Məhkəmə qərarları › İş №2(103)-7454/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7454/2022

13.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7454/2022 13.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh3 MMC, "xxxx" MMC, Bakı Şəhəri Nərimanov Rayon İcra Şöbəsi və Cavabdeh5 qarşı iş üzrə QƏTNAMƏSİ iş № 2(103)-7454/2022 (Açar sözlər: qiymətləndirmənin ləğvi, hərracın nəticələrinin etibarsız hesab edilməsi) Bakı şəhəri, 13 dekabr 2022-ci il Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh3 MMC, "xxxx" MMC, Bakı Şəhəri Nərimanov Rayon İcra Şöbəsi və Cavabdeh5 qarşı “qiymətləndirmənin ləğvi və hərracın nəticələrinin etibarsız hesab edilməs” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1686/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı: a) Birinci instansiya məhkəməsində icraat:

1. İddiaçı MMC cavabdehlər Cavabdeh2, Cavabdeh3 MMC, "xxxx" MMC, Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsi və Cavabdeh5 qarşı qiymətləndirmənin ləğvi və hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli "Hərracın baş tutmamasına dair Yekun Protokol"unun etibarsız hesab edilməsi, "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli qiymətləndirmə aktının ləğv edilməsi, "xxxx" MMCnin xx.xx.2022-ci il tarixli hərracın nəticələri haqqında Yekun Protokolunun və hərracın yekunları üzrə əmlakın alğı-satqısı müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh5 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh İddiaçı MMC arasında bağlanmış xx.xx.2014cü il tarixli müqavilə üzrə öhdəliklərini yerinə yetirməməsi səbəbindən qanunvericiliyə uyğun olaraq 40 kv.m. çatışmayan sahəyə görə 48000 ABŞ dollarının cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)-370/2019 saylı qətnaməsinə əsasən Cavabdeh5 iddiası qismən təmin edilərək, cavabdeh İddiaçı MMC-dən 33.421 manat məbləğində pulun tutularaq iddiaçı Cavabdeh5 ödənilməsi qət edilmişdir. xx.xx.2020-ci il tarixdə həmin qətnamə üzrə icra sənədi Bakı Şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş, eyni tarixdə həmin Şöbənin icra məmuru qərar qəbul edərək icra sənədi üzrə icraata başlamış və zəruri tədbirləri həyata keçirmişdir. xx.xx.2021-ci il tarixdə "xxxx" MMC rəsmi məktubla icra şöbəsinə müraciət edərək, son 4 il ərzində fəaliyyətinin və gəlirinin olmadığını icra qurumunun diqqətinə çatdırmaqla, icra sənədi üzrə borclu olduğu 33441 manat pulun əvəzinə Bakı şəhəri, H.Zərdabi prospekti 74 ünvanında olan yaşayış kompleksində yerləşən və balansında olan ümumi sahəsi 27,68 kv.metr, dəyəri 41 520 manat olan iki ədəd qarajı təklif etmişlər. Bunun nəticəsi olaraq, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)- 104/2021 saylı qərardadı ilə ümumi sahəsi 27,68 kv.metr olan həmin qaraj sahələrinin üzərinə həbs qoyulmuş, daha sonra icra məmurunun xx.xx.2021-ci il tarixli qərarı ilə həmin qaraj sahələrinin qiymətləndirilməsi üçün "xxxx" MMC-dən nümayəndə dəvət edilmişdir. xx.xx.2021ci il tarixdə "xxxx" MMC "Əmlakın qiymətləndirilməsi barədə" hesabat təqdim edərək, həmin qaraj sahələrinin dəyərinin 27 680 manat, yəni 1 kv.metr üçün 1000 manat olduğu qənaətinə gəlmişdir. Daha sonra, xx.xx.2021-ci il tarixdə icra məmuru "xxxx" MMC-yə və tərəflərə müraciət edərək, sözügedən qaraj sahələrinin açıq hərrac vasitəsilə satılması barədə sifariş vermişdir. "xxxx" MMC hərracın xx.xx.2021-ci il tarixdə keçiriləcəyi, ilkin satış qiymətinin 27680 manat olduğu barədə tərəflərə xx.xx.2021-ci il tarixli 328/21 saylı "Hərracın keçirilməsinə dair Bildiriş" göndərmişdir. Bu hərrac baş tutmadığından, "xxxx" MMC təkrar hərracın xx.xx.2021-ci il tarixdə keçiriləcəyi, təkrar hərracda satış qiymətinin 24912 manat olacağı barədə tərəflərə xx.xx.2021-ci il tarixli 400/21 saylı "Təkrar hərracın keçirilməsinə dair Bildiriş" göndərmişdir. Təkrar hərrac da baş tutmadığından, "xxxx" MMC təkrar hərracın xx.xx.2021-ci il tarixdə keçiriləcəyi, təkrar hərracda satış qiymətinin 19929,6 manat olacağı barədə tərəflərə xx.xx.2021-ci il tarixli 429/21 saylı "Təkrar hərracın keçirilməsinə dair Bildiriş" göndərmişdir. Sonuncu hərrac da baş tutmadığından, "xxxx" MMC icra qurumuna xx.xx.2021-ci tarixli "Hərracın baş tutmamasına dair Yekun Protokol" təqdim etmiş və icra qurumunun xx.xx.2021ci tarixli sifarişi geri qaytarılmışdır. Daha sonra, qanunsuz olaraq ilkin qiymətləndirmə aktı qüvvədə ola-ola icra məmurunun xx.xx.2021-ci il tarixli Qərarı ilə qaraj sahələrinin yenidən qiymətləndirilməsi üçün "xxxx" MMC-dən nümayəndə dəvət edilmişdir. Ertəsi gün, yəni xx.xx.2021-ci il tarixdə "xxxx" MMC əmlakın qiymətləndirilməsi barədə “Hesabat" təqdim edərək, həmin qaraj sahələrinin dəyərinin 20000 manat, yəni 1 kv.metri üçün 22,54 manat olduğu qənaətinə gəlmişdir. Həmin gün, yəni xx.xx.2021-ci il tarixdə icra qurumu "xxxx" MMCyə və tərəflərə məktub göndərərək, sözügedən qaraj sahələrinin açıq hərrac vasitəsilə satılması üçün sifariş vermişdir. "xxxx" MMC hərracın xx.xx.2021-ci il tarixdə keçiriləcəyi, ilkin satış qiymətinin 20.000 manat olacağı barədə tərəflərə xx.xx.2021-ci il tarixli Bildiriş göndərmişdir. Bu hərrac baş tutmadığından, "xxxx" MMC təkrar hərracın xx.xx.2021-ci il tarixdə keçiriləcəyi, təkrar hərracda satış qiymətinin 18.000 manat olacağı barədə tərəflərə xx.xx.2021-ci il tarixli Bildiriş göndərmişdir. Bu hərrac da baş tutmadığından, "xxxx" MMC təkrar hərracın xx.xx.2022-ci il tarixdə keçiriləcəyi, təkrar hərracda satış qiymətinin 14.000 manat olacağı barədə tərəflərə bildiriş göndərmişdir. xx.xx.2022-ci il tarixli Hərracın nəticələri haqqında Yekun Protokoldan və Hərracın yekunları üzrə əmlakın alğı-satqısı müqaviləsindən göründüyü kimi, ümumi sahəsi 27,68 kv.metr olan qaraj sahələri 14000 manata Cavabdeh5 satılmış və alış qiymətini ödəməkdən azad edilmişdir. Nəticədə, "xxxx" MMC tərəfindən borcun əvəzi olaraq təklif edilmiş və icra qurumunun xx.xx.2021-ci il tarixli qərarı ilə ilk dəfə 27 680 manat dəyərində qiymətləndirilmiş qaraj sahələri mülki və icra haqqında qanunvericilik normalarının kobud surətdə pozulması ilə əmlakın yarı qiymətinə 14000 manata tələbkarın özünə, Adil Əliyevin oğluna satılmışdır. Bütün bunlardan sonra, belə nəticə hasil olunur ki, "xxxx" MMC-nin icra sənədi üzrə Cavabdeh5 hələ 19 441 manat borcu qalmışdır. Sadalanan qanun normalarında isə əmlakın ilkin satış qiyməti ilə (27680 manat) birinci dəfə hərracın baş tutmaması səbəbindən həmin əmlakın təkrar hərraclarda daha aşağı satış qiymətləri (24912 manata, 19292 manata) və yenidən hərraca çıxarılması proseduru nəzərdə tutulmamışdır. İcra məmuru xx.xx.2021-ci il tarixdə "xxxx" MMC-yə sifariş göndərsə də, sonuncu hərrac xx.xx.2021-ci il tarixdə keçirilmiş, bu isə hərracların 3 ay 11 gün ərzində keçirildiyini təsdiq edir. İşin hallarından göründüyü kimi, tələbkar əmlakın 27 680 manat dəyərində qiymətləndirildiyini mübahisələndirməmiş, lakin bununla belə dəfələrlə hərracda satılmayan həmin əmlakı borc əvəzi kimi qəbul etməkdən imtina etmişdir. Belə olduğu halda isə, əmlak onlara, icra sənədi Nərimanov Rayon Məhkəməsinə qaytarılmalı idi. Lakin icra icraatı qanunazidd şəkildə davam etdirilmiş və hərraca çıxarılmış sözügedən əmlak özbaşınalıq yolu ilə, yarı qiymətə (14000 manata) Cavabdeh5 satılmışdır.

3. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1686/2022 saylı, xx.xx.2022ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, “Sərraf-M" MMC-nin Bakı şəhəri, Yasamal rayonu, 589-cu məhəllə, H.Zərdabi prospekti 74 ünvanında yerləşən qeyri-yaşayış sahələrinin qiymətləndirilməsi barədə xx.xx.2021-ci il tarixli qiymətləndirmə hesabatı, onun əsasında keçirilmiş "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, Y-589\21 saylı “Hərracın nəticələri haqqında yekun Protokol”u və hərracın yekunları üzrə xx.xx.2022-ci il tarixli əmlakın alğı-satqısı müqaviləsinin etibarsız hesab edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir (Hakim: Kəmalə Əmirxanova).

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

4. Həmin qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilərək, iddianın tam təmin edilməməsini xahiş etmişdir.

5. İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, Nərimanov Rayon Məhkəməsinin qətnaməsinə əsasən iddia ərizəsi qismən təmin edilərək “Sərraf-M" MMC-nin Bakı şəhəri, Yasamal rayonu, 589-cu məhəllə, H.Zərdabi prospekti 74 ünvanında yerləşən qeyri-yaşayış sahələrinin qiymətləndirilməsi barədə xx.xx.2021-ci il tarixli qiymətləndirmə hesabatı, onun əsasında keçirilmiş "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, Y-589\21 saylı “Hərracın nəticələri haqqında yekun Protokol”u və hərracın yekunları üzrə xx.xx.2022-ci il tarixli əmlakın alğısatqısı müqaviləsi etibarsız hesab edilib və iddia tələbi qalan hissədə təmin edilməmişdir. Aşağıda qeyd edilənlərə əsasən, qətnamə əsassız və qanunsuz olduğundan qismən ləğv edilməlidir və iddia ərizəsi tam olaraq təmin edilmlidir. Belə ki məhkəmə qətnaməsində qeyd edir ki, “İddiaçının icra məmurunun ilk sifarişi əsasında keçirilən "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli "Hərracın baş tutmamasına dair Yekun Protokol"unun etibarsız hesab edilməsi tələbi ilə bağlı isə məhkəmə qeyd edir ki, iddiaçı həmin hərracın keçirilməsi zamanı hansı qanunvericilik normalarının və hansı hüquqlarının pozulmasını kifayət qədər əsaslandıra bilməmişdir. Belə ki, iddiaçı qeyd edilən hərracların iki ay əvəzinə, 3 ay 11 gün müddətində keçirildiyini, bununla da qanunun tələblərinin pozulduğunu qeyd edərək yekun protokolun etibarsız hesab edilməsini xahiş etmişdir. Halbuki həmin protokol hərracın baş tutmaması barədə məlumatı və sifarişin icra məmuruna qaytarılmasını əks etdirir. Məhkəmə mülki dövriyyənin sabitliyinin təmin edilməsi və mülki qanunvericiliyin prinsiplərini rəhbər tutaraq hesab edir ki, hərracın keçirilməsi və yekun protokolun tərtib olunması ilə bağlı qanunvericilik müddəalarının kobud pozuntusu müəyyən edilmədiyindən və iddia tələbi bu hissədə kifayət qədər əsaslandırılmadığından, iddia həmin hissədə təmin edilməməlidir.“ İddiaçı birinci hərracın nəticələrinin iki ay əvəzinə olaraq 3 ay 11 günə keçirildiyinə görə yox, məhz qətnamədə məhkəmənin özünün də qeyd etdiyi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının icra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə 24 noyabr 2021-ci il Qərardadına əsasən, icra icraatı çərçivəsində borclunun ipoteka predmetinə, vergi ödəyicisi kimi siyahıya alınmış əmlaka və girov predmeti olan qiymətli kağızlara aid olmayan əmlaklarına tələbin yönəldilməsi və hərracdan satılması qaydaları Mülki Məcəllənin 415-ci və “İcra haqqında” Qanunun 45.6, 45.7, 51, 53, 61, 62-ci maddələri ilə tənzimlənir və bu münasibətlərə qanunun analogiyası üzrə digər qanunvericilik aktlarında nəzərdə tutulmuş hərrac qaydaları tətbiq edilməmədiyinə görə etibarsız hesab edilməsini istəyirdik. Çünki Hərrac həmin qaydalara əsasən keçirilməyib və təqdim edilmiş əmlak ipoteka predmeti olmadığı təqdirdə “İpoteka haqqında” Qanuna istinad edilərək üç dəfə əmlakın qiymətin aşağı salınmaqla təşkil edilib. Bununla da qanunvericiliyin tələbini pozub. Halbuki icra icraatı çərçivəsində borclunun ipoteka predmetinə, vergi ödəyicisi kimi siyahıya alınmış əmlaka və girov predmeti olan qiymətli kağızlara aid olmayan əmlaklarına tələbin yönəldilməsi və hərracdan satılması qaydaları Mülki Məcəllənin 415-ci və “İcra haqqında” Qanunun 45.6, 45.7, 51, 53, 61, 62-ci maddələri ilə tənzimlənir və hərrac bir dəfə keçirilməli idi və hərrac baş tutmadığı təqdirdə icra şöbəsinə geri qaytarmalı idi. Lakin, məhkəmə qüvvədə olan qanunvericilik tələblərini və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının icra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə 24 noyabr 2021-ci il Qərardadın tələblərini nəzərə almamışdır.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

6. Kollegiya iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə bamayaraq onlar kollegiya iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.

7. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

8. Mülki Məcəllənin 415.1-ci maddəsinə əsasən, auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər.

9. Həmin Məcəllənin 415.2-ci maddəsinə əsasən, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir.

10. Həmin Məcəllənin 415.3-cü maddəsinə görə, əgər bu Məcəllədə və ya hərracın keçirilməsi barədə bildirişdə ayrı qayda nəzərdə tutulmayıbsa, bildirişi göndərən açıq hərrac təşkilatçısı auksionu keçirməkdən istədiyi vaxt, lakin onun keçirilməsi gününə ən geci üç gün qalmış, müsabiqəni keçirməkdən isə onun keçirilməsinə ən geci otuz gün qalmış imtina edə bilər. Açıq hərracın təşkilatçısı onu keçirməkdən həmin müddətləri pozmaqla imtina etdikdə, iştirakçılara dəyən real zərərin əvəzini ödəməlidir. Qapalı auksionun və ya qapalı müsabiqənin təşkilatçısı hərracdan imtinanın bildiriş göndərildikdən sonra məhz hansı müddətdə edildiyindən asılı olmayaraq, dəvət etdiyi iştirakçılara dəyən real zərərin əvəzini ödəməlidir.

11. Həmin Məcəllənin 415.4-cü maddəsinə görə, hərracın iştirakçıları hərracın keçirilməsinə dair bildirişdə göstərilən məbləğdə, müddətdə və qaydada beh verirlər. Hərrac keçirilmədikdə beh geri qaytarılmalıdır. Hərracda iştirak edən, lakin onu udmayan şəxslərin də behi qaytarılır. Hərracı udmuş şəxslə müqavilə bağlandıqda, onun verdiyi behin məbləği bağlanmış müqavilə üzrə öhdəliklərin icrası hesabına daxil edilir.

12. Həmin Məcəllənin 415.5-ci maddəsinə görə, hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir.

13. Həmin Məcəllənin 415.6-cı maddəsinə əsasən, əgər hərracın predmeti yalnız müqavilə bağlamaq hüququ olmuşsa, belə müqaviləni tərəflər hərrac qurtardıqdan və protokol rəsmiləşdirildikdən sonra iyirmi gündən və ya bildirişdə göstərilən başqa müddətdən gec olmayaraq imzalamalıdırlar.

14. Həmin Məcəllənin 415.7-ci maddəsinə görə, onlardan biri müqavilə bağlamaqdan boyun qaçırdıqda, digər tərəf müqaviləni bağlamağa məcbur etmək, habelə onu bağlamaqdan boyun qaçırılması nəticəsində vurulan zərərin əvəzini ödəmək tələbi ilə məhkəməyə müraciət edə bilər.

15. “İcra haqqında” Qanunun 45.6-cı maddəsinə görə, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Borclu tələbin birinci növbədə hansı əmlaka və əşyalara yönəldilməsini icra məmuruna bildirmək hüququna malikdir. Borclunun belə müraciəti icra sənədinin icrasına mane olmursa, icra məmuru onu təmin etməyə borcludur.

16. Həmin Qanunun 45.7-ci maddəsinə əsasən, tələb, borclunun əmlakına, o cümlədən nağd yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir.

17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının icra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə 24 noyabr 2021-ci il Qərardadına əsasən, İcra icraatı çərçivəsində borclunun ipoteka predmetinə, vergi ödəyicisi kimi siyahıya alınmış əmlaka və girov predmeti olan qiymətli kağızlara aid olmayan əmlaklarına tələbin yönəldilməsi və hərracdan satılması qaydaları Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415-ci və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6, 45.7, 51, 53, 61, 62-ci maddələri ilə tənzimlənir və bu münasibətlərə qanunun analogiyası üzrə digər qanunvericilik aktlarında nəzərdə tutulmuş hərrac qaydaları tətbiq edilməməlidir. İcra icraatı çərçivəsində borclunun ipoteka predmetinə və girov predmeti olan qiymətli kağızlarına aid olmayan əmlaklarına tutmanın yönəldilməsi zamanı əmlakın hərraca çıxarılan ilkin (başlanğıc) satış qiyməti onun bazar dəyəri ilə müəyyən olunur. Borclunun ipoteka predmeti olmayan əmlakının, notariusun icra qeydi əsasında tutma yönəldilmiş ipoteka predmeti olan əmlakının, habelə vergi ödəyicisi kimi siyahıya alınmış əmlakının ilkin (başlanğıc) satış qiyməti hərracın keçirilməsinədək olan dövr ərzində icra icraatı çərçivəsində hərracı bu qiymət əsasında sifariş etmiş icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında aidiyyəti məhkəmədə mübahisələndirilir. Hərrac keçirildikdən sonra isə qiymət “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq iddia icraatı qaydasında mübahisələndirilir.

Apellyasiya baxışının hədləri:

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

16. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

17. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının apellyasiya şikayətinə əsasən yalnız iddia tələbinin təmin edilməyən hissəsində yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

18. Belə ki, iş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(009)-370/2019 nömrəli, 17 oktyabr 2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, iddianın qismən təmin edilərək, cavabdeh İddiaçı MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, 589-cu məhəllə, H.B.ünvan ünvanda inşa edilmiş və xx.xx.2014-cü İİ tarixli, 96 nömrəli alğı-satqı müqaviləsinə əsasən Cavabdeh5 satılmış “B” literli yaşayış binasının 89 saylı mənzilinin əskik gələn 28,35 kv.m sahəsi üçün Cavabdeh5 tərəfindən artıq ödənilmiş 33421 manat məbləğində pulun və ödənilmiş 20 manat dövlət rüsumunun cavabdeh İddiaçı MMC-dən tutularaq iddiaçı Cavabdeh5 ödənilməsi, iddianın qalan hissələrdə təmin edilməməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 200 manatın cavabdeh İddiaçı MMC-dən dövlət nəfinə tutulması qət edilmişdir;

19. Bakı Şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmurunun xx.xx.2020-ci il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, icra sənədi üzrə icraata başlanılmış, borclu İddiaçı MMC-yə 10 gün müddətində icranı könüllü olaraq təmin edilməsi təklif edilmişdir;

20. İddiaçı MMC-nin Bakı şəhəri Nərimanov Rayon İcra şöbəsinə ünvanladığı xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, 33 441 manat məbləğində borcu ödəmək imkanları olmadığından, borcun ödənməsi üçün onlara məxsus Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 74 ünvanındakı yaşayış kompleksində yerləşən və hal-hazırda balansında olan iki ədəd ümumi sahəsi 27.68 kv.m. olan və dəyəri 41 520 manat təşkil edən qaraj sahələrini təklif etmiş, qeyd edilənlərin nəzərə alınmasını və borcun ödənilməsinin təqdim edilmiş əmlaka yönəldilməsi üçün qanuna müvafiq işlərin görülməsini xahiş etmişdir;

21. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-104/2021 nömrəli, 25 fevral 2021-ci il tarixli qərardadının surətindən görünür ki, təqdimat təmin edilərək, Bakı Şəhəri Nərimanov Məhkəməsinin 2(005)-370/2019-024 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin icrası təmin olunanadək borclu “Avesta Konserni" Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi prospəkli, 74 ünvanında yerləşən 27,68 kv.m qaraj sahəsinin üzərinə həbs qoyulmuşdur;

22. Bakı Şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Vüsal Şirinovun xx.xx.2021-ci il tarixli qiymətləndiricinin dəvət edilməsi haqqında qərarından görünür ki, İddiaçı MMC-yə məxsus olan Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 74 ünvanında yerləşən 27.68 kv.m. qaraj sahəsinin qiymətləndirilməsi üçün "xxxx" MMC-dən nümayəndə dəvət edilməsi qərara alınmışdır;

23. Tərəqqi MMC-nin xx.xx.2021-ci il tarixli, 164 nömrəli əmlakın qiymətləndirilməsi barədə hesabatından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 74 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin qiyməti 27680 manat məbləğində müəyyən edilmişdir;

24. Cavabdeh2 hərracın keçirilməsinə dair xx.xx.2021-ci il tarixli, 79/21 nömrəli bildirişinin surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 74 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair açıq hərracın keçirilməsi 24 avqust 2021-ci il tarixə saat 11:00 (növbəlilik qaydasında) təyin edilmişdir. Əmlakın ilkin satış qiyməti 27680 manat müəyyən edilmişdir;

25. Cavabdeh2 təkrar hərracın keçirilməsinə dair xx.xx.2021-ci il tarixli bildirişinin surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 74 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair açıq hərracın keçirilməsi 03 sentyabr 2021-ci il tarixə saat 11:00 (növbəlilik qaydasında) təyin edilmişdir. Əmlakın təkrar satış qiyməti 24912 manat müəyyən edilmişdir;

26. Cavabdeh2 təkrar hərracın keçirilməsinə dair xx.xx.2021-ci il tarixli bildirişinin surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 74 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair açıq hərracın keçirilməsi 13 sentyabr 2021-ci il tarixə, saat 11:00 (növbəlilik qaydasında) təyin edilmişdir. Əmlakın təkrar satış qiyməti 19929,6 manat müəyyən edilmişdir;

27. Hərracın baş tutmamasına dair 24 sentyabr 2021-ci il tarixli yekun protokoldan görünür ki, xx.xx.2021-ci il tarixinə, saat 11:00-a təyin edilmiş hərrac iştirakçısı olmadığından baş tutmamış və Bakı Şəhəri Nərimanov Rayon İcra şöbəsinin xx.xx.2021- ci il tarixli sifarişi icra şöbəsinə qaytarılmışdır;

28. Bakı Şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Vüsal Şirinovun xx.xx.2021-ci il tarixli qiymətləndiricinin dəvət edilməsi haqqında qərarından görünür ki, İddiaçı MMC-yə məxsus Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 74 ünvanında yerləşən 27.68 kv.m. qaraj sahəsinin qiymətləndirilməsi üçün Cavabdeh3 MMCdən nümayəndə dəvət edilməsi qərara alınmışdır;

29. Cavabdeh3 29 oktyabr 2021-ci il tarixli, 186/21 nömrəli rəyindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 74 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin bazar qiyməti 20000 (iyirmi min) manat məbləğində müəyyən edilmişdir;

30. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hərracın keçirilməsinə dair bildirişindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 74 ünvanında yerləşən qeyriyaşayış sahəsinə dair açıq hərracın keçirilməsi 01 dekabr 2021-ci il tarixə saat 11:00-a təyin edilmişdir; əmlakın ilkin satış qiyməti 20000 manat müəyyən edilmişdir;

31. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hərracın keçirilməsinə dair bildirişindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 74 ünvanında yerləşən qeyriyaşayış sahəsinə dair açıq hərracın keçirilməsi 15 dekabr 2021-ci il tarixə saat 11:00-a təyin edilmişdir; əmlakın ilkin satış qiyməti 18000 manat müəyyən edilmişdir;

32. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2022-ci il tarixli hərracın yekunları barədə Y-589/21 nömrəli protokolunun surətindən görünür ki, İddiaçı MMC-yə məxsus olan Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 74 ünvanında yerləşən 27.68 kv.m. qaraj sahəsi 14000 manata Cavabdeh5 tərəfindən əldə edilmişdir;

33. Hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə 12 yanvar 2022-ci il tarixli müqavilənin surətindən görünür ki, İddiaçı MMC-yə məxsus olan Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 74 ünvanında yerləşən 27.68 kv.m. qaraj sahəsi 14000 (on dörd min) manata tələbkar Cavabdeh5 tərəfindən alınmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)-370/2019 saylı icra vərəqəsinə uyğun olaraq tələbkar tələbinin məbləği həcmində alış qiymətini ödəməkdən azad olunmuşdur;

34. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-195/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, borclu Avesta Konserni MMC-nin Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Vüsal Şirinovun xx.xx.2021-ci il tarixli “qiymətləndiricinin dəvət edilməsi haqqında qərarının” ləğv olunmasına dair şikayəti təmin edilməmişdir.

35. Çünki Hərrac həmin qaydalara əsasən keçirilməyib və təqdim edilmiş əmlak ipoteka predmeti olmadığı təqdirdə “İpoteka Haqqında” Qanuna istinad edilərək üç dəfə əmlakın qiymətin aşağı salınmaqla təşkil edilib. Bununla da qanunvericiliyin tələbini pozub. Halbuki icra icraatı çərçivəsində borclunun ipoteka predmetinə, vergi ödəyicisi kimi siyahıya alınmış əmlaka və girov predmeti olan qiymətli kağızlara aid olmayan əmlaklarına tələbin yönəldilməsi və hərracdan satılması qaydaları Mülki Məcəllənin 415-ci və“İcra haqqında” Qanunun 45.6, 45.7, 51, 53, 61, 62-ci maddələri ilə tənzimlənir və hərrac bir dəfə keçirilməli idi və hərrac baş tutmadığı təqdirdə icra şöbəsinə geri qaytarmalı idi.

36. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli "Hərracın baş tutmamasına dair Yekun Protokol"unun etibarsız hesab edilməsi tələbi ilə bağlı birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı həmin hərracın keçirilməsi zamanı hansı qanunvericilik normalarının və hansı hüquqlarının pozulmasını kifayət qədər əsaslandıra bilməmişdir. Belə ki, iddiaçı qeyd edilən hərracların iki ay əvəzinə, 3 ay 11 gün müddətində keçirildiyini, bununla da qanunun tələblərinin pozulduğunu qeyd edərək yekun protokolun etibarsız hesab edilməsini xahiş etmişdir. Halbuki həmin protokol hərracın baş tutmaması barədə məlumatı və sifarişin icra məmuruna qaytarılmasını əks etdirir. Məhkəmə mülki dövriyyənin sabitliyinin təmin edilməsi və mülki qanunvericiliyin prinsiplərini rəhbər tutaraq hesab edir ki, hərracın keçirilməsi və yekun protokolun tərtib olunması ilə bağlı qanunvericilik müddəalarının kobud pozuntusu müəyyən edilmədiyindən və iddia tələbi bu hissədə kifayət qədər əsaslandırılmadığından, iddia həmin hissədə təmin edilməməlidir.

37. Kollegiya birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, iddiaçı birinci hərracın nəticələrinin iki ay deyil, 3 ay 11 günə keçirildiyinə görə etibarsız sayılmasını istəməmişdir.

38. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının icra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə 24 noyabr 2021-ci il Qərardadına əsasən, icra icraatı çərçivəsində borclunun ipoteka predmetinə, vergi ödəyicisi kimi siyahıya alınmış əmlaka və girov predmeti olan qiymətli kağızlara aid olmayan əmlaklarına tələbin yönəldilməsi və hərracdan satılması qaydaları Mülki Məcəllənin 415-ci və “İcra haqqında” Qanunun 45.6, 45.7, 51, 53, 61, 62-ci maddələri ilə tənzimlənir və bu münasibətlərə qanunun analogiyası üzrə digər qanunvericilik aktlarında nəzərdə tutulmuş hərrac qaydaları tətbiq edilməmədiyinə görə etibarsız hesab edilməlidir.

39. Çünki Hərrac həmin qaydalara əsasən keçirilməyib və təqdim edilmiş əmlak ipoteka predmeti olmadığı təqdirdə “İpoteka Haqqında” Qanuna istinad edilərək üç dəfə əmlakın qiyməti aşağı salınmaqla təşkil edilib. Bununla da qanunvericiliyin tələbini pozub.

40. Halbuki icra icraatı çərçivəsində borclunun ipoteka predmetinə, vergi ödəyicisi kimi siyahıya alınmış əmlaka və girov predmeti olan qiymətli kağızlara aid olmayan əmlaklarına tələbin yönəldilməsi və hərracdan satılması qaydaları Mülki Məcəllənin 415-ci və“İcra haqqında” Qanunun 45.6, 45.7, 51, 53, 61, 62-ci maddələri ilə tənzimlənir və hərrac bir dəfə keçirilməli idi və hərrac baş tutmadığı təqdirdə icra şöbəsinə geri qaytarmalı idi.

41. Lakin, məhkəmə qüvvədə olan qanunvericilik tələblərini və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının icra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə 24 noyabr 2021-ci il Qərardadın tələblərini nəzərə almamışdır.

42. Sadalanan xüsusatlara əsasən, kollegiya hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, qətnamə qismən, yəni iddia tələbinin rədd edilməsinə dair hissədə ləğv edilməli, həmin hissədə iddia tələbi təmin edilərək, "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli "Hərracın baş tutmamasına dair Yekun Protokol"u etibarsız hesab edilməlidir.

43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

44. Həmin Məcəllənin 385.1. və 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

45. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

46. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun.

47. Həmin Məcəllənin 388-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.

q ə t e t d i:

İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1686/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi qismən – iddianın rədd edilməsi hissəsində ləğv edilsin. Həmin hissədə iddia tələbi təmin edilsin. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli "Hərracın baş tutmamasına dair Yekun Protokol"u etibarsız hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar