Məhkəmə qərarları › İş №2(103)-7442/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7442/2020

14.10.2020 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7442/2020 14.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə qarşı “əmrin etibarsız hesab edilməsi, işə bərpa və s.” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, cavabdeh Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin xx.xx.2020-cil il tarixli, İR-058 saylı əmrinin etibarsız hesab edilməsi, Nazirlikdəki məsləhətçisi vəzifəsinə bərpa edilməsi, cavabdehdən işə bərpa edildiyi tarixədək məcburi işburaxma müddəti üçün əmək haqqının və işdən çıxarıldığı tarixədək ödənilməmiş, habelə işə bərpa edildiyi tarixədək mobil cihazların qeydiyyatına görə Nazirliyə ayrılan vəsaitin ona münasibətdə ödənilməli olan hissəsinin tutularaq, ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı, apelyasiya şikayəti, eyni zamanda ona əlavə verərək, qətnamənin ləğv, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin və ona əlavənin dəlilləri ondan ibarətdir ki,dövlət qulluqçusu kimi işlədiyi məsləhətçi ştatının ixtisarı zəruriliyi əsaslandırılmadan həyata keçirildiyindən əsassız hesab edilməlidir.İşçiyə verilən xəbərdarlıqda aparılmış islahatların səbəbi, zəruriyyəti, əsası, işçinin işlədiyi vəzifə və ya peşə ilə bağlı səbəbli əlaqəsi və iki aylıq xəbərdarlıq müddəti ərzində işçinin hüquqları və əmək müqaviləsinə xitam verilməsinə dair digər təminatları öz əksini tapmalıdır. Hazırkı iş üzrə həm xəbərdarlıq məktubunda, həm də cavabdehin xx.xx.2020-ci il tarixli, 1-3-21/1064-20 saylı cavab məktubunda işçi sayı və ya ştat ixtisarının zəruri olmasına dair heç bir əsas və səbəb göstərilməmişdir. Müəssisədə işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək işəgötürərinin hüquqlarından biri olsa da, bu, onun həmin imkandan maneəsiz istifadə edə bilməsi anlamına gəlmir. Başqa sözlə, işəgötürən tərəfindən bu hüquq işçilərin hüquqlarına xələl gətirilmədən və onların mənafeyi əsas götürülməklə həyata keçirilməlidir.Digər tərəfdən, cavabdeh tərəfindən həm məhkəmə iclaslarında, həm də etiraz məktubunda məsləhətçi vəzifəsi üzrə ştat vahidinin ixtisarının səbəbi kimi Təsərrüfat və maddi-texniki təchizat şöbəsində iş həcminin azalması göstərilmişdir. Nazirliyin Aparatının strukturu və ştat cədvəlinin təsdiq edilməsi barədə xx.xx.2019-cu il tarixli, 141 nömrəli əmrə nəzər saldıqda, isə Təsərrüfat və maddi-texniki təchizat şöbəsində “şöbə müdirinin müavini” adlı yeni ştat vahidi yaradıldığının şahidi oluruq. Bu zaman cavabdehin bildirdiyi kimi şöbənin işinin azalması və nəticədə müəyyən qrup işçiyə və ştatlara ehtiyacın qalmaması ilə yeni ştat vahidinin yaradılması tamamilə bir-biri ilə ziddiyyət təşkil edir. Eyni zamanda, birinci instansiya məhkəməsi, dövlət qulluqçularına verilmiş əsas təminatlardan biri olan tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda üstünlük hüququnun təmin edilməsinə dair qanunvericilik normalarına əməl etməmişdir. Əmək müqaviləsinə işçinin sayı və ştatın ixtisarı ilə əlaqədar xitam verilərkən işdə saxlanmaq üçün əsas meyarlar olan peşəkarlıq təcrübəsi və uzunmüddətli əmək stajı heç bir qiymətləndirmə obyekti olmamış, işin həllinə bilavasitə təsir göstərəcək bu faktlara heç bir əhəmiyyət verilməmişdir.Belə ki, iddiaçı dövlət qulluğunda qulluq keçdiyi 16 il 8 aylıq müddətin təxminən 11 ilini Təsərrüfat şöbəsində, 5 il 10 ayını isə İctimai əlaqələr şöbəsində məsləhətçi vəzifəsində çalışmış, nəticədə, 10 ildən daha çox qulluq stajına malik olmasına baxmayaraq, cavabdeh işdə saxlanılmaqda üstünlük hüququnu kobudcasına pozmuşdur. Məhkəmə hesab etmişdir ki, iddiaçının fəaliyyət göstərdiyi ştatın ixtisarı zamanı əmək funksiyasının icrası üçün tələb olunan təhsil, ixtisas (peşə) və peşəkarlıq səviyyəsi müəyyən edilməklə işəgötürən tərəfindən işdə saxlanma və ya başqa işə keçirilmə imkanı, eləcə də orta təhsilli olduğuna görə təhsilinə, ixtisasına və peşəkarlıq səviyyəsinə uyğun vəzifə mövcud deyildir. Məhkəmənin bu mövqeyi iş üzrə həqiqəti əks etdirməməklə tamamilə əsassız hesab edilməlidir. Belə ki, iddiaçının tutduğu vəzifə üzrə böyük təcrübəsi var və bu sahədə tamamilə ixtisaslı kadr kimi formalaşmışdır. Təsadüfi deyildir ki, əldə etdiyi ixtisas dərəcələri və xidməti fəaliyyətinin qiymətləndirilməsi nəticələri bunun əyani sübutudur. xx.xx.2003-cü il tarixli əmrlə “2-ci dərəcə dövlət qulluqçusu” ixtisas dərəcəsi, xx.xx.2009-cu il tarixli əmrlə “1-ci dərəcə dövlət qulluqçusu”, xx.xx.2013-cü il tarixli əmrlə isə “dövlət qulluğunun kiçik müşaviri” ixtisas dərəcəsi verilmişdir.Şübhəsiz ki, qeyd olunan ixtisas dərəcələri onun həmin sahə üzrə tələb olunan xüsusi bilik və bacarıqlara malik olduğunu birmənalı təsdiq edir. Bu, həmçinin xidməti fəaliyyətinin qiymətləndirilməsi nəticələrində də özünü biruzə verir.İşlədiyi müddətdə hər zaman xidməti fəaliyyəti yüksək qiymətləndirilmiş, qoyulan tapşırıqları, xidməti vəzifə və öhdəlikləri keyfiyyətlə yerinə yetirmiş, son 2 ili əhatə edən xidməti fəaliyyətinin qiymətləndirilməsinə dair sənədlər də bunu aşkarcasına təsdiqləyir. Təhsil məsələsinə gəldikdə isə, məhkəmə tərəfindən orta təhsilli olmağı iddia tələbinin rədd edilməsi üçün əsas kimi qəbul edilməməlidir. Dövlət qulluğunda olduğu 16 il ərzində heç vaxt orta təhsilli olmasına əhəmiyyət verilməmiş, nədənsə hazırkı vəziyyətdə qabardılaraq həmin faktdan əleyhinə bəhanə kimi istifadə olunmuşdur. Əgər əsas məsələ işçinin zəruri nəzəri bilik və praktiki təcrübəyə, başqa sözlə, əmək funksiyasını yerinə yetirməyə imkan verən hazırlıq səviyyəsinə malik olmasıdırsa, fəaliyyət göstərdiyi uzun müddət ərzində əldə etdiyi nailiyyətlər (ixtisas dərəcələri və s.) bunu şübhə altına almamalıdır.Bundan başqa, əmək müqaviləsinin ləğv edilməsinə dair xx.xx.2020-cil il tarixli əmr Əmək Məcəlləsinin 84-cü maddəsinin tələblərinə əməl edilmədən tərtib olunmuşdur. Belə ki, sözügedən əmrdə onun verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilməmişdir. Bu da həmin əmrin etibarsız hesab olunması üçün əsas rolunda çıxış edir. Qanunvericiliyə əsasən, Həmkarlar İttifaqının üzvü olan işçi ixtisar edildikdə, qabaqcadan işəgötürən həmin müəssisənin Həmkarlar İttifaqı təşkilatının yazılı razılığını alır. Həmin yazılı razılıq əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin verilməsi üçün əsas hesab olunan rəsmi sənədlərdən biri kimi çıxış edir. Lakin bu yazılı razılığı əks etdirən həmin sənəd nədənsə sözügedən əmrdə təsbit olunmamışdır. Digər tərəfdən, cavabdeh tərəfindən məhkəməyə Nazirliyin Aparat İşçilərinin Həmkarlar İttifaqı Komitəsinə ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubu təqdim edilmişdir. Həmkarlar İttifaqı Komitəsi tərəfindən Nazirliyə ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubundan Nazirliyin Aparatının bir sıra struktur bölmələrində ştat vahidlərinin sayının artırılması, yerdəyişdirilməsi və ixtisarına etiraz edilmədiyi bildirilmişdir. Həmin ayın 18-i isə Aparatın strukturu və ştat cədvəlinin təsdiq edilməsi barədə 141 nömrəli əmr verilmişdir. Elə həmin gün, yəni xx.xx.2019-cu il tarixdə də bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə xəbərdarlıq məktubu tərtib olunmuşdur. Maraqlıdır ki, qeyd olunan proseslər tez bir zamanda, sadəcə 4 gün ərzində həyata keçirilmişdir. Atılmış addımlar əslində iddiaçının tutduğu vəzifənin ixtisarının əvvəlcədən planlaşdırılmış olması nəticəsinə gəlməyə əsas verməklə, eyni zamanda cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş sənədlərin etibarlılığına əsaslı şübhələr yaradır. Bir işçi kimi hüquqlarının pozulmasını göstərən digər fakt isə ondan ibarətdir ki, qanunvericiliyə edilmiş dəyişikliklərə və Prezidentin Fərmanına əsasən mobil cihazların qeydiyyatına görə ödənilən dövlət rüsumlarının 25%-i Nazirliyin işçilərinin sosial təminatının yaxşılaşıdırılmasına sərf olunur. İddiaçının da Nazirlikdə məsləhətçi vəzifəsini tutan işçilərə bu məqsədlə ödənilən vəsait miqdarında -aylıq 400 manat olmaqla, bütövlükdə 5600 manat (14 ay x 400 manat) təminat almaq hüququ vardır. Lakin dəfələrlə müraciət etməsinə baxmayaraq, Nazirlik, buna heç bir əhəmiyyət verməmiş, sadəcə olaraq həmin vəsaitin işçilərin maddi təminatının gücləndirilməsi istiqamətində istifadə edilməsi şərtlərinin dövlət orqanının rəhbəri tərəfindən müəyyən edilməsinə istinad etmiş və mövqeyini əsaslandırmaq üçün heç bir hüquqi əsas göstərməmişdir. Halbuki, işçi qrupuna daxil olduğuna görə qanunla nəzərdə tutulmuş vəsaitdən faydalanmaq hüququnun olduğu inkaredilməzdir.Maraqlıdır ki, məhkəmə, qətnamənin nəticə hissəsində yalnız “əmrin etibarsız hesab edilməsi və işçinin əvvəlki vəzifəsinə bərpa edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi formasında mövqeyini ifadə etmiş, pul tələbi ilə bağlı irəli sürülmüş tələblərə, xüsusilə də mobil cihazların qeydiyyatına görə Nazirliyə ayrılan vəsaitin iddiaçıya münasibətdə ödənilməli olan hissəsinin cavabdehdən tutularaq verilməsi hissəsinə öz münasibətini bildirməmişdir. Bununla da, qətnamə natamam xarakter alımışdır. Eyni zamanda, işdən görünür ki, qətnamədən verilmiş apellyasiya şikayəti rayon məhkəməsinə daxil olduqdan sonra məhkəmə iddiaçının soyadı ilə bağlı qətnamədə yol verilmiş yanlışlığı aradan qaldırmaq üçün köhnə tarixə qərar qəbul olunmuşdur. Digər tərəfdən, qətnamənin elan olunduğu məhkəmə iclasının keçirildiyi gün onun iddiasına baxılması zamanı məhkəmə, həm də başqa məhkəmə iclas zalında məhkəmə prosesinə sədrlik etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı, apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi isə, şikayətə etiraz edərək, onun təmin olunmasını, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Kollegiya, tərəfləri dinləyib, apelyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunmuş faktiki hallarına görə, İddiaçı, xx.xx.2003-cü il tarixli, 39 k/s nömrəli əmrə əsasən, Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinin İşlər İdarəsinin Təsərrüfat şöbəsinin mütəxəssisi vəzifəsinə təyin edilmiş, xx.xx.2003-cü il tarixli, 27/ü nömrəli əmrlə “Dövlət qulluğu haqqında” Qanuna əsasən vəzifəsi Təsərrüfat şöbəsinin məsləhətçisi adlandırılmış və müvafiq olaraq ona İİ dərəcəli dövlət qulluqçusu ixtisas dərəcəsi, xx.xx.2009-cu il tarixli, 26/k nömrəli əmrlə isə İ dərəcəli dövlət qulluqçusu ixtisas dərəcəsi verilmişdir. xx.xx.2012-ci il tarixli, 47/k nömrəli əmrə əsasən İddiaçı,Təsərrüfat şöbəsində məsləhətçi vəzifəsindən azad olunaraq, İctimaiyyətlə əlaqələr şöbəsində məsləhətçi vəzifəsinə təyin olunmuş, xx.xx.2013-cü il tarixli, 72/k nömrəli əmrə əsasən dövlət quluğunun kiçik müşaviri ixtisas dərəcəsi verilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli, 2669 nömrəli Sərəncamına əsasən Nəqliyyat Nazirliyi və Rabitə və Yüksək Texnologiyalar Nazirliyi birləşdirilərək, onların əsasında Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yaradılmış və Prezidentin xx.xx.2018-ci il tarixli, 1785 nömrəli Fərmanı ilə Nazirliyin strukturu təsdiq edilmiş, xx.xx.2018-ci il tarixli, İR-054 nömrəli əmrə əsasən “Dövlət qulluğu haqqında” Qanunun 29.2-ci maddəsinin ikinci hissəsinə və Əmək Məcəlləsinin 75-ci maddəsinə əsasən, İddiaçı əmək müqaviləsinə xx.xx.2018-ci il tarixdən xitam verilməklə xx.xx.2018-ci il tarixdən Təsərrüfat və maddi-texniki təchizat şöbəsinin məsləhətçisi vəzifəsinə keçirilmişdir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən Nazirliyin Aparat işçilərinin Həmkarlar İttifaqı Komitəsinə ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubunda qeyd olunmuşdur ki, Nazirliyin Aparatının faliyyətində səmərəliliyin və operativliyin təmin edilməsi məqsədilə Aparatın sturukturunun və ştat cədvəlinin yeni redaksiyada təsdiq edilməsi nəzərdə tululur. Təsdiq ediləcək yeni strukturda Aparatın sturuktur bölmələrinin təminedici və yardımçı bölmə olmaları nəzərə alınmaqla, bölmələrə həvalə olunmuş vəzifə, funksiya və səlahiyyətlərin əhəmiyyətlilik dərəcəsindən və həmin bölmələr tərəfindən yerinə yetirilən işin həcmindən asılı olaraq “Azərbaycan Respublikasında nəqliyyat, rabitə və yüksək texnologiyalar sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli, 1785 nömrəli Fərmanı ilə təsdiq edilmiş Nazirliyin Aparatının işçilərinin say həddi çərçivəsində sözügedən bölmələrdə hal-hazırda mövcud olan ştat vahidlərinin sayında müvafiq dəyişikliklər edilməsi planlaşdırılır. Belə ki, Aparatın bir sıra sturuktur bölmələrində ştat vahidlərinin artırılması, yerdəyişdirilməsi və ixtisarı, o cümlədən Aparatın Təsərrüfat və maddi-texniki təchizat şöbəsində mövcud olan 2 məsləhətçi ştatından birinin ixtisar edilməsi nəzərdə tutulur. Həmkarlar İttifaqı Komitəsi, xx.xx.2019-cu il tarixli cavab məktubundan görünür ki, əmək qanunvericiliyinin tələblərinə riayət edilməklə Nazirliyin Aparatının bir sıra struktur bölmələrində ştat vahidlərinin sayının artırılması, yerdəyişdirilməsi və ixtisarına etiraz etməmişdir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 141 nömrəli əmrlə Nazirliyin fəaliyyətində səmərəliliyin və operativliyin təmin edilməsi məqsədilə Nazirliyin Aparatının strukturu və ştat cədvəli təsdiq edilmişdir. Nazirlik tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli, 1-121/7847-19 nömrəli xəbərdarlıq məktubunda qeyd olunmuşdur ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin xx.xx.2019-cu il tarixli, 141 nömrəli əmri ilə Nazirliyin fəaliyyətində səmərəliliyin və operativliyin təmin edilməsi məqsədilə nazirliyin Aparatının strukturu və ştat cədvəli təsdiq edilmişdir. Təsdiq olunmuş struktura əsasən Təsərrüfat və maddi-texniki təchizat şöbəsində bir ştat vahidi məsləhətçi vəzifəsi ixtisar edilmişdir. Qeyd olunanlar nəzərə alınaraq, “Dövlət qulluğu haqqında” Qanunun 33.1.3-cü və 34-cü maddələrinə və Əmək Məcəlləsinin 77-ci maddəsinin birinci hissəsinə uyğun olaraq, doqquz təqvim həftəsi xəbərdarlıq müddəti bitdikdən sonra onunla Nazirliklə arasında bağlanmış əmək müqaviləsi ləğv ediləcəkdir. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədilə o, hər iş həftəsində bir iş günü əmək funksiyasının icrasından azad edilir. Eyni zamanda, işdən çıxarma müavinəti ilə yanaşı, ƏM-in 77-ci maddəsinin dördüncü hissəsinə əsasən, razılığı əsasında yuxarıda qeyd olunan xəbərdarlıq müddəti əvəzinə orta əmək haqqının iki mislini bir dəfəyə ödəməklə onunla bağlanmış əmək müqaviləsinə müvafiq əsasla xitam verilə bilər. Nazirlik tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli, 1-321/1064-20 nömrəli məktubda isə qeyd olunmuşdur ki, “Dövlət rüsumu haqqında” Qanunun 4.1-3-cü maddəsinə əsasən, mobil cihazların qeydiyyatına görə ödənilən dövlət rüsumunun müvafiq faizi Nazirliyin işçilərinin sosial müdafiəsini gücləndirmək və maddi təminatını yaxşılaşdırmaq, habelə mobil cihazların qeydiyyatı sisteminin saxlanılmasını təmin etmək üçün nəzərdə tutulmuşdur. Həmin vəsaitdən Nazirliyin işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə və maddi təminatının yaxşılaşdırılmasına yönəldilən hissəsindən istifadə edilməsi şərtləri hər bir konkret halda mövcud qanunvericiliyə əsasən dövlət orqanının rəhbəri tərəfindən müəyyən edilir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, İR-058 nömrəli əmrlə isə, Nazirliyin Aparatının Təsərrüfat və maddi-texniki təchizat şöbəsinin məsləhətçisi Yaşar Məhərrəmoun dövlət qulluğuna “Dövlət qulluğu haqqında” Qanunun 33.1.3-cü və 34-cü maddələrinə əsasən həmin tarixdən ştatların ixtisarı ilə əlaqədar xitam verilmiş, İddiaçı 20.3 təqvim günü istifadə edilməmiş əməkməzuniyyətinə görə pul əvəzi və Əmək Məcəlləsinin 77-ci maddəsinin üçüncü hissəsinə əsasən orta aylıq əmək haqqının iki misli miqdarında işdənçıxarma müavinətinin ödənilməsi əmr edilmişdir. Həmin tarixli məktubda İddiaçı onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə bildirilmiş və ən qısa zamanda əmək kitabçasının alınması üçün İsan resurslarının idarə edilməsi və dövlət qulluğu şöbəsinə müraciət etməsi xahiş olunmuşdur. Hazırda iddiaçı, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmrin qanunsuz olduğunu, cavabdeh tərəfindən işçilərin sayının ixtisar edilməsinin zəruriliyinin əsaslandırılmadığını və onun üstünük hüququnun pozulduğunu bildirərək, işdən azad olunması barədə əmrin ləğv edilməsini, məcburi iş buraxmaya görə əmək haqqının, eyni zamanda işdən çıxarıldığı, habelə işə bərpa edildiyi tarixədək mobil cihazların qeydiyyatına görə ödənilən dövlət rüsumları ilə əlaqədar Nazirliyə ayrılan vəsaitin ona münasibətdə ödənilməli olan hissəsinin ödənilməsini tələb edir. Cavabdeh isə, iddiaya etiraz edərək bildirir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən, əmək qanunvericiliyinin bütün tələblərinə əməl edilmişdir və mobil cihazların qeydiyyatına görə ödənilən dövlət rüsumlarından işçilərə vəsaitin ödənilməsi qaydası bilavasitə dövlət orqanının rəhbəri tərəfindən müəyyən edilir. Kollegiya, mübahisənin hüquqi həlli ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən, işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilir. Həmin Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsinə əsasən, işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. Kollegiya, hazırkı mübahisənin həlli baxımından göstərilən əsasla əmək müqaviləsinə xitam verilərkən işçilər üçün müəyyən edilmiş təminatları aydınlaşdırmağı, iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən bu təminatlara əməl edilib-edilməməsinə diqqəti yönəltməyi zəruri hesab edir və vurğulayır ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur. Məhz bu baxımdan, qanunvericilikdə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verərkən işçilər üçün müəyyən təminatlar müəyyən edilmişdir. Bu hal, həmçinin dövlətin vətəndaşların sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısına qalmaq sahəsində sosial siyasətinin əsas istiqamətlərindən irəli gəlir. Əmək Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir.Həmin maddənin 2-ci hissəində isə, ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda işəgötürən tərəfindən işdə saxlanmasına üstünlük verilən şəxslərin siyahısı göstərilmişdir. Normadan da göründüyü kimi, qanunverici işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən işəgötürən tərəfindən həyata keçirilməli olan bir sıra prosedur qaydalar nəzərdə tutmuşdur. Belə ki, işəgötürən, işçilərin sayı azaldılarkən ilk növbədə müvafiq vəzifə üzrə işçilərin ixtisas və peşəkarlıq səviyyəsini qiymətləndirməli və son nəticədə peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçiləri işdə saxlamalıdır. Sözügedən qiymətləndirmənin həyata keçirilməsi işəgötürənin müstəsna səlahiyyətində olmasına baxmayaraq, həmin qiymətləndirmə real şəkildə həyata keçirilməli və onun nəticələri əsaslandırılmalıdır. Baxılan işdə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin xx.xx.2019-cu il tarixli, 141 nömrəli əmri ilə Nazirliyin fəaliyyətində səmərəliliyin və operativliyin təmin edilməsi məqsədilə Nazirliyin Aparatının strukturu və ştat cədvəli təsdiq edilmiş və Aparatın Təsərrüfat və maddi-texniki təchizat şöbəsində mövcud olan 2 məsləhətçi ştatından biri ixtisar edilmişdir. Nazirlik, İddiaçı orta təhsilli olmasını, işgüzarlıq keyfiyyətlərinə və dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticələrinə görə digər əməkdaşlardan geri qalmasını əsas gətirərək, həmin ixtisar əsasında qanunla müəyyən edilmiş xəbərdarlıq müddəti başa çatdıqdan sonra xx.xx.2020-ci il tarixdə onunla ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Kollegiya aşağıdakılara əsasən hesab edir ki, İddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən işəgötürən tərəfindən qanunvericinin müəyyən etdiyi prosedur qaydalara əməl edilmişdir. Belə ki, İddiaçı orta təhsilli olması işin mübahisəsiz halıdır. Eyni zamanda işdən görünür ki, Nazirliyin Aparatının Təsərrüfat və maddi-texniki təchizat şöbəsində ixtsara qədər iki məsləhətçi ştat vahidi mövcud olmuş, onlardan birində İddiaçı, digərində isə Gülnarə Hüseynova çalışmışdır. Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi formalarına əsasən, Gülnarə Hüseynovanın xidməti fəaliyyəti 2018-ci və 2019-cu illər üzrə 4,6 balla, İddiaçı xidməti fəaliyyəti isə 2018-ci il üzrə 4 balla, 2019-cu il üzrə 4,45 balla qiymətləndirilmişdir. Göründüyü kimi, işəgötürən tərəfindən işçilərin ixtisas və peşəkarlıq səviyyəsini qiymətləndirməsi real şəkildə həyata keçirilmiş, həm ixtisas, həm də qiymətləndirmənin nəticələrinə uyğun olaraq peşəkarlıq səviyyəsi baxımından İddiaçı üstün olan digər işçi işdə saxlanılmışdır. Eyni zamanda, lazımi prosedur qaydalara uyğun şəkildə həyata keçirilmiş qiymətləndirmə nəticəsində peşəkarlıq səviyyəsi digərləri ilə müqayisədə aşağı olan işçilərlə əmək müqaviləsinə müvafiq hallarda həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla xitam verilə bilər. Çünki, ƏM-nin 80-ci maddəsinin 1-ci bəndinə görə, bu Məcəllənin70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. İşdən görünür ki, Nazirliyin Aparat işçilərinin Həmkarlar İttifaqı Komitəsi, xx.xx.2019-cu il tarixli məktubla əmək qanunvericiliyinin tələblərinə riayət edilməklə Nazirliyin Aparatının bir sıra struktur bölmələrində ştat vahidlərinin sayının artırılması, yerdəyişdirilməsi və ixtisarına etiraz etməmişdir. Bundan əlavə, ƏM-in 77-ci maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən, işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq işçinin on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi əvvəl işçini rəsmi xəbərdar etməlidir. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. Hazırkı işin müəyyən edilmiş hallarından göründüyü kimi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən İddiaçı əmək müqaviləsinə xitamla bağlı doqquz qabaqcadan rəsmi xəbərdarlıq edilərək, ona Əmək Məcəlləsinin 77-ci maddəsində nəzərdə tutulmuş təminatlar izah edilmişdir. Göründüyü kimi, işəgötürən tərəfindən iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyində nəzərdə tutulmuş təminatlara əməl edilmişdir. Eyni zamanda, əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmri ƏMnin 84-cü maddəsinin tələblərinə uyğun olaraq sadə formada tərtib edilmişdir. Qeyd edilənlərə əsasən, Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin “əmrin etibarsız hesab edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” hissəsində iddanın rədd olunması barədə qənaəti əsaslıdır. Kollegiya, eyni zamanda iddia tələbinin “işdən çıxarıldığı tarixədək ödənilməmiş, habelə işə bərpa edildiyi tarixədək mobil cihazların qeydiyyatına görə Nazirliyə ayrılan vəsaitin ona münasibətdə ödənilməli olan hissəsinin verilməsi” hissəsində də rayon məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq bildirir ki, “Dövlət rüsumu haqqında” Qanunun 4.1-3-cü maddəsinə əsasən, mobil cihazların qeydiyyatına görə ödənilən dövlət rüsumunun müvafiq faizi nazirliyin işçilərinin sosial müdafiəsini gücləndirmək və maddi təminatını yaxşılaşdırmaq, habelə mobil cihazların qeydiyyatı sisteminin saxlanılmasını təmin etmək üçün nəzərdə tutulmuşdur. Həmin vəsaitdən nazirliyin işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə və maddi təminatının yaxşılaşdırılmasına yönəldilən hissəsindən istifadə edilməsi şərtləri hər bir konkret halda mövcud qanunvericiliyə əsasən dövlət orqanının rəhbəri tərəfindən müəyyən edilir...” Göründüyü kimi, mobil cihazların qeydiyyatına görə ödənilən dövlət rüsumununişçilərinin sosial müdafiəsinin gücləndirilməsinə və maddi təminatının yaxşılaşdırılmasına yönəldilən hissəsindən istifadə edilməsi şərtlərinin müəyyən olunması bilavasitə dövlət orqanının rəhbərininn səaliyyətinə aid olmaqla, onun mülahizəsinə buraxılmışdır. İddiaçı da, bu tələbini əsaslandırdığı hallara, eyni zamanda apellyasiya şikayətində və ona əlavədə qeyd etdiyi digər dəlillərə dair məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi, işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas deyil. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1131/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar