Məhkəmə qərarları › İş №2(103)-7430/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7430/2022

07.12.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7430/2022 07.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Babayeva Natavan Muxtar qızına, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: mənzildən çıxarılma və mənzillərin açıq hərracda satılması) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-66/2022 saylı 26 may 2022-ci il tarixli qətnaməsindən cavabdeh Babayeva Natavan Muxtar qızı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli, 90 nömrəli “Hərracın yekunları barədə protokol”dan görünür ki, Nəsimi rayon İcra şöbəsinin sifarişi, "xxxx" MMC-nin təşkilatçılığı ilə xx.xx.2019-cu il tarixdə Rabinoviç Aleksandr Abramoviçə məxsus Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 137 saylı evin 68a saylı mənzili ilə əlaqədar hərrac keçirilmiş, mənzil 55.000 manata İddiaçı tərəfindən alınmışdır.

2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, b. 137, mənzil 68a tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Babayeva Natavan Muxtar qızı, Cavabdeh2, Cavabdeh3 digər ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 137 saylı evin, 68a saylı mənzilindən çıxarılmaları və Bakı şəhəri, Nəsimi rayon Nizami küçəsi 137 saylı evin 68 və 68a saylı mənzillərinin açıq hərracda satılmaqla satış pulunun ümumi mülkiyyətçilərin arasında paylarına mütənasib surətdə bölüşdürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Rabinoviç Aleksandr Abramoviçə məxsus Bakı şəhəri Nizami küçəsi -137 saylı evin ümumi sahəsi 23,0 kv.m, yaşayış sahəsi 13,6 kv.m olan bir otaqlı 68a saylı mənzilini Bakı şəhəri 29 saylı Dövlət Notariat Kontorunda bağlanmış xx.xx.1997-ci il tarixli 3MA/323 reyestr saylı alqı-satqı müqaviləsinə əsasən almış və mənzil adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilərək iddiaçıya Bakı şəhəri Tİ və MHQİ tərəfindən xx.xx.1997-ci il tarixli qeydiyyyat vəsiqəsi verilmişdir. Bakı şəhəri, Nizami küçəsi 137 saylı evin ümumi sahəsi ümumi sahəsi 42,5 kv.m, yaşayış sahəsi 32,7 kv.m olan iki otaqlı 68 saylı mənzili isə xx.xx.1992-ci il tarixdən Babayeva Natavan Muxtar qızının mülkiyyətindədir. Mənzillərin kommunal xidmət sahələri (mətbəx, ön giriş, hamam, tualet) ümumi olmaqla hər ikisinə məxsus idi. Cavabdehlər F. Ağamalıyevaya məxsus olan mənzili könüllü olaraq istifadəsinə verməkdən imtinaetdiklərinə görə, mülkiyyətində olan mənzilin özgənin qanunsuz sahibliyindən geri tələb edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etdib. Babayeva Natavan Muxtar qızı qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Bakı şəhəri, Nizami küçəsi 137 saylı evin ümumi sahəsi 42,5 kv.m, yaşayış sahəsi 32,7 kv.m olan iki otaqlı 68 saylı mənzili xx.xx.1992-ci il tarixdən onun mülkiyyətindədir və Bakı şəhəri Nizami küçəsi 137 saylı evin ümumi sahəsi 23,0 kv.m, yaşayış sahəsi 13,6 kv.m olan bir otaqlı 68a saylı mənzili də 1992-ci ildən onların istifadəsində və sahibliyindədir. Hər iki mənzil məhdud kommunal şəraitlidir və mənzilə dair alqı-satqı müqaviləsi bağlanan zaman ona hər hansı bir formada məlumat verilməmiş və həmin mənzili almaqda üstünlük hüququ pozulmuşdur. Bu səbəbdən, alqı-satqı müqaviləsi etibarsız hesab edilməli və qeydiyyat vəsiqəsi ləğv edilməlidir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(006)-202/2011 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmiş, Babayeva Natavan Muxtar qızı və digərlərinin iddiaçıya qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, qeydiyyat vəsiqəsinin ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddiası təmin edilmiş və onun həmin mənzilə mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydi isə ləğv edilmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(006)-202/2011 saylı qətnaməsi əsasında mənzilin alqı-satqı müqaviləsinin ləğv edilməsi ilə bağlı olaraq ödənişlərin qaytarılması və dəymiş ziyanın ödənilməsi barədə iddia tələbi ilə yenidən məhkəməyə iddia tələbi ilə müraciət etdi. İddia tələbinin icrasının təmin edilməsi ilə bağlı, məhkəmənin 8(001)-8305/2015 saylı, 01 dekabr 2015-ci il tarixli qərardadı ilə borclu Rabinoviç Aleksandr Abramoviçin mülkiyyətində olan Bakı şəhəri, Nizami küçəsi ev 137 saylı evin ümumi sahəsi 23,0 kv.m, yaşayış sahəsi 13,6 kv.m olan bir otaqlı 68a saylı mənzilin üzərinə həbs qoyulmuş və mənzilin qiymətləndirilməsi üçün tikinti-texniki ekspertiza təyin edilmişdir. Əmlakın qiymətləndirilməsi barədə "xxxx" MMCnin, 03 mart 2016-ci il tarixli, ƏEM/M01-075/16 nömrəli ekspert hesabatına əsasən borclu Rabinoviç Aleksandr Abramoviçin mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu Nizami küçəsi, 137 saylı evin 68 "a" saylı mənzilinin bazar dəyər qiyməti 55000 (əlli beş min) manat müəyyən edİlmişdir. Nəsimi rayon məhkəməsinin 2(006)-371/2016 saylı 01 aprel 2016-ci il tarixli qətnaməsinə əsasən Rabinoviç Aleksandr Abramoviçdən 55000 (əlli beş min) manat məbləğində pul tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qərar qəbul edilmişdir. “İcra haqqında”qanunun 53.2-ci maddəsinə əsasən borclu A.Rabinoviçin əmlakı Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulduğu qaydada yəni hərracda satılması üçün "xxxx" MMC-yə göndərilmişdir. "xxxx" MMC-də , Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 137 saylı evin 68 "a" saylı mənzili dəfələrlə açıq hərraca çıxarılsa da, iştirakçısı olmadığından və hərrac baş tutmadığından, tələbkar kimi 14 İyun 2019 tarixdə keçirilmiş açıq hərracda iştirak edərək mənzili təyin edilmiş 55000 (əlli beş) min manata almağa razılığını bildirdikdən sonra hərracın yekun protokolu ona verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi uyğun olaraq "xxxx" MMC-nin 14 iyun 2019-cu il tarixdə keçirilmiş hərrac protokolu əsasında Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi,137 saylı evin mənzil 68 "a” 27 sentyabr 2019-cu il tarixdən qeydiyyat nömrəsi ********** olmaqla ümumi sahəsi 23 kv.m olan mənzilə xüsusi mülkiyyət kimi iddiaçının adına Dövlət reyestrindən çıxarış təqdim olunmuşdur. Məhkəmədə mənzili almaqda olan üstünlük hüquqları olduqlarını göstərən Babayeva Nalavan Muxtar qızı və digərləri isə sonradan keçən 8 il müddətində də qanunsuz zəbt etdikləri həmin mənzili almaqda olan üstünlük hüquqlarından nədənsə istifadə etməmiş və dəfələrlə açıq hərraca çıxarılmış həmin mənzili isə almamışlar. Mülkiyyətində olan mənzilin 22 ildən artıq bir müddətdə qanunsuz istifadəsindən isə yalnız bəhrələnməklə ona maddi zərər vurmaq niyyətində olmuşlar. Bundan əlavə Mülki Məcəllənin 220.3-220.5-cimaddələrində paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ondan payın ayrılması qaydaları müəyyən edilmişdir. Mənzillərin kommunal xidmət sahələri (mətbəx, ön giriş, hamam, tualet) ümumi olmaqla hər ikimizə məxsus olduğunu və daşınmaaz əmlak kimi tikinti- texniki cəhətdən paylara uyğun olaraq bölünməsi mümkünsüz olduğunu və cavabdehlər tərəfindən mənə məxsus bir otağlı 68a mənzili satın almağdan imtina etdiklərini nəzərə alaraq və paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədiyindən məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilməlidir.

5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-66/2022 saylı 26 may 2022ci il tarixli qətnaməsi ilə (hakim Cəmilə Musayeva) iddianın qismən təmin edilməsi, Babayeva Natavan Muxtar qızı, Cavabdeh2 və Cavabdeh3 İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi 137 saylı evin 68a saylı mənzilindən çıxarılması, iddianın digər hissədə rədd edilməsi, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 10 manatın 5 manatı cavabdehlər Babayeva Natavan Muxtar qızı, Cavabdeh2 və Cavabdeh3 alınaraq İddiaçı ödənilməsi qət edilmişdir.

6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29cu maddələrinə, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolunun 1-ci maddəsinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.5, 157.1-ci, 157.2, 157.4, 220 və 221-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

7. Qətnamədən cavabdeh Babayeva Natavan Muxtar qızı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə məhkəmələrdə baxılarkən mübahisəli yaşayış sahəsinin mülkiyyətçisi olan Rabinoviç Aleksandr Abramoviçi nəinki tapmaq, habelə onun şəxsiyyətin müəyyən etmək, onu tanıyan belə bir şahid olmamışdır. Bundan sonra Babayeva Natavan Muxtar qızı Rabinoviç Aleksandr Abramoviçin axtarışına başlamış və bu nəticə vermədiyi üçün məhkəməyə müraciət edilmışdir. Rabinoviç Aleksandr Abramoviçin itkin düşməsi faktının araşdırılması ilə bağlı Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuşdur ki, bu şəxs ümumiyyətlə Azərbaycan Respublikasınında qeydiyyatda olmamış və onun ölkəmizdə yaşaması da müəyyən edilməmişdir. Dövlət Notariat Arxivindən verilmiş xx.xx.2019-cu il tarixli, xx/xx-1539\14 saylı məktubdan görsənir ki, Bakı şəhəri 1 saylı Dövlət Notariat Ofisi tərəfindən arxivə təhvil verilmiş 1994-cü ildə aparılmış daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair müqavilənin qeydə alındığı reyestr kitablarına baxış keçirilərkən Rabinoviç Aleksandr Abramoviç barəsində müqavilənin rəsmiləşdirilməsinə dair qeydiyyat aparılmadığı müəyyən edilmişdir. Bunun əsasında hesab edir ki, 03 iyun 1994-cü il tarixli Nəsimi rayon İcra Hakimiyyəti Nümayəndəsi ilə Rabinoviç Aleksandr Abramoviç adlı şəxs arasında bağlanmış 3M-248 reyst nömrəli vətəndaşlara əvəzsiz olaraq mənzillərin verilməsi haqqında müqavilə qeydiyyata alınmamışdır. Digər bir tərəfdən Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialından, Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal T əsərrüfatı Departamentindən və Bakı şəhər Nəsimi Rayon İcra Hakimiyyəti MənzilKommunal T əsərrüfatı Birliyindən aldığımız sorğu məktublarına caba olaraq bildirilmişdir ki, Rabinoviç Aleksandr Abramoviçə aid mühafizə (bron) şəhadətnaməsinin olması haqqında onlarda məlumat yoxdur və aşkar edilməmişdir. Yəni Rabinoviç Aleksandr Abramoviçə aid mühafizə (bron) şəhadətnaməsi də qeydiyyata alınmamışdır. İddiaçı Məmməd Tağıyevanın Bakı şəhəri Nəsimi rayon məhkəməsinə təqdim etdiyi iddia ərizəsinə əsasən müəyyən edimışdir ki, mübahisəli yasayış sahəsi ilə bağlı "xxxx"MMC-də keçirilmiş hərrac nəticəsində mübahisəli mənzil 55000 manata hərracda satılmış və xx.xx.2019-cu ildə həmin yaşayış sahəsinə İddiaçı adına ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Bundan başqa həmin mülki iş materalları ilə tanışlıq zamanı müəyyən edildi ki, cavabdeh "xxxx" MəhdudMəsuliyyətli Cəmiyyətinin təşkilatçılığı ilə 14 iyun 2019-cu il tarixdə keçirilmiş hərrac nəticəsində ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi vətəndaş (tələbkar) İddiaçı hərracın yekunları barədə 90 nömrəli protokol tərtib edilməklə satılmış və sonradan həmin sahəsinə dair çıxarış almışdır. Cavabdeh Natavan Babayevanın yaşadığım mənizilin bir hissəsinin hərracda satılması ilə bağlı iş üzrə də onun ümumi paylı mülkiyətçi kimi hüquqlarım pozulmuş və həmin iş üzrə də Nərimanov rayon məhkəməsində araşdırma gedir. Bundan başqa Babayeva Natavan Muxtar qızı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə müraciət edərək,Nəsimi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1994-cü il tarixli 359\59 saylı sərəncamının və 03 iyun 1994-cü il tarixli Nəsimi rayon İcra Hakimiyyəti Nümayəndəsi ilə Rabinoviç Aleksandr Abramoviç adlı şəxs arasında bağlanmış 3M-248 reyst nömrəli vətəndaşlara əvəzsiz olaraq mənzillərin verilməsi haqqında müqavilənin, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin Rabinoviç Aleksandr Abramoviçin adına daşınmaz əmlakın dövlət reyestrində dövlət qeyydiyatina alınmasına dair çıxarışın və həmin yaşayış sahəsinin İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində dövlət qeyydiyatina alınmasına dair reyest nömrəsi **********16-05101-093047, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2019 olan çıxarışın etibarsız hesab edilərək ləğv edilməsi barədə qətnamə çıxarasını xahiş etmişdir və həmin iş üzrə də yekun məhkəmə aktı qəbul edilməmişdir. Belə ki, mülki iş materiallarında olan məhkəmə qətnamələrinə əsasən işin görsənən halı ondan ibarətdir ki, vaxtilə iş üzrə İddiaçı cavbdehə məxsus olan mənzilin bir hissəsinə qanunsuz və əsassız hüquq əldə etməklə, bir giriş qapısı və sanitar qovşağı olan mənzilə hüquq əldə etməklə cavabdeh Natavan Babyevanın və onun ailə üzvlərinin haqları pozmuşdur. Burada məhkəmənin səhv nəticəyə gəlməsinə səbəb odur ki, iddiaçı ilə cavabdehlər arasında olan başqa mülki işələr üzrə yekun məhkəmə aktları olmadan (iş üzrə icraatı dayandırmadan) və həmin işi üzrə qəbul ediləcək məhkəmə aktlarında qeyd edilən halları əsas götürməklə işi araşdırmamış və məsələyə prediyusiual baxımından heç bir hüquqi qiymət verməmişdir. İddiaçı ilə cavabdeh arasında olan bütün münasibətlər aşkar və aydın olduğu halda bunu görmək belə istəməmişdir. Bundan başqa tərəflər arasında Nərimanov Rayon Məhkəməsində hakim Solmaz Ədilovanın icraatında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təşkilatçılığı ilə 14 iyun 2019-cu il tarixdə keçirilmiş hərrac nəticəsində ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi vətəndaş (tələbkar) İddiaçı satılması bağlı hərracın yekunları barədə 90 nömrəli protokolun və xx.xx.2019-cu ildə cavabdeh İddiaçı adına həmin yaşayış sahəsi üçün verilmiş ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış etibarsız hesab edilərək ləğv eilməsi barədə iddia tələbi vardır, və həmin iş baxılıb həll edilmədən bu işin baxılması mümkün deyildir. Hesab edir ki, bu işlər baxılıb həll edilmədən, işlər üzrə yekun qərar qəbul edilmədən və məsələyə son hüquqi qiymət verilmədən bu iddia tələbinə baxıla bilməz. Lakin məhkəmə iş üzrə icraatı dayandırmamış və iş üzrə qətnamə qəbul etmişdir. Məhkəmə qətnaməsi yalnız qarşı tərəfin mövqeyini əks etdirməklə qeyri obyektivdir. Belə ki, cavabdehin 1991-ci ildən ailə üzvləri ilə yaşadığı, təmir etdirərək səliqədə saxladığı, bir giriş qapısı, dəhlizi və sanitar qovşağı olan mənzilin bir hissəsi qanunsuz olaraq iddiaçıya verilmişdır. Bütün bu məsələlər araşdırılmamış, eləcə də başqa məhkəmələrin icraatında olan işlər mahiyyəti üzrə baxılmadan və cavabdehin əleyhinə ədalətsiz bir qərar qəbul etmişdir. Belə ki, mülki iş məhkəmənin səhv nəticəyə gəlməsinə səbəb odur ki, iddiaçı ilə cavabdehlər arasında olan və cinayət işi üzrə qəbul edilmiş məhkəmə aktlarında qeyd edilən halları ümumiyyətlə araşdırmamış və məsələyə preydiyusial baxımından heç bir hüquqi qiymət də verməmişdir. İddiaçı ilə cavabdeh arasında olan bütün münasibətlər aşkar və aydın olduğu halda bunu görmək belə istəməmiş, bir mənalı olaraq işə qeyri obyektiv yanaşaraq ədalətsiz qərar qəbul etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

10. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

11. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.

12. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi

13. Maddə 152.1 mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

14. Maddə 152.5 mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

15. Maddə 157.1, 157.2 və 157.4 əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

16. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

18. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

19. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

20. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

23. Cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş etsə də, iddia tələbi təmin olunmayan hissəsində qətnamə mübahisələndirmədiyindən hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız iddia tələbinin təmin edilməsi hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Başqa sözlə, qətnamə iddia tələbinin təmin edilməməsi hissəsində hazırki apellyasiya baxışı çərçivəsində yoxlanılmır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-66/2022 saylı 26 may 2022-ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

25. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.

26. Kollegiya qeyd edir ki, iddiaçı mənzilin mülkiyyətçisi olduğundan müvafiq iddia tələbi irəli sürmək üzrə subyektiv hüquqa malikdir. Bu halda iddiaçının subyektiv hüququnun pozulub-pozulmaması, cavabdehlərin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalı və hazırki iddianın hüquqi dəyərləndirilməsi Mülki Məcəllənin 157.2-ci maddəsi ilə bağlı müddəalarının tələbləri daxilində aparılmalıdır.

27. Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı üçün zəruri şərtdir.

28. Yuxarıda qeyd edilən normalarda mülkiyyət hüququnun müdafiəsinin əşya hüquqi vasitələri təsbit edilmişdir. Bu vasitələr onunla xarakterizə olunur ki, onlar mülkiyyət hüququnun mütləq subyektiv hüquq kimi müdafiəsinə istiqamətlənib, hər hansı bir konkret öhdəliklə bağlı deyildir. Əşya-hüquqi iddialara aşağıdakılar aiddir: əmlakın başqasının qanunsuz sahibliyindən tələb edilməsi barədə iddia (vindikasiya iddiası); sahiblikdən məhrum etmə ilə bağlı olmayan pozuntuların aradan qaldırılması ilə haqqında iddia (neqator iddia); mülkiyyət hüququnun tanınması haqqında iddia.

29. Mülki Məcəlləninnin 157.2-ci maddəsində mülkiyyət hüququnun vindikasiya iddiası vasitəsi ilə müdafiəsi nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

30. Vindikasiya iddiası dedikdə, əmlaka sahiblik etməyən mülkiyyətçinin, əmlakın faktiki sahibinə qarşı yönəlmiş, əmlakın naturada qaytarılması barədə müqavilədənkənar tələbi başa düşülür. Qüvvədə olan qanunvericiliyə görə vindikasiya iddiasının irəli sürülməsi üçün aşağıdakı şərtlər eyni zamanda mövcud olmalıdır. - iddiaçı əmlakın mülkiyyətçisi olmalıdır; - mülkiyyətçi öz əmlakı üzərinə faktiki sahiblikdən məhrum olmalıdır; - mülkiyyətçinin məhrum olduğu əmlak naturada mövcud olmalıdır və başqa şəxsin faktiki sahibliyində olmalıdır; - vindikasiya iddiası qaydasında yalnız fərdən-müəyyən olunan əşya tələb oluna bilər, yəni bu iddia mülkiyyətçinin sahibliyindən çıxmış, məhz həmin əşyanın qaytarılmasına istiqamətlənir; - cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır.

31. İddiaçının əmlakın mülkiyyətçisi olması, onun həmin əmlak üzərində faktiki sahiblikdən məhrum olması və cavabdehlərin əşyaya sahiblik hüquqlarının olmaması işin mübahisələndirilməyən hallarıdır.

32. Məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 137 saylı evin, 68a saylı mənzili mülkiyyət hüququ ilə iddiaçıya keçdiyindən, cavabdehlərin iddiaçının mülkiyyətinə keçmiş mənzildə qalmaları sonuncunun mülkiyyət hüququnu məhdudlaşdırdığından onlar həmin mənzildən çıxarılmalıdır. Belə ki, cavabdehlərin həmin mənzildə yaşamalarına hüquqi əsas ola biləcək hər hansı bir hal müəyyən edilməmişdir.

33. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində göstərilən dəlillər əsaslı sayıla və təmin oluna bilməz. Belə ki, "xxxx" MMC-nin təşkilatçılığı ilə xx.xx.2019-cu il tarixdə keçirilmiş açıq hərracda Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 137 saylı evin 68a saylı mənzili İddiaçı tərəfindən əldə edilmiş, onun mübahisəli mənzilə dair mülkiyyət hüququ Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır. Lakin buna baxmayaraq, cavabdehlər həmin mənzildə qalmaqda davam edirlər. Cavabdeh apellyasiya şikayətində hazırda hərracın yekunları barədə protokolun və cavabdehin adına verilmiş çıxarış etibarsız hesab edilərək ləğv edilməsi barədə iddia tələbi hazırda Nərimanov Rayon Məhkəməsinin icraatında olduğunu qeyd etsə də, bu halı təsdiq edəcək hər hansı sənəd əlavə etməmişdir.

34. Kollegiya apellyasiya şikayətinin digər dəlilinə münasibətdə qeyd edir ki, hazırkı mülki işin icraatının dayandırılmasına da hər hansı əsas yoxdur.

35. Göründüyü kimi, apellyasiya şikayətində qeyd olunanlar işin yuxarıda qeyd edilən halları ilə təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

36. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı mübahisələndirilən hissədə təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla mübahisələndirilən hissədə iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

37. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh Babayeva Natavan Muxtar qızının apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-66/2022 saylı 26 may 2022-ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar