Məhkəmə qərarları › İş №2(103)-7414/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7414/2021

21.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7414/2021 21.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X3 oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2, nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı "xxxx" MTK-nın Cavabdeh qarşı “kommunal haqqın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli, 2(004)- 481/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MTK Cavabdeh qarşı “kommunal haqqın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdehdən koorperativin Nizamnaməsi və iclas protokolları ilə müəyyən edilmiş koorperativin yaşaması və istismarı üçün 2003-cü ildən 2020-ci ilin yarım ili üçün yaranmış 5946 manat haqqın və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Az NKİ-4" MTK M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutu əməkdaşlarının təşəbbüsü ilə yaradılmış və MTK-nın Nizamnaməsi 14.12.1990-cı ildə Bakı şəhər XDS-nin İcraiyyə Komitəsi tərəfindən təsdiq edilmişdir. 19.01.2001-ci il tarixdə MTK tərəfindən Bakı şəhəri, Yasamal rayonu, M.Sübhi küçəsində yerləşən 221 saylı bina inşa edilmiş və Bakı şəhər İHB-nin Aparatının 23.07.2008-ci il tarixli orderinə əsasən, həmin binanın 11 saylı mənzili cavabdehə verilmişdir. Lakin cavabdeh 2003-cü ildən mənzildə yaşasa da, koorperativin Nizamnaməsi və iclas protokolları ilə müəyyən edilmiş kooperativin istismarına çəkilən xərclərin ödənilməsində iştirak etməməklə kooperativin üzvü kimi üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, ona dəfələrlə haqqın ödənilməsi barədə bildirişlər göndərilsə də, heç bir ödəniş etməmişdir. Nəticədə isə, 2003-cü ildən 2020-ci ilin yarım ilinədək 5946 manat borcu yaranmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli, 2(004)- 481/2021 saylı qətnaməsi ilə (hakim Orxan Məmmədli) iddia rədd olunmuşdur. İddiaçı, qeyd edilən qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, məhkəmənin tərəflər arasında kommunal xidmətlərə dair müqavilənin mövcud olmaması əsası ilə iddianı rədd etməsi əsassız olmuşdur. Ona görə ki, qanunvericiliyin mənasından aydın olur ki, bu məsələdə müqavilənin bağlanması məcburi deyildir. İddiaçı tərəfinən təqdim edilmiş iclas protokollarından görünür ki, illər üzrə mülkiyyətçilərlə razılaşdırılmış kommunal haqqlar müəyyən edilmişdir ki, bu protokollar elə müqaviləyə zidd olmayan sənədlərdir. Bundan başqa, payçıların 50-30%-də mülkiyyəti təsdiq edən sənəd çıxarış yox, order olduğundan MMC-nin yaradılması məcburi deyil. MTK-nın son nizamnaməsi 08.11.2019-cu il tarixdə vergi orqanında qeydiyyatdan keçən zaman da heç bir irad bildirilməmişdir. Odur ki, qeyd olunan əsaslar, yəni MTK-nın MMC-yə çevrilməməsi, kommunal haqla bağlı müqavilənin olmaması iddia tələbinin rədd edilməsi üçün əsas ola bilməz. Cavabdeh apellyasiya şikayətinə etiraz təqdim edərək, bildirmişdir ki, bu sahədə qanunvericiliyin tələblərinə əsasən MTK binanı təhvil verdikdən sonra ləğv edilməli, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı tərəfindən binanın idarə edilməsi üsulu seçilməli, yalnız bundan sonra göstərilən xidmətlər müqabilində binanın saxlanılması üçün müəyyən edilmiş ödənişlər sahə mülkiyyətçiləri tərəfindən həyata keçirilməli idi. Lakin, MTK bütün bünların əksinə qeyri-qanuni fəaliyyət göstərməklə, formal ümumi yığıncaqlar keçirmiş və sahə mülkiyyətçilərindən heç bir hüquqi əsas olmadan qanunsuz vəsaitlər yığmışdır. İzahatlar, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndələri apellyasiya şikayətini müdafiə edərək, orada göstərilənlərə uyğun izahat vermiş, məhkəmə kollegiyasından şikayətin təmin olunmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən cavabdeh və nümayəndəsi (vəkili) isə, apellyasiya şikayətinə etiraz edərək, iddia ərizəsində göstərilənlərə və birinci instansiya məhkəməsində verdiyi izahatına uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətin təmin olunmamasını xahiş etmişlər. HÜQUQİ MƏSƏLƏLƏR : Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.1ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iddia qismən təmin olunmalıdır. Belə ki, işin müəyyən edilmiş faktiki hallarına əsasən, Bakı şəhəri Yasamal rayonu, M.Sübhi küçəsində yerləşən 221 saylı bina ididiaçı “Az NKİ-4" MTK tərəfindən inşa edilmişdir. Cavabdeh, MTK-nın payçılarından biri olmaqla həmin binada yaşayır. “Az NKİ-4" MTK-nın üzvlərinin 46 saylı, 07 yanvar 2003-cü il tarixli protokoluna əsasən, gündəlikdə duran məsələlərdən biri kimi binanın saxlanılması üçün MTK-nın fondunun yaradılması qoyulmuş və həmin məsələ ilə bağlı MTK-nın fəaliyyət növünün dəyişdirilməsinə razılıq verilməsi barədə müvafiq vergi idarəsinə müraciət olunması, 01.01.2003-cü il tarixdən 31.12.2033-cü il tarixədək hər payçıdan ayda 40.000 manat yığılaraq, binanın saxlanılması üçün zəruri maliyyə fondunun yaradılması qərara alınmışdır. Bundan sonra növbəti illərdə yeni iclaslar keçirilməklə həmin il üzrə ödənilməli olan aylıq kommunal halların miqdarı müəyyənləşdirmişdir (qeyd olunan iclas protokolları iş materiallarına əlavə edilmişdir). Hazırda iddiaçı, cavabdeh tərəfindən kommunal xidmətlərdən faktiki istifadəyə görə 2003-cü ildən 2020-ci ilin yarım ilinədək ödənilməmiş borcu tələb edir. Cavabdeh isə MTK ilə aralarında xidmət göstərilməsinə dair yazılı müqavilə olmadığını və mənzilin yerləşdiyi binanı idarə etmək üçün MTK-nın subyektiv hüququnun olmadığını (MMMC-yə çevrilmədiyinə istinad etməklə) bildirərək, iddiaya etiraz edir. Birinci instansiya məhkəməsi, iddianı rədd edərkən, gəldiyi qənaəti tərəflər arasında kommunal xidmətlərə dair müqavilə mövcud olmadığından cavabdehin üzərinə hər hansı öhdəliyin qoyulmasının öhdəlik anlayışına zidd olmaqla, qanunsuz olması və iddiaçı təşkilatın Mənzil Məcəlləsinin 109.5-ci maddəsinin tələbləri baxımından hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququnun olmaması ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası, rayon məhkəməsinin mövqeyi ilə razılaşmayaraq, mübahisənin düzgün hüquqi həlli ilə bağlı ilk öncə iddiaçının bu tələbi irəli sürə bilmək üçün subyektiv hüququnun olub-olmadığı məsələsinə qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Nəzərə alınmalıdır ki, mülki hüquq münasibətlərində bir şəxsin tələb hüququ qarşı tərəfin müvafiq öhdəliyini ehtiva edir. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəlik dedikdə, bir şəxsin (borclunun) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etmək (pul ödəmək, əşya vermək, iş görmək, xidmətlər göstərmək və ya müəyyən hərəkətdən çəkinmək) vəzifəsi başa düşülür Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göründüyü kimi, pulun ödənilməsi tələbini də özündə ehtiva edən öhdəliyin yaranması əsasları qanunda sadalanmış və buraya müqavilədən, zərər vurmadan, əsassız varlanmadan və Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslardan irəli gələn öhdəliklərin daxil olduğu göstərilmişdir. Odur ki, hazırkı iş üzrə iddiaçının pul tələbinin (buna müvafiq olaraq cavabdehin pul ödəmək öhdəliyinin) müqavilədən və ya qanundan irəli gəldiyi aydınlaşdırılmalıdır. Kollegiya, onu da vurğulayır ki, iddia tələblərinin hüquqi əsas(lar)ını tapmaq, başqa sözlə tələbin müqavilədən, yaxud qanundan irəli gələn öhdəliklər çərçivəsində həll edilməsi məhkəmənin vəzifəsidir. Çünki, mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “iura novit curia” (məhkəmə hüququ bilir) prinsipinə əsasən, hüququn tətbiqinə bilavasitə hakim cavabdehlik daşıdığından tərəflərin faktlar barəsində hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Bu baxımdan, məhkəmə kollegiyası, ilk növbədə Mənzil Məcəlləsinin aşağıdakı maddələrini nəzərdən keçirir. Maddə 135.1. Fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Maddə 135.2.4. Yaşayış sahəsinin mülkiyyətçisi üçün yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi yaranmış hesab edilir. Maddə 137.1-ci və 137.6. Çoxmənzilli binanın idarəetmə müqaviləsində başqa müddət nəzərdə tutulmayıbsa, yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqq hər ay üçün həmin aydan sonra gələn ayın beşinədək təqdim edilmiş ödəniş sənədləri əsasında həmin aydan sonra gələn ayın on beşinədək ödənilir. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradılmadığı halda, idarəedici təşkilat tərəfindən idarə olunan çoxmənzilli binanın sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları həmin idarəedici təşkilata ödəyirlər. Çoxmənzilli binanın idarə edilməsi üsulunun seçilməsi qaydası isə, Məcəllənin 141ci maddəsində açıqca göstərilmişdir. Həmin maddəyə əsasən, binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında qanunda göstərilən üsullardan biri (binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edilmə, mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən idarə edilmə və ya idarəedici təşkilat tərəfindən idarə edilmə) seçilmədikdə binanın yerləşdiyi ərazinin bələdiyyəsi bu məsələsinin həlli üçün binanın sahə mülkiyyətçilərinin yığıncağını çağırmalıdır. Bu mümkün olmadıqda həmin bələdiyyə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada idarəedici təşkilatın seçilməsi üzrə açıq müsabiqə keçirməlidir. Sahə mülkiyyətçiləri isə belə müsabiqə nəticəsində seçilmiş idarəedici təşkilatla qanunla müəyyən edilmiş qaydada həmin binanın idarə edilməsi barədə müqavilə bağlamağa borcludurlar. Göründüyü kimi, qanunverici, çoxmənzilli binanın idarə edilməsini ilk növbədə sahə mülkiyyətçilərinin özlərinə həvalə etmişdir. Onlar tərəfindən bu məsələ həll edilmədikdə bələdiyyənin müvafiq vəzifələri nəzərdə tutulmuşdur. Baxılan işdə binanın sahə mülkiyyətçilərinin yuxarıda qeyd edilən idarəetmə üsullarından birini seçmələrinə və ya digər qanuni tədbirlər görmələrinə dair sübutlar təqdim edilməmişdir. Faktiki vəziyyət ondan ibarətdir ki, binanın idarəçiliyini onu inşa etmiş “Az NKİ-4" MTK həyata keçirir. Belə ki, binada sözügedən xidmətlərin faktiki olaraq 2003cü ildən etibarən “Az NKİ-4" MTK tərəfindən verilməsi, bina sakinlərinin, o cümlədən cavabdehin bu xidmətlərdən yararlanmaları işin mübahisəsiz halıdır. Bu hal ona dəlalət edir ki, sahə mülkiyyətçiləri binanın idarəçiliyini faktiki olaraq adıçəkilən MTK-ya tapşırmışlar. Qeyd olunanlar isə onu deməyə əsas verir ki, tərəflər arasında faktiki olaraq tapşırığa dair mülki hüquqi münasibətləri mövcud olmuşdur. Mülki Məcəllənin 777.1-ci və 777.2-ci maddələrinə əsasən isə, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Həmin Məcəllənin 783.2-ci və 783.3-cü maddələrinə əsasən, vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. Əgər bu Məcəllənin 783.2-ci maddəsində nəzərdə tutulan hallarda muzdun miqdarı müəyyənləşdirilməyibsə, tarif olduqda bu tarifə uyğun muzd, tarif olmadıqda isə vəkalət alanın olduğu yerdə qəbul edilmiş muzd şərtləşdirilmiş muzd sayılır. MM-in 1087.1-ci və 1087.2-ci maddələrinin tələblərinə görə, özgəsinin (sahibkarın) işlərini tapşırıq və ya digər əsas olmadan aparan şəxs (icraçı) onu vicdanla aparmağa borcludur. İşlərin tapşırıqsız aparılmasını sonradan sahibkar bəyəndikdə bu bölmənin müddəaları əvəzinə tapşırıq haqqında müddəalar tətbiq olunur. MM-in 1090.1-ci maddəsinə əsasən, əgər işlərin aparılması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlirsə, icraçı xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını tələb edə bilər. İcraçı lazımi vicdanlılıqla fəaliyyət göstərmişsə, bu qayda işlərin aparılmasının gözlənilən nəticə ilə qurtarmadığı halda da tətbiq olunur. Göründüyü kimi, tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Bu əqd əsasında tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri icra etməyi öhdəsinə götürür. Göstərilmiş xidmətin əvəzi isə şərtləşdirildikdə və ya şəraitə görə zəruri olduqda ödənilməlidir. Eyni zamanda qeyd olunmalıdır ki, sözügedən xidmətlər tapşırıqsız aparıldıqda belə, onların sonradan bəyənilməsi ilə tərəflərin münasibətinə yenə də tapşırıq haqqında müddəaların tətbiq edilməli olduğu qanunda açıqca göstərilmişdir. Baxılan işdə binanın idarəçiliyi ilə bağlı bir sıra işlərin (ümumi birgə mülkiyyətdə olan yerlərin, liflərin saxlanılması, binanın mühafizəsi və sair, eyni zamanda bu işlərlə məşğul olan şəxslərə haqqın ödənilməsi) bir neçə il ərzində iddiaçı şirkət tərəfindən həyata keçirildiyi, bu işlərin görülməsinin bir qayda olaraq sahə mülkiyyətçiərinin mənafeyinə uyğun olması və onların bu xidmətlərdən yararlanmaları şübhəsizdir. Belə olan halda, tərəflər arasında müqavilə münasibətləri olmasa belə, iddia qanundan irəli gələn öhdəliklər (bu işin halları baxımından özgə işlərini tapşırıqsız aparma normaları) çərçivəsində əsaslı hesab edilə bilər. Belə ki, cavabdeh uzun müddət yaşayış binasında özünə məxsus mənzildə yaşamaqla, iddiaçının göstərdiyi xidmətlərdən yararlanmış, faktiki hərkətlərə onları bəyənmiş, bununla da iddiaçı qarşısında həmin xidmətlərin əvəzini ödəmək öhdəliyi yaranmışdır. Cavabdeh, eyni zamanda, iddia müddətinin tətbiq olunması barədə ərizə təqdim edərək, kommunal xidmətərə görə yığılmış borcun ödənilməsi tələbinin iddia müddətinin keçməsinə görə rədd olunmasını xahiş etmişdir. MM-in 372.1 və 372.2-ci maddələrinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə görə, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Hazırkı işdə mübahisə vaxtaşırı ödənilməli olan kommunal xidmət haqqı borcuna görə yarandığından, tələbə üç illik iddia müddəti şamil edilir. Belə olan halda, cavabdehdən kommunal xidmətlərə görə əvvəlki üç il üçün yığılmış 1620 manat borc tutulmalı (iş materiallarına əlavə edilmiş iclas protokollarına əsasən həmin illər üzrə müəyyən edilmiş aylıq kommunal haqqları kimi müəyyən olunmuş 45 manat haqq nəzərə alınmaqla), bundan əvvəlki dövr üçün hesablanmış borcun ödənilməsi hissəsində isə iddia rədd olunmalıdır. Cavabdeh işdə olan ümumi yığıncağın qərarlarının əsassız olmasını bildirsə də, həmin qərarları mübahisələndirməmiş, onların etibarsızlığı ilə bağlı məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Beləliklə, məhkəmə kollegiyası, qeyd olunanlara əsasən bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi isə yuxarıda qeyd edilən halları nəzərə almamış, iş üzrə tam və hərtərəfli araşdırma aparmamış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Ona görə də, MPM-in 385.1.1, 385.1.4-cü maddələrinə əsasən qətnamə tamamilə ləğv olunmalı, iddia qismən təmin edilərək, cavabdehdən iddiaçının xeyrinə ödənilməmiş kommunal xidmət haqqına görə 1620 manat tutulmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı "xxxx" MTK-nın Cavabdeh qarşı “kommunal haqqın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli, 2(004)- 481/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli, 2(004)- 481/2021 saylı qətnaməsi ləğv olunsun, iddia qismən təmin olunsun. Cavabdeh ödənilməmiş kommunal xidmət haqqına görə 1620 (bir min altı yüz iyirmi) manat tutularaq, iddiaçı "xxxx" MTK-ya ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar