Məhkəmə qərarları › İş №2(103)-7412/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7412/2021

19.08.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7412/2021 19.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Qəhrəmanova Səadət Nizami qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Vəkil2 iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 31 may 2021-ci il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı işə bərpa və sair tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 31 may 2021-ci il tarixli qətnaməsi ilə (hakim S.Səlimova, iş № 2(001)-3663/21) iddia təmin edilmişdir. Cavabdeh qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 26.04.1979-cu ildə Xocalı rayonunda anadan olmuş, Xocalı rayonundan məcburi köçkündür, ailəlidir və bir övladı var. 2018-ci ildən Bakı şəhəri Binəqədi rayonu ərazisində fəaliyyət göstərən İstehsalat Tikinti Mexanizasiya şirkətində əmək müqaviləsi üzrə sürücü vəzifəsində işləmiş və 27.10.2020ci il tarixdən səbəbsiz olaraq işə buraxılmamışdır. Onun işə buraxılmamasının səbəbi şirkət rəhbərinin qardaşı oğlu Şamil Nəbiyevin qəzalı vəziyyətdə olan maşını sürmək əmrini yerinə yetirməməsi olmuşdur. Şamil Nəbiyev şirkət rəhbərinin qardaşı oğlu olmaqla yanaşı həm də həmin şirkətin vəzifəli şəxslərindəndir. Oktyabr ayının 27-də Şamil Nəbiyev onu yanına çağıraraq **-AM-*** dövlət qeydiyyat nişanlı, Shaqman markalı yük avtomobili ilə reysə çıxmasını ona bildirmişdir. O isə Ş.Nəbiyevin göstərişinə uyğun olaraq həmin maşınla reysə çıxmışdır. Bu zaman maşının texniki cəhətdən nasaz olduğunu görmüş və şirkətə qayıdaraq maşını yerində saxlamışdır. O, şirkətə betonqarışdıran maşının sürücüsü olaraq işə qəbul edildiyindən nasaz maşını yerində saxladıqdan sonra ona zəng vurub beton daşımaq üçün çağırmışlar. O, tapşırığı yerinə yetirdikdən sonra Ş.Nəbiyevin şirkətin həyətində duraraq onu gözlədiyini görmüşdür. O, yaxınlaşdıqda Ş.Nəbiyev ondan maşını burada niyə saxladığını və haradan gəldiyini soruşmuş, o isə beton qarışdırmaq üçün getdiyini söyləmişdir. Sonra Ş.Nəbiyev bu gündən həmin nasaz maşını idarə edəcəyini ona söylədikdə, o, sonuncuya həmin maşını sürə bilmiyəcəyini, maşının texniki cəhətdən nasaz olduğunu bildirmişdir. Bundan sonra Ş.Nəbiyev onunla birlikdə maşını ustanın yanına aparmış, ustalar da onun dediyini təsdiq edərək maşının istifadəyə yararsız vəziyyətdə olduğunu bildirmişlər. Ustadan ayrıldıqdan sonra Ş.Nəbiyev onu çağıraraq “mən sənin nazınla çox oynayacam” söyləyərək ondan işdən çıxması barədə ərizə yazmasını tələb etmişdir. O isə istənilən maşını sürə biləcəyini, sadəcə olaraq həmin maşının texniki cəhətdən nasaz olduğu üçün sürmədiyini bildirmişdir. Həmin şirkətdə iş saatı səhər saat 08:00-dan axşam saat 18:00-a kimi olduğu halda şirkətin işçiləri, eləcə də o, gecə saatlarına qədər işləmişlər. O, işdən çıxmaq üçün ərizə yazmayacağını bildirdikdə Ş.Nəbiyev ona sabahdan işə gəlməməsini bildirmişdir. Həmin hadisədən sonra o, noyabr ayının 5-i yenidən işə getmişdir. Onun ayın 5-nə kimi işə getməməsinin səbəbi qardaşının ölümünün ildönümü ilə bağlı olmuşdur. O, işə getdiyi zaman yenə də Ş.Nəbiyev onu işdən çıxmaq üçün ərizə yazmağa məcbur etmiş, lakin o, yenə də ərizəni yazmaqdan imtina etmişdir. Qeyd olunanlarla bağlı o, müvafiq dövlət orqanlarına ərizə ilə müraciət etdikdən sonra MMC tərəfindən ona 01.11.2020-ci il tarixindən işə gəlməməsi ilə bağlı xəbərdarlıq edilmişdir. O, həmin xəbərdarlığı 01.12.2020-ci il tarixdə poçt vasitəsi ilə əldə etmiş, işə gəldiyi zaman ondan şikayətini geri götürməsi tələb olunmuş, yalnız bu halda işi bərpa olunacağı bildirilmişdir. Lakin məcburi iş buraxma müddətinə görə ötən aylardan yığılıb qalmış əmək haqqı verilmədiyi üçün o, bundan imtina etmişdir. Bu səbəbdən də MMC onu işə buraxmır. O, bundan sonra yenidən müvafiq dövlət orqanlarına ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Bakı şəhər idarəsinin **********7 nömrəli, 23.02.2021-ci il tarixli cavab məktubunda onun İTM-İstehsalat Tikinti Mexanizasiya MMC-də əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına ünvanladığı müraciətlərə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Bakı şəhər idarəsində