Məhkəmə qərarları › İş №2(103)-747/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-747/2024

10.01.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-747/2024 10.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: işdənçıxma müavinətindən tutulmuş gəlir vergisinin qaytarılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu, (sədrlik edən və məruzəçi), X1 və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, üçüncü şəxsin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə işə 10 yanvar 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehndə işləmiş İddiaçı 2023-cü ilin may ayında təqaüd yaşına çatması ilə əlaqədar işdən azad olunmuş və həmin vaxt ona ARDNŞ-nin və ANQSİHİRK-nın xx.xx.2009-cu il tarixli 57/06-19ə nömrəli Əmr-Qərarına əsasən orta əmək haqqının 5 misli məbləğində 5597,15 manat müavinət hesablanmışdır. Müavinət ödənilən zaman, həmin müavinət məbləğindən 816,52 manat vergi tutulmuşdur. Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehnə qarşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək, ona ödənilmiş müavinətdən tutulmuş 816,52 manatın, etibarnamə verilməsinə görə 11.50 manatın və mediasiya xərci olan 60 manatın, cəmi 888,02 manat pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qənamə çıxarılmasını xahiş etmişdir.

3. İddia onunla əsaslandırılmışdır ki, o,1975-ci ildən əmək fəaliyyətinə başlamış və 2000-ci ildən Neft sənayesində müxtəlif vəzifələrdə çalışmışdır, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğurunda döyüşlərdə iştirak etmiş və müharibə veteranıdır. Həmçinin 3-cü dərəcəli əlildir. Sonuncu iş yeri SOCAR-ın “Azneft’’ X2 Xidməti, sonuncu vəzifəsi isə rəhbərlik yanında aparatda 11-ci «dərəcəli mühəndisi (sosial məsələlər üzrə) vəzifəsi olmuşdur. xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən, yəni yaşa görə təqaüdə çıxmağı ilə əlaqədar onunla bağlanmış əmək müqaviləsinə xitam verilərək işdən azad edilmişdir. İşdən azad olunması ilə əlaqədar Azərbaycan Respublikası DNŞ-nin və ANQSİHİRK arasında bağlanmış 2020-2023-cü illər üçün sahə (tarif) Kolektiv sazişin 5.16cı bəndində “qanunvericiliklə müəyyən edilmiş pensiya yaşına çatdıqdan sonra bir ay müddətində öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmiş şəxslərə tərəflərin razılığı ilə SOCAR-ın qərarı əsasında orta aylıq əmək haqqının 5 (beş) misli məbləğində birdəfəlik işdənçıxma müavinət verməsi qaydasında işdən azad edilmişdir. Ona işdən çıxdığına görə verilmiş müavinətdən 947,14 manat gəlir vergisi tutulmuşdur. Qanunvericiliyin tələbinə görə müavinətdən vergi tutulmur. Həmin müavinətdən gəlir vergisi tutulması qanunsuzdur və müavinət tam ödənilməlidir.

4. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(009)-1518/2023 saylı, 18 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim M.Bağırova) iddia təmin olunmuşdur.

5. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 175-ci maddəsinin 1-ci və 4-cü hissəsi, 175.4-cü, Vergi Məcəlləsinin 98.1, 102.1.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

6. Cavabdeh və üçüncü şəxs ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

7. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 03 may 2023-cü il tarixli razılaşmadan da görünür ki, iddiaçının ona ödənilmiş orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik işdən çıxma müavinətindən vergi qanunvericiliyinə uyğun gəlir vergisi tutulacağından xəbəri olmuşdur. Razılaşmanın 1.3-cü bəndinə əsasən, əmək müqaviləsinə xitam verildikdən sonra bu Razılaşmaya əsasən ona (işçiyə) ödənilən müavinətdən (vergi çıxıldıqdan sonra) və son haqq-hesabdan başqa işəgötürənə qarşı hər hansı iddia və tələbin olmadığını və ona ödəniləcək işdənçıxma müavinətindən qanunvericiliyə uyğun vergi tutulmasına razılıq verdiyini bəyan edir və təsdiqləyir. Həmin razılaşmanın 2.1-ci bəndinə əsasən, ....işçiyə orta aylıq əmək haqqının 5 misli miqdarında, cəmi 5597.15 manat müavinət hesablamağı və həmin müavinətindən Azərbaycan Respublikasının vergi qanunvericiliyinə əsasən gəlir vergisini tutduqdan sonra qalan məbləği ödəməyi öhdəsinə götürür. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, tərəflər arasında bağlanmış razılaşmaya əsasən, iddiaçı onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, ləğv edilməsi üçün müraciət etmiş, ona ödəniləcək müavinətdən qanunvericiliyə uyğun olaraq vergi tutulmasına razılıq vermiş, cavabdeh razılaşma ilə müəyyən olunmuş şərtlər daxilində əmək müqaviləsinə xitam verildiyi halda orta aylıq əmək haqqının beş mislindən Azərbaycan Respublikasının vergi qanunvericiliyinə əsasən gəlir vergisini tutduqdan sonra qalan məbləği ödənilmişdir. Vəsaitin ödənilməsində məqsədi işçilərin maddi vəziyyətini müəyyən müddətə yaxşılaşdırmaqdan ibarət olmuşdur. Fiziki şəxslərin gəlir vergisindən azad olma halları Azərbaycan Respublikasının Vergi Məcəlləsində öz əksini tapmışdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsaslanaraq hesab edirlər ki, iddiaçıya ödənilmiş orta əmək haqqının beş misli məbləğinin gəlir vergisindən azad olması üçün heç bir qanuni əsası yoxdur.

8. Üçüncü şəxsin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə xx.xx.2009-cu il tarixli əmr-qərarın məzmununu və məqsədini təhrif etmiş və həmin əmr qərara əsasən birdəfəlik ödənişi almaq hüququnun yalnız pensiya yaşına çatmış və öz iradələri əsasında işdən çıxmış işçilərə şamil edildiyini nəzərə almamışdır. Məhkəmə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə xitam verildiyini bildirməklə iddiaçının birdəfəlik ödənişi almaq hüququnu da istisna etmiş olur ki, bu da xx.xx.2023-cü il tarixli qətnamənin ziddiyyətli mülahizələr əsasında qəbul edildiyini göstərir. Digər tərəfdən iddiaçı ərizəsində işdən onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü) və 69-cu maddəsinin 3-cü hissəsinə (işçi əmək pensiyasına çıxdıqda) əsasən xitam verildiyini bildirmiş və Əmək Məcəlləsinin 70-ci maddəsinə istinad etməmişdir. Birinci instansiya məhkəməsinin hansı iş materiallarından bu qənaətə gəldiyi aydın deyildir. Belə ki, məhkəmə cavabdeh qismində çıxış edən Dövlət Neft Şirkətinin Cavabdehndən iddiaçının işdən çıxması barədə verdiyi yazılı ərizənin əslini və ya surətini tələb etməmiş, təqdim edildiyi halda onun həqiqiliyini araşdırmamış, tərəflərin heç birindən bu barədə izahatlar almamışdır. Bundan əlavə, məhkəmə həmin mövqeyini əsaslandırmaq məqsədi ilə normativ sənəd olmayan ARDNŞ-nin və ANQSİHİRİK-nin 22 aprel 2009-cutialrixli 57/06- 19ə nömrəli əmr-qərarına istinad edərək cavabdehin həmin qərarı işçilərin sayını azaltmaq məqsədi ilə qəbul etdiyini və həmin əmr-qərarın 4-cü bəndinə əsasən işçilərlə əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq razılaşmanın imzalanmasının göstərildiyini və işçilərin öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam vermək üçün müraciət etdikdə, müstəsna hal kimi işəgötürən tərəfindən onlara orta aylıq əmək haqqının beş misli məbləğində işdənçıxma müavinəti ödənilməsinin göstərildiyini qeyd etmişdir. Halbuki məhkəmənin istinad etdiyi həmin əmr qərarın məhz həmin bəndi əmək haqqının beş misli məbləğində müavinətin ödənilməsini müstəsna hal kimi göstərmiş və onu işçilərin öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi halı ilə şərtləndirmişdir. Başqa sözlə, əgər məhkəmə əmək müqaviləsinə iddiaçı tərəfindən deyil, işəgötürən tərəfindən xitam verildiyinə dair nəticəyə gəlmişdirsə o halda, işçinin verildiyinə dair nəticəyə gəlmişdirsə o halda, işçinin ARDNŞ-nin və ANQSİHİRİK-nin 22 aprel 2009-cu il tarixli 57/06-19ə nömrəli əmr-qərarında nəzərdə tutulan müavinəti almaq hüququ da yaranmamışdır. Belə olan halda isə iddiaçıya Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinə əsasən əmək müqaviləsinə həmin Məcəllənin70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə əmək stajından asılı olaraq orta əmək haqqının 1-2 misli miqdarında işdənçıxarma müavinəti ödənilməli idi. Sözügedən razılaşma iddiaçı tərəfindən imzalanmış və 1 nüsxəsi götürülmüşdür. Qeyd olunan razılaşmanın surəti cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunmasına baxmayaraq məhkəmə tərəfindən qeyd olunan sübuta qiymət verilməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Üçüncü şəxsin nümayəndəsi Nümayəndə2 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.

11. Cavabdehin nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasında iştirak etməmişdir. Lakin vəsatət göndərərək Konstitusiya Məhkəməsinin icraatında oxşar işlə bağlı müraciət olduğundan iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası həmin vəsatəti əsassız sayaraq rədd etmişdir.

12. İddiaçı isə ərizə ilə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir.

13. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsini rəhbər tutaraq iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi

14. Maddə 175, 1-ci və 4-cü hissələr. Əmək haqqından müvafiq məbləğlər bu maddə ilə müəyyən edilən hallar istisna edilməklə yalnız işçinin yazılı razılığı ilə, yaxud məhkəmənin qərarı ilə qanunvericiliklə nəzərdə tutulmuş icra sənədləri üzrə tutula bilər. İşdənçıxma müavinəti və qanunvericiliyə müvafiq olaraq vergi tutulmayan digər ödənclərdən məbləğlərin tutulmasına yol verilmir.

Azərbaycan Respublikası Vergi Məcəlləsi

15. Maddə 98.1. Əmək haqqı və işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlir fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir hesab edilir və həmin Məcəllənin 101-ci maddəsində nəzərdə tutulmuş qaydada gəlir vergisinə cəlb edilir. Buna əsasən də, işçiyə onun işdən çıxıldığı gündən yeni işə düzələn günədək ikinci və üçüncü aylar üçün ödənilən orta əmək haqqı həmin şəxsin gəliri kimi nəzərə alınaraq ümumi qaydada gəlir vergisinə cəlb edilir.

16. Maddə 102.1.4. Fiziki şəxslərin əmək qabliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla, dövlət müavinətləri, əvəzsiz dövlət köçürmələri, dövlət pensiyaları, dövlət təqaüdləri, işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildiyində işçilərə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar, habelə Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar gəlir vergisindən azaddır.

Apellyasiya baxışının hədləri

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

18. Hazırkı işdə iddia təmin olunduğundan və qətnamə iş üzrə cavabdeh və üçüncü şəxs tərəfindən mübahisələndirildiyindən qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini əsassız sayır və qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətlərinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətləri təmin edilməməlidir.

20. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, iddiaçının işdən azad edilməsi barədə əmrdə və əmək kitabçasında nəzərdə tutulmuş “Əmək Məcəlləsinin 69.3cü maddəsi ilə yaşa görə təqaüdə çıxması ilə işçinin özünün təşəbbüsü ilə” əsası formal xarakter daşıyır və iddiaçı tərəfindən yazılmış ərizə işəgötürənlə əvvəlcədən əldə olunmuş razılıq əsasında və 22 aprel 2009-cu il tarixli əmr-qərara uyğun olaraq tərtib olunmuşdur ki, iddiaçının müstəqil iradə ifadəsini əks etdirmir.

21. Belə ki, işdən çıxarılma barədə əmrdə iddiaçı ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, onun təqaüdə çıxması ilə əlaqədar öz təşəbbüsü ilə yazdığı ərizə əsasında xitam verildiyi göstərilmişdir.

22. Halbuki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti 57 nömrəli, 22 aprel 2009-cu il tarixli əmri və Azərbaycan Neft və X4 Həmkarlar İttifaqı Respublika Komitəsinin 57/06- 19ə nömrəli, 22 aprel 2009-cu il tarixli “ARDNŞ-də işçilərin əməyinin ödənilməsinin təkmilləşdirilməsi haqqında" qərarının 4-cü bəndindən görünür ki, bu əmr-qərar verildiyi tarixdən bir təqvim ayı ərzində, eləcə də bu əmr-qərarın birinci bəndi ilə müəyyən edilmiş vəziyyət barədə işəgötürənin qərarı olduğu tarixdən, bir ay müddətində işçi öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmək üçün müraciət etdikdə, müstəsna hal kimi işəgötürən tərəfindən işçiyə onun orta aylıq əmək haqqının beş misli məbləğində işdənçıxma müavinəti ödənilir. Həmin əmr-qərarın girişində göstərilir ki, bu qərarın qəbul edilməsində və eyni qərara istinadən əmrin verilməsində əsas məqsəd Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 26 fevral 2009-cu il tarixli, 38 nömrəli əmri ilə təsdiq edilmiş “ARDNŞ-in 2009-cu il üçün böhrana qarşı tədbirlər proqram”ından irəli gələn vəzifələrin, xüsusilə də “şirkətin müəssisə və təşkilatlarında işçi heyətindən daha səmərəli istifadə etməklə, xərclərin azaldılmasına nail olmaq, mövcud əməyin ödənilməsi sisteminin böhran şəraitinə uyğunlaşdırılması və bu sahədə olan şirkətdaxili normaların və sənədlərin təkmilləşdirilməsidir. Cavabdeh qurum işçi heyətindən daha səmərəli istifadə etmək, işçilərin sayının azaldılması məqsədilə müvafiq qərar qəbul etmiş, eyni məzmunlu əmr vermiş və bu əmrqərarın verildikdən sonra iddiaçının təqaüdə çıxması ilə əlaqədar ərizəsi əsasında öz təşəbbüsü ilə işdən azad olunmuş və onunla olan əmək müqaviləsinə xitam verilmişdir.

23. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 175.4-cü maddəsinə əsasən işdənçıxma müavinəti və qanunvericiliyə müvafiq olaraq vergi tutulmayan digər ödənclərdən məbləğlərin tutulmasına yol verilmir.

24. Belə olan halda, iddiaçıya ödənilən işdənçıxma müavinəti gəlir vergisindən azad olduğundan müavinətdən gəlir vergisinin tutulması əsassız olmuşdur.

25. Apelyatorun istinad etdiyi razılaşmaya gəldikdə, məhkəmə kollegiyasının qənaətinə görə həmin razılaşma qanunun tələblərinə uyğun olmadığından və işçinin iradə ifadəsini əks etdirmədiyindən öz-özlüyündə etibarsızdır.

26. Məhkəmə kollegiyası izah edir ki, hazırkı iş üzrə mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan az olduğundan MPM-nin 402-ci maddəsinin tələbinə müvafiq olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.

27. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş apellyasiya şikayətləri təmin olunmasın. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin iş üzrə 18 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar