Məhkəmə qərarları › İş №2(103)-746/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-746/2021

03.06.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-746/2021 03.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Hüseynli Gültəkin Xaliq qızının katibliyi, İddiaçı, Cavabdehin vəkili Ələkbər-zadə Faiq Zakir oğlunun iştirakları ilə, İddiaçı cavabdeh X5 qarşı "mənzilə istifadə hüququna xitam verilməsi" tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19.02.2020-ci il il tarixli, 2(004)-1048/2020 nömrəli qətnaməsindən X6 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh X5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 iddiaçıya məxsus ünvan 1 ünvanda olan mənzilə istifadə hüququ olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 2 ünvanda olan mənzilin mülkiyyətçisidir. Cavabdeh X6 həmin mənzilə müvəqqəti olaraq pasport qeydiyyatına düşməsinə baxmayaraq, bir gün belə həmin mənzildə yaşamamışdır. Onun həmin mənzildə pasport qeydiyyatı formal xarakter daşıyır. Göstərilənlərə əsasən iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 19.02.2020-ci il il tarixli, 2(004)-1048/2020-007 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh X3 ünvan 2 ünvanda olan mənzilin İddiaçı mülkiyyətində olan 12/14 hissəsinə dair istifadə hüquqlarının olmamasının müəyyən edilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh X6 tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddiaçı tərəfindən qeyd edilənlərin həqiqət olub-olmadığını araşdırmadan, mənzilin hansı əsaslarla, hansı qaydada mülkiyyətə keçməsini dəqiqləşdirmədən, cavabdehin hansı tarixdən qeydiyyata düşməyini öyrənmədən iddiaçının sözlərinə aldanmışdır. Mübahisə üzrə birinci instansiya məhkəməsində cavabdehin iştirakı lazımınca təmin olunmamışdır. Belə ki, hazırki şikayətə surəti əlavə edilən (əsl iddiaçıda olmuş, iddiaçı bu sənəd əsasında mənzili mənimsəmişdir) 28 aprel 2012-ci il tarixli 2V/01-62 reyestr nömrəli vəsiyyətnamədən də görünür ki, həmin mənzil cavabdehin anası X2 mülkiyyətində olmuş, mənzili anası ona vəsiyyət etmişdir. İddiaçının cavabdehin müvəqqəti pasport qeydiyyatına düşməyi ilə əlaqədar dediklərinə əks arqument kimi cavabdeh qeyd etmişdir ki, o, 2011-ci il tarixdən həmin ünvana anası, yəni mənzilin əvvəlki mülkiyyətçisi X4 tərəfindən qeydiyyata alınmışdır. İstifadə hüququ da məhz Fazilə Hüseynova tərəfindən tanınmışdır. Mülki iş üzrə iddiaçı mənzili qanunsuz yolla olsa belə, onun istifadə hüquqları ilə almasına baxmayaraq, yalan izahatlar verərək onun mülki hüquqlarını da pozmuşdur. İşin hallarından görünən digər bir məqam isə ondan ibarətdir ki, məhkəmə mənzilin paylı mülkiyyət olmasını nəzərə alaraq iddianı qismən təmin etsə də, qətnamənin “qət etdi” hissəsində onun qeydiyyatının ləğvi üçün əsas olduğunu qeyd etmiş, polis orqanları isə bu qətnaməni əldə əsas tutmaqla qeydiyyatı ləğv etmişlər. Məhkəmə onun ölkədə olubolmadığını araşdırmadan, iştirakını təmin etmədən bir tərəfli qətnamə çıxarmışdır. Nəticədə həm çəkişmə prinsipi pozulmuş, həm də cavabdehdə olan sübutların və faktların araşdırılması mümkün olmamışdır. Məhkəmə iclasında cavabdehin vəkili Ələkbər-zadə Faiq Zakir oğlu apellyasiya şikayətini tam müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan 22 avqust 2017-ci il tarixli “Payın bağışlanma müqaviləsi”nin surətindən görünür ki, X6 mərhum anası X1 miras qalmış əmlakdan ona çatan 9/14 hissə payını qardaşı X7 bağlışlamışdır. “ASAN-3” Xidmət Mərkəzi tərəfindən verilmiş ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, X6 ünvan 2 ünvanda qeydiyyatdadır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 ünvanda olan mənzilin 12/14 hissəsi İddiaçı, 2/14 hissəsi isə X2 adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmişdir. İş materiallarında olan AZ-İ № 767743 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 24 dekabr 2015-ci il tarixdə vəfat etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq birinci instansiya məhkəməsinin hazırki mübahisənin həllinə dair mövqeyi ilə razılaşmır. Məhkəmə kollegiyasının müəyyənləşdirdiyi mübahisəsiz hallar ondan ibarətdir ki, ünvan 4 ünvanında olan yaşayış sahəsinin 12/14 hissəsi iddiaçıya məxsus olsa da, 2/14 hissəsi mərhum X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatda qalmışdır və həmin pay vərəsəlik qaydasında keçməmişdir. İddiaçı mübahisəli əmlakın qalan 2/14 hissəsinə cavabdehin hüququnu mübahisələndirməmişdir. Həmçinin, iddiaçının yaşayış sahəsindəki payı naturada ayrılmamışdır. Məhkəmə kollegiyasının müəyyənləşdirdiyi hallardan görünür ki, iddiaçının yaşayış sahəsindəki payı naturada ayrılmadığından onun payına düşən 12/14 hissəsinin mənzilin hansı sahələrini əhatə etməsi, bununla da cavabdehin istifadə hüquqlarının olmadığı sahələrin müəyyən edilməsi mümkün olmadığı halda, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bu halları aydınlaşdırmadan iddia tələbini qismən təmin etmişdir ki, bu da birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi əsaslarındandır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslarındandır. İddiaçı eyni zamanda tələbini cavabdehin həmin mənzilə müvəqqəti olaraq pasport qeydiyyatına düşməsi, bir gün belə həmin mənzildə yaşamaması ilə əsaslandırsa da, bu barədə əsaslı şübhədən kənar sübut təqdim etməmişdir. Halbuki, Avropa İnsan Hüquqları Məhkəməsi Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa İnsan Hüquqları Məhkəməsi Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında xatırlatmışdır ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Yanaşı yoxlanılmış sübutlarla isə müəyyən edilmişdir ki, mənzilin əvvəlki mülkiyyətçisi cavabdehin anası Fazilə Hüseynova olmuşdur. Cavabdeh mənzilə dair mülkiyyətçi hüquqları iddiaçıya keçənədək həmin ünvana anası tərəfindən 2011-ci il tarixdən qeydiyyata alınmışdır. Anasının vəfatından sonra isə miras əmlakın 9/14 hissə payı vərəsəlik hüququ əsasında cavabdehə keçmiş və o, həmin payı qardaşı – hazırkı iddiaçının əri Rafiq Hüseynova bağışlamışdır. Hazırda miras əmlakın 2/14 hissəsi açıq qalmışdır. İş üzrə olan əsaslı şübhədən kənar sübutlarla cavabdehin mənzilə anasının razılığı ilə qeydiyyata alınmasının formal xarakter daşıması, bir gün belə həmin mənzildə yaşamaması halları təsdiq edilməmişdir. Məhkəmə kollegiyası, cavabdehin mənzilə anasının razılığı ilə qeydiyyata alınmasının formal xarakter daşıması, bir gün belə həmin mənzildə yaşamaması hallarının əsaslı şübhədən kənar sübutlarla təsdiq edilmədiyini nəzərə alaraq, cavabdehin həmin mənzildən əvvəlki mülkiyyətçinin qızı olaraq onunla bərabər istifadə etmək hüququ əldə etdiyi nəticəsinə gəlir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Məhkəmə kollegiyasının qənaətinə görə, hazırkı iddia paylı mülkiyyətdə olan əmlakda iddiaçının payı naturada müəyyən edilərək ayrıldıqdan sonra, yalnız həmin hissəyə münasibətdə əsaslı ola bilərdi. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsində gəldiyi nəticə işin müəyyən edilmiş hallarına uyğun olmadığından apellyasiya qaydasında ləğv edilməli və iş üzrə iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edir və bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən işin faktiki hallarını düzgün müəyyən etməmiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və səhv nəticəyə gəlmişdir, ona görə də mübahisələndirilən qətnamə ləğv edilməklə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas təşkil edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh X6 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19.02.2020-ci il il tarixli, 2(004)- 1048/2020 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbi təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar