Məhkəmə qərarları › İş №2(103)-7465/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7465/2021

08.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7465/2021 08.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Məmmədova (sədirlik edən və məruzəçi), X1 və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Bağırlı Mərziyyə Tofiq qızının katibliyi ilə, Ərizəçi, Maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X2 iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsinə dair Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2370/2021 №-li iş üzrə 19 may 2021-ci il tarixli qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi onun 10.02.1977-ci ildən 01.10.1993-cü ilə qədər işləmə faktının müəyyən olunması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi sonradan tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək 10.02.1977- ci ildən 04.01.1993-cü il tarixə qədər Laçın çörək kombinatında işləməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsində qeyd etmişdir ki, o, xx.xx.1955-ci ildə Laçın rayonunun İpək kəndində anadan olmuşdur. İlk əmək fəaliyyətinə 10.02.1977-ci ildən Laçın çörək zavodunda baş çörək ustası olaraq başlamışdır. Laçın rayonu məlum hadisələrlə əlaqədar Ermənistan Respublikasının bədnam qoşunları tərəfindən 18 may 1992-ci ildə işğal olunana qədər Laçın çörək zavodunda (yəni kombinatda) çalışmışdır. İşğaldan sonra Ağcabədi rayonunun ərazisində faəliyyət göstərən Azərittifaqın Bakı ticarət idarəsinin Laçın ticarət müəssisəsində 07.05.1993-cü ildən 01.10.1993-cü ilə qədər çalışmışdır. Yaşa görə əmək pensiyasına çıxmaq məqsədi ilə Asan xidmət mərkəzinə yaxınlaşmışdır. Mərkəzdən bir neçə müddət sonra ona əmək pensiyasının kəsilməsindən imtina edildiyi bildirilmişdir. Bu barədə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bununla bağlı məhkəmədən ona etiraz göndərilmişdir. Onun Laçın rayon çörək zavodunda 1977-ci ildən 1993-cü ilə qədər eyni idarədə əmək fəaliyyətində olma faktı nəzərə alınmadığından o, bir Azərbaycan vətəndaşı olaraq hələdə əmək pensiyası ala bilmir. Onun təqaüdə çıxmamağı haqlı sayılmadığından eyni zamanda qanuni əsası yoxdur. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və ərizənin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiyası məhkəməsi işə baxarkən, maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11,1992-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 17-ci bəndinə əsasən iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. Normativ sənədin də məzmunundan göründüyü kimi şahidlər ərizəçini birgə işdən tanımalı (eyni dövrdə işləməli) və ərizəçidən fərqli olaraq, iddia olunan müddətlər ərzində özlərinin (şahidlərin) işləmələri barədə sənədləri olmalıdır. Bu müddəa Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Qərarında da öz əksini tapmışdır (12 aprel 2019-cu il, 03 saylı Qərar). Həmin Qərarın 13.4-cü bəndinə görə, əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib- edilməməsinə xüsusi diqqət yetirilməlidir. Yəni müəyyən edilmiş səbəblər üzündən iş stajı barədə sənədlərin təqdim edilməsi mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı iş stajını təsdiq edən sənəd kimi qəbul edilmişdir. Lakin məhkəmə qərarı ilə iş stajı yalnız şahid ifadələrinə əsasən müəyyən edildikdə, ifadə verən ən azı iki şahid ərizəçi ilə bir idarədə birgə işləmələri barədə öz sənədlərini təqdim etməli və həmin sənədlərdə ərizəçinin işlədiyini iddia etdiyi, məhkəmə qaydasında təsdiq etmək istədiyi həmin dövrlər (işə daxil olma və işdən azad olma barədə qeydlər) öz əksini tapmalıdır. Mülki prosessual qanunvericiliyinə əsasən ərizəçinin tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. Tələbin təsdiqlənməsi üçün ərizəçinin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan ərizənin əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Normativ sənədlərin əlaqəli təhlilindən göründüyü kimi ən az iki şahid ərizəçini birgə işdən tanımalı (eyni dövrdə işləməli) və ərizəçidən fərqli olaraq, iddia olunan müddətlər ərzində özlərinin (şahidlərin) işləmələri barədə sənədləri olmalıdır. Ərizəçi məhkəmə qaydasında təsdiq olunmasını tələb etdiyi illər yalnız bir şahid və həmin şahidin Qaradağ rayon Məhkəməsinin 12 avqust 2015-ci il tarixli, 2(002)-3675/2015 nömrəli qətnaməsi ilə təsdiq olunur. Maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasında apellyasiya şukayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və ərizənin təmin edilməməsini məhkəmədən xahiş etdi. Ərizəçi məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.Verilən suallara cavab olaraq bildirmişdir ki, hazırkı ərizədə təsdiq edilməsi tələb etdiyi əmək stajları barə müvafiq əmrlərin mövcud olub olmaması, bu əmrlərin əldə edilməsi barədə Azərbaycan Respublikasının Dövlət Arxivinə (Filialına) müraciət etməmişdir.Belə ki, onun əmək kitabçası var, lakin pensiya təyin olunması üçün aidiyyəti dövlət orqanı həmin əmək kitabçasındakı qeydlərin həqiqiliyini qəbul etmir. Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş materiallarını araşdıraraq, ərizəyə mahiyyəti üzrə hüquqi qiymət vermədən hesab edir ki, ərizə birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normaları pozulmaqla icraata qəbul edildiyindən və baxıldığından qətnamə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq ləğv edilməli və iddia baxılmamış saxlanılmalıdır. Belə ki, mülki prosessual qanunvericilik mülki işlər üzrə icraatın iddia icraatı və xüsusi icraat növlərini müəyyənləşdirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 306.2-ci maddəsinə görə xüsusi icraat qaydasında baxılan işlər ərizəçilər tərəfindən qaldırılmaqla ərizəçinin və maraqlı şəxsin iştirakı ilə baxılır. Xüsusi icraat qaydasında baxılan işlərin dairəsi isə MPM-nin 305.1-ci maddəsində göstərilmişdir və bunların bir kateqoriyası da hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında olan işlərdir (305.1.1). Xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir (306.4). Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın (308). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 1.2 bəndində qeyd olunmuşdur ki,. hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin qərarın 1.4-cü bəndində qeyd olunmuşdur ki,. lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. Həmin qərarın 1.6. bəndində qeyd olunmuşdur ki, məhkəmələrə izah edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsi). Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır. MPM-nin yuxarıda göstərilən tələblərinə riayət olunmaması iddiia ərizəsinin geri qaytaılması (maddə 152), əgər iddia icraata qəbul edilibsə və hakimin tövsiyəsinə əsasən sonradan həmin nöqsanlar aradan qaldırılmayıbsa, ərizənin baxzılmamış saxlaılması üçün əsasdır (maddə 259.0.12). Ona görə də Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, ərizə (iddia) baxılmamış saxlanılmalı və ərizəçiyə ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ izah edilməlidir. Həmçinin, Kollegiya qeyd edir ki, ərizəçinin əmək kitabçasının mövcud olması ona əsas verir ki, pensiya təyin olunması üçün aidiyyəti dövlət orqanı həmin əmək kitabçasındakı qeydlərin həqiqiliyini mübahisələndirərsə yaranmış mübahisə inzibati xarakterli olmaqla belə mübahisəyə müvafiq inzibati məhkəmədə baxıla bilər. MPM-ə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir (maddə 391). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun (maddə 387.1). Göstərilənlərə əsasən və MPM-in 259.0.12, 306.4, 384.0.4, 391 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2370/2021 №-li iş üzrə 19 may 2021ci il tarixli qətnaməsi ləğv edilsin. Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi (iddiası) baxılmamış saxlansın. Qərardad dərhal qüvvəyə minir. Sədirlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar