Məhkəmə qərarları › İş №2(103)-7464/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7464/2020

09.10.2020 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7464/2020 09.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “işə bərpa tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli qətnamədən iş üzrə cavabdehin MMCnin verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçının vəkili (nümayəndəsi) Səfərov Rövşən Hətəməli oğlunun, cavabdeh MMC-nin nümayəndəsi X1 iştirakları ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı, iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək onunla cavabdeh MMC arasında bağlanmış “xxxxxxxxxxxxxxxxx” xitam verilməsi barədə MMC üzrə verilmiş xx.xx.2020-ci il tarixli, 102b saylı əmrinin ləğv edilməsi, onun əvvəlki vəzifəsinə - MMC-nin 4 saylı X3 Xidmətləri Şöbəsinin əməliyyatçısı vəzifəsinə bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2011-ci il tarixdən MMC-nin 4 saylı Poçt Filialına işə qəbul olunmuşdur və həmin Filialın Müştəri Xidmətləri Şöbəsinin əməliyyatçı vəzifəsində çalışmışdır. Cavabdeh MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 102b saylı əmrə əsasən iddiaçı ilə MMC arasında bağlanmış “xxxxxxxxxxxxxxxxx” Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir. İddiaçı hesab edir ki, qeyd edilən bu əmr qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Belə ki, işlədiyi müddət ərzində əmək fəaliyyəti ilə bağlı MMC-nin rəhbərliyi tərəfindən iddiaçıya heç bir irad olmamış, əksinə keyfiyyətli işləri ilə seçildiyinə görə iddiaçıya “əməliyyatçı sertifikatı” verilmiş, iddiaçı əlavə pul ödənişləri ilə mükafatlandırılmışdır. İddiaçı ilə bağlanmış “xxxxxxxxxxxxxxxxx” bir tərəfli qaydada xitam verilməsinə əsas kimi cavabdeh MMC tərəfindən etik davranış qaydalarını və daxili nizamintizam tələblərini pozaraq, sosial şəbəkədə işə götürənin qanuni mənafeyinə xələl gətirən davranışa yol verdiyinə istinad etmişdir. Cavabdehin göstərdiklərinin heç bir əsası olmayan, onun işdən çıxarılmağı üçün qanuni əsası olmayan, bəhanə olmaqla tam şəkildə ona qarşı qərəzli davranışdır. İşçi ilə mövcud xxxxxxxxxxxxxxxxx Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi üçün, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozulduğu kimi hallar mövcud olmalıdır. Göründüyü kimi əmək qanunvericiliyin qeyd edilən normaların tələbində “etik davranış qaydalarını və daxili nizam-intizam tələblərini pozmaq” kimi dəlillər mövcud deyildir. Digər tərəfdən əmrdə qeyd edilən “işə götürənin qanuni mənafeyinə xələl gətirən davranışa” gəlincə, bu hal adı çəkilən 72-ci maddənin “e” bəndində nəzərdə tutulmuşdur. Lakin cavabdeh onun mənafeyinə ciddi xələlin nədən ibarət olduğunu, həmçinin istinad etdiyi halların əmək fəaliyyəti ilə bağlı olduğunu və işdə olduğu zamanı edildiyini açıqlamır. Ona görə ki, “xxxxxxxxxxxxxxxxx” birtərəfli qaydada xitam verilməsi ilə bağlı cavabdeh tərəfin istinad etdiyi “sosial şəbəkədə yayımlanan” hal ümumiyyətlə onun əmək fəaliyyəti ilə bağlı deyil, həmin məlumat iş zamanı yayılmamış və ümumiyyətlə məlumat iddiaçı tərəfindən yayılmamışdır. Belə ki, iddiaçı, Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə həyata keçirilən tədbirlər tətbiq edilən zaman rəfiqəsi ilə eyni avtomobildə gedərkən polis orqanı tərəfindən yolda qurulmuş postun fəaliyyətinin video görüntüsünü telefon vasitəsi ilə çəkmişlər. Sonradan onun rəfiqəsi həmin videonu sosial şəbəkə vasitəsi ilə paylaşmışdır. Göründüyü kimi iddiaçının heç bir günahı olmamış, lakin cavabdeh MMC-nin rəhbərliyi bunu nəzərə almamış və yuxarıda qeyd edilən əmri qəbul etmişdir. Bundan başqa nəzərə alınmalıdır ki, əmrdə, əmrin qəbul edilməsi üçün əsas kimi Həmkarlar Komitəsinin protokolu qeyd olunsa da, əslində Həmkarlar Komitəsinin iclası keçirilməmiş, keçirilmiş olsa belə, iclasa iddiaçını dəvət etməmiş, iclas barədə iddiaçıya məlumat verilməmişdir. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir. Cavabdeh MMC həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, sosial şəbəkədə paylaşılmış həmin video çoxlu sayda insanlar tərəfindən izlənilmiş və onlarda MMC barəsində mənfi təəssürat yaratmışdır. İddiaçı barəsində inzibati protokol tərtib edilməsə də, iddiaçı videonun çəkdiyini etiraf edir və bu hal aşkardır. İnzibati məsuliyyətə cəlb etmə barədə protokolun olmaması iddiaçının qanunsuz əməlinin mövcudluğunu istisna etmir. Cavabdeh MMC-nin nümayəndəsi apellyasiya baxışında iştirak edərək apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətinin məzmununa uyğun izahat verdi. İddiaçının vəkili (nümayəndəsi) apellyasiya baxışında iştirak edərək apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, iddia ərizəsinin məzmununa və Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına izahat verdi. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Cavabdeh MMC üzrə verilmiş 02-05/299 saylı, xx.xx.2017-ci il tarixli əmrdən görünür ki, hazırki iş üzrə İddiaçı MMC-nin 4 saylı X3 Xidmətləri Şöbəsinə xx.xx.2017-ci il tarixdən əmək haqqı 170 manat olmaqla, müddətli əmək müqaviləsi ilə əməliyyatçı vəzifəsinə təyin edilmişdir. MMC üzrə verilmiş xx.xx.2020-ci il tarixli, 102b nömrəli əmrdən görünür ki, həmin əmrlə iddiaçı ilə cavabdeh MMC arasında bağlanmış “xxxxxxxxxxxxxxxxx” Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2020-ci il tarixdən xitam verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xəzər Rayon Polis İdarəsi tərəfindən Rayon Məhkəməsinə təqdim edilmiş 055-13987-1220 saylı, xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, ölkə ərazisində tətbiq edilmiş xüsusi karantin rejimi dövründə (iddiaçı) İddiaçı barəsində Xəzər RPİ-si tərəfindən karantin qaydalarının pozmasına dair inzibati xəta haqqında protokol tərtib edilməmişdir. Göstərilənləri nəzərə alan Məhkəmə mövcud mübahisənin həlli və apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.1-ci maddəsinə görə, xxxxxxxxxxxxxxxxx yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək Məcəlləsinin 68.2-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə görə, xxxxxxxxxxxxxxxxx tərəflərdən birinin təşəbbüsü ilə xitam verilə bilər. Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə görə, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Məcəllənin 71-ci maddəsinin 2-ci hissəsinə görə, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və ya qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Məcəllənin 71-ci maddəsinin 3-cü hissəsinə görə, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Məcəllənin 72-ci maddəsinin “f” bəndinə görə, işçinin iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Məcəlləsinin 83-cü maddəsinin 1-ci hissəsinə görə, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Məhkəmə bildirir ki, iddiaçı tərəfindən mübahisələndirilən əmrdən görünür ki, “Əmək müqaviləsinin” ləğvi üçün əsas iddiaçının etik davranış qaydalarını və daxili nizam intizam qaydalarını pozaraq, sosial şəbəkədə işə götürənin qanuni mənafeyinə ziyan gətirən video görüntünün yayılması olmuşdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211ci maddəsinə görə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması inzibati xəta hesab olunur. Şəxsin inzibati xəta törətməsi inzibati xəta haqqında protokolla təsdiq olunur. Lakin hazırkı iş üzrə iddiaçının karantin rejimini pozması ilə bağlı inzibati xəta haqqında protokol mövcud deyil və bununla bağlı təhqiqat aparılmamışdır. MPM-nin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Beləliklə, sosial şəbəkədə yayımlanan videoda iddiaçının görüntüləri olsa da, nə qədər ki, onun barəsində inzibati xəta haqqında protokol mövcud deyil, hesab edilməlidir ki, iddiaçı xüsusi karantin rejiminin qaydalarını pozmamışdır. Yuxarıda qeyd edilən əmək maddi hüquq normalarının tələblərinə görə iddiaçının hüquq pozuntusu hesab edilən əməllərə yol verməsi bilavasitə iş vaxtı ərzində, əmək funksiyasını yerinə yetirərkən törədilməlidir. Lakin hadisə iddiaçının əmək vəzifələrini yerinə yetirən zaman baş verməmiş, göstərilən hərəkət iş yerindən kənarda baş vermişdir. Bundan başqa, qeyd edilən hərəkət nəticəsində müəssisənin qanuni mənafeyinə hər hansı ziyan dəyməsi də sübuta yetmir. Cavabdeh MMC bununla bağlı sübutları məhkəmələrə təqdim etməmişdir. Halbuki, MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənlərə əsasən, müəyyən edilir ki, iddiaçının işdən azad edilməsi barədə əmr qanunsuz və əsassızdır. İşə baxmış Rayon Məhkəməsi də eyni nəticəyə gəlməklə düzgün qərar qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri əsassızdır. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh MMC tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh MMC tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar