında iştirak edən hər 3 şahid: Filiallarla iş və Satışa dəstək departamentınin direktoru Vüqar Uluxanlı, Daxili Nəzarət departamentınin direktoru Taleh Nəhmədov və Təhlükəsizlik departamentinin direktoru Fuad Rzazadə öz ifadələrində və məhkəmə tərəfindən onlara verilmiş suallara cavablarında (məhkəmə iclası fasiləsiz videoyazı müşayiəti ilə aparılmışdır) rəhbərliyin göstərişi ilə deyil, öz təşəbbüsləri ilə İddiaçıla sadəcə ilkin danışıq aparmaq məqsədilə, heç bir izahat alınmadan və yalnız məsələnin nədən ibarət olmasını öyrənmək məqsədilə söhbət etdiklərini bildirmiş, şikayətçinin Bankla bağlı sosial şəbəkələrdə paylaşım edəcəyi ilə bağlı xəbərdarlığını ona çatdırmış, sonuncuya hələ ki, bank tərəfindən heç bir rəsmi tədbirlərin görülməyəcəyini bildirərək mübahisəni özünün sakit formada yoluna qoymasını bildirmişlər. Bununla da aydın olur ki, Bankın rəhbərliyi məsələnin detalları haqda heç bir məlumata sahib olmadan və rəsmi araşdırma etmədən, işin həqiqi hallarını müəyyənləşdirərək pozuntunun mövcudluğunu təsdiq etmədən yalnız şifahi qaydada Bankın üç işçisi vasitəsilə söhbət aparılması, təbii olaraq, hələ pozuntunun aşkar edilməsi demək deyildir və məhkəmənin qeyd etdiyi 1 aylıq müddətin həmin tarixdən hesablanması da əmək qanunvericiliyinin qeyd olunan maddəsinin mahiyyət və prinsiplərinə ziddir. Bundan əlavə məhkəmə öz qətnaməsində qeyd etmişdir ki, əgər barəsində intizam tənbehi verilməsi nəzərdə tutulan iddiaçı şikayət verilən məsələ ilə bağlı öz etirafını edirsə, bununla bağlı bir aydan çox araşdırma aparılmasına da zərurət qalmamışdır. Lakin onlar məhkəmənin bu mövqeyi ilə razı deyillər. Belə ki, işçidən rəsmi formada izahat alınmadan və işin halları aydınlaşdırılmadan Bankın 3 əməkdaşı ilə aparılmış danışığa Bank rəhbərliyinin ilkin mərhələdə inanması və pozuntu törətdiyini təsbit edərək barəsində tənbeh təqdim etməsi tamamən absurd olardı. Çünki həmin şəxslər özlərinin də dedikləri kimi İddiaçı rəsmi izahat almamış, sadəcə söhbət aparmışlar. Bəlkə də, işçi həmin anda başqa bir şeyin müqabilində qəsdən nəyisə boynuna almış və ya Bankın əməkdaşları sonradan rəhbərliyə özləri hansısa qərəzlilik səbəbindən işçinin etirafı ilə bağlı yalan məlumat vermiş ola bilərdilər. Çünki həmin danışıq heç bir rəsmi sənədləşmə aparılmadan, protokollaşdırılmadan və ya başqa vasitələrlə qeydə alınmadan aparılmışdır. Buna görə də sonradan artıq sırf bu tipli halların-bankdaxili insidentlərin və müraciətlərin araşdırılmasında məsul olan qurum - Daxili Nəzarət departamenti xx.xx.2022-ci il tarixdə rəsmi araşdırmaya başlamışdır. Həmçinin İddiaçı rəsmi formada izahat məhz xx.xx.2022-ci il tarixdə alınmış və öz izahatında daxil olan şikayətdə qeyd olunanları etiraf etməmiş, tamamən inkar etmiş və təqsirsiz olduğunu iddia etmişdir. Bu zaman artıq Bank qarşısında da bir-biri ilə ziddiyyət təşkil edən 2 məlumat mövcud olmuşdur. Bank əməkdaşları ilə aparılan şifahi söhbət zamanı İddiaçı təqsirini etiraf etməsi və sonradan rəsmi araşdırma zamanı sonuncunun izahatında bunu tamamən inkar etməsi ilə artıq müvafiq araşdırmacı struktur qarşısında daha ciddi yoxlamanın aparılması və həqiqətən də, əmək və ya icra intizamının onun tərəfindən pozulubpozulmamasının müəyyənləşdirilməsi kimi bir məsələ durmuşdur. Bəlkə də, aparılan rəsmi araşdırmanın nəticəsində İddiaçı, həqiqətən də, təqsirsiz olduğu, əksinə, onunla söhbət aparan Bank əməkdaşlarının yalan məlumat verdiyi məlum olacaqdı və artıq intizam icraatı İddiaçı barəsində deyil, məhz həmin Bank əməkdaşları barəsində aparılacaqdı. Buna görə də Daxili Nəzarət departamenti öz araşdırmasını ciddi formada aparmış və xx.xx.2022 tarixdə araşdırmanın yekunlaşması və nəticələrinə dair arayış təqdim etmişdir. Həmin arayışın nəticəsində artıq İddiaçı Əmək müqaviləsinin və müvafiq olaraq Korporativ Etika Məcəlləsinin tələblərinin pozulması faktı öz təsbitini tapmışdır. Bütün bunlar da onu deməyə əsas verir ki, hazırki mübahisə ilə bağlı işçinin əmək və ya icra intizamını pozulması faktının aşkar edildiyi gün məhz sözügedən struktur tərəfindən aparılan araşdırmanın yekunlaşdığı, yəni xx.xx.2022-ci il tarixi hesablanmalıdır. Bununla da işəgötürən tərəfindən tənbeh tətbiq olunması üçün müəyyən olunan müddət pozulmamışdır. Növbəti olaraq birinci instansiya məhkəməsi öz qətnaməsini əsaslandırarkən qeyd etmişdir ki, iddiaçı cavabdehlə əmək münasibətlərini uzun müddət (20 ildən artıq) davam etdirmiş, həmin müddət ərzində buna oxşar pozuntu halı baş verməmiş (əksini sübut edən sənəd təqdim edilməmişdir), nümunəvi işçi olmuşdur. Bu halda işçinin xüsusilədə rəhbər şəxs olaraq işləməsi ona ən sonuncu intizam tənbehin verilməsi ədalətli hesab edilməməklə, işəgötürən tərəfindən bu xüsusatlar bir daha araşdırılmalı idi (başqa işə keçirmə, sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi və s tətbiq edilə bilərdi). Lakin cavabdeh olaraq bu hissə ilə də razı deyillər. Belə ki, Əmək Məcəlləsinin 186.2-ci maddəsinə əsasən, işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Bu maddənin məzmunundan da görünür ki, qanunverici işəgötürən tərəfindən inzibati tənbeh tətbiq edilərkən hansısa növbəlilik və ya yüngüldən ağıra doğru hansısa sıralamanın tətbiq edilməli olması kimi bir müddəa təsbit etməmişdir. Yəni daha aydın desək, işçi əmək və ya icra intizamını pozduqda qanunla işəgötürənin üzərinə hansı tənbeh dairəsini tətbiq edə biləcəyi göstərilsə də, bunlardan hansını seçib-seçə bilməyəcəyi barədə hər hansı öhdəlik qoymamış və bu seçimi işəgötürənin özünə vermişdir. Bu zaman işəgötürənin törədilən pozuntunun ciddilik və önəmlilik dərəcəsinə görə özünün qanunvericilikdə sadalanan istənilən tənbeh növünü tətbiq etmək hüququ vardır. Həmçinin növbəti maddə, yəni Əmək Məcəlləsinin 186.3-cü maddəsində deyilir ki, işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Hazırki məhkəmə işində də işəgötürən Bank İddiaçı tərəfindən edilmiş pozuntunu özlüyündə qiymətləndirmiş və müəyyən etmişdir ki, məhkəmə tərəfindən də qeyd edildiyi kimi 20 ildən çox bir müddətdə Bankda işləməsi Bankın nizam-intizam qaydalarını, Korporativ Etika Məcəlləsinin tələblərini və ən yüksək səviyyədə bilməsi ilə nəticələnməli, üstəlik rəhbər şəxslərdən (filial müdirinin müavini) olduğu üçün onda əlavə məsuliyyətə səbəb olmalı, digər işçilərə nümunə olacaq davranışlar sərgiləməsi ilə müşayiət olunmalı idi. Lakin o, öz vəzifə öhdəliklərinin ciddiyətini nəzərə almamış və üzərinə düşən öhdəlikləri kobudcasına pozmuşdur. Buna görə də işəgötürən olaraq Bank qanunvericinin ona verdiyi hüquq və səlahiyyətlərdən istifadə edərək heç bir pozuntu etmədən əmək müqaviləsinə məhz Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi ilə bağlı olan tənbeh növünü tətbiq etmişdir. Bununla da demək olur ki, işəgötürən Bankın İddiaçı barəsində tətbiq etdiyi tənbeh növü kifayət qədər ədalətli və tam qanuni olmuşdur.
18. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2186/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X7 və X11 ibarət tərkibdə) apellyasiya şikayətinin qismən təmin olunması, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)- 1458/2023 saylı qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsi və həmin hissədə iddia tələbi təmin edilməklə iş üzrə yeni qətnamənin çıxarılması, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin İddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli 4139k saylı əmrinin ləğv olunması, İddiaçı məcburi işburaxmaya görə işdən azad edildiyi gündən qətnamə icra olunan günədək ştat cədvəlinə uyğun olaraq əvvəlki vəzifəsinə uyğun əmək haqqı ödənilməklə (əlavələr ilə birlikdə), onun əvvəlki iş yerinə bərpa edilməsi, "xxxx" Açıq Səhmdar Cəmiyyətindən dövlət rüsumunun əvəzi kimi dövlət nəfinə 100 (yüz) manat məbləğində pulun tutulması, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği ona ödəmiş şəxsin özünə aid edilməsi qət edilmişdir.
c) Kassasiya instansiyası məhkəməsində birinci icraat
19. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin iddanın tələbinin təmin edildiyi hissədə ləğv edilməsi, iddia tələbinin rədd olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
20. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-2770/2024 nömrəli qərarı ilə (hakimlər Zəki Babayev (məruzəçi), Əhliman Xıdırov və Zaur Əliyev) kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
21. Kassasiya instansiya məhkəməsi hesab etmişdir ki, iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. Belə ki, apellyasiya instansiya məhkəməsi də birinci instansiya məhkəməsi kimi, bütün sübutların məcmusu və iddiaçının həm birinci instansiya məhkəməsi, həm də apellyasiya baxışı zamanı etirafedici məzmunlu ifadələri ilə onun tərəfindən, həqiqətən də, əmək intizamının pozulması, tərəflər arasında bağlanmış əmək müqaviləsinin ABB-nin Korporativ Etika Məcəlləsinin tələblərinin gözlənilməməsi hallarının öz əksini tapmasını və işəgötürən olaraq Bankın iddiaçı barəsində intizam tənbehi tətbiq edilməsi barədə gəldiyi qənaətin haqlı olması barədə nəticəyə gəlmişdir. Nə birinci, nə də apellyasiya instansiya məhkəməsinin gəldikləri həmin nəticə iddiaçı tərəfindən mübahisələndirilməmişdir.
22. Lakin apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin iddiaçının işə bərpa edilməsi və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsinin təmin edilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşsa da, həmin məhkəmənin iddianın təminin əsasında duran və mübahisəyə tətbiq edilməli olan maddi hüquq normasının düzgün tətbiq edilməməsi qənaətinə gəlmiş, birinci instansiya məhkəməsi tərəfindən cavabdehin iddiaçının törətdiyi pozuntunu aşkar edilməsi anı kimi şikyətçinin məlumat mərkəzinə daxil olan zənginin qəbul edilməsi vaxtının qəbul olunmasını əsassız hesab etmiş, həmin vaxtın başlanğıcı kimi iddiaçının izahatının xx.xx.2022-ci il tarixdə alınmasından sonra araşdırmanın başa çatdığı xx.xx.2022-ci il tarix götürülmüş və iddiaçı ilə bağlanılan əmək müqaviləsinə xx.xx.2022-ci il tarixində Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsinin tələblərinə əməl edilməklə xitam verilməsi barədə nəticəyə gəlmişdir.
23. Apellyasiya instansiya məhkəməsi həmçinin Əmək Məcəlləsinin 79-cu maddəsinə (“öhdəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” ailə üzvü olan işçilərin əmək müqaviləsinin pozulması qadağandır) istinad edərək iddianı qismən əsaslı hesab etmişdir.
24. Hazırkı iş üzrə isə iddiaçının iş yerində qanunla qadağan olunan hallara yol verməsinin (Bank üçün imic riski yaradan hal kimi - müştərinin kredit sənədləri içərisindən onun mobil nömrəsini götürərək, həmin müştərini şəxsi məqsədlər üçün narahat etməsi, Bankın rəhbər vəzifəli əməkdaşının müxtəlif saytlarda səs yazısının yayılması və s.), əlilliyi müəyyən edilmiş ailə üzvünə qulluq etməsi ilə hər hansı bağlılığı yoxdur. Belə olan halda isə apellyasiya instansiya məhkəməsinin iddiaçını qoruma altında olan şəxs kimi qiymətləndirərək onun iddiasını qismən təmin edərək əvvəlki vəzifəsinə bərpa edilməsinə dair mövqeyi bu qərarın əsaslandırıcı hissəsində istinad olunanlar baxımından ədalətli və qanuni hesab edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi isə qeyd olunanları nəzərə almamış, göstərilən maddi hüquq normalarını düzgün təfsir etməmiş, iş üzrə düzgün olmayan qətnamə çıxarmışdır.
25. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1, 560.2 və 560.3.4-cü maddələrinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2, 10, 68, 70, 71, 72, 76, 79, 186, 187 və 300-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 8.1, 8.2, 9.1, 9.3, 14.2, 76.1, 76.2, 77.1, 88, 217.4, 407.2, 416.1, 416.2, 417.1.3 və 418.1-ci maddələrinə istinadən əsaslandırmışdır.
a) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
b) Proses iştirakçılarının izahatı
27. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X8 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
28. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyasının
29. 35-ci maddəsinin İ-İV hissələrinə görə, əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.
Azərbaycan Respublikası Əmək Məcəlləsinin
30. Maddə 10. “b” bəndinə əsasən, əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrindən biri əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etməkdir.
31. Maddə 11. “b” bəndinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqlarından biridir.
32. Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
33. Maddə 70, “ç” bəndi İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.
34. Maddə 71.2. bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
35. Maddə 72. a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir.
36. Maddə 76.1. işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər.
37. Maddə 79 (1-ci hissə). İşəgötürən tərəfindən: hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; öhdəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” ailə üzvü olan işçilərin; məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır.
38. Maddə 79 (2-ci hissə). Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş müddəalar bu Məcəllənin 70-ci maddəsinin “a” bəndi və 73-cü maddəsi ilə xitam verilən hallara şamil edilmir.
39. Maddə 79 (3-cü hissə). Müəssisənin ləğv edilməsi halları istisna olmaqla, müddətindən asılı olmayaraq, reabilitasiya müəssisəsində və digər reabilitasiya subyektlərində müalicə keçən əlilliyi olan şəxslərlə, həmçinin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsində göstərilən işçi ilə bağlanılmış əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinə yol verilmir.
40. Maddə 80.1. bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. 2-ci hissəsinə əsasən, həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.
41. Maddə 83.1. əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.
42. Maddə 83.2. əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.
43. Maddə 95.1. iş vaxtının rejimi qaydaları — gündəlik iş vaxtının müddəti, onun başlanması və qurtarması, işdə fasilələrin vaxtı və müddəti, sutkadakı növbələrin sayı, növbə sənədləri və onların tərtibi, bir növbədən digər növbəyə keçirilmə, iş vaxtının cəmlənmiş uçotu, işlənmiş iş günlərinin istirahət günləri ilə əvəz edilməsi (əvəzgünün verilməsi) qaydaları, habelə həftəlik iş günlərinin sayı müəssisədaxili intizam qaydaları və ya əmək müqaviləsi, kollektiv müqavilə ilə müəyyən edilir.
44. Maddə 186.2. işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək;
45. Maddə 300 (1-ci hissə). Əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
46. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
47. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
48. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
49. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
50. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
51. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
52. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
53. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
54. Hazırki halda, cavabdeh apellyasiya şikayətində qətnamənin iddia tələbinin təmin edilən hissəsində ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdiyindən qətnamə apellyasiya şikayəti çərçivəsində, yəni, iddia tələbinin təmin edilən hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
55. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 1458/2023 saylı iş üzrə 05 may 2023-cü il tarixli qətnaməsi qismən, yəni iddia tələbinin təmin edilən hissəsində ləğv edilməli və həmin hissədə iddia tələbi təmin edilməməlidir.
56. Məhkəmə kollegiyası birinci insansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə ilə razılaşmamaqla qətnaməni qanuni və əsaslı hesab etmir.
57. Belə ki, işçinin əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi əmək vəzifələrinin kobud şəkildə pozulması hesab olunur (Əmək Məcəlləsinin 72-ci maddəsi). İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilir (Məcəllənin 70-ci maddəsinin ç bəndi). Öhdəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ailə üzvü olan işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. (Məcəllənin 79-cu maddəsinin 1-ci bəndinin 7-ci hissəsi).
58. Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f)əmək qanunvericiliyinin tələblərinə əməl etmək.
59. İlkin olaraq qeyd edilməlidir ki, Əmək Məcəlləsinin 79-cu maddəsi həmin normada istinad olunan imtiyazlara malik olan şəxsləri qoruyur. Lakin bu zaman nəzərə alınmalı hal ondan ibarətdir ki, işəgötürənin müəyyən etdiyi pozuntu mütləq işçiyə imtiyaz verən hallarla və şəxslərlə bağlı olsun, yəni baş vermiş pozuntu həmin şəxsə münasibətdə öhdəliklərin və vəzifələrin icrası zamanı yaransın. Bu işçini imtiyazlı edən sağlamlıq imkanı məhdud olan uşağa qulluq, onun sosial, tibbi və digər təminat altına alınan hüquqlarının təmin edilməsi ilə bağlı olmalıdır.
60. İşçinin Əmək Məcəlləsinin 72-ci maddəsində nəzərdə tutulan əmək vəzifələrinin kobud formada pozulması halları ona imtiyaz verən hallarla bağlı olmadıqda və baş vermiş hadisə ilə səbəbli əlaqədə olmadığı halda həmin normanın genişləndirici formada təfsiri işçinin maraqları daxilində olsa da, işəgötürənin hüquqlarının əhəmiyyətli dərəcə pozulmasına və işçinin hüquqdan sui-istifadəsinə şərait yaratmış olur.
61. Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqqədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır.
62. Göstərilənlərlə bağlı kassasiya məhkəməsi qeyd etmişdir ki, işçi və işəgötürən faktiki bərabər vəziyyətdə deyillər. Lakin bu o demək deyildir ki, işçinin əmək münasibətlərinin icrası zamanı vəzifələrini kobud şəkildə pozması halı yaranmışdırsa işəgötürən onunla əmək münasibətlərinə son verə bilməz. İşçinin zəif tərəf olması onun hüquqdan suiistifadə etməsinə şərait yaratmamalıdır. İşçinin əmək fəaliyyəti zamanı kobud səhvlərə yol verməsi, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi nəticəsində onun təqsirliliyi müəyyən edildiyi halda işəgötürənin onunla əmək müqaviləsinin davam etdirilməsinə məcbur edilməsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsinə dair təməl prinsipinin pozulmasına səbəb olur.
63. Hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu, öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarının müdafiə ediləcəyinə, hüquq tətbiq edənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir. Bunun əksi, yəni hüquq normasının məzmununun qeyrimüəyyənliyi hüquq tətbiq etmədə məhdudiyyətsiz mülahizə üçün imkan yaratmaqla, hər bir normativ hüquqi aktın əsasında dayanmalı olan qanunun aliliyi, qanun və məhkəmə qarşısında bərabərlik və ədalət prinsiplərinin pozulmasına gətirib çıxara bilər (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 180.3-cü maddəsinin müddəalarının şərh edilməsinə dair” 2008-ci il 22 sentyabr və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2012-ci il 2 aprel tarixli Qərarları)
64. Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarında qeyd edilmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir.
65. Mülki Məcəllənin 16.1-ci maddəsində isə müəyyən edilmişdir ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.
66. Qeyd olunan müddəa digər şəxsə zərər vura biləcək ziddiyyətli davranışı qadağan edir və şəxsin üzərinə ardıcıl hüquqa uyğun rəftar etmək öhdəliyi qoyur.
67. Konstitusiya Məhkəməsinin istinad olunan mövqeyinə əsaslanaraq belə nəticəyə gəlmək olar ki, bir normanın tətbiqi digər normanı tətbiqini ümumiyyətlə mümkünsüz və əhəmiyyətsiz edə bilməz. Yəni Əmək Məcəlləsinin 79-cu maddəsi işçinin qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsi ilə nəticələnən hərəkətlərə yol verilməsi zamanı 70-ci maddənin “ç” bəndinin tətbiqi məhdudlaşdırıla bilməz.
68. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 8 oktyabr tarixli Qərarında qeyd olunmuşdur ki, hüquq kolliziyalarının mövcudluğu istənilən qanunvericilik sisteminin mürəkkəbliyi və çoxşaxəliliyi ilə izah edilir. Məhz buna görə uzun illər ərzində müxtəlif ölkələrin hüquq təcrübəsində hüquq kolliziyalarını həll edən bir sıra prinsiplər formalaşmışdır. Bu prinsiplərə ilk növbədə iyerarxiya (Lex superior derogat legi inferiori), zaman (Lex posterior derogat legi priori) və məzmun (Lex specialis derogat legi generali) prinsiplərini aid etmək olar. Fərqli hüquqi qüvvəyə malik olan hüquqi aktlar arasında kolliziyalar iyerarxiya prinsipi ilə, eyni hüquqi qüvvəyə malik olan normativ hüquqi aktların normaları arasında kolliziyalar isə digər iki prinsipin tətbiqi ilə aradan qaldırılır.
69. Həmin prinsiplərin təyinatı hüquq tətbiqetmə orqanları, xüsusən məhkəmələr tərəfindən hüququn şərh edilməsi zamanı yaranan kolliziyaların aradan qaldırılmasından ibarətdir.
70. Həmçinin qeyd olunmalıdır ki, konkret iş üzrə faktiki halların araşdırılması və qanunvericiliyin təfsiri əsasında tətbiq olunmalı olan normaların seçiminin, ilk növbədə, Konstitusiyanın 147-ci maddəsinin İİ hissəsinin və 149-cu maddəsinin müvafiq müddəalarına uyğun həyata keçirilməsi və iyerarxiya prinsipinin tətbiq edilməsi ümumi yurisdiksiyalı məhkəmələrin hüquq tətbiq edici fəaliyyətinin təzahürü kimi qəbul edilməlidir. Yaranmış vəziyyətə görə eyni hüquqi qüvvəyə malik olan normativ hüquqi aktların normaları arasında ziddiyyət yarandıqda məhkəmə bu məsələni məzmun və zaman prinsipinə uyğun olaraq müstəqil həll etməlidir.
71. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, işçinin əmək funksiyasının və vəzifələrinin icrası zamanı Əmək Məcəlləsinin 72-ci maddəsində göstərilən kobud pozuntulara yol verməsi vəziyyətində işəgötürən əmək münasibətlərinə son qoymaq hüququna malikdir. Lakin bu zaman baş vermiş hadisə ilə qoruma altına alınmış hallar arasında səbəbli əlaqənin mövcudluğu mütləq müəyyən olunmalıdır. Belə səbəbli əlaqənin mövcudluğunun sübut edilməməsi halında Əmək Məcəlləsinin 79-cu maddəsinə istinad edilməklə işəgötürənin hüquqlarının məhdudlaşdırılması əmək münasibətlərində bərabər olmayan mühit yaratmış olur.
72. Hazırkı iş üzrə isə iddiaçının iş yerində qanunla qadağan olunan hallara yol verməsinin (Bank üçün imic riski yaradan hal kimi - müştərinin kredit sənədləri içərisindən onun mobil nömrəsini götürərək, həmin müştərini şəxsi məqsədlər üçün narahat etməsi, Bankın rəhbər vəzifəli əməkdaşının müxtəlif saytlarda səs yazısının yayılması və s.), əlilliyi müəyyən edilmiş ailə üzvünə qulluq etməsi ilə hər hansı bağlılığı yoxdur. Belə olan halda isə birinci instansiya məhkəməsinin iddiaçını qoruma altında olan şəxs kimi qiymətləndirərək onun iddiasını qismən təmin edərək əvvəlki vəzifəsinə bərpa edilməsinə dair mövqeyi bu qərarın əsaslandırıcı hissəsində istinad olunanlar baxımından ədalətli və qanuni hesab edilə bilməz. Birinci instansiyası məhkəməsi isə qeyd olunanları nəzərə almamış, göstərilən maddi hüquq normalarını düzgün təfsir etməmiş, iş üzrə düzgün olmayan qətnamə çıxarmışdır
73. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan araşdırmanın nəticələrini nəzərə alaraq hesab edir ki, işin müəyyən edilmiş halları və qanunvericiliyin yuxarıda sadalanan normalarının tələbləri baxımından bu qənaətə gəlmək olur ki, iddia tələbi əsassız olmuşdur. Birinci instansiya məhkəməsi iddianı yoxlanılan hissədə təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri üzrə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar müəyyən edilmədiyindən, məhkəmə maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verildiyindən birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə - iddianın təmin edilməsi hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə iddia təmin edilməməlidir.
74. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.
75. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
76. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumundan azaddırlar.
77. Kollegiya hesab edir ki, hazırkı halda iddia tələbi rədd edilsə də iddiaçı dövlət rüsumundan azad olduğu üçün apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir
78. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X12 apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 1458/2023 saylı iş üzrə 05 may 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni, iddianın təmin olunan hissəsində ləğv edilsin. Həmin hissədə iddia tələbi təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdeh "xxxx" ASC-yə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.