baxıldığı, araşdırma zamanı İTM-İstehsalat Tikinti Mexanizasiya MMC-nin rəhbərliyinin təqdim etdiyi sənədlərdən onunla cəmiyyət arasında bağlanmış 17.05.2019-cu il tarixli əmək müqaviləsinə xitam verilmədiyi və bu günədək İTM-İstehsalat Tikinti Mexanizasiya MMC-də sürücü vəzifəsində çalışdığı, bununla yanaşı cəmiyyət rəhbərliyinin təqdim etdiyi aktlardan 30.10.2020-ci il tarixdən bu günədək üzrsüz səbəbdən işə çıxmaması və bu səbəbdən də 30.10.2020-ci il tarixdən əmək haqqının hesablanmadığı, qeyd olunanlarla razılaşmadığı halda məhkəməyə müraciət etmək hüququnun olduğu bildirilmişdir. Şirkət rəhbərliyi yenidən onu işə çağıraraq şikayətini geri götürməsini və yalnız bu halda işi bərpa olunacağını həmçinin məcburi iş buraxma müddətinə görə ötən aylardan yığılıb qalmış əmək haqqının verilməyəcəyini bildirmişdir. Onun işdən çıxarılmasının heç bir səbəbi, əsası yoxdur. Məhkəməyə müraciət etdikdən sonra cavabdehin onunla bağlanmış əmək müqaviləsinə xitam verməsi ona məlum olmuş, əmrin surəti və əmək kitabçası məhkəmə iclasında ona təqdim olunmuşdur. Onunla bağlanmış əmək müqaviləsinə xitam verilərkən ondan izahat alınmamış, Həmkarlar Komitəsinin hər hansı bir iclasına dəvət olunmamış, tərtib olunan aktlardan məlumatı yoxdur. Onun himayəsində azyaşlı övladı olmaqla ailəsinin yeganə qazanc gətirənidir. Onun işindən başqa əlavə heç bir yerdən gəlir yeri yoxdur. Ona görə də İTM-İstehsalat Tikinti Mexanizasiya Şirkəti MMC-nin 05.03.2021-ci il tarixli 27 nömrəli əmrinin ləğv olunmasına, onun əvvəlki iş yerinə və vəzifəsinə bərpa olunmasına, işə buraxılmadığı 27.10.2020-ci il tarixdən etibarən məcburi iş buraxma müddətinə görə əmək haqqının cavabdehdən onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş edir. Birinci instansiya məhkəməsində iştirak edən cavabdehin nümayəndəsi Vəkil2 iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, İddiaçı Cavabdeh MMC-də sürücü vəzifəsində çalışmış, işlədiyi müddət ərzində intizam tənbehi almamışdır. Heç bir üzürlü səbəb olmadan 30.10.2020-ci il tarixdən 05.03.2021-ci il tarixədək işə gəlmədiyinə görə Cavabdeh MMC-nin 27 saylı 05.03.2021-ci il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən (Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndində sadalanan hal) İddiaçı Cavabdeh MMC-də tutduğu sürücü vəzifəsindən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə 05.03.2021-ci il tarixdən xitam verilmişdir. İddiaçının heç bir üzürlü səbəb olmadan 30.10.2020-ci il tarixdən 05.03.2021-ci il tarixədək işə gəlmədiyi günlər üzrə müvafiq aktlar tərtib olunmuşdur. İddiaçıya şirkət tərəfindən işə gəlməsi ilə bağlı xəbərdarlıq məktubu göndərilsə də, iddiaçı buna məhəl qoymamışdır. Cavabdeh iddiaçının bu pozuntuları nəticəsində iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam vermiş, əmrin surətini və əmək kitabçasını iddiaçının yaşadığı ünvana göndərmişdir. Lakin həmin məktublar iddiaçı tərəfindən qəbul edilməmişdir. İddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən həmkarlar ittifaqı təşkilatının razılığı alınmış, lakin bu təşkilatın sədrinin xəstəliyi ilə bağlı həmin razılığın məhkəməyə təqdim olunması hazırda mümkün deyildir. İddiaçı işə gəlmədiyindən onun izahatının alınması mümkün olmamışdır. Cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verilərkən qanunun tələblərinə əməl edilmişdir. Ona görə də iddia ərizəsinin təmin edilməməsini xahiş edir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının işə gəlmədiyi günlərə dair iş yerində aktlar tərtib edilmiş, onun ünvanına işə gəlməməsi və gəlməməsinin səbəbləri barədə işə götürənə məlumat verməsinə dair məktub ünvanlanmışdır. Əgər işəgötürənin işçiyə qarşı hər hansı qərəzli münasibəti olmuş olsa idi, o cümlədən işəgötürən qərəzli olaraq işçini işə buraxmasaydı, o halda, işçinin 30.10.2020-ci il tarixdən 05.03.2021-ci il tarixədək olan 4 aydan artıq müddətdə iddiaçının işinə qayıtmasını gözləməzdi. Halbuki, iddiaçı məhkəmə iclasında özü də bildirmişdir ki, hansısa səbəbdən Bakı şəhərində olmamışdır. Bundan başqa iddiaçı onun cavabdeh tərəfindən işə buraxılmamasına dair hər hansı sübut təqdim edə bilməmişdir. Hətta iddiaçı DƏM-ə etdiyi şikayətində, eləcə də şikayətin araşdırılması zamanı bir dəfə də olsun aidiyyəti dövlət qurumundan onun işə buraxılmasını xahiş etməmişdir. Bu isə onu göstərir ki, iddiaçı cavabdehə qarşı naməlum səbəblərdən qərəzli mövqedən çıxış edir. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və təmin olunmasını xahiş etdi. İddiaçı apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin iş üzrə 31 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşdən göründüyü kimi, İddiaçı 17 may 2019-cu il tarixli əmək müqaviləsinə əsasən cavabdeh təşkilatda sürücü vəzifəsində çalışmış, cavabdehin 05 mart 2021-ci il tarixli əmri ilə həmin əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi rəhbər tutulmaqla xitam verilmişdir. İddiaçı onunla əmək müqaviləsinə xitam verilməsini qanunsuz sayaraq hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Onun tələbi əmək müqaviləsinə xitam verilməsi barədə 05.03.2021-ci il tarixli əmrin ləğv olunması, əvvəlki iş yerinə və vəzifəsinə bərpa olunması, işə buraxılmadığı 27.10.2020-ci il tarixdən etibarən məcburi iş buraxma müddətinə görə əmək haqqının cavabdehdən onun xeyrinə tutulması barədədir. Birinci instansiya məhkəməsi iddianı əsaslı sayaraq təmin etmiş və gəldiyi nəticəni hüquqi cəhətdən Əmək Məcəlləsinin 80, 187-ci və s. maddələri ilə əsaslandırmışdır. Məhkəmə müəyyən etmişdir ki, İddiaçı 27.10.2020-ci il tarixdən etibarən işə buraxılmadığı üçün dövlət orqanlarına, eləcə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə müraciət etmiş, sonuncunun Bakı şəhər İdarəsi İddiaçı 19.11.2020-ci il, 24.11.2020-ci il, 09.12.2020-ci il və 16.02.2021-ci il tarixli müraciətlərinə baxaraq məhkəməyə müraciət etməsini tövsiyyə etmişdir. Məhkəməyə müraciət etdikdən sonra isə cavabdehin nümayəndəsi iddiaçıya onunla bağlanmış əmək müqaviləsinə xitam verildiyini bildirərək bu barədə əmrin surətini ona təqdim etmişdir. Məhkəmə araşdırması zamanı daha sonra müəyyən olunmuşdur ki, intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahat almamış, eləcə də əmək müqaviləsinə xitam verərkən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmamışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi həmkarlar ittifaqı təşkilatının razılığının olmasını, lakin bu təşkilatın sədrinin xəstəliyi ilə bağlı həmin razılığın məhkəməyə təqdim olunmasının mümkün olmadığını bildirsə də, məhkəmə cavabdehin nümayəndəsinin bu izahatını inandırıcı saymamışdır. Çünki cavabdehə verdiyi əmrin qanuniliyini və əsaslılığını sübuta yetirə bilməsi üçün kifayət qədər vaxt verilmiş, cavabdehin nümyəndəsi hər dəfə məhkəmə iclasının təxirə salınmasını xahiş etsə də, sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Bundan əlavə, belə bir razılıq mövcud olmuş olsaydı əmrin verilməsinin əsası olaraq əmrdə qeyd olunmuş olardı. Məhkəmə cavadehin əməkdaşları tərəfindən tərtib olunan aktlara münasibət bildirərək qeyd etmişdir ki, işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilərkən qanunla üzərinə qoyulmuş vəzifələri icra etməyən cavabdehin tərtib etdiyi birtərəfli aktlar onun əmrinin qanuni və əsaslı olması qənaətinə gəlinməsi üçün mötəbər sübut növü ola bilməz. Apellyasiya şikayətinin dəlillərinə görə cavabdeh tərəfindən iddiaçıya qarşı hər hansı qərəzli münasibət olmamış, iddiaçı 30.10.2020-ci il tarixdən işə gəlmədiyinə və bununla da əmək intizamnını kobud şəkildə pozduğuna görə işdən azad edilmişdir. Məhkəmə işin faktiki və həqiqi hallarına düzgün hüquqi qiymət verməmiş, işin araşdırılmasına səthi yanaşmış, prosessual qanunvericiliyin prinsiplərini pozmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayaraq qeyd edir ki, apellyasiya şikayətində göstərilən hallar mötəbər sübutlarla təsdiq edilmir. Apellyasiya şikayəti iddiaya etirazla eyni məzmunda əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən də həmin əsaslara müvafiq qiymət verilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin dəlilə verdiyi qiymətlə razılaşır. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirsə də, cavabdeh həmin iddiaya qarşı etirazının əsası kimi istinad etdiyi faktları sübut edə bilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin iş üzrə 31 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar