Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7457/2022 30.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli, e-2(009)-1726/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 30 noyabr 2022-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. 04 may 2022-ci il tarixli aktdan görünür ki, aşbaz vəzifədə çalışan İddiaçı 03 may 2022-ci il tarixdə sahibkara məxsus, satış üçün nəzərdə tutulmuş içkiləri, bu hərəkətlərin qadağan olunmasına baxmayaraq, icazəsiz olaraq soyuducudan götürərək istifadə etmişdir.
2. Sahibkar Cavabdeh xx.xx.2022-ci il tarixli, 17 №-li əmrindən görünür ki, aşbaz vəzifəsində çalışan İddiaçı satış üçün nəzərdə tutulmuş malları icazəsiz, gizli olaraq istifadə etməsinə görə yazılı xəbərdarlıq elan edilir. Bu cür halların sahibkarın əmlakına ziyan vurulması kimi qiymətləndirilməsi onun diqqətinə çatdırılmalı və yolverilməz olduğu ona izah edilməlidir.
3. 11 may 2022-ci il tarixli aktdan görünür ki, aşbaz vəzifədə çalışan İddiaçı tərəfindən 10 may 2022-ci il tarixdə sahibkara məxsus, satış üçün nəzərdə tutulmuş içkiləri, bu hərəkətlərin qadağan olunmasına baxmayaraq, icazəsiz olaraq növbəti dəfə gizli olaraq istifadə etməsi faktı aşkar edilmişdir.
4. Sahibkar Cavabdeh xx.xx.2022-ci il tarixli, 22 №-li əmrindən görünür ki, “Kafe xidməti” bölməsində “aşbaz” vəzifəsində işləyən X6 haqqında aşağıdakı səbəb (ləri) nəzərə alaraq, 72 “ç” bəndinə əsasən əmr etmişdir: “Kafe xidməti” bölməsində “aşbaz” vəzifəsində işləyən X3 ilə bağlanılmış xxxxxxx000800 nömrəli əmək müqaviləsinə “AR ƏM-nin 70 nömrəli maddəsinin “ç”- işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəlləsinin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda” bəndinə əsasən yuxarıda göstərilən səbəbdən xx.xx.2022-ci il tarixdən xitam verilmişdir.
5. xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsinin bildirişindən görünür ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə görə, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda Əmək müqaviləsi işəgötürən tərəfindən xx.xx.2022-ci il tarixdə xitam verilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh fiziki şəxs fərdi sahibkar Cavabdeh xx.xx.2022-ci il tarixli əmrinin ləğv edilərək, iddiaçının çalışdığı Bakı şəhəri, Səbail rayonu, Badamdar şossesi 77 ünvanında yerləşən X1 «aşbaz» vəzifəsinə işə bərpa edilməsinə, məcburi iş buraxma müddəti üçün ödənilməmiş əmək haqqının Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh fərdi (fiziki şəxs) sahibkar Bakı şəhərində müxtəlif ünvanlarda bir neçə restoran işlədir. Həmin restoranlardan biri Səbail rayonu, Badamdar şosesi, 77 ünvanında yerləşən “Holliwood Deluks” restoranıdır. O, həmin restoranda çalışırdı. Cavabdehin “VÖEN-İ**********” olub, onun vergi uçotu AZ1029, ünvan 4 ünvanında yerləşən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən aparılır. O, cavabdeh ilə xx.xx.2022-ci ildə əmək müqaviləsi bağlamış və həmin müqavilə əsasında cavabdehin Səbail rayonu, Badamdar şosesi, 77 ünvanında yerləşən “Holliwood Deluks” restoranında "aşbaz” vəzifəsində işləyirdi. xx.xx.2022-ci il tarixində onun əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən qanunsuz olaraq xitam verilmişdir. Həmin əmrin surətini və əmək kitabçasını dəfələrlə tələb etsə də, hələ də ona təhvil verilməyib, bu sənədlərin tələb olunması üçün məhkəmə sorğusunun da verilməsini xahiş edir. Bu qanun pozuntusu ilə birlikdə, bildirmək istəyir ki, o, bu günə qədər əmək funksiyanı yüksək peşəkarlıqla yerinə yetirmiş, bir dəfə də olsun intizam tənbehi almamış, əksinə dəfələrlə həvəsləndirici təriflər almışdır. Yəni əmək funksiyasını pozmadığı halda işəgötürən Əmək Məcəlləsinin tələblərini pozaraq qanunsuz olaraq onu ƏM-nin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edib. Əmək kitabçasını ləkələyib. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə görə, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Onun izahatı alınmadan Əmək Müqaviləsinə xitam verildiyi üçün hələ də bilmir ki, o hansı əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş, yaxud Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hansı halda əmək vəzifələrini kobud şəkildə pozmuşdur. Yəni işəgötürən həmin əmrini əsaslandırmalı və onun hansı pozuntu törətdiyini sübut etməlidir, lakin bu günə qədər o bunu sübut etməmişdir. Məhz ƏM-nin 71-ci maddəsinin 3-cü bəndi də deyir ki, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Bundan başqa, ƏM-nin 71-ci maddəsinin 2-ci bəndi deyir ki, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Məlum olduğu kimi, iddiaçının ƏMnin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilə bilməsi üçün bu şərtlər tələb olunur: 1) o, yəni işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını pozmalıdır, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirməməlidir; 2) Bunun nəticəsində iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmalı, və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməlidir. Məlum olduğu kimi, hər iki şərtin var olduğunu işəgötürən sübut etməlidir. Lakin belə bir sübut təqdim olunmayıb. Əmək Məcəlləsinin 186-cu maddəsinin 2-ci bəndinə görə, işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək. Əmək Məcəlləsinin 187-ci maddəsinin 1-ci bəndinə görə, intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. İşə götürən iddiaçıya “əmək müqaviləsinin Əmək Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv edilməsi” intizam tənbehini verərkən ondan izahatını belə qanuna uyğun olaraq tələb etməyib. Bununla Əmək Məcəlləsinin 187-ci maddəsinin 1-ci bəndini pozmuşdur. Yəni iddiaçı hələ də bilmir ki, onu nə üçün işdən azad ediblər. Özünü müdafiə etməyə imkan da vermədilər. Bütün bunlardan məlum olduğu kimi onun işdən azad olunmağı ilə bağlı əmr Əmək Məcəlləsinin imperativ tələblərinə uyğun deyil, bu səbəblə həmin əmr ləğv olunaraq onun pozulmuş hüquqları bərpa olunmalıdır.
8. Birinci instansiya məhkəməsi baxışı zamanı cavabdeh iddia tələbinə yazılı etiraz edərək, qeyd etmişdir ki, məhkəməyə təqdim etdiyi sənədlərdən də göründüyü kimi, iddiaçı onun rəhbərliyi altında qısa sayıla biləcək bir müddət ərzində işləmişdir. Bu müddət ərzində ona qarşı şəxsi hər hansı bir kini, ədavəti yaxud qərəzi olmamışdır. Bunu iddiaçı özü də öz ərizəsində “bir dəfə də olsun intizam tənbehi almamış, əksinə dəfələrlə həvəsləndirici təriflər almışdır” ifadəsi ilə təsdiq edir və ona olan münasibətin daim həvəsləndirici və mükafatlandırıcı olmasını göstərir. Hər bir işin, sahənin özünə məxsus qaydaları, xüsusiyyətləri mövcuddur ki, həmin sahə üçün spesifik, mühüm əhəmiyyət daşıyır. Digər sahələrdə bu məsələ xırda görünsə də, məhz həmin sahə üçün spesifikliyi həmin pozuntuya mühüm əhəmiyyət verir. Misal üçün, digər yerlərdə 50 qəpik məbləğində vəsait əhəmiyyətsiz görsənsə də, bank xəzinədarının o məbləği götürməsi bank intizamının kobud pozuntusu kimi qiymətləndirilir. Onların fəaliyyət göstərdikləri restoran sahəsində də oxşar nümunələr var və bunlardan biri də sahibkara məxsus olub, satış üçün nəzərdə tutulmuş qida vasitələrinin toxunulmazlığıdır. İddiaçı öz ərizəsində qeyd edir ki, əmək müqaviləsinə bu maddə ilə xitam verilməsinin səbəbini bilmir. Bununl bağlı bildirilir ki, cavabdeh icazəsiz olaraq 03 may 2022-ci il tarixdə satış üçün nəzərdə tutulmuş içki vasitələrini istifadə etmiş və bununla əlaqədar 04 mart 2022-ci il tarixli akt tərtib olunub cavabdehə yazılı xəbərdarlıq elan olunmuş, bu cür hərəkətin yolverilməzliyi onun diqqətinə çatdırılmışdır. Buna baxmayaraq, cavabdeh növbəti dəfə nümayişkaranə şəkildə intizamsızlıq göstərərək, 10 may 2022-ci il tarixdə, eyni əməli təkrar etmişdir. Cavabdehin hərəkətinin cəzasız qalması digər şəxslərin də intizamsızlığına yol aça bilməsi, restoranlarının ümumi iş prinsipini və əmək intizamını təhlükə altına qoyması səbəbində məcburi qaydada bu hərəkət aktlaşdırılaraq, cavabdehin əmək müqaviləsinə qeyd olunmuş əsaslarla xitam verilmişdir.
9. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli, e-2(009)- 1726/2022 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdeh fiziki şəxs fərdi sahibkar Cavabdeh xx.xx.2022-ci il tarixli əmrinin ləğv edilməsi, İddiaçı Bakı şəhəri, Səbail rayonu, Badamdar şossesi 77 ünvanda yerləşən X1 “Kafe xidməti” bölməsində “aşbaz” vəzifəsinə işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
10. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilərkən bu Məcəllənin 72-ci maddəsində göstərilən kobud pozuntuların onun əməllərində mövcud olması arqumenti əsaslı hesab edilə bilməz, belə ki, iddiaçının belə pozuntulara yol vermiş olması və bu pozuntunun müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngini pozaraq mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan vurması işin faktiki halları ilə təkzib olunur. Həmçinin Əmək Məcəlləsinin 187-ci maddəsinin 1-ci hissəsinin tələbinə tələbinə zidd olaraq iddiaçıdan belə bir izahat alınmamış, yaxud izahat verməkdən imtina etməsinə dair hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Bundan başqa məhkəmə iclasında tərəflərin izahatları, toplanmış və tədqiq olunmuş sübutların məcmusu, iş materiallarında olan digər sənədlərlə təsdiq olunur ki, iddiaçı «Kafe xidməti» bölməsində «aşbaz» vəzifəsinə işə qəbul edilmiş, işlədiyi müddət ərzində əmək funksiyalarını yerinə yetirərkən səhlənkarlığa, etinasızlığa yol verməmiş və cavabdeh təşkilata qəsdən heç bir ziyan vurmamışdır. Beləliklə, iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilərkən bu Məcəllənin 72-ci maddəsində göstərilən kobud pozuntuların onun əməllərində mövcud olub-olmadığı araşdırılmamış, iddiaçıya istinad olunan pozuntunun onun barəsində müvafiq intizam tənbehinin tətbiqinə əsas verib-vermədiyi aydınlaşdırılmamış və beləliklə, əmək müqaviləsinə xitam verilərkən cavabdeh tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71-ci maddəsinin İİ hissəsinin və 76-cı maddəsinin tələblərinə əməl edilməmişdir. Digər tərəfdən iddia tələbləri vətəndaşın konstitusion hüquqlarından olan əmək hüquqlarının müdafiəsi ilə bağlı olduğundan iddiaçının əmək müqaviləsinə xitam verilməsində əmək qanunvericiliyinin əmək müqaviləsinə xitam verilməsinin rəsmiləşdirilməsi ilə əlaqədar tələblərinə əməl olunub-olunmadığı da müəyyən edilməlidir. İddiaçı da onun hüquqularının digər pozuntusu olaraq haqqında verilmiş əmrin surətinin və həmçinin, əmək kitabçasının ona verilməmiş olmasını göstərmişdir. Lakin məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, işəgötürənin xx.xx.2022-ci il tarixli əmrin surəti iddiaçıya verilməmişdir.
11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci, 72-ci, 83-cü, 187-ci, 300-cü, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apelyasiya şikayətinin dəlilləri
12. Qətnamədən cavabdeh tərəfindən apelyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi və iddianın təmin olunmamasına dair qərar qəbul edilməsi xahiş edilmişdir.
13. Apelyasiya şikayətində göstərilmişdir ki, qətnamədə iddiaçının məhz Səbail rayonu, Badamdar şossesi 77 ünvanda yerləşən X1 işə bərpa olunması qət edilmişdir. Həmin hissədə qətnamə əsassızdır. Belə ki, X2 iddiaçının rəsmi iş yeri deyil, cavabdehin mülkiyyətində də deyil, iddiaçının rəsmi işə götürəni Cavabdehdur ki, o da istənilən vaxt qeyd olunan restoranda fəaliyyətini dayandıra bilər. İddiaçının əmək müqaviləsi cavabdehlə olub və iddiaçının iş yerini işə götürəni müəyyən edir, restoranla iddiaçının hər hansı hüquqi bağlılığı mövcud deyil. Bundan başqa məhkəməyə təqdim edilmiş aktlardan da göründüyü kimi işçi satış üçün nəzərdə tutulmuş içki vasitələrini gizli yolla şəxsi məqsədləri üçün istifadə etmişdir. Xarakterinə görə bu hərəkət sahibkarın əmlakını gizli yolla talamadır. Qarşı tərəf bu faktı inkar etmir və edə də bilməz çünki şahidlər tərəfindən bu hərəkət aktla rəsmiləşdirilmişdir. Məhkəmə özü qətnamədə qeyd etmişdir ki, “Məlum olduğu kimi, iddiaçının ƏM-nin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilə bilməsi üçün bu şərtlər tələb olunur: 1) o, yəni işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını pozmalıdır, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirməməlidir; 2) Bunun nəticəsində iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmalı, və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməlidir. Məlum olduğu kimi, hər iki şərtin var olduğunu işəgötürən sübut etməlidir. Lakin belə bir sübut təqdim olunmayıb”. Sual yaranır “Əmlakın gizli yolla təkrar dəfələrlə talanması sahibkarın qanunla qorunan mənafeinə ziyan dəyməsi demək deyilmi?” yaxud da “İşəgötürənin digər əməkdaşların iştirakı ilə həmin hərəkətlərin aktla rəsmiləşdirilməsi sübut deyilmi?”. Hərəkətin qəsdən edilməsi isə açıq aşkardır və mübahisə doğurmur. Əmək qanunvericiliyi işçinin yazılı izahat verməkdən imtina etməsinin rəsmiləşdirilməsi öhdəliyini işəgötürənin üzərinə qoymayıb. Buna baxmayaraq məhkəmə öz qərarında iddianın təmin olunmasının əsası kimi bu hala istinad etmişdir. Bununla yanaşı Məhkəmə qətnaməsində qeyd etmişdir ki, iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-cimaddəsinin “ç” bəndi ilə xitam verilərkən bu Məcəllənin 72-ci maddəsində göstərilən kobud pozuntuların onun əməllərində mövcud olub-olmadığıaraşdırılmamış, iddiaçıya istinad olunan pozuntunun onun barəsində müvafiq intizam tənbehinin tətbiqinə əsas veribvermədiyiaydınlaşdırılmamış və beləliklə, əmək müqaviləsinə xitam verilərkən cavabdeh tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71-cimaddəsinin İİ hissəsinin və 76-cımaddəsinin tələblərinə əməl edilməmişdir. Halbuki məhkəməyə təqdim olunmuş sənədlər tam əksini göstərir, işçinin işəgötürənin əmlakını gizli yolla talaması, bununla da əmək intizamını pozması səbəbindən əmək müqaviləsinə xitam verildiyi təsdiq olunur.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apelyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
15. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh nümayəndəsi eyni zamanda vəkili Nümayəndə apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verməklə, əlavə olaraq bildirmişdir ki, iddiaçı tərəfindən iş vaxtı satış üçün nəzərdə tutulmuş içkilərdən istifadə etmiş və bununla da işəgötürənə maddi ziyan vurmaqla işin ahəngini pozmuşdur. Bununla bağlı akt tərtib edilməklə iddiaçı xəbərdarlıq edilmişdir, lakin iddiaçı yenidən eyni əməli törətmiş və nəticədə onunla bağlanmış əmək münasibətlərinə xitam verilməsi əmrləşdirilmişdir. Bundan başqa iddiaçının işə bərpa olunmasını xahiş etdiyi restoran iddiaçının rəsmi iş yeri deyil və işəgötürən məhz Cavabdehdur ki, sonuncu da restoranı anlaşma əsasında işlədir və hazırda cavabdeh həmin restoranla olan əlaqələrini kəsmişdir, eyni zamanda restoran artıq fəaliyyətini dayandırmışdır. Digər tərəfdən qanunvericilikdə işçinin izahat verməkdən imtina etməsinin rəsmiləşdirilməsi kimi işəgötürənin üzərinə hər hansı bir öhdəlik qoyulmamışdır. Qeyd olunanlara əsasən hesab etmişdir ki, iddia tələbi əsassız olmuşdur.
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq izahatında əlavə olaraq bildirdi ki, iddiaçı tərəfindən işəgötürənə hər hansı bir maddi ziyan vurulmamışdır. Belə ki, iddiaçı satışda olan bahalı içkilərdən istifadə etməmiş, sadəcə işçilərdən kimsə qazlı sudan içmiş, bu zaman mübahisə olmuş və iddiaçı da mübahisənin uzanmaması üçün suyun onun tərəfindən içildiyini bildirmişdir. Lakin cavabdeh tərəf ümumiyyətlə iddiaçının ona maddi ziyan vurmasını sübut edə bilməmişdir. Bundan başqa akt tərtib edilərkən iddiaçının iştirakı təmin edilməmiş, eləcə də işdən çıxarılma barədə əmr verilərkən də iddiaçının izahatı alınmamış, ümumiyyətlə buna cəhd belə edilməmişdir. Göründüyü kimi cavabdehin dəlilləri əsassızdır.
Tətbiq edilən maddi hüquq normaları:
Azərbaycan Respublikası Əmək Məcəlləsinin:
17. 10-cu maddəsində göstərildiyi kimi, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək, əmək qanunvericiliyinin tələblərinə işçinin əsas vəzifələri hesab olunur.
18. 45-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.
19. 70-ci maddəsinin «ç» bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən həmin əsasla ləğv edilə bilər.
20. 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulmuş əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
21. 71-ci maddəsinin 3-cü bəndinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.
22. 72-ci maddəsində əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar sadalanmış, işçinin, əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması belə halların sırasında göstərilmişdir.
23. 76-cı maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz.
24. 83.1-ci maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.
25. 83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.
26. 187-ci maddəsinin 1-ci hissəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir.
27. 300-cü maddəsinin 1-ci hissəsinə əsasən, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarır.
Apelyasiya baxışının hədləri
28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
30. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası izahatları bu kontekstdə dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək aşağıdaki nəticəyə gəlir.
32. İş materialları ilə müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh arasında 14 mart 2022ci il tarixdə əmək müqaviləsi bağlanmışdır.
33. Həmçinin müəyyən edilir ki, sahibkar Cavabdeh xx.xx.2022-ci il tarixli, 22 №-li əmri ilə “Kafe xidməti” bölməsində “aşbaz” vəzifəsində işləyən X6 haqqında aşağıdakı səbəb (ləri) nəzərə alaraq, 72 “ç” bəndinə əsasən əmr etmişdir: “Kafe xidməti” bölməsində “aşbaz” vəzifəsində işləyən X3 ilə bağlanılmış xxxxxxx000800 nömrəli əmək müqaviləsinə “AR ƏMnin 70 nömrəli maddəsinin “ç”- işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəlləsinin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda” bəndinə əsasən yuxarıda göstərilən səbəbdən xx.xx.2022-ci il tarixdən xitam verilmişdir.
34. Qeyd olunan əmr verilməmişdən əvvəl isə iddiaçı barəsində 04 may 2022-ci il və 11 may 2022-ci il tarixli aktlar, eləcə də xx.xx.2022-ci il tarixli, 17 №-li əmr verilmişdir.
35. Bununla yanaşı birinci instansiya məhkəməsi baxışı zamanı müəyyən edilmişdir ki, iddiaçının pozuntulara yol vermiş olması və bu pozuntunun müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngini pozaraq mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan vurması işin faktiki halları ilə təkzib olunur. Bununla yanaşı iddiaçıya intizam tənbehi verilməmişdən əvvəl izahatı alınmamış, yaxud izahat verməkdən imtina etməsinə dair hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir.
36. Birinci instansiya məhkəməsi baxışı zamanı həmçinin müəyyən edilmişdir ki, iddiaçı «Kafe xidməti» bölməsində «aşbaz» vəzifəsinə işə qəbul edilmiş, işlədiyi müddət ərzində əmək funksiyalarını yerinə yetirərkən səhlənkarlığa, etinasızlığa yol verməmiş və cavabdeh təşkilata qəsdən heç bir ziyan vurmamışdır.
37. Göründüyü kimi iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilərkən bu Məcəllənin 72-ci maddəsində göstərilən kobud pozuntuların onun əməllərində mövcud olub-olmadığı araşdırılmamış, iddiaçıya istinad olunan pozuntunun onun barəsində müvafiq intizam tənbehinin tətbiqinə əsas verib-vermədiyi aydınlaşdırılmamış və beləliklə, əmək müqaviləsinə xitam verilərkən cavabdeh tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71-ci maddəsinin İİ hissəsinin və 76-cı maddəsinin tələblərinə əməl edilmədiyindən eləcə də işəgötürənin xx.xx.2022-ci il tarixli əmrin surəti iddiaçıya verilmədiyindən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbini təmin etmişdir.
38. Apellyasiya şikayətinin dəlilləri isə əsassız olmuşdur.
39. Belə ki, iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilərkən iddiaçının kobud pozuntularının onun əməllərində mövcud olması arqumenti əsaslı hesab edilə bilməz.
40. Belə ki, iddiaçının belə pozuntulara yol vermiş olması və bu pozuntunun müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngini pozaraq mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan vurması işin faktiki halları ilə sübut olunmur.
41. Bununla yanaşı ziyan formal və ümumi mülahizələrdən ibarət olmamalı, əmlakda azalma və ya başqa şəkildə real mənfi vəziyyətin varlığı ilə təsdiqlənməlidir.
42. Lakin cavabdeh, iddiaçının əməli nəticəsində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya kiminsə hüquqlarına və mənafelərinə hər hansı formada ziyan dəyməsini sübut təqdim etməmişdir.
43. Digər tərəfdən iddiaçının işəgötürənə maddi ziyan vurması da işin araşdırılmış halları ilə öz təsdiqini tapmamışdır.
44. Belə ki, cavabdeh tərəfindən tərtib edilmiş aktlarda iddiaçının sahibkara məxsus satış üçün nəzərdə tutulmuş içki vasitələrini istifadə etməsi göstərilsə də həmin aktlar tərtib edilərkən, iddiaçının iştirakı təmin edilməmişdir. Digər tərəfdən istinad edilən aktlarda qeyd edilənlərin məhz iddiaçı tərəfindən edilməsi işin araşdırılmış halları ilə müəyyən edilməmiş, cavabdeh tərəfindən bu barədə mötəbər sübutlar təqdim etməmişdir. Digər tərəfdən aktdan sonra tərtib edilmiş əmrlə iddiaçının tanış edilməsi də öz təsdiqini tapmamışdır.
45. Bundan başqa mübahisələndirilən əmr verilərkən iddiaçının izahatı alınmamış, ümumiyyətlə iddiaçının izahatının alınması üçün hər hansı təşəbbüs göstərilməsi də iş materialları ilə müəyyən edilməmişdir.
46. Halbuki əmək qanunvericiliyində inztizam tənbehi verilməmişdən əvvəl işçinin yazılı izahatının alınmalı olması bir mənalı olaraq qeyd edilmişdir.
47. Belə ki, Əmək Məcəlləsinin 187-ci maddəsinin 1-ci hissəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir.
48. Cavabdehin nümayəndəsi eyni zamanda vəkili apellyasiya baxışı zamanı izahatında bildirmişdir ki, “hazırda cavabdeh həmin restoranla olan əlaqələrini kəsmişdir, eyni zamanda restoran artıq fəaliyyətini dayandırmışdır”. Bununla bağlı hər hansı mötəbər sübutlar məhkəməyə təqdim edilməmiş, həmçinin məhkəmə iclasına tərəflər arasında bağlanmış əmək müqaviləsinin təqdim edilməsi üçün fasilə verilsə də, cavabdeh tərəf fasilədən sonra məhkəmədə iştirak etməyərək, müqaviləni təqdim etməmişdir.
49. Göründüyü kimi apellyasiya şikayətinin dəlilləri öz təsdiqini tapmamışdır.
50. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.
51. Həmin Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 52.Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 53.Beləliklə məhkəmə kollegiyasının qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. 54.Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı və apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir. 55.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 56.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
57. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli, e-2(009)- 1726/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov