Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7423/2020 15.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X13 oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Mitsubishi Outlander” markalı **-TF-*** dövlət qeydiyyat nışanlı avtomobilin alqısatqısından əldə olunan gəlirin Cavabdeh ödənilmiş 1950 manat məbləğində pulun ½ hissəsi, yəni 975 manat məbləğində və 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Xəzər Rayon Məhkəməsinə müraciət etmişdir. Xəzər Rayon Məhkəməsi isə öz növbəsində, 2(003)-473/2019 saylı qətnamə ilə iddia tələbini rədd etmişdir. Cavabdeh birgə nikah dövründə əldə edilmiş Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsi 41 saylı bağ evinin 0,1062 ha torpaq sahəsi ilə birlikdə Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsi 41a saylı 0,11092 ha bağ sahəsinin bölünüb 1/2 hissəsinin onun mülkiyyətinə verilməsi, birgə nikah dövründə alınmış “X16” markalı, **- SL-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin və “Mitsubishi Outlander” markalı **-TF- *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin açıq hərracdan satılması və satış pulunun 1/2 hissəsinin ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(008)-1279/2018 saylı qətnaməsi ilə Cavabdeh iddiası qismən təmin edilmiş, iddiaçının mülkiyyətində olan Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsi 41 saylı bağ evinin 0.1062 ha torpaq sahəsi ilə birlikdə Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsi 41a saylı 0.11092 ha bağ sahəsi, “X16” markalı **-SL-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil birgə nikah dövründə əldə edilmiş əmlak hesab olunaraq iddiaçı ilə cavabdehin arasında bölünərək 1/2 hissəsi üzərində Cavabdeh mülkiyyət hüququ tanınmışdır. Lakin qətnamə qəbul edilərkən “Mitsubishi Outlander” markalı **-TF-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin kimin mülkiyyətində olması məsələsinə toxunulmamışdır. Daha sonra “Mitsubishi Outlander” markalı **-TF-*** dövlət qeydiyyat nömrəli avtomobilin kimin mülkiyyətində olmasına dair məlumat verilməsi üçün Azərbaycan Respublikası Baş Dövlət X14 sorğu göndərilmişdir. Lakin DİN-in BDYPİ-nın xx.xx.2018-ci il tarixli məktubu ilə sorğuya cavab olaraq bildirilmişdir ki, DİN-in BDYPİ-nin Qeydiyyat-İmtahan İdarəsinin kompüter-uçot bazasına görə “Mitsubishi Outlander” markalı 90- TF-242 dövlət qeydiyyat nömrə nişanlı, avtomobil xx.xx.2014-cü ildə iddiaçının adına qeydiyyata alınmışdır. xx.xx.2018-ci il tarixdə isə onun tərəfindən X2 adına verilmiş etibarnamə əsasında həmin avtomobil alqı-satqı müqaviləsi əsasında X7 verilmiş və avtomobil onun adından qeydiyyatdan çıxarılaraq dövlət qeydiyyat nişanı dəyişdirilmədən X5 adına qeydiyyata alınmışdır. Bildirir ki, iddiaçının X2 adına verdiyi etibarnamədə ona avtomobil üzərində sərəncam vermək hüququ verilməmişdir. Daha sonra isə X6 məhkəmə iclasında verdiyi izahatında iddianı qəbul etməmiş və etirazını onunla əsaslandırmışdır ki, o, 2017-ci ilin mart-aprel aylarında “Nikoyl” İKB-da işləmişdir. İddiaçının banka kredit borcu olmuş və ona məxsus “Mitsubishi Outlander” markalı 90-TF242 dövlət qeydiyyat nömrə nişanlı avtomobil bankda ipotekaya qoyulmuşdur. Onun banka 16500 ABŞ dolları məbləğində borcu olmuş, həmin borcun 10000 ABŞ dolları gecikməyə görə hesablanmışdır. Avtomobil yol-nəqliyyat hadisəsi nəticəsində zədələnmiş, avtomobil sığortalı olduğu üçün sığorta şirkəti banka 17000 manat pul ödəmişdir. Həmin pulun 10000 ABŞ dolları gecikməyə görə hesablanmış borcdan çıxılmış, onun banka 6500 ABŞ dolları borcu qalmışdır. Avtomobil yararsız vəziyyətdə olduğundan o, kömək məqsədi ilə onun avtomobilini təmir etdirərək satılmasını, sonradan ona müəyyən məbləğdə pul ödəyəcəyini təklif etmişdir. Avtomobil üç ay təmirdə olmuş, 2017-ci ilin iyun ayında təmirdən çıxmışdır. X6 təmirə 15000 manat xərc çəkmişdir. Bundan sonra o, avtomobilə dair ona etibarnamə vermiş, xx xxxxx 2018-ci il tarixdə o, avtomobili 23000 manata X1. Bu puldan 15000 manatı təmirə çəkilmiş xərc kimi çıxılmış, qalan puldan onun banka olan 6500 ABŞ dolları borcunu ödəmiş, 1950 manat məbləğində pulu isə iddiaçının arvadı Cavabdeh vermişdir. Belə olan halda məlum olur ki, hazırki iddia ərizəsi üzrə cavabdeh qanunsuz olaraq onun avtomobilimi sataraq gəlir əldə etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(008)- 1959/2020 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti iddia ərizəsində göstərilən dəlillərə istinad edilməklə onunla əsaslandırılmışdır ki, məhkəmə prosesində hakim iddia tələbinə dair mötəbər bir sübut olmadığını bildirsə də, elə ən böyük sübut X2 ifadəsidir ki, hakim həmin şəxsin ifadəsinə müraciət etməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı apelyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Belə ki, iş materiallarında olan Xəzər rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(003)-473/2019 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdeh X3 və X7 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Baş Dövlət X15 xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, “Mitsubishi Outlander” markalı **-TF-*** dövlət qeydiyyat nışanlı avtomobil xx.xx.2014-cü il tarixdə İddiaçı adına qeydiyyata alınmış, xx.xx.2018-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında onun adından çıxarılaraq dövlət qeydiyyat nişanı dəyişdirilmədən X5 adına rəsmiləşdirilmişdir. İddiaçı iddia tələbinin əsası kimi “Mitsubishi Outlander” markalı **-TF-*** dövlət qeydiyyat nışanlı avtomobilin alqı-satqısından əldə olunan gəlirdən Cavabdeh 1950 manat məbləğində pul ödənildiyinə, həmin pulun ½ hissəsinin, yəni 975 manatın ona aid olduğuna istinad etmiş, tələbini onunla əsaslandırmışdır ki, həmin avtomobil onların birgə ümumi əmlakı olub və rəsmi nikahda olduqları zaman satılıb. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən işin o hallarına əsaslanmışdır ki, iddiaçı öz iddia tələbinin əsasını təşkil edən halları sübuta yetirə bilməmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə görə nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak da ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinin tələbinə görə ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlararasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.3-cü maddəsinə əsasən nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. İşin müəyyən edilmiş hallarından görünür ki, tərəflərin birgə nikahda olduqları zaman “Mitsubishi Outlander” markalı **-TF-*** dövlət qeydiyyat nışanlı avtomobil əldə etmişlər və avtomobil İddiaçı adına sənədləşdirilmişdir. Sonradan iddiaçı həmin avtomobilə dair X8 adına etibarnamə vermiş, həmin etibarnamə əsasında xx.xx.2018-ci il tarixdə aparılmış alqı-satqı ilə avtomobil X5 adına özgəninkiləşdirilmişdir. Belə olan halda iddiaçının həmin avtomobilin alqı-satqısında cavabdehin iştirak etməsi və alqı-satqı məbləğinin 1950 manat hissəsinin cavabdehə verilməsini iddia etməsini məhkəmə ağlabatan hesab etmir. İddiaçı özü də həmin halı təsdiq edəcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı 1950 manat pulun cavabdehə verilməsini sübut edən hal kimi Bakı şəhər Xəzər rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsində cavabdeh X6 adlı cavabdehin verdiyi izahata istinad etmişdir. Həmin izahatında cavabdeh X.R.Abdulkərimov pulu iddiaçının arvadı Cavabdeh verdiyini bildirmişdir. Bununla bağlı kollegiya qeyd edir ki, iddiaçının istinad etdiyi həmin məhkəmə qətnaməsi iddiaçı X4 cavabdeh X6 və digərlərinə qarşı iddiası üzrə qəbul edilmişdir və bu işdə Cavabdeh tərəf kimi iştirak etməmişdir. Üstəlik, həmin iddia tələbi təmin edilməmişdir. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göründüyü kimi, hazırkı iş üzrə cavabdeh qeyd edilən məhkəmə mübahisəsində tərəf olmadığından, həmin iş üzrə müəyyən edilmiş hər hansı halın hazırkı işdə sübut kimi qəbul edilməsi mümkünsüzdür. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı iddianı iddia tələbinin sübuta yetirilməməsi əsası ilə rədd etməklə düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri həmin qətnamənin ləğv edilməsi üçün əsas deyildir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apelyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğv edilməsi üçün əsas deyildir. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏT ETDİ: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(008)- 1959/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova
Məhkəmə qərarları › İş №2(103)-7423/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7423/2020
15.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver