Məhkəmə qərarları › İş №2(103)-746/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-746/2025

22.09.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-746/2025 22.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: torpaq sahəsinin boşaldılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X7 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil2, cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində Maştağa Bələdiyyəsi cəlb olunmaqla) "torpaq sahəsinin boşaldılması" tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(008)-4163/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Bakı şəhəri Sabunçu rayonu Maştağa Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 132 nömrəli sərəncamı ilə Maştağa qəsəbəsi Xanlar yaşayış massivində 1200 kv.m torpaq sahəsi X1 adına rəsmiləşdirilmişdir. Sərəncamda qeyd edilmişdir ki, qeyd olunan torpaq sahəsinin Bakı şəhər İcra Hakimiyyəti başçısının 823 saylı xx.xx.2000-ci il tarixli sərəncamı ilə Maştağa Bələdiyyəsinin mülkiyyətinə verilməsi nəzərə alınsın.

2. 17.07.2018-ci il tarixli etibarnamə ilə Cabarov X3 torpaq sahəsinin 500 kv.mdən təyinatı üzrə istifadə etməyi, tikinti işləri aparmağı, torpaq sahəsini və üzərində tikilmiş tikililəri tam özəlləşdirməyi və s. səlahiyyətləri xx.xx.2064-cü il tarixədək etibar etmişdir.

3. Bakı şəhəri Sabunçu rayonu Maştağa Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 627 nömrəli sərəncamı ilə Maştağa qəsəbəsi Xanlar yaşayış massivində fərdi yaşayış evi tikintisi üçün 600 kv.m torpaq sahəsi İddiaçı istifadəsinə verilmişdir. Sərəncamda qeyd edilmişdir ki, qeyd olunan torpaq sahəsinin Bakı şəhər İcra Hakimiyyəti başçısının 823 saylı xx.xx.2000-ci il tarixli sərəncamə ilə Maştağa Bələdiyyəsinin mülkiyyətinə verilməsi nəzərə alınsın.

4. Maştağa Bələdyyəsinin xx.xx.2020-ci il tarixli məktubuna əsasən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar yaşayış massivində yerləşən 600 kv.m ölçüdə torpaq sahəsinin İddiaçı ayrıldığı bildirilmiş, Cavabdeh hər hansı bir torpaq sahəsinin ayrılması barədə sənədləşmə işlərinin aparılması aşkar edilməmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdeh qarşı "torpaq sahəsinin boşaldılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qanuni əsaslarla onun sahibliyində və istifadəsində olan Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Xanlar yaşayış massivində yerləşən 600 kv.m ölçüdə torpaq sahəsində Cavabdeh tərəfindən aparılmış özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və həmin torpaq sahəsinin boşaldılaraq ona təhvil verilməsi, ona ayrılmış torpaq sahəsini zəbt edərək, həmin sahədə özbaşına tikinti aparmaqla, torpaq sahəsi üzərində qanunsuz hərəkətlər etməklə, onun mülkiyyətçi hüquqlarını pozmaqla və digər qanuna zidd əməlləri etməklə ciddi həcmdə qanun pozuntularına yol verməsi ehtimal olunan Cavabdeh barəsində xüsusi qərardad çıxarılmasını və qeyd olunan faktların araşdırılması üçün prokurora məlumat verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı xx.xx.2023-cü ildə iddia tələbini dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı Şəhəri Sabunçu Rayonu Maştağa Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 627 nömrəli sərəncamına əsasən istifadəsinə ayrılmış Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Xanlar yaşayış massivində yerləşən 600 kv.m ölçüdə torpaq sahəsində Cavabdeh tərəfindən aparılmış özbaşına tikilinin (fərdi yaşayış evi) cavabdehin hesabına sökülməsini və həmin torpaq sahəsinin boşaldılaraq ona təhvil verilməsi hissəsində təmin edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir.

7. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Sabunçu Rayonu Maştağa Bələdiyyəsi tərəfindən xx.xx.2005-ci il tarixli 627 nömrəli sərəncamla ona Xanlar yaşayış massivində fərdi yaşayış evinin tikintisi üçün 600 kv.m ölçüdə torpaq sahəsi ayrılaraq onun istifadəsinə verilmişdir. İddiaçı həmin sahəyə sahiblik etmişdir, mütəmadi olaraq həmin əraziyə getmişdir, hər il qeyd olunmuş torpaq sahəsinə qulluq göstərmişdir. Bu halları onunla qonşuluqda yaşayan sakinlər də təsdiq edə bilər. İddiaçı ona ayrılmış torpaq sahəsinin vergilərini vaxtı-vaxtında bugünə qədər ödəyib, ödəmə qəbzləri Maştağa Bələdiyyəsinə təqdim etmişdir. Ancaq onun maddi imkanı zəif olduğundan, həmin ərazidə fərdi ev tikdirə bilməmişdir. Banklardan və fərdi şəxslərdən faizlə borc alaraq 2019-cu ilin əvvəlində həmin sahədə tikintiyə başlamaq niyyətində olmuşdur. 2019-cu ilin yanvar ayında ona məxsus torpaq sahəsinə növbəti dəfə gedərkən onun torpaq sahəsinin hündür hasara alındığını və hasarın içərisində tikinti aparıldığını görüb. Həmin torpaq sahəsinin ona aid olduğunu orada işləyən fəhlələrə bildirərək, tikintinin kim tərəfindən aparıldığını araşdırarkən ona məlum oldu ki, iddiaçıya məxsus qanuni istifadəsində olan Sabunçu Rayon Bələdiyyəsi tərəfindən ona ayrılmış torpaq sahəsini Cavabdeh adlı şəxs zəbt etmiş və orada qeyri-qanuni olaraq tikinti işləri aparmışdır. Tərəfindən dəfələrlə tikintinin dayandırılması və torpaq sahəsinin boşaldılması barədə həmin şəxsə müraciət etsə də, heç bir müsbət nəticə əldə etməmişdir. Bələdiyyədən ona fərdi yaşayış sahəsi üçün ayrılmış 600 kv.m torpaq sahəsi onun qanuni sahibliyində və istifadəsindədir. Cavabdehin heç bir hüquq verən sənəd olmadan iddiaçının qanuni sahibliyində və istifadəsində olan torpaq sahəsini zəbt edərək həmin torpaq sahəsində özbaşına tikinti işləri aparması iddiaçının mülkiyyətçi hüquqlarını kobud şəkildə pozmuş, ona ciddi həcmdə maddi və mənəvi zərər vurulması ilə nəticələnmişdir. Hesab edir ki, qanuni əsaslarla onun sahibliyində və istifadəsində olan 600 kv.m ölçüdə torpaq sahəsində cavabdeh tərəfindən aparılmış özbaşına tikili cavabdehin hesabına sökülməli və həmin torpaq sahəsi boşaldılaraq ona təhvil verilməlidir. Eyni zamanda, iddiaçıya ayrılmış torpaq sahəsini zəbt edərək həmin sahədə özbaşına tikinti aparmaqla torpaq sahəsi üzərində qanunsuz hərəkətlər etməklə onun mülkiyyətçi hüquqlarını pozmaqla və digər qanunazidd əməlləri etməklə ciddi həcmdə qanun pozuntularına yol verməsi ehtimal olunan Cavabdeh barəsində xüsusi qərardad çıxarılaraq qeyd olunan faktların araşdırılması üçün prokurora məlumat verilməlidir.

8. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)- 113/2022 nömrəli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri Publik Hüquqi Şəxsinin mütəxəssislərinə həvalə edilmişdir.

9. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, göstərilən torpaq sahəsi sənəd üzrə 600,0 kv.m olsa da, faktiki olaraq 525,0 kv.m təşkil edir. Torpaq sahəsi üzərində yaşayış evi və köməkçi tikililər mövcuddur. Vahid elektron kadastr baza məlumatlarına əsasən faktiki olaraq göstərilən 525,0 kv.m torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin neft-qaz əməliyyatlarının aparılması üçün istifadəsində olan ərazilərdir. Göstərilən sahədən 19 metr məsafədə ləğv edilmiş neft quyusu məlumatı mövcuddur. Sahə Dövlət mülkiyyətidir. Sahənin bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilməmişdir. Bundan əlavə torpaq sahəsinə dair təqdim edilmiş cizgidə heç bir istinad, istinad məsafəsi, perimetrik ölçü göstərilmədiyindən sənədin göstərilən sahəyə aid olmasını müəyyənləşdirmək mümkün olmadı. Həmçinin sahənin qeydiyyatı barədə məlumat aşkar edilməmişdir; Cavabdeh adına hər hansı bir hüquqmüəyyənedici sənəd idarəyə təqdim edilməmişdir; İddiaçı adına verilmiş torpaq sahəsinin ayrılmasına dair xx.xx.2005-ci il tarixli 627 nömrəli bələdiyyə sərəncamı təqdim edilmişdir. Vahid elektron kadastr məlumat bazasında göstərilən sahənin qeydiyyatı barədə məlumat aşkar edilməmişdir.

10. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(008)- 4163/2024 nömrəli qətnaməsi ilə (hakim A.A.Paşayeva) iddia təmin edilməmişdir.

11. Məhkəmədə müəyyən olunmuşdur ki, Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Xanlar yaşayış massivində fərdi yaşayış evi tikintisi üçün 600 kv.m torpaq sahəsi iddiaçıya Maştağa Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 627 nömrəli sərəncamına əsasən fərdi yaşayış evinin tikintisi üçün ayrılmışdır. Mübahisəli torpaq sahəsinə iddiaçının hüquqları dövlət reyestrində qeydiyyata alınmamış, onun mülkiyyət hüququnu təsdiq edən başqa sənəd təqdim edilməmişdir. Ekspert rəyinə əsasən müəyyən olunur ki, vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən 525,0 kv.m torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin neft-qaz əməliyyatlarının aparılması üçün istifadəsində olan ərazilərdir.

12. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, hüququn müdafiəsi üçün iddia tələbi ilə müraciət etməyin başlıca şərtlərdən biri subyektiv hüquqa malik olmaqdır. İşin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı hazırki iş üzrə iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Çünki o, mübahisəli evin olduğu torpaq sahəsi üzərində qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquq əldə etməmiş, yaxud mübahisəli evin olduğu torpaq sahəsi qanunla nəzərdə tutulmuş qaydada onun qanuni istifadəsinə verilməmişdir. İddiaçı mülkiyyətində (qanuni sahibliyində) olduğunu iddia etdiyi Maştağa qəsəbəsi Xanlar yaşayış massivində fərdi yaşayış evi tikintisi üçün 600 kv.m torpaq sahəsinin bu cür statusa malik olduğu, ümumiyyətlə sözügedən əmlakın hər hansı hüquqla iddiaçıya məxsusluğu müəyyən edilməmişdir. Bu səbəbdən məhkəmə tərəfindən iddianın təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilməmişdir, ona görə iddia rədd olunmalıdır.

13. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci, Torpaq Məcəlləsinin 67.1, 67.3, 67.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarına, Azərbaycan Respublikasında qanuni istifadədə olan torpaq sahələrinin mülkiyyətə verilməsinin əsasları "Torpaq İslahatı haqqında" Azərbaycan Respublikasının 16 iyul 1996-cı il tarixli, 155-İQ nömrəli Qanununun 9, 10-cu maddələrinə, Mülki Prosessual Məcəlləsinin 4.1, 14.2, 77.1, 88, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

14. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə tamamilə qanunsuz və əsassızdır. Belə ki, qətnamədə göstərilir: “iş materiallarında olan Bakı Şəhəri Sabunçu Rayonu Maştağa Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 627 saylı sərəncamından görünür ki, Maştağa qəsəbəsi Xanlar yaşayış massivində fərdi yaşayış evi tikintisi üçün 600 kv.m torpaq sahəsi İddiaçı istifadəsinə verilmişdir.” Həmçinin, İddiaçı torpaq ayrılması haqqında Maştağa Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 627 saylı sərəncamının 1-ci bəndində həmin torpaqların Bakı şəhəri İcra Hakimiyyəti başçısının 823 saylı xx.xx.2000-ci il tarixli sərəncamı ilə Maştağa Bələdiyyəsinin mülkiyyətinə verilməsi göstərilmişdir. İşə baxan məhkəmə İddiaçı mübahisəli torpaq üzərində istifadə hüququnu təsdiq edən kifayət qədər əsaslar olmağına baxmayaraq qanunsuz qərar qəbul etmişdir. Məhkəmənin gəldiyi nəticə işin digər halları ilə ziddiyyət təşkil edir. İşə baxan məhkəmə gəldiyi nəticəni tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmamışdır. xx.xx.2000-ci il tarixli sərəncamdan müəyyən edilir ki, dövlət mülkiyyətində olan torpaq sahəsi bələdiyyə mülkiyyətinə verilmişdir. Belə olduğu halda, İddiaçı mübahisə başlamaqla bağlı subyektiv hüququnun olmaması barədə məhkəmənin gəldiyi nəticə qanunsuzdur. İşə baxan məhkəmə bu halları axıra qədər aydınlaşdırmamışdır. İşin baxılmsında obyektiv olmayan mütəxəssis rəyi ilə kifayətlənmiş, iş üzrə ekspertiza təyin etməmişdir ki, bu da tamamilə qanunsuz və əsassızdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, torpaq sahəsi 2005-ci ildə ona ayrılmışdır. Orada hasarı var idi və 2006-cı ildə ağaclar əkmişdir. Maddi imkanı olmadığı üçün digər işləri görə bilməmişdir. Hasarla bağlı 2005-ci ildən hazırki mübahisəyədək hər hansı narazılıq olmamışdır. Torpaq ona aid idi və özü gedibgəlirdi. Orada hasar var idi. Bir müddət işlərində çətinlikləri olmuş və Naxçıvanda qalmalı olmuşdur. Naxçıvandan qayıtdıqdan sonra orada tikinti işləri aparmaq istədikdə orada tikinti aparıldığını aşkar etmişdir. Ona sərəncamla torpaq ev tikməyi üçün ayrılmışdı. Ev tikmək üçün sərəncamda hər hansı müddət qeyd edilməmişdi. O vaxt danışanda cavabdeh bildirmişdir ki, torpağı ona hansısa əmlakçı satıb və tikilinin sökülməməsi üçün ona torpağın əvəzində başqa bir torpaq sahəsi alacaq. Onunla bu barədə razılaşsalar da, bir il müddətində onu aldatmışdır.

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili də apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, birinci instansiya məhkəməsi natamam mütəxəssis rəyi əsasında qətnamə qəbul etmişdir. Qətnamədə cavabdehin həmin torpaq sahəsi ilə bağlı heç bir hüququnun olmadığı öz əksini tapmışdır. Təmsil etdiyi şəxsin bələdiyyə sənədləri və bələdiyyə ödənişlərinə dair qəbzləri qətnamədə qeyd olunub. Məhkəmə tərəfindən araşdırılma səthi aparılmışdır. Həmin torpaq sahəsinin dövlət və ya bələdiyyə mülkiyyətində olması müəyyənləşdirilməmişdir. Əgər bu torpaq sahəsi Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən bələdiyyələrə ayrılmışdırsa, necə torpaq sahəsinin dövlətə məxsus olmasına dair məlumat verə bilərlər. İcra Hakimiyyəti müraciətə cavab olaraq bildirmişdir ki, hüquqmüəyyənedici sənədlər təqdim olunduqdan sonra cavab verə bilərlər. Hesab edir ki, bu baxımdan məhkəmə özü sorğu ilə müraciət etməlidir və torpaq sahəsinin kimə məxsus olması araşdırılmalıdır. Cavabdeh tərəf orada torpağı zəbt edib. Belə ki, cavabdehə torpaq sahəsinin ayrılması ilə bağlı sərəncam yoxdur. Kadastr İdarəsi bütün müraciətlərə birmənalı cavab olaraq dövlət torpağı olduğunu yazır. Üçüncü şəxs qanunsuz olaraq cavabdehin zəbt etdiyi torpağa görə onu vergi ödənişinə cəlb etmişdir. 2007-ci ilədək bələdiyyələrə torpaq sahəsi ayırmaq hüququ verilmişdir. Təmsil etdiyi şəxsə isə qanuni olaraq torpaq sahəsi 2005-ci ildə ayrılmışdır. Ekspert rəyi ziddiyyətlidir. Problem ondadır ki, nə neft şirkətinin nə də bələdiyyələrin balansında olan torpaq sahələri ilə bağlı xəritə mövcud deyil. Bu isə vətəndaşların hüquqlarının pozulmasına səbəb olur.

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apelyasiya şikayətiə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, mübahisəli torpaq sahəsi nə iddiaçının, nə də cavabdehin adına mülkiyyət olaraq qeydə alınmamışdır. Hər iki tərəfdə bələdiyyə sərəncamları var. X2 torpaq sahəsi 132 nömrəli bələdiyyə sərəncamı ilə xx.xx.2005-ci ildə ayrılmışdır. 2018-ci ildə cavabdeh ilə X6 arasında əldə edilmiş razılığa əsasən ona ayrılmış 12 sot torpaq sahəsinin 5 sotunu cavabdehə verib. İddiaçının iddia etdiyi torpaq sahəsi həmin torpaq sahəsi deyildir. İddiaçıya torpaq sahəsi ayrılmasına dair bələdiyyə sərəncamı X2 ayrılmış torpaq sahəsi üzrə sərəncamdan sonrakı tarixə aiddir. Birinci instansiya məhkəməsi icraatı dövründə Bələdiyyələrlə İş Baş İdarəsinə müraciət etmiş, oradan bildirilmişdir ki, iddiaçıya torpaq sahəsi verilməsinə dair sərəncam nəzərdə tutulmayıb. Lakin onlar iddiaçıya torpaq sahəsi verilməsinə dair sərəncamı mübahisələndirmir. Bundan başqa, cavabdeh orada 2018-ci ildən sonra tikinti işləri aparmağa başlamışdır. 2019-cu ildə isə vergi ödəyicisi olaraq qeydə alınmışdır. Oraya çəkilmiş bütün kommunal xəttlər hər biri cavabdehin adına rəsmiləşdirilmişdir. Lakin iddiaçı hansısa səbəbdən ona ayrılmış 6 sot torpaq sahəsini cavabdehdən tələb edir. İddiaçı doğurdan da cavabdehə yaxınlaşıb, cavabdeh isə ona onun torpaq sahəsi ilə bağlılığının olmadığını bildirib. Cavabdeh Bakı şəhərində yaşamadığı üçün bildirişlər ona çatmamışdır. Qiyabi qətnamə icraya yönəldikdən sonra icra məmuru tərəfindən cavabdehə bildirildikdə həmin qiyabi qətnaməni əldə etmiş və ərizə ilə ləğv edilməsini xahiş etmiş, ondan sonra sübutları təqdim etmişdir. Sorğu ilə üçüncü şəxsə müraciətinə isə cavab olaraq bildirilmişdir ki, arxiv sənədləri Milli Arxiv İdarəsinə təhvil verilmişdir. Daha sonra Milli Arxiv İdarəsinə müraciət etsə də, imtina məktubu təqdim olundu. İddiaçı apellyasiya şikayətində mülkiyyət hüququnun pozulduğunu qeyd etmişdir. Lakin torpaq sahəsi nə iddiaçının, nə də cavabdehin adına mülkiyyət olaraq qeydə alınmamışdır. X4 verilmiş bələdiyyə sərəncamının əsli var. İddiaçının təqdim etdiyi sərəncamın tarixi cavabdehin sərəncamın tarixindən sonrakı tarixə aiddir. Sərəncam ilkin torpaq sahəsinin ayrılması sənədidir. İşin hallarından müəyyən olunur ki, iddia doğru verilməmişdir. Cavabdehə ayrılmış torpaq sahəsinin ölçüləri ilə iddiaçıya ayrılmış torpaq sahəsinin ölçüləri fərqlidir. Hesab edir ki, ekspert rəyinə də əsasən iddiaçının subyektiv hüququ yoxdur. Bələdiyyənin hərəkətlərindən narazıdırlarsa, bunu inzibati qaydada mübahisələndirsinlər.

20. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə üçüncü şəxs Maştağa Bələdiyyəsinə rəsmi qaydada məlumat verilmiş, lakin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

21. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş üçüncü şəxsin nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, Bələdiyyələr yaranan dövrdə digər bələdiyyələr kimi Maştağa bələdiyyəsinin də mülkiyyətinə 241 ha torpaq verilmişdir. Ancaq çətinlik ondadır ki, onlarda xəritələr yoxdur. Bundan başqa, onlarda vətəndaşlara verilmiş torpaq sahələrinin də plan-sxemi yoxdur. Bu səbəblə onlara məxsus torpaq sahələrinin yerləşməsi barədə məlumatlar məlum deyil. 2012-ci ildən bələdiyyədə hüquqşünas olaraq işləyir. Bələdiyyə tərəfindən torpaq sahəsi ayrıldıqda həmin torpaq sahəsinin perimetri, harada verilməsi müəyyən olunmalır. Mübahisəli tarixlərə aid bələdiyyə sənədləri Milli Arxiv İdarəsinə verilmişdir. Lakin onlarda X2 torpaq sahəsi verilib-verilməməsi barədə məlumat yoxdur.

Tətbiq edilən hüquq

22. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.

23. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biridir. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2008-ci il tarixli qərarı: Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək kimi qəbul olunan xarici cəhəti isə ən mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq 3 elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni, başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz.

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

27. Hazırkı işdə iddia təmin edilmədiyindən, apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən qətnamənin əsaslığı bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

29. Məhkəmə kollegiyası ilk növbədə onu qeyd edir ki, işə baxan birinci instansiya məhkəməsi mülki mübahisənin qanuni həlli üçün iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmaqda haqlı olmuşdur.

30. İşdən müəyyən olunur ki, araşdırma zamanı birinci instansiya məhkəməsinin iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilməsi barədə qərardadı əsasında əldə edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyində qeyd olunmuşdur ki, göstərilən torpaq sahəsi sənəd üzrə 600,0 kv.m olsa da, faktiki olaraq 525,0 kv.m təşkil edir. Torpaq sahəsi üzərində yaşayış evi və köməkçi tikililər mövcuddur. Vahid elektron kadastr baza məlumatlarına əsasən faktiki olaraq göstərilən 525,0 kv.m torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin neft-qaz əməliyyatlarının aparılması üçün istifadəsində olan ərazilərdir. Göstərilən sahədən 19 metr məsafədə ləğv edilmiş neft quyusu məlumatı mövcuddur. Sahə Dövlət mülkiyyətidir. Sahənin bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilməmişdir.

31. Həmçinin qeyd olunmuşdur ki, İddiaçı adına verilmiş torpaq sahəsinin ayrılmasına dair xx.xx.2005-ci il tarixli 627 nömrəli bələdiyyə sərəncamı təqdim edilmişdir. Vahid elektron kadastr məlumat bazasında göstərilən sahənin qeydiyyatı barədə məlumat aşkar edilməmişdir.

32. Apellyasiya araşdırması zamanı məhkəmə kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/5582 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri“ publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 15.08.25 tarixli 3-21-3-30/2-36910/2025 nömrəli mütəxəssis rəyində göstərilənlərə əsasən aşağıdakılar müəyyən edilmişdir: İddiaçı ilə birlikdə torpaq sahəsinə hasar xaricindən vizual olaraq baxış keçirildi. Torpaq sahəsinin faktiki istifadəçisi cavabdeh olduğu şifahi olaraq bildirilmişdir. Sahə üzərində yaşayış evi və köməkçi tikililər mövcuddur. Sözügedən torpaq sahəsinin yerini müəyyən edilməsi üçün dəqiq istinad, istinad məsafəsi və perimetrik ölçüləri olan hər hansı bir sxem təqdim edilmədiyindən Maştağa Bələdiyyəsi tərəfindən ayrılmış sahəni naturada müəyyən etmək mümkün olmamışdır. Vizual olaraq göstərilən 525.0 kv.m torpaq sahəsinin koordinatları əlavə olunmuşdur. X-1. 417872.273, Y - 4485936.331; X-2. 417896.600, Y - 4485937.926; X-3 417899.223, Y - 4485917.569; X-4. 417874.409, Y- 4485914.404. Sözügedən torpaq sahəsinin yerini müəyyən edilməsi üçün dəqiq istinad, istinad məsafəsi və perimetrik ölçüləri olan hər hansı bir sxem təqdim edilmədiyindən Maştağa Bələdiyyəsi tərəfindən ayrılmış sahəni naturada müəyyən etmək mümkün olmamışdır. Vahid elektron kadastr baza məlumatlarına əsasən sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin neft-qaz əməliyyatlarının aparılması üçün istifadəsində olan "Kontrakt sahəsi"nin hüdudları daxilində yerləşir (H.Z.Tağıyev adına NQÇİ). Sahə "Yaşayış məntəqələrinin torpaqları" kateqoriyasına aid olmaqla Dövlət mülkiyyəti torpağıdır (hər hansı dövlət təsisatlarının balansında olması barədə məlumat yoxdur). Sahənin ətrafında ləğv olunmuş neft quyusu məlumatı mövcuddur. Sözügedən torpaq sahəsinin son sərhəd məlumatlarına əsasən Xəzər rayonu inzibati ərazi vahidinin hüdudları daxilində yerləşdiyi müəyyən edilmişdir. Mütəxəssis rəyində dördüncü sual cavablandırılmadığından sual üzrə tədqiqat aparılmamışdır.

33. Göründüyü kimi, mübahisəli torpaq sahəsi vahid elektron kadastr məlumat bazasına əsasən dövlət mülkiyyətinə aiddir.

34. Belə olduğu halda, iddiaçının iddia etdiyi sahənin Maştağa Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 627 nömrəli sərəncamı ilə iddiaçıya ayrılmış sahə olduğu təsdiq olunmur.

35. Kollegiya həmçinin qeyd edir ki, iddiaçıya torpaq sahəsinin ayrılması barədə Maştağa Bələdiyyəsinin sərəncamında Bakı şəhər İcra Hakimiyyəti başçısının 823 saylı, xx.xx.2000-ci il tarixli sərəncamına istinad edilsə də, həmin bələdiyyənin X5 torpaq sahəsinin ayrılması barədə sərəncamında da eyni sərəncama istinad edilmişdir. Lakin iddiaçıya ayrılmış torpaq sahəsinin Bakı şəhər İcra Hakimiyyəti başçısının sözügedən sərəncamı ilə Maştağa Bələdiyyəsinə ayrılmış torpaq sahəsinin hüdudları daxilində yerləşməsi də iş materialları ilə təsdiq olunmur. Məhkəmə iclaslarında iştirak etmiş Maştağa Bələdiyyəsinin nümayəndəsi onlarda xəritələr olmadığı üçün torpaq sahələrinin yerləşməsindən məlumatlı olmadığını bildirmişdir.

36. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddia etdiyi sahə dövlət mülkiyyətində olan sahə olduğundan, onun dövlətə məxsus torpaq sahəsinin cavabdehin sahibliyindən geri alınaraq onun istifadəsinə verilməsi, həmin torpaq sahəsinin üzərindəki qanunsuz tikilinin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması barədə iddia irəli sürməyə subyektiv hüququ yoxdur.

37. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.

38. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(008)- 4163/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçıya aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində vəsait İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar