Məhkəmə qərarları › İş №2(103)-7459/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7459/2021

27.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7459/2021 27.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Əbdürəhmanov Aqşin Qasım oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı ödənilmiş pul vəsaitinin geri qaytarılması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli 2(011)-4346/2021 saylı qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 78,2 kv.m qeyri-yaşayış sahəsinə görə ödədiyi 50301,22 manat pulun 25%-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən, qalan 75%-nin isə cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən tutularaq ona qaytarılması, ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 2015ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi haqqında Əsasnamə"nin 2.0.2-ci və 3.0.13-cü yarımbəndlərinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 6 mərtəbəli binasının 78,2 kv.m hissəsinin alınması üçün 17.04.2018-ci il tarixdə keçirilən auksionda iştirak edərək həmin qeyriyaşayış sahəsini hərrac yolu ilə almışdır. Hərracın keçirilməsi barədə məlumatı o vaxtkı Əmlak Komitəsinin internet saytından əldə etmişdir. 02.04.2018-ci il tarixdə hərracda iştirak etmək üçün 5000 AZN pul ödəmişdir. 18.04.2018-ci il tarixdə obyektə dair alqı-satqı müqaviləsi bağlanılmışdır. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların təşkili üzrə Auksion Mərkəzi tərəfindən 17.04.2018-ci il tarixdə keçirilən hərracda 14/02 saylı protokola əsasən ünvan 1 ünvanında yerləşən 78,2 kv.m qeyri-yaşayış sahəsinə dair alqı-satqı müqaviləsi bağlanmışdır. Bundan sonra qanunvericiliyin tələblərinə uyğun olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən 06.07.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarış verilmişdir. ünvan 1 ünvanında yerləşən 78,2 kv.m qeyri-yaşayış sahəsinə görə 45000 AZN və 265,22 AZN, habelə çıxarış və texniki pasport üçün 36 AZN olmaqla ümumilikdə 50301,22 AZN ödəniş etmişdir. "xxxx" MMC cavabdehlər Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və İddiaçı qarşı iddia ərizəsi ilə məhkəmə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı adına verilmiş 06.07.2018-ci il tarixli ******* saylı çıxarışın və eyni tarixli qeyri-yaşayış sahəsinin texniki pasportunun və göstərilən sənədlərin verilməsinə əsas olmuş digər sənədlərin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, 3 il davam edən məhkəmə çəkişməsindən sonra Azərbaycan Respublikası Ali Məhkəməsinin 03.03.2021-ci il tarixli 2(102)-1939/2021 saylı qərarı ilə onun adına verilmiş çıxarış və texniki pasport, habelə göstərilən sənədlərin verilməsinə əsas olmuş digər sənədlər etibarsız hesab edilmişdir. Bununla bağlı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə ödədiyi pulun qaytarılması ilə bağlı müraciət etmiş, lakin 21.04.2021-ci il tarixdə **********8 saylı cavab məktubunda göstərilmişdir ki, qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi ləğv edilsə də, həmin əmlaka görə dövlət büdcəsinə ödənilmiş pulun qaytarılması qərara alınmamışdır. Buna görə də o ödədiyi pulun geri qaytarılması üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli 2(011)-4346/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, İddiaçı tərəfindən Bakı şəhəri Nəsimi rayonu Səməd Vurğun küçəsi, 69-da yerləşən sahəsi 78,2 kv.metr olan qeyri-yaşayış sahəsinin (zirzəminin) açıq hərrac yolu ilə əldə olunması üçün ödənilmiş 50000 manatın 25 %-i, yəni 12500 manatın cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən, 75 %-i, yəni 37500 manat və 301,22 manat pulun Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə alınıb İddiaçı qaytarılması qət edilmişdir. Həmin qətnamədən cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi sözügedən hərracı təşkil etməmiş və həmin hərracda iştirak etməmişdir. Hərracla bağlı münasibətlərdə Maliyyə Nazirliyi əqdin tərəfi olmadığına görə əqd etibarsız hesab olunarkən tərəflərin hər birinin əqd üzrə aldıqlarının hamısını digər tərəfə geri qaytarmalı olması barədə Mülki Məcəllənin 337.5-ci maddəsi Maliyyə Nazirliyinə tətbiq oluna bilməz. Apellyasiya şikayətinin məzmunundan görünür ki, cavabdeh Maliyyə Nazirliyi qətnamənin ləğv edilib iddianın rədd edilməsini xahiş etsə də, faktiki olaraq qətnamənin İddiaçı tərəfindən Bakı şəhəri Nəsimi rayonu Səməd Vurğun küçəsi, 69-da yerləşən sahəsi 78,2 kv.metr olan qeyri-yaşayış sahəsinin (zirzəminin) açıq hərrac yolu ilə əldə olunması üçün ödənilmiş 50000 manatın 75 %-i, yəni 37500 manat və 301,22 manat pulun Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə alınıb İddiaçı qaytarılması hissəsini mübahisələndirmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin əsassız olduğunu bildirərək şikayətin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli 2(011)-4346/2021 saylı qətnaməsi cavabdeh Maliyyə Nazirliyinin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında görünür ki, Əmlak Məsələləri Dövlət Komitəsi ilə İddiaçı arasında bağlanmış 18.04.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri Nəsimi rayonu Səməd Vurğun küçəsi, 69-da yerləşən sahəsi 78,2 kv.metr olan qeyri-yaşayış sahəsi (zirzəmi) İddiaçı satılmışdır. Qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə Bakı şəhəri Nəsimi rayonu Səməd Vurğun küçəsi, 69-da yerləşən sahəsi 78,2 kv.metr olan qeyri-yaşayış sahəsinin (zirzəminin) İddiaçı satılmasına dair 17.04.2018-ci il tarixli 14/01 saylı hərrac protokolu və hərracın nəticələri, o cümlədən qeyri-yaşayış sahəsinin alqısatqısına dair Əmlak Məsələləri Dövlət Komitəsi ilə İddiaçı arasında bağlanmış 18.04.2018-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş və onun adına verilmiş 06.07.2018-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv olunmuşdur. İddiaçı ilə bağlanmış və sonradan məhkəmə tərəfindən etibarsız hesab edilmiş 18.04.2018-ci il tarixli alqı-satqı müqaviləsinin digər tərəfi dövlət olmuş, qanunvericiliyin tələblərinə əsasən həmin əqddən əldə olunən vəsaitin 75 faizi dövlət büdcəsinə köçürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsinə görə əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. İşin faktiki hallarından görünür ki, Bakı şəhəri Nəsimi rayonu Səməd Vurğun küçəsi, 69-da yerləşən sahəsi 78,2 kv.metr olan qeyri-yaşayış sahəsinin (zirzəminin) İddiaçı satılmasına dair 17.04.2018-ci il tarixli 14/01 saylı hərrac protokolu və hərracın nəticələri, o cümlədən qeyri-yaşayış sahəsinin alqı-satqısına dair Əmlak Məsələləri Dövlət Komitəsi ilə İddiaçı arasında bağlanmış 18.04.2018-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş və onun adına verilmiş 06.07.2018-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv olunmuşdur. Mülki Məcəllənin 43.3-cü maddəsinə əsasən Azərbaycan Respubiikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”nın 13.2-ci bəndinə əsasən, özəlləşdirmədən əldə olunmuş pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsinə daxil olur. Dövlət əmlakının özəlləşdirilməsində müstəqil maliyyə məsləhətçisinin cəlb edilməsi, özəlləşdirmə ilə bağlı informasiya təminatının təşkili müəssisələrin özəlləşdirməqabağı sağlamlaşdırılması, özəlləşdirmədən sonra müəssisələrin fəaliyyətinin dəstəklənməsi tədbirlərinin maliyyələşdirilməsi, dövlət əmlakının qorunub saxlanılması və mühafizəsi, Azərbaycan Respublikasının mülkiyyət hüquqlarının qorunması ilə bağlı Azərbaycan Respublikasını xarici ölkələrin müvafiq orqanlarında, habelə məhkəmə orqanlarında təmsil etmə xərclərinin ödənilməsi məqsədilə Əmlak Məsələləri Dövlət Komitəsinin hesabına bu vəsaitin 25%-i həcmində ayırmalar nəzərdə tutulur. Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il tarixli 48 saylı Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Əsasnaməsinə əsasən, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamənin mübahisələndirilən hissəsində mübahisənin faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Kollegiya hesab edir ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin keçirilən hərracda tərəf olmaması, hərracı təşkil etməməsi və hərracda iştirak etməməsi iddianın Maliyyə Nazirliyinə qarşı hissədə təmin edilməməsinə əsas vermir. İşin faktiki hallarından da görünür ki, keçirilmiş hərrac nəticəsində əldə olunmuş 50000 manat məbləğində pul vəsaitinin 75 faizi dövlət büdcəsinə keçirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402- 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli 2(011)-4346/2021 saylı qətnaməsi cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar