Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-742/2021 02.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi X4 oğlunun katibliyi ilə, İddiaçı «xxxx» ASC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit müqaviləsinin ləğv edilməsi, borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(004)- 24/2020 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» ASC Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit müqaviləsinin ləğv edilməsi, borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2008-ci il tarixli, 77-08 (İ) nömrəli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 iddiaçının xeyrinə xx.xx.2008-ci il tarixli kredit müqaviləsi üzrə banka 76726,75 ABŞ dolları əsas, 25687,10 ABŞ dolları faiz, 2.535,29 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 104949,14 ABŞ dolları məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə almması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh1 mülkiyyətindəki Gəncə şəhəri, Nizami rayonu, 20 Yanvar küçəsində yerləşən, 5 otaqlı, 127,8 kv.m yaşayış, 171,65 kv.m köməkçi sahədən ibarət 71 nömrəli fərdi yaşayış evinə 0,06 ha torpaq sahəsi ilə birlikdə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və borcun əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissəsi ümumi qaydada icra edilməsi, Cavabdeh1 məxsus, ipoteka qoyulmun əmlak satıldıqdan 1 ay sonra Cavabdeh1 və Cavabdeh2 Gəncə şəhəri Nizami rayonu 20 Yanvar küçəsində yerləşən 5 otaqlı, 127,8 kv.m yaşayış, 171,65 kv.m köməkçi sahədən ibarət 71 nömrəli fərdi yaşayış evinə 0,06 ha torpaq sahəsi ilə birlikdə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1 və Cavabdeh2 həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin əmlakın boşaldılması və banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2008-ci il tarixli, 77-08 (İ) nömrəli kredit müqaviləsinə əsasən sonuncuya illik 17 faiz ödəmək şərti ilə 120 ay müddətinə 144000 ABŞ dolları kredit verilmişdir. Cavabdeh1, Cavabdeh2 və iddiaçı arasında bağlanmış xx.xx.2008-ci il tarixli, 77-08 (İ) nömrəli mənzilin alqı-satqısı və ipotekası müqaviləsinə əsasən Cavabdeh1 aldığı Gəncə şəhəri Nizami rayonu 20 Yanvar küçəsində yerləşən 5 otaqlı, 127,8 kv.m yaşayış, 171,65 kv.m köməkçi sahədən ibarət 71 nömrəli fərdi yaşayış evini və evin yerləşdiyi 0,06 ha torpaq sahəsini kreditin təminatı kimi bank qarşısında ipoteka ilə yüklü etmişdir. İddiaçı xx.xx.2016-cı il tarixdə tələbin ipoteka predmetinə yönəldilməsinə dair bildirişin qeydə alınması üçün Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 3 saylı Ərazi İdarəsində müraciət etmişdir. Xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcu ödəməkdən boyun qaçırır. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(004)- 24/2020 saylı qətnaməsi ilə (hakim Vahid Hacıyev) iddia ərizəsi qismən təmin olunmuş, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2008-ci il tarixli 77-08 (İ) nömrəli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 xx.xx.2008-ci il tarixli, 77-08 (İ) nömrəli kredit müqaviləsi üzrə yaranmış 76726,75 ABŞ dolları əsas, 25687,10 ABŞ dolları faiz, 100 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 102513,85 ABŞ dolları borcun, ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının, ümumilikdə 102513,85 (bir yüz iki min beş yüz on üç ABŞ dolları səksən beş sent) ABŞ dolları (ödəniş günü Azərbaycan manatı məzənnəsi ilə) borcun və 60 manat rüsumunun tutularaq iddiaçı «xxxx» ASC-yə ödənilməsi, tutmanın - Cavabdeh1 mülkiyyətindəki Gəncə şəhəri Nizami rayonu 20 Yanvar küçəsindəki 5 otaqlı, 127,8 kv.m yaşayış, 171,65 kv.m köməkçi sahədən ibarət 71 nömrəli fərdi yaşayış evinə və evin yerləşdiyi 0,06 ha torpaq sahəsinə yönəldilməsi, ilkin satış qiymətinin – 96000 manat müəyyən edilməklə fərdi yaşayış evinin və torpaq sahəsinin açıq hərracda satılması, ipoteka predmeti satıldıqdan 1 ay sonra cavabdehlər Cavabdeh1 və Cavabdeh2 istifadə hüquqlarına xitam verilməsi və onların həmin evdən və torpaq sahəsindən çıxarılmaları, ev və torpaq sahəsinin boşaldılaraq yeni alıcıya təhvil verilməsi, ipoteka ilə yüklü edilmiş əmlakın satışından əldə olunacaq vəsait hesabına 102513,85 (bir yüz iki min beş yüz on üç ABŞ dolları səksən beş sent) ABŞ dolları (ödəniş günü Azərbaycan manatı məzənnəsi ilə) borcun və 60 manat rüsumunun iddiaçının hesabına ödənilməsi, artıq qalan vəsaitin Cavabdeh1 qaytarılması, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissəsinin ümumi qaydada icra edilməsi, iddianın qalan hissədə rədd edilməsi, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xərci 145 manat pulun Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Dövlət Xəzinədarlığı Agentliyi kod: 2100005, VÖEN **********, müxbir hesabı: AZ41NABZ ********************, SFİFT BİK:CTREAZ22, VÖEN: **********, hesab: AZ34CTRE ********************) ödənilməsi qət olunmuşdur. Cavabdeh1 birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini - birinci instansiya məhkəməsinin qətnaməsinin qismən əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılması, məhkəmə iclasında iştirak etməməsi, kreditin manatla verilməsi, lakin müqavilədə ABŞ dolları ilə yazılması, krediti aldıqdan sonra ölkədə devalivasiyanın, manatın məzənnəsinin azalması, bu halın məhkəmə tərəfindən nəzərə alınmaması, həmçinin ipoteka qoyulmuş əmlakın bazar dəyərinin düzgün müəyyən olunmaması, əmlakın dəyərinin daha artıq olması kimi əsaslandırmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, iddianın qismən, yəni 76726,75 ABŞ dolları əsas borcun tutulması hissəsində təmin olunmasını xahiş etmişdir. İzahatlar, prosessual məsələlər: İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : İlkin olaraq qeyd edilməlidir ki, iddia qismən təmin olunmuş, iddiaçı və digər cavabdeh qətnaməni mübahisələndirməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası məhz Cavabdeh1 apellyasiya şikayəti həddində birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilməlidir ki, iddiaçı ilə Cavabdeh1 arasında müvafiq kredit və ipoteka müqavilələrinin bağlanması, öhdəliyin cavabdeh tərəfindən lazımi qaydada icra olunmaması mübahisələndirilmir. Cavabdeh apellyasiya şikayətində iddianın qismən, yəni 76726,75 ABŞ dolları əsas borcun tutulması hissəsində təmin olunmasını xahiş etmiş, bununla da qətnamə ilə tutulması qət olunmuş 25687,10 ABŞ dolları faiz, 100 ABŞ dolları cərimə hissəsində iddianı qəbul etməmiş, lakin birinci instansiya məhkəməsinin qətnaməsinin həmin hissələrdə əsassızlığının və qanunsuzluğunun nədən barət olmasını əsaslandırmamış, nəyə görə kredit müqaviləsi üzrə faizlərin və cərimənin tutulmalı olmaması ümumiyyətlə əsaslandırmamışdır. Halbuki, işdə olan sənədlərdən (kredit və ipoteka müqaviləsi, ödəniş cədvəli və s.) açıqaydın görünür ki, kreditin verilməsi faizlərlə şərtləndirilmiş, öhdəliyin lazımi qaydada icra olunmaması halında isə cərimənin hesablanması nəzərdə tutulmuşdur. Eyni zamanda işdə olan sübutlardan və məhkəmə mühasibatlıq ekspertizasının xx xxxxxx 2019-cu il tarixli rəyindən görünür ki, birinci instansiya məhkəməsi kredit borcunun məbləğini (eləcə də, faizləri) ekspertiza təyin etməklə də dəqiqləşdirmişdir. Cavabdeh isə bunun əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmiş, ekspertiza rəyinə etirazını bildirməmişdir. Eyni zamanda, birinci instansiya məhkəməsi Mülki Məcəllənin 467-ci maddəsinə əsasən cavabdehin maddi vəziyyətini nəzərə alaraq tələb olunan dəbbə pulunu (cəriməni) azaldaraq 100 ABŞ dolları həddində təmin etmişdir ki, həmin məbləq də əsas borca münasibətdə tənasübsüz deyildir (bu səbəbdən də məhkəmə kollegiyası cərimələrin daha da azaldılmasına zərurət görmür). Cavabdeh apellyasiya şikayətində həmçinin kreditin manatla verilməsini, lakin müqavilədə xarici valyuta ilə yazılmasını göstərmiş, lakin bu istiqamətdə məhkəməyə hər hansı sübut təqdim etməmiş, eyni zamanda keçən uzun müddət ərzində müqaviləni müstəqil qaydada mübahisələndirməmişdir. Həmçinin, qeyd edilməlidir ki, ölkədə devalivasiyanın baş verməsi, maddi vəziyyətinin pisləşməsi ilə bağlı kredit ödənişlərini həyata keçirə bilməməsi cavabdehi müqavilə ilə üzərinə götürdüyü öhdəliklərin icrasından da azad etməmişdir. Mülki Məcəllənin 439.1-ci maddəsinin «pul öhdəliyi manatla ifadə edilməlidir» müddəası kredit (borc) müqavilələri üzrə pul öhdəliklərinin predmetini xarici valyuta da təşkil edə bildiyindən, həmin öhdəliklərdən irəli gələn münasibətlərə şamil olunmur («Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair» X1 xx xxx 2015-ci il tarixli qərarı). Cavabdeh apellyasiya şikayətində, həmçinin ipoteka qoyulmuş əmlakın dəyərinin düzgün müəyyən olunmamasını göstərmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qeyd edilən dəlili ilə də razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. «İpoteka haqqında» Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutma yönəldilməsi haqqında qərarında ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Birinci instansiya məhkəməsində icraat zamanı zərurət yaranlığından ipotekanın dəyərinin obyektiv müəyyən olunması üçün qiymətləndirici dəvət olunmuşdur. İşdə olan «xxxx» MMC-nin sonuncu xx.xx.2020-ci il tarixli LP-008/20 nömrəli hesabatına əsasən Cavabdeh1 mülkiyyətindəki Gəncə şəhəri Nizami rayonu 20 Yanvar küçəsindəki 5 otaqlı, 127,8 kv.m yaşayış, 171,65 kv.m köməkçi sahədən ibarət 71 nömrəli fərdi yaşayış evinin və evin yerləşdiyi 0,06 ha torpaq sahəsinin ilkin satış qiyməti 96000 manat, likvid dəyəri isə 81600 manat müəyyən edilmişdir. Həmçinin qeyd edilməlidir ki, işdə daha iki qiymətləndirmə rəyi vardır və həmin rəylərdə ipoteka qoyulmuş əmlakın bazar dəyəri müvafiq olaraq 90000 manat və 92000 manat müəyyən olunmuşdur. Göründüyü kimi, birinci instansiya məhkəməsi qanunvericiliyin tələblərinə əsasən ipotekanın ilkin satış qiymətinin müəyyən olunması istiqamətində zəruri və obyektiv tədbirlər görmüş, həmçinin ən yüksək qiymət göstərilən «xxxx» MMC-nin xx.xx.2020-ci il tarixli, LP-008/20 nömrəli rəyinə əsasən ipotekanın ilkin satış qiymətini müəyyən etmişdir. Cavabdeh isə apellyasiya şikayətində ipoteka qoyulmuş əmlakın dəyərinin daha artıq olmasını göstərsə də, bununla bağlı hər hansı sübut təqdim etməmiş, formal mülahizələrinə əsaslanmışdır. Göründüyü kimi, cavabdeh etirazının və apellyasiya şikayətinin dəlilləri kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Məcəlləsinin 739-cu maddəsinin tələbinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəlləsinin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə, məhkəmə kollegiyası işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq, hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla, qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı «xxxx» ASC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit müqaviləsinin ləğv edilməsi, borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(004)- 24/2020 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(004)-24/2020 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən (yoxlanılan hissədə) dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-742/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-742/2021
02.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver