Məhkəmə qərarları › İş №2(103)-747/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-747/2025

13.01.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-747/2025 13.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi, hakimlər Sadıqov Vahid Nəriman oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, İddiaçı, İddiaçının nümayəndəsi-vəkili Vəkil, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X11 oğlunun iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı "işə bərpa və əmrin ləğvi" tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 02 sentyabr 2024-cü il tarixli, e-2(008)-4979/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: İddiaçı xx.xx.2023-cü ildə "xxxx" MMC-də "mağaza müdiri" vəzifəsinə keçmişdir. Bundan əvvəl xx.xx.2023-cü ildə "xxxx" MMC-yə məxsus "Bizim-Əhmədli 1 (303)" mağazasının təhvil-təsilim zamanı tam sayım nəticəsində yaranmış fərqin və məbləği 4819,16 manat təşkil etmiş və iddiaçı tərəfindən imzalanaraq təhvil alınmışdır. xx.xx.2024-cü ildə "xxxx" MMC-yə məxsus "Grandmart Əhmədli 1 (403)" mağazasının təhvil-təsilim zamanı tam sayım nəticəsində yaranmış fərqin və məbləği 39339,50 manat təşkil etmiş və iddiaçı tərəfindən imzalanaraq təhvil verilmişdir. Bunun nəticəsində cavabdeh tərəfindən iddiaçının əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən xx.xx.2024cü ildən xitam verilmişdir. Hazırda iddiaçı həmin əmri mübahisələndirməklə işə bərpa edilməsini xahiş edir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi və iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2024-cü il tarixli 199K nömrəli əmrinin etibarsız hesab edilməsi, Əmək və Məşğulluq altsistemində aparılmış (ƏMAS) İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli 199K nömrəli əmrin qeydlərinin sistemdən silinməsi, "xxxx" MMC-də iddiaçının müdir vəzifəsinə bərpasını, mediasiya üçün ödənilmiş 50 manat, vəkil orderi üçün 330 manat olmaqla ümümilikdə 380 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2018-ci ildə 20K nömrəli əmrlə "xxxx" MMC-də mağaza müdiri vəzifəsinə qəbul edilmiş, xx.xx.2023-cü ildə 72K nömrəli əmrlə əmək müqaviləsinə xitam verilmişdir. Bundan sonra xx.xx.2023-cü ildə 12K nömrəli əmrlə "xxxx" MMC-nin tərkibində BM Marker MMC-də mağaza müdiri vəzifəsinə qəbul edilmiş və xx.xx.2023-cü ildə 243K nömrəli əmrlə əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2023-cü il tarixli 317K nömrəli əmrə əsasən "xxxx" MMC-nin Bizim Marketdə (Əhmədli qəsəbəsi Sarayeva küçəsi 8c (indiki Megastore)) mağaza müdiri vəzifəsinə qəbul edilmişdir. O, marketi təhvil alan zaman “Bizim Əhmədli 1” mağazasında şirkət daxili sayım keçirilərkən əksik məhsullar olduğu qeyd edilmişdir. xx.xx.2024-cü ildə marketin daxilində sayım keçirilərkən aydın olur ki, mağazada əksik var. Öz araşdırması nəticəsində aydın olur ki, mağazada olan sayımda əksik olan məhsullar və sayımda səhv sayılan məhsullar sistemə səhv yerləşdirilib. Üstəlik heç bir səbəb olmadan 10000 manatlı məhsullar sayımda sayılmamışdır. İş prosesi zamanı heç bir əksiyin olmadığını sübut etsə də, qəbul etməyərək mağazada 22 min əksiyin olduğunu qeyd edərək ona "12 min manat pulu sən ödəməlisən, ödəmədiyin təqdirdə səni Əmək Məcəlləsinin 70 “ç” bəndi ilə işdən azad edəcəyik" deyə bildiriblər. O, "marketdə aksik yoxdur, yenidən sayım keçirilsin" desə də, xx.xx.2024-cü ildə heş bir səbəb olmadan Əmək Məcəlləsinin 70 “ç” bəndi ilə işdən azad edilmişdir. İddiaçı xx.xx.2024-cü ildən "xxxx" MMC-nin direktoru vəzifəsindən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən xitam verilməsi qərara alınmışdır. Qeyd olunan əmrlərin mövcudluğu İddiaçı yalnız xx.xx.2024-cü ildə məlum olmuşdur. Əmək və Məşğulluq Altsistemində (ƏMAS) yerləşdirilmiş xx.xx.2024-cü il tarixli 199K nömrəli əmrləin məzmunu da Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 84-cü maddəsinin tələblərinə də uyğun deyil. xx.xx.2018-ci ildən xx.xx.2024-cü ilədək 6 il müddətində haqqında heç bir tənbeh tədbiri görülməmişdir. Bütün marketlərdə sayım nəticəsində adında heç bir əksik olmadan təhvil vermişdir. Yalnız son 6 ay müddətinə işlədiyi marketdə 22 min manat maddi ziyan həqiqəti əks etdirmir. O, xx.xx.2024-cü ildə "Mediasiya prosesinin tətbiqi barədə təklifin" hazırlanması üçün mediasiyaya müraciət etmişdir və xx.xx.2024-cü ildə mediasiya prosesinə müraciət üçün ərizəsi daxil olmuşdur. Həmin tarixdən etibarən mediasiya prosesi başlamışdır. Mediasiya prosesindən keçərkən bu barədə mediator X9 tərəfindən xx.xx.2024-cü ildə "X2 (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə" arayış verilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 02 sentyabr 2024-cü il tarixli, e-2(008)- 4979/2024 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdeh "xxxx" MMC-nin "Əmək müqaviləsinə xitam verilməsi barədə" xx.xx.2024-cü il tarixli 199K nömrəli əmrinin ləğv edilməsi, Əmək və Məşğulluq altsistemində (ƏMAS) İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli 199K nömrəli əmrin qeydləri sistemdən silinməsi, İddiaçı "xxxx" MMC-də "mağaza müdiri" vəzifəsinə işə bərpa edilməsi, mediasiya xərci üçün ödənilmiş 50 manat və vəkillə bağlanan müqavilə üçün ödənilmiş 330 manat məbləğində pulun cavabdeh "xxxx" MMC-dən alınaraq iddiaçıya ödənilməsi və cavabdeh "xxxx" MMC-dən 100 manat məbləğində dövlət rüsumunun alınaraq Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, əmək müqaviləsinə xitam verilməsi barədə cavabdehin xx.xx.2024-cü il tarixli əmrində Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə istinad olunsa da, əmək müqaviləsinin ləğv edilməsinin əsası, yəni iddiaçı tərəfindən törədilmiş pozuntunun konkret nədə ifadə olunması göstərilməmişdir. Cavabdehin nümayəndəsi məhkəmə baxışı zamanı verdiyi izahatda törədilmiş pozuntunun iddiaçının fəaliyyət göstərdiyi dövrdə mağazada olan malların sayında əksikliyin olmasından ibarət olduğunu bildirmişdir. Lakin məhkəmə bunu keçərli hesab etməmiş və bildirmişdir ki, Əmək Məcəlləsi əmək müqaviləsinin ləğvinə əsas verən pozuntunun məhkəmə baxışı zamanı izah olunmasını deyil, bilavasitə əmrdə göstərilməli olduğunu tələb edir. Həmçinin, əmrdə onun verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilməmişdir. Cavabdehin nümayəndəsi əmrin elektron sistemə uyğun tərtib edildyini qeyd etsə də, məhkəmə bir daha vurğulamışdır ki, Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmri tərtib olunarkən yalnız Əmək Məcəlləsinin tələbləri əsas götürülməlidir. Beləliklə, müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmamışdır. Bu isə əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli əmrin qanuni sayılmasını istisna edir. Ona görə də həmin əmr ləğv edilməli, İddiaçı "xxxx" MMC-də mağaza müdiri vəzifəsinə bərpa olunmalıdır. İşdən görünür ki, iddiaçı tərəfindən xx.xx.2024-cü ildə 51 manat Bakı 8 saylı Mediasiya Təşkilatına, xx.xx.2024-cü ildə 330 manat 3 saylı Vəkil Bürosuna ödənilmişdir. Məhkəmə hesab etmişdir ki, iddia tələbi tam təmin edildiyindən həmin məbləğlər cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən əmək funksiyalarını kobud şəkildə pozulması onun verdiyi izahatla, “Təhvil-təslim haqqında Tam Sayım” aktının imzalanması ilə tam təsdiq olunur. İddiaçı tərəfindən işlədiyi dövr ərzində işəgötürənə maddi ziyan vurması və bununla da üzərinə düşən əmək vəzifələrini yerinə yetirməməsi açıq aşkardır və təqdim olunmuş sübutlarla tam təsdiq olunur. İddiaçı verdiyi izahatla və imzaladığı aktla işlədiyi dövr ərzində işəgötürənə maddi ziyan vurulmasını təsdiq etmiş və qəbul etmişdir. Hazırda onun bu halları inkar etməsi və qəbul etməməsi, özünü məsuliyyətdən yayındırmaq məqsədi güdür. Qeyd olunmalıdır ki, iddiaçı hazırki vaxtadək işəgötürənə vurduğu ziyanı ödəməmişdir. Eyni zamanda iddiaçı ilə maddi məsuliyyət haqqında müqavilə imzalanmış və əmək müqaviləsinə əsasən onun əmək vəzifələri olmuşdur. Həmin əmək vəzifələrinə görə iddiaçı mağazada malların satışını elə təşkil etməli idi ki, həmin təşkiletmə işəgötürənə maddi ziyanın vurulması ilə nəticələnməsin. Lakin iddiaçı göründüyü kimi üzərinə düşən əmək vəzifələrini kobud şəkildə pozmuş, işlədiyi dövr ərzində böyük məbləğdə əksikliyin yaranmasına şərait yaratmış və bu hallar da işəgötürənə maddi ziyan vurmaqla nəticələnmişdir. Bu səbəbdən həmin hallar onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi üçün əsas olmuşdur. Qeyd olunmalıdır ki, iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə əsasən o, işəgötürənə vurulmuş maddi ziyana görə məsuliyyət daşıyır. Maddi ziyanın vurulması müxtəlif formalarda özünü biruzə verə bilər. Bu, işçilərin malların oğurlanmasında və iddiaçının buna lazımