Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-743/2022 11.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2304/2021 saylı, 18 avqust 2021ci il tarixli qətnaməsindən iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 və cavabdeh Bakı şəhəri 24 saylı Notariat Ofisinə qarşı “icra qeydinin ləğv edilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri 24 saylı Notariat Kontorunun 01 mart 2020-ci il tarixli icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 Bakı şəhəri 24 saylı Notariat kontoruna müraciət edərək ondan 11.700 (on bir min yeddi yüz) manat pulun alınıb banka ödənilməsi barədə icra qeydinin çıxarılmasını xahiş etmişdir. 01 mart 2020-ci ildə notariat kontoru tələbə uyğun olaraq icra qeydi çıxarmış, icra edilməsindən ötrü Masallı rayon İcra və Probasiya şöbəsinə göndərmişdir. O, X1 11.000 (on bir min) manat faizlə pul almışdır. 2016-cı il tarixdə o, aldığı pulun faizini ayda 1100 (min yüz) manat olmaqla iki il ödəmişdir. Demək olar ki, iki il ərzində X2 26.400 (iyirmi altı min dörd yüz) manat pul ödəmişdir. O, X5 ilə görüşüb bildirmişdir ki, borcunu bağlasın, əvəzində isə onu hədələyərək dəfələrlə evinə adam gətirib pul tələb etmiş, zorla 06.02.2018-ci il tarixdə Sabunçu rayonunda 24 saylı Notariat Kontoruna apararaq qardaşı Cavabdeh2 ilə borc müqaviləsi bağlatdırmışdır. Ona heç bir pul məbləği vermədən 11.700 (on bir min yeddi yüz) manat pula borc müqaviləsi bağlamışdır. İcra qeydinə əsasən Masallı rayon İcra və Probasiya şöbəsinə çağırılmış, 1000 manat qəbzsiz və 1300 manat qəbzlə pul ödənişi etmişdir. Onun nə cavabdehə, nədəki qardaşına heç bir borcu yoxdur. Ötən müddət ərzində 28.700 (iyirmi səkkiz min yeddi yüz) manat pulu ödəmişdir. İşə birinci instansiya məhkəməsində baxılarkən cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “borc tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı kredit müqaviləsinə görə qalan 9600 manat borc pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, 06 fevral 2018-ci il tarixdə İddiaçı ilə aralarında kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı 11.700 (on bir min yeddi yüz) manat məbləğində pulu ondan almış və 01.06.2018-ci il tarixədək həmin pulu qaytarmağı öhdəsinə götürmüşdür. Lakin bu günə kimi həmin borcdan cəmi 2.100 (iki min yüz) manat pul qaytarmışdır. Həmçinin İddiaçı Masallı rayon icra şöbəsində də izahat verərək borcunu etiraf etmişdir. Bu günə İddiaçı borcu 9.600 (doqquz min altı yüz) manat təşkil edir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2304/2021 saylı, 18 avqust 2021ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh2 qarşı “Bakı şəhəri 24 saylı Notariat Kontorunun 01 mart 2020-ci il tarixli icra qeydinin ləğv edilməsi” tələbinə dair ilk iddiasının rədd edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi, İddiaçı 9.600 manat borc pulun tutularaq, Cavabdeh2 xeyrinə ödənilməsi, İddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumunun onun özünə aid edilməsi, Cavabdeh2 tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı tutularaq, Cavabdeh2 ödənilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2304/2021 saylı, 18 avqust 2021-ci il tarixli qətnaməsi qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuşdur. Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallarla məhkənin bu halları təsdiq etmək üçün istinad etdiyi sübutlar arasında uyğunluq əlaqəsi qətnamənin əsaslılığının şərtlərindən biridir. O, cavabdehdən 11.000 (on bir min) manat faizlə pul almışdır. 2016-cı il tarixində o aldığı pulun faizini ayda 1100 (min yüz) manat olmaqla iki il ödəmişdir. Demək olar ki, iki il ərzində X2 26.400 (iyirmi altı min dörd yüz) manat pul ödəmişdir. O, İlqar Muxtarov hədələyərək dəfələrlə evinə adam gətirib pul tələb etmiş, 08.02.2018-ci ildə Sabunçu rayon 24 saylı Notariat Kontoruna apararaq zorla 11.700 manat borc nüqaviləsi bağlamışdır. Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən hallar dedikdə işdə olan sübutlara əsasən məhkəmənin müəyyən etdiyi və qətnamənin əsaslandırıcı hissəsində göstərdiyi hallar başa düşülür. Mənkəmə bu halları müəyyən etməklə hər hansı faktın olduğu və ya olmadığı və ya tərəflərin göstərdiyindən fərqli məzmunda mövdcud olduğu nəticəsinə gəlir. Apelyasiya şikayətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 2304/2021 saylı, 18 avqust 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, ilk iddia tələbinin təmin edilməsi və qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə məhkəmə iclasında baxılmasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 və ilk iddia üzrə cavabdeh Bakı şəhəri 24 saylı Notariat Ofisinin notariusu məhkəmə iclasına gəlməmişlər və cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Bakı şəhəri 24 saylı Notariat Ofisinin notariusu məhkəməyə məktub göndərərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən həmim şəxsin iştirаkı оlmаdаn işə baxılmasını mümkün hesab etmişdir. Apelyasiya məhkəməsinin iclasında, iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia ərizəsində göstərdiklərinə və tərəfindən verilmiş apelyasiya şikayətinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2304/2021 saylı, 18 avqust 2021-ci il tarixli qətnaməsinin qismən ləğv edilməsi, ilk iddia tələbinin tam təmin edilməsi, qarşılıqlı iddia tələbinin isə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini, ilk iddia tələbinin təmin edilməsini və qarşılıqlı iddia tələbinin rədd edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Məhkəmə kollegiyası iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı çıxışını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Bеlə ki, iş matеriallarında olan, borc verən Cavabdeh2 ilə borc alan İddiaçı arasında Bakı şəhəri 24 saylı notariat kontorunda bağlanmış 06 fevral 2018-ci il tarixli, reyestrdə 3M-46 № ilə qeyd edilib, informasiya sisteminə daxil edilmiş kredit müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh2 01.06.2018-ci il tarixədək qaytarmaq şərti ilə 11.700 manat pul borc almışdır.(İ.vər. 5) İş materiallarında olan, Masallı Rayon İcra və Probasiya şöbəsi tərəfindən İddiaçı ünvanlanmış 22 may 2020-ci il tarixli bildirişdən görünür ki, “Asan xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş 8i-4340 saylı, 01 mart 2020-ci il tarixli icra qeydinə əsasən borclu İddiaçı cəmi 11720 manat pul tutularaq, Cavabdeh2 hesabına ödənilməlidir. İcra sənədinin icrası heç bir üzrlü səbəb olmadan təmin edilmədiyi üçün İddiaçı barəsində inzibati protokol tərtib olunaraq, baxılması üçün Masallı rayon məhkəməsinin qərarı ilə İXM-nin 528.1-ci maddəsi ilə daşıyacağı məsuliyyət və ölkədən getmək hüququnun məhdudlaşdırılacağı izah edilmişdir. “İcra haqqında” qanunun tələblərinə müvafiq olaraq, icra sənədində nəzərdə tutulmuş tələbi təmin etməyi tələb olunmuşdur.(İ.vər. 4) İş materiallarında olan, Masallı Rayon İcra və Probasiya şöbəsinin 34761/20 saylı, 05.07.2021-ci il tarixli məktubundan görünür ki, “Asan xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş 8İ-4340 saylı, 01 mart 2020-ci il tarixli icra qeydinə əsasən borclu İddiaçı cəmi 11.720 manat məbləğində pul tutularaq Cavabdeh2 hesabına ödənilməlidir. İcra sənədi 02 mart 2020-ci il tarixdə Masallı rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş, 02 mart 2020-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. İcra işi üzrə borclu İddiaçı könüllü icra üçün verilmiş müddətdə tələbi təmin etmədiyindən məcburi icra tədbirlərinin tətbiqi üçün əsas yaranmışdır. İcra sənədində göstərilən tələbi təmin etmək məqsədilə borclunun əmlak vəziyyətinin və gəlirlərinin öyrənilməsi ilə bağlı müvafiq orqanlara sorğular göndərilmiş, borcluda tələbin yönəldilə biləcəyi hər hansı bir əmlak və gəlirlər aşkar olunmamışdır. Aparılmış icra hərəkətləri nəticəsində borclu İddiaçı ümumilikdə 1100 manat məbləğində pulu tələbkar Cavabdeh2 ödəmişdir. İcra qeydi icraata daxil olmamışdan əvvəl borclu İddiaçı 1000 manat məbləğində pulu tələbkar Cavabdeh2 ödədiyini bildirmişdir. Eyni zamanda tələbkar Cavabdeh2 1000 manat məbləğində pulun borclu tərəfindən ödənildiyini təsdiq etmişdir. Borclu İddiaçı Masallı rayon İcra və Probasiya şöbəsi tərəfindən ona ünvanlanan rəsmi çağırışlara gəlmədiyindən və borclunun yeri məlum olmadığından onun barəsində Masallı rayon İcra və Probasiya şöbəsi tərəfindən 29.01.2021-ci il tarixdə borclunun axtarılması haqqında qərar qəbul edilərək icra edilməsindən ötrü Masallı rayon Polis şöbəsinə göndərilmiş və borclu İddiaçı barəsində, həmin şöbədə 12.02.2021-ci il tarixdə, 640493 nömrəli axtarış işi açılmışdır. İcraat zamanı məlum olmuşdur ki, borclu İddiaçı Sabunçu rayon Məhkəməsində “Asan xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş 8İ-4340 saylı, 01 mart 2020-ci il tarixli icra qeydinə qarşı iddia qaydasında mübahisə qaldırmışdır. “İcra haqqında” AR qanununun 17.1.4-cii maddəsinə əsasən icra sənədinə dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırıldığından, 19.02.2021-ci il tarixdə icra sənədi üzrə icraatın dayandırılması barədə qərar qəbul edilmişdir. Eyni zamanda borclu İddiaçı barəsində olan axtarış işinə xitam verilməsi barədə məktub, 19.02.2021-ci il tarixdə Masallı rayon Polis şöbəsinə göndərilmişdir.(İ.vər. 48) Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib ilk iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu və ya borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq edirsə və tələb etmək hüququnun yarandığı gündən üç ildən çox keçməmişsə, idarə, müəssisə və təşkilatlar arasındakı münasibətlərdə isə bir ildən çox keçməmişsə aparılır. Barəsində icra qeydi verilən tələb üçün qanunla başqa müddət müəyyən edilmişsə, icra qeydi bu müddət həddində verilir. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli, 167 saylı qərarı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 161-ci bəndinə əsasən borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 sentyabr 2000-ci il tarixli, 156 saylı qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda qeyd olunur ki, pulun ödənilməsini, əmlakın qaytarılmasını və ya verilməsini tələb edən notariat qaydasında təsdiq olunmuş əqdlər üzrə icra qeydinin aparılması üçün notariat qaydasında təsdiq edilmiş əqdin əsli; ödəniş müddətinin keçirilməsi (əmlakın qaytarılması və ya verilməsi) haqqında notarius vasitəsi ilə kreditorun borcluya göndərdiyi yazılı bildiriş təqdim olunur. İş materialları ilə müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh2 arasında 06.02.2018-ci il tarixdə kredit müqaviləsi bağlanmış və müqavilə bağlanan zaman tərəflərin hüquq və vəzifələri, notariat hərəkətlərinin aparılmasının hüquqi nəticələri barədə xəbərdarlıq edilmiş, şəxsiyyətləri müəyyən edildikdən sonra heç bir təzyiq olmadan tərəflər müqaviləni imzalamışlar. Borc mübahisəsiz olduğundan, borclunun tələbkar qarşısında məsuliyyəti təsdiq edildiyindən, həmçinin kreditorun ödəniş müddətinin keçirilməsi haqqında yazılı bildiriş borcluya göndərildikdən sonra Bakı şəhəri 24 saylı notariat ofisinin notariusu tərəfindən 01 mart 2020-ci il tarixdə borclunun qeydiyyatda olduğu yer üzrə (Masallı rayon İcra və Probasiya şöbəsi) icra qeydi aparılmışdır. Birinci instansiya məhkəməsi tədqiq edilən sübutları araşdıraraq belə nəticəyə gəlmişdir ki, Bakı şəhəri 24 saylı notariat ofisinin notariusu tərəfindən aparılmış 01 mart 2020-ci il tarixli icra qeydi qanunvericiliyin tələblərinə uyğun verildiyindən və tərəflərin hüquqlarının pozulması halları aşkar edilmədiyindən icra qeydinin ləğv edilməsinə dair ilk iddia rədd edilməlidir. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab edir. Məhkəmə kollegiyası qarşılıqlı iddia tələbi üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbinə münasibətdə belə nəticəyə gəlmişdir ki, 01 mart 2020-ci il tarixli icra qeydinin verilməsinə əsas olan 06.02.2018-ci il tarixli kredit müqaviləsi hər iki tərəfin, yəni İddiaçı ilə Cavabdeh2 müqavilə azadlığı, sərbəst iradəsi ilə bağlanılmış və həmin müqaviləyə əsasən Cavabdeh2 İddiaçı 11.700 manat məbləğində pul borc vermiş, borc alan İddiaçı krediti 01 iyun 2018-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş İddiaçı izahatından da göründüyü kimi, o, Cavabdeh2 borcu olduğunu etiraf etmiş, lakin müqavilə üzrə üzərinə düşən öhdəliklərini tam yerinə yetirməmişdir. Məhz bu səbəbdən qarşılıqlı iddia tələbi təmin edilərək, İddiaçı 9600 manat borc pul tutularaq, Cavabdeh2 xeyrinə ödənilməlidir. Məhkəmə kollegiyası qarşılıqlı iddia tələbi üzrə birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni də qanuni və əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işguzar adətlərə və ya adətə irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Beləliklə, aparılmış apaşdırma nəticəsində müəyyən edilmişdir ki, Cavabdeh2 İddiaçı 11.700 manat məbləğində borc pul vermiş və həmin borcun yalnız 2.100 manat hissəsi qaytarılmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, yuxarıda qeyd edilən sübutlara və maddi hüquq normalarına əsaslanaraq birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı kredit müqaviləsi üzrə borc məbləğini almaq hüququna malik olduğu kimi yaranmış borcu ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apelyasiya şikayətində cavabdehdən 11.000 (on bir min) manat faizlə pul aldığını, 2016-cı ildə aldığı pulun faizini ayda 1100 (min yüz) manat olmaqla iki il ödədiyini, iki il ərzində X2 26.400 (iyirmi altı min dörd yüz) manat pul ödədiyini, İlqar Muxtarovun onu hədələyərək pul tələb etdiyini, 08.02.2018-ci ildə Sabunçu rayon 24 saylı Notariat Kontoruna apararaq zorla onun qardaşı Cavabdeh2la 11.700 manat borc müqaviləsi bağlatdırdığını bildirsə də, göstərilən hallarla bağlı məhkəmə kollegiyasına heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apelyasiya şikayətində göstərilən digər dəlillər də birinci instansiya məhkəməsinin qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından, həmin dəlilərə münasibət bildirməyi zəruri hesab etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara оbyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sоnra həmin sübutlara tətbiq edilməli hüquq nоrmalarına müvafiq оlaraq qiymət verir. Məhkəmə kоllegiyası hesab edir ki, apelyasiya şikayətlərində sadalanan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas оla bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kоllegiyası, iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apelyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun оlaraq araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prоsessual hüquq nоrmalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Оna görə də məhkəmə kоllegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni, əsaslı və ədalətli оlduğundan, işdə, həmçinin apelyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar оlmadığından, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2304/2021 saylı, 18 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən, iş üzrə verilmiş apelyasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2304/2021 saylı, 18 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-743/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-743/2022
11.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver