Məhkəmə qərarları › İş №2(103)-747/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-747/2021

10.02.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-747/2021 10.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri - Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X2 ibarət tərkibdə, X26 oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) X14 Cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı İddiaçı Cavabdeh MMC-yə qarşı «işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(004)-3941/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra, iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra, cavabdeh) qarşı «işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, onun Cavabdeh MMC-nin X1 texniki vəzifəsinə işə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh MMC-nin X1 rəisi X6 arasında xx.xx.2003-cı il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən İddiaçı Cavabdeh MMC-nin X1 texniki vəzifəsinə işə qəbul edilmişdir. Cavabdeh MMC-nin baş direktoru X9 xx.xx.2020-ci il tarixli 510 nömrəli əmri ilə Cavabdeh MMC-nin X1 texniki vəzifəsində işləyən İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə xitam verilmiş və İddiaçı tutduğu vəzifəsindən azad edilmişdir. Halbuki, iddiaçı işlədiyi müddətdə hər hansı intizam məsuliyyətinə cəlb olunmamış və əmək funksiyalarında səhvə yol verməmişdir. Cavabdeh MMC-nin X1 rəisi vəzifəsini icra edən X7 İddiaçı və digər şəxslər barədə Cavabdeh MMC-nin baş direktoru X13 xx.xx.2020-ci il tarixli 1/139 nömrəli məktub ünvanlayaraq bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 22:15 radələrində texnik İddiaçı və digər işçilər iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verərək, qeyri-iş vaxtında qovşağın inzibati binasında müəyyən qruplaşma yaradaraq, alkoqollu içkilər qəbul etmiş və sərxoş vəziyyətdə bir sıra kazino oyunları etmişlər. Həmin məktubda E.Məmmədov İddiaçı tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir. Həmçinin, Elməddin Məmmədov həmin hadisə ilə bağlı Ağcabədi rayon Polis Şöbəsinə şikayətlə müraciət etmişdir. Ağcabədi rayon Polis Şöbəsinin İstintaq Bölməsinin baş müstəntiqi polis mayoru Vüsal Bağırovun xx.xx.2020-ci il tarixli qərarı ilə İddiaçı və digər şəxslərin əməllərində Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsinin tərkibi olmadığından barələrində inzibati icraatın başlanması rədd edilmişdir. Bu qərarla təsdiq edilir ki, iddiaçı iş yerində qumarxana təşkil etməmiş və qumar oyunları oynamamışdır. xx.xx.2020-ci il tarixdə iddiaçı digər iş yoldaşları ilə qumar oyunları deyil, sadəcə «duraki» adlanan kart oyunu oynamışlar. Lakin həmin oyun əmək funsiyalarının icrasına maneçilik törətməmiş və iddiaçı bütün əmək vəzifələrini layiqincə yerinə yetirmişdir. Cavabdeh MMCnin baş direktoru X9 xx.xx.2020-ci il tarixli 510 nömrəli əmrində göstərilmişdir ki, İddiaçı tutduğu vəzifəsindən azad edilməsinə Cavabdeh MMC-nin X1 X4 öz razılığını vermişdir. Bu barədə Cavabdeh MMC-nin X1 X3 sədri Məlik Paşayevin sədrliyi ilə xx.xx.2020-ci il tarixdə iclası keçirilmiş və protokol tərtib edilmişdir. Lakin iddiaçı həmin iclasda iştirak etməmiş və onun izahatı alınmamışdır. İddiaçı hesab edir ki, həmkarlar ittifaqının razılığı formal şəkildə tərtib olunmuşdur. Həmçinin iddiaçı barədə əmr verilənədək onun izahatı alınmamış, əmri əmək intizamının pozulmasından bir ay keçənədək, yəni xx.xx.2020-ci il tarixədək verməli olduğu halda, artıq 1 ay 8 gün keçdikdən sonra, yəni xx.xx.2020-ci il tarixdə verilmişdir. İddiaçının hüquqları pozulmuş və onun barəsində işdən azad olunması barədə əmri əsassızdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(004)- 3941/2020 saylı qətnaməsi ilə (hakim Vahid Hacıyev) iddia təmin olunmamışdır. İddiaçı birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini – iddia ərizəsində göstərilən dəlillərə uyğun qaydada əsaslandırmış, həmçinin birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olmasını, maddi və prosessual hüquq normalarının pozulmasını və s. göstərmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək, orada göstərilən dəlillərə və birinci instansiya məhkəməsində verdiyi izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini əsassız sayaraq, birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. İlkin olaraq qeyd edilməlidir ki, tərəflər arasında xx.xx.2003-cı il tarixli əmək müqaviləsinin bağlanması, iddiaçının Cavabdeh MMC-nin X1 texniki vəzifəsinə işə qəbul edilməsi işimn mübahisə olunmayan hallarıdır. Birinci instansiya məhkəməsi iddianın rədd olunması nəticəsinə gələrkən qeyd etmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 22:00 radələrində iddiaçı da daxil olmaqla bir qrup şəxs Cavabdeh MMC-nin X1 inzibati binasında qumar oyunu təşkil etmişlər. Axşam saatlarında qovşaqda işin gedişinə nəzarət etmək məqsədilə qovşağa gələn rəis vəzifəsini icra edən Elməddin Mamedov tərəfindən qeyd olunan hadisə (hal) müəyyən edilərək xx.xx.2020-ci il tarixli 1/139 nömrəli məktubla Cavabdeh MMCnin baş direktoru S.Paşayevə müraciət edilmiş, iddiaçı və digər şəxslərin barədə tədbir görülməsi xahiş olunmuşdur. Müəyyən edilmişdir ki, Ağcabədi TKQ-nin texniki vəzifəsində işləyən İddiaçı müəssisədaxili normativ sənədlərin, nizam-intizam qaydalarının, həmin dövrdə ölkədə mövcud olan (Covid-19) xüsusi karantin qaydalarının, o cümlədən normativ hüquqi aktların tələblərinə zidd hərəkətlərə yol vermiş və Əmək Məcəlləsi və əmək müqaviləsi ilə müəyyən edilmiş işçinin əsas vəzifələrini yerinə yetirməmişdir. Pulla “duraki” oyunu oynayan zaman oyunda iştirak edən şəxslərin hər birinə altı ədəd kart paylanır, oyunun bir qalibi olur, oyunda olan uduş, yəni pul və ya digər hər hansı bir əşya stolun kənarında bir yerə sonda oyunun qalibinin götürməsi üçün qoyulur. Bu səbəbdən, Cavabdeh MMC-nin baş direktorunun xx.xx.2020-ci il tarixli 510 nömrəli əmri ilə Cavabdeh MMC-nin X1 texniki vəzifəsində işləyən İddiaçı xx.xx.2020-ci il tarixdə saat 22:00 radələrində bir qrup şəxslə - (Qovşağın əməkdaşları X20, X8, X15, X10 və iş yeri olan HMİ-nin əməkdaşları X11, X16) Cavabdeh MMC-nin X1 inzibati binasında pulla “duraki” oyunu, yəni qumar oydığına görə, xx.xx.2020-ci il tarixdən Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) onunla bağlanmış əmək müqaviləsinə xitam verilməklə, vəzifəsindən azad edilmişdir. Ağcabədi rayon Polis Şöbəsinin İstintaq Bölməsinin baş müstəntiqi polis mayoru Vüsal Bağırovun xx.xx.2020-ci il tarixli qərarı ilə İddiaçı və digər şəxslərin əməllərində Azərbaycan Respublikasının İXM-nin 525-ci maddəsinin tərkibi olmadığından barələrində inzibati icraatın başlanması rədd edilmiş, lakin sonradan Ağcabədi rayon Polis Şöbəsinin İstintaq Bölməsinin baş müstəntiqi polis mayoru Vüsal Bağırovun xx.xx.2020-ci il tarixli qərarı ləğv edilmiş və yeni qərar qəbul edilmişdir. Ağcabədi rayon Polis Şöbəsinin İstintaq Bölməsinin müstəntiqi, polis baş leytenantı Elvin Əlizadənin xx.xx.2020-ci il tarixli qərarı ilə İddiaçı barəsində Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsi ilə inzibati iş üzrə icraat açılmasından ötrü qəbul edilmiş qərarın surəti Ağcabədi RPŞ-nin İTB-nə gödərilməsi qərara alınmışdır. Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 6(017)-3/2020 nömrəli qərarı ilə İddiaçı Ağcabədi rayon Polis Şöbəsinin İstintaq Bölməsinin müstəntiqi, polis baş leytenantı Elvin Əlizadənin xx.xx.2020-ci il tarixli qərarından verilmiş şikayət təmin edilməmiş və Ağcabədi rayon Polis Şöbəsinin İstintaq Bölməsinin müstəntiqi, polis baş leytenantı Elvin Əlizadənin HK-1/1102 nömrəli material üzrə “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərarı qanuni hesab edilmişdir. İddiaçı tutduğu vəzifəsindən azad edilməsinə Cavabdeh MMCnin X1 X4 öz razılığı vermişdir. Bu barədə Cavabdeh MMC-nin X1 X3 sədri Məlik Paşayevin sədrliyi ilə xx.xx.2020-ci il tarixdə iclası keçirilmiş və protokol tərtib edilmişdir. Protokoldan çıxarış xx.xx.2020-ci il tarixdə 1/175 nömrəli məktubu ilə Cavabdeh MMC-nin baş direktoru X13 göndərilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni əsaslı sayaraq, qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyanın 35-ci maddəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Əmək müqavilələri sərbəst bağlanır, heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır (35-ci maddənin İİ, İV, Vİ hissələri). Milli qanunvericilikdə fiziki şəxslərin əməyə olan qabiliyyətlərinin tətbiqi ilə bağlı yaranan əmək münasibətlərini tənzimləyən aparıcı normativ-hüquqi akt Əmək Məcəlləsidir. Bu Məcəllə fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra, ƏM) 2-ci maddəsi Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər – işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir. Qeyd edilməlidir ki, əmək müqaviləsinə xitam verilməsi əsaslarından biri də tərəflərdən birinin təşəbbüsüdür (ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsi). ƏM-nin 70-ci maddəsinin «ç» bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. İşin müəyyən edilmiş hallarına əsasən iddiaçı xx.xx.2020-ci il tarixdə saat 22:00 radələrində bir qrup şəxslə Cavabdeh MMC-nin X1 inzibati binasında pulla “duraki” oyunu, yəni qumar oydığına görə Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı qeyd edilən tarixdə bir qrup şəxslə Cavabdeh MMC-nin X1 inzibati binasında kartla oyun (“duraki”) oynamasını qəbul etsə də, pulla oynamadıqlarını bildirmişdir. Məhkəmə kollegiyası iddiaçının həmin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, işdə olan sübutlara və məhkəmə qərarlarına (Ağcabədi rayon Polis Şöbəsinin İstintaq Bölməsinin xx.xx.2020-ci il tarixli qərarı, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı və s.) əsasən iddiaçının xx.xx.2020-ci il tarixdə bir qrup şəxslə Cavabdeh MMC-nin X1 inzibati binasında kartla qumar oynaması, bu səbəbdən də İXM-nin 525-ci maddəsi ilə təqsirli bilinərək 400 manat miqdarında inzibati cərimə olunması tam təsdiq olunur. İddiaçı Ağcabədi Rayon Məhkəməsinin inzibati xəta haqqında xx.xx.2020-ci il tarixli qərarından şikayət verməsini bildirsə də, məhkəmə qərarının ləğv olunması (və ya şikayətinin icraata qəbul edilərək baxılması) ilə bağlı məhkəmə kollegiyasına hər hansı sübut təqdim edə bilməmişdir. “Cavabdeh" MMC-nin xx.xx.2017-ci il tarixli 224 saylı əmri ilə təsdiq edilmiş "Daxili intizam Qaydaları”nın 3.2-ci bəndinə əsasən Cəmiyyətin mənafeyinə zidd olan işləri, hərəkətləri (hərəkətsizliyi) etməmək, Nazirliyin və Cəmiyyətin adına xələl gətirə bilən yerlərdən, hərəkətlərdən və şəxslərlə əlaqədən çəkinmək işçinin əsas vəzifələrindəndir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən, işçilər nümunəvi nizam-intizamı və davranışı ilə Cəmiyyətin adına olan ictimai etimadı yüksəltməli, hüquq və vəzifələrini davranış və nizam-intizam prinsiplərinə müvafiq olaraq həyata keçirməlidirlər. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin xx.xx.2011-ci il tarixli 148 saylı əmri ilə təsdiq edilmiş “Rabitə birlik, müəssisə və idarələrində çalışan rəhbər və digər işçilərin etik davranış Qaydaları"nın 5.4-cü bəndinə əsasən işçilər onun xidməti vəzifəsinə aid olmadığı hallarda Nazirliyin və digər dövlət orqanlarının, onların rəhbərlərinin fəaliyyəti ilə əlaqədar (qanunsuz fəaliyyət istisna olmaqla) tənqidi ictimai mülahizələrdən, çıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinməlidir. Hər bir şəraitdə şərəf və ləyaqətini qorumalı, vəzifələrinin icrası ilə bir araya sığmayan və onun adına xələl gətirə biləcək, habelə Nazirliyin və çalışdığı müəssisənin nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməli, hər hansı etik normaların pozuntusu təsiri bağışlayan hərkətlərdən çəkinməlidir. Həmin Qaydaların 5.7-ci bəndinə əsasən işçilər Azərbaycan Respublikasının, Nazirliyin və işlədiyi müəssisənin nüfuzunu möhkəmləndirməyə, adını, şərəf və ləyaqətini uca tutmağa borcludur. Həmin Qaydaların 6.34-cü bəndinə əsasən işçi işgüzar qaydalara və etik davranış qaydalarına uyğun olmayan davranışa qarşı tədbirlər görməli, Qaydaların 6.35-ci bəndinə əsasən özünə və həmkarlarına qarşı tələbkar olmalı, etik davranış qaydalarının iş yoldaşı tərəfindən pozulması halları ilə rastlaşdıqda, onların aradan qaldırılması üçün tədbirlər görməli, zərurət yarandıqda bu haqda aidiyyəti üzrə məlumat verməlidir. İddiaçı apellyasiya şikayətində işdən azad olunan zamanı qanunvericiliyin tələblərinə zidd olaraq onun izahatının alınmaması bildirsə də, işdə olan xx xxxxx 2020-ci il tarixli izahatdan görünür ki, iddiaçıdan hadisə ilə bağlı izahat alınmış, sonuncu izahatında xx xxxxx 2020-ci il tarixdə kart («duraki») oynamasını göstərmişdir. İddiaçı apellyasiya baxışı zamanı həmin izahatın onun tərəfindən yazılmasını təsdiq etmişdir. Bununla yanaşı, iddiaçı apellyasiya şikayətində işdən azad olunan zamanı qanunvericiliyin tələblərinə zidd olaraq həmkarlar komitəsinin razılığının alınmamasını göstərsə də, işdən görünür ki, iddiaçının tutduğu vəzifəsindən azad edilməsinə Cavabdeh MMC-nin X1 X4 öz razılığını vermiş, bu barədə Cavabdeh MMC-nin X1 X3 sədri Məlik Paşayevin sədrliyi ilə xx.xx.2020-ci il tarixdə iclası keçirilmiş və protokol tərtib edilmişdir. Protokoldan çıxarış xx.xx.2020-ci il tarixdə 1/175 nömrəli məktubu ilə Cavabdeh MMC-nin baş direktoru X13 göndərilmişdir. Göründüyü kimi, işəgötürən tərəfindən iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən ƏM-nin 80.1-ci maddəsinin tələbləri nəzərə alınmışdır. İddiaçı Cavabdeh MMC-nin X1 X3 razılığının formal olmasını, səlahiyyətli olmamasını və s. bildirsə də, bu istiqamətdə məhkəməyə hər hansı sübut təqdim edə bilməmiş, etirazlarını formal mülahizələri ilə əsaslandırmağa çalışmışdır. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xitam verilməsi qanuni və əsaslı olmuşdur. İddiaçı bunun əksini təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. ƏM-nin 11-ci maddəsinin «b» bəndinə əsasən, əmək münasibətləri sahəsində işəgötürənin bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək hüququ vardır. Göründüyü kimi, iddiaçının yol verdiyi hərəkətlər cavabdeh tərəfindən onunla bağlanmış əmək müqaviləsinə müvafiq əsasla xitam verilməsinə tam əsas olmuşdur. İddiaçı apellyasiya şikayətində onun işdən çıxarılmasının əsassız və qanunsuz olmasını qeyd etsə də, tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Beləliklə, məhkəmə kollegiyası işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq, hesab edir ki, qətnamə əsaslı və qanunidir. Apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, onları əsassız hesab edir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı «işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(004)-3941/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(004)-3941/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar