Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7457/2020 29.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi və İddiaçının nümayəndəsi Vəkil, Cavabdeh və onun nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MTK-nın Cavabdeh qarşı tikintiyə müdaxilənin qadağan edilməsi və mənzildən köçürülmə tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(005)-3082/2020 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı tikintiyə müdaxilənin qadağan edilməsi və mənzildən köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı Mənzil Tikinti Kooperativinin apardığı tikintiyə istənilən formada törətmiş olduğu maneələrin ona qadağan edilməsi, cavabdehə məxsus qəzalı vəziyyətdə olan ünvan 1 ünvanında yerləşən mənzildən əvəzi bazar qiymətinə uyğun olaraq ödənilməsi şərti ilə köçürülməsi barəsində qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Eyni zamanda, İddiaçı iddianı təmin etmək məqsədi ilə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri Nərimanov rayonu 1929-cu məhəllə İsmayıl Hidayətzadə küçəsi, 130 ünvanında İddiaçı Mənzil Tikinti Kooperativi tərəfindən tikintisi aparılan çoxmərtəbəli yaşayış binasının tikinti sahəsinə daxil olmasının qadağan edilməsi barəsində qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, cavabdeh ünvan 1 ünvanında yaşayan Cavabdeh Bakı şəhəri Nərimanov rayonu 1929-cu məhəllə İsmayıl Hidayətzadə küçəsi, 130 ünvanında İddiaçı Mənzil Tikinti Kooperativi tərəfindən tikintisi aparılan çoxmərtəbəli yaşayış binasının tikinti sahəsinə qanunsuz və icazəsiz daxil olaraq, tikintidə çalışan şəxslərə qarşı zor tətbiq edir və sahədə işləyən texnikalara müxtəlif predmetlərlə zərər yetirərək, iş fəaliyyətini iflic vəziyyətə salır. Cavabdehə dəfələrlə qanuna zidd əməllərinə son verməsi barədə müraciətlərə isə əhəmiyyət verməyərək qanuna zidd əməllərini davam etdirir. Belə halların birində isə Cavabdeh qanunsuz olaraq İddiaçı Mənzil Tikinti Kooperativinin tikinti sahəsinə daxil olaraq aşkar xuliqanlıq edərək, kooperativin əməkdaşına zor tətbiq edərək onu döydüyünə görə bu barədə müvafiq şikayət ərizəsi ilə tədbir görülməsi üçün Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinə müraciət etmişlər. Cavabdeh göstərilən qanuna zidd əməllərinin qarşısı alınmadığı təqdirdə daha ağır nəticələrə gətirib çıxara bilər. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(005)- 3082/2020 saylı qərardadı ilə iş üzrə iddianın təmin tədbirinin görülməsinə dair ərizə təmin edilməmişdir. İddiaçı MTK şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(005)-3082/2020 saylı qərardadının ləğv edilməsini, iddianı təmin etmə tədbiri barədə ərizənin təmin edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(005)- 3082/2020 saylı qərardadı ilə şikayət təmin olunmayaraq mülki işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi şikayətin təmin edilməsini, cavabdeh və nümayəndəsi isə şikayətin təmin edilməməsini məhkəmədən xahiş etdilər. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlilini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(005)-3082/2020 saylı qərardadı ləğv edilməli, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.2-ci və 158.1.3-cü maddələrinin tələbinə görə iddianı təmin etmək üçün müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək, mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək olar. Qanunun mənasına görə iddianı təmin tədbiri, çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Birinci instansiya məhkəməsinin qərardadında qeyd edilmişdir ki, hazırki tələb tikintiyə müdaxilənin qadağan edilməsi və mənzildən köçürülmə tələbi olduğundan və iddianı təmin etmə tədbiri barədə ərizənin təmin olunmasına əsaslar müəyyən edilmədiyindən ərizə təmin edilə bilməz. Bu xüsusatla bağlı məhkəmə kollegiyası bildirir ki, iddiaçının ərizədə göstərdiyi iddianı təminetmə tədbiri cavabdehin tikinti sahəsinə daxil olmasının qarşısının alınmasından ibarətdir. İddia ərizəsi və ona əlavə edilmiş materiallardan görünür ki, cavabdeh tikinti sahəsinə qanunsuz daxil olaraq orada çalışan şəxslərə mane olur, tikintinin başa çatdırılmasına müdaxilələr edir. Nəticədə, iddiaçı təşkilat tikintinin aparılmasını davam etdirə bilmir. Mülki prosessual qanunvericiliyin bir institutu olaraq iddianı təmin etmə tədbiri məhz bu kimi halların qarşısını almaq üçün mövcuddur. Eyni zamanda məhkəmə kollegiyası onu da vurğulayır ki, cavabdehin tikinti sahəsinə daxil olmasına qadağa qoyulması cavabdehə heç bir məhdudiyyət yaratmır və onun hüquqlarını pozmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(005)-3082/2020 saylıqərardadı ləğv edilməli, mübahisəyə mahiyyəti üzrə baxılıb qurtaranadək Bakı şəhəri Nərimanov rayonu 1929-cu məhəllə İsmayıl Hidayətzadə küçəsi, 130 ünvanında İddiaçı Mənzil Tikinti Kooperativi tərəfindən tikintisi aparılan çoxmərtəbəli yaşayış binasının tikinti sahəsinə cavabdehin daxil olması qadağan edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157-158, 398-400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Şikayət təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(005)- 3082/2020 saylı qərardadı ləğv edilsin. Mübahisəyə mahiyyəti üzrə baxılıb qurtaranadək Cavabdeh Bakı şəhəri Nərimanov rayonu 1929-cu məhəllə İsmayıl Hidayətzadə küçəsi, 130 ünvanında İddiaçı Mənzil Tikinti Kooperativi tərəfindən tikintisi aparılan çoxmərtəbəli yaşayış binasının tikinti sahəsinə daxil olması qadağan edilsin. Qərardad dərhal icra edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-7457/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7457/2020
29.09.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver