Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7410/2020 25.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Şərafət Məmmədova və Xəyal Sarıyevdən ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab olunması barədə” iddiasına dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadından iddiaçının vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Qərardad: Həmin qərardadla qərara alınıb ki, iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılsın. Qərardad onunla əsaslandırılıb ki, istifadə hüququ mübahisə predmeti deyil, istifadə hüququ yaranmadığına görə itirilə bilməz. Mənzildə qeydiyyatda olma istifadə hüququnun yaranması üçün əsas deyil, cavabdehin qeydiyyatdan çıxarılması “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun tələblərinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilməlidir. Qərardadın hüquqi əsas kimi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinin göstərişinə istinad olunub. Həmin maddədə qeyd olunub ki, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Qərardaddan şikayət: Şikayətdə tələb olunub ki, qərardad ləğv olunsun. Şikayət onunla əsaslandırılıb ki, həmin məsələyə iddia ərizəsi icraata qəbul etdildikdən sonra məhkəmə iclasında qiymət verilə bilər, lakin birinci instansiya məhkəməsi iddianın mahiyyətinə aid olan sübutları iddia ərizəsinin qəbul edilməsindən imtina olunması üçün istifadə edib. Qərardadın yoxlanılması: İrəli sürüləcək tələbi müəyyən etmək iddiaçının səlahiyyətinə aiddir. Belə ki, Mülki-Prosessual Məcəllənin 149.2.3-cü maddəsinə görə iddia ərizəsində iddiaçının tələbi göstərilməlidir. İddiaçı səlahiyyətindən istifadə edərək tələbi “istifadə hüququnun itirilmiş hesab olunması” kimi göstərib. Məhkəmə tələbi həll edən orqandır. Həlletmə isə qərardadla deyil, qətnamə ilə həyata keçirilir. Belə ki, Mülki-Prosessual Məcəllənin 216.1 və 263.1-ci maddələrinə görə işi mahiyyəti üzrə həll edən məhkəmə aktı qətnamə formasında, iş mahiyyəti üzrə həll etməyən məhkəmə aktı isə qərardad formasında çıxarılır. Lakin Nəsimi Rayon Məhkəməsi tələbi qərardadla həll edib. Yəni məhkəmə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməsi barədə qərardadla müəyyən edib ki, istifadə hüququ yaranmayıb, yaranmayan hüquq itirilə bilməz. Bu, mahiyyəti üzrə həll etmə sayılır, mahiyyəti üzrə həll etmə qətnamə ilə həyata keçirilir. Beləliklə, Nəsimi Rayon Məhkəməsi prosessual hüquq normasını pozduğuna görə qərardad ləğv edilməli və iş həmin məhkəməyə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin olunsun. Hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ləğv olunsun və iş həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-7410/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7410/2020
25.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver