Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7416/2021 27.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Xəyal Sarıyev və Vahid Sadıqovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçı Zemfira Vakilovanın, iddiaçıların vəkili və nümayəndəsi Vəkil1, Cavabdeh və cavabdehin vəkili Vəkil2 iştirakı ilə, iddiaçılar X1 və İddiaçı2 Cavabdeh qarşı “nikahın etibarsız sayılması barədə” iddiasına dair mülki iş üzrə Nərimanov Rayon Məhkəməsinin 04.05.2021-ci il tarixli qətnaməsindən iddiaçılar Zemfira Vakilova və İddiaçı2 tərəfindən birgə verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Münasibətlər: Hazırkı mübahisə mərhum X2 ilə cavabdehin arasında 09.04.2019-cu ildə bağlanmış nikahla bağlıdır. Rövşən Səfərov 1-ci iddiaçının keçmiş əri, 2-ci iddiaçının isə atasıdır. O, 31.10.2020-ci ildə vəfat edib. Hazırkı iddia onun vəfatından 1 ay 18 gün sonra verilib. Tələb və onun həlli: İddia ərizəsində tələb olunub ki, nikah etibarsız sayılsın. İddia onunla əsaslandırılıb ki, mərhum Rövşən Səfərov cavabdeh ilə nikah bağlayan zaman 1-ci iddiaçı ilə nikahda olub. Belə ki, 1-ci iddiaçı olan nikahın pozulması barədə qətnamə qəbul olunsa da həmin qətnamə Rövşən Səfərovun cavabdehlə nikah bağladığı zaman qanuni qüvvəyə minməmişdi, çünki 1-ci iddiaçı qətnamədən apellyasiya şikayəti vermişdi. Ailə Məcəlləsinin 12.0.3-cü maddəsində görə ikisindən biri başqası ilə nikahda olan şəxslər arasında nikahın bağlanmasına yol verilmir. Həmin Məcəllənin 25.1ci maddəsinə görə belə nikah etibarsız sayılır. Qətnamə ilə qət olunub ki, iddia rədd olunsun. Qətnamə onunla əsaslandırılıb ki, iddiaçının istinad etdiyi hal nikahın etibarsız sayılması üçün əsas ola bilməz. Şikayət və izahatlar: Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf apellyasiya şikayətinin əsaslı olduğunu, cavabdeh tərəf isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Qətnamənin yoxlanılması: Qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, 1-ci iddiaçı ilə mərhum Rövşən Səfərovun arasındakı nikahın pozulması barədə qətnamə 24.01.2019-cu ildə qəbul olunub (iş v. 12). Həmin qətnamənin əsasında nikahın ləğvi 1 ay 18 gün sonra - 14.03.2019-cu ildə akt qeydləri kitabında qeydə alınıb (iş v. 41). Qeydiyyatın aparıldığı zaman nikahın pozulması barədə qətnamə qanuni qüvvəyə minmişdi. Belə ki, nikahın pozulması barədə qətnamənin surəti 30.01.2019-cu ildə 1-ci iddiaçıya (Zemfira Vakilovaya) rəsmi qaydada təqdim olunub, bunu təsdiq edən qəbz var (iş v. 63). Qətnamədən apellyasiya şikayıəti verilməsi müddətinin (1 ayın) axımı həmin vaxtdan başlayıb və 28.02.2019-cu ildə bitib. Bu müddət ərzində nikahın pozulması barədə qətnamədən apellyasiya şikayəti verilməyib. Ona görə də nikahın pozulması barədə qətnamə 01.03.2019-cu ildə qanuni qüvvəyə minib. Ailə Məcəlləsinin 23.1-ci maddəsinə görə nikah məhkəmə qaydasında pozulduqda bu barədə məhkəmənin qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən nikaha xitam verilmiş sayılır. Müvafiq olaraq 1-ci iddiaçı ilə Rövşən Səfərovun arasındakı nikah 01.03.2019-cu ildə xitam olunub. 13 gün sonra – 14.03.2019-cu ildə akt qeydləri kitabında nikahın ləğvi barədə qeydiyyat aparılıb. 24 gün sonra – 09.04.2019-cu ildə Rövşən Səfərov cavabdeh ilə nikah bağlayıb. Göründüyü kimi, cavabdehlə nikah bağlandığı zaman Rövşən Səfərov 1-ci iddiaçı ilə nikahda deyildi. Ona görə də nikah etibarsız sayıla bilməz. Nikahın pozulması barədə qətnamədən apellyasiya şikayəti verilməsi məsələsi ilə bağlı məhkəmə qeyd edir ki, apellyasiya şikayətindən (iş v. 58) və Bakı Apellyasiya Məhkəməsinin qətnaməsindən (iş v. 16) görünür ki, apellyasiya şikayəti qətnamənin nikahın pozulmasına aid olan hissəsindən deyil, alimentə aid olan hissəsindən verilib. Belə ki, həmin mülki işdə 2 iddia olub: Rövşən Səfərovun “nikahın pozulması barədə” ilk iddiası və Zemfira Vakilovanın “uşağın ananın himayəsinə verilməsi və aliment tutulması barədə” qarşılıqlı iddiası. Apellyasiya şikayəti Zemfira Vakilova tərəfindən qətnamənin qarşılıqlı iddiaya aid olan hissəsindən verilib, buna müvafiq olaraq apellyasiya instansiyası məhkəməsi həmin qətnamənin qarşılıqlı iddiaya aid olan hissəsini yoxlayıb. Qətnamənin ilk iddiaya, yəni nikahın pozulmasına aid olan hissəsindən apellyasiya şikayəti verilmədiyinə görə qətnamə həmin hissədə şikayətvermə müddətinin bitməsindən sonra qanuni qüvvəyə minib. Beləliklə, məhkəmə Ailə Məcəlləsinin 12.0.3 və 25.1-ci maddələrinin göstərişlərinə əsaslanarq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Nərimanov Rayon Məhkəməsinin 04.05.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7416/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7416/2021
27.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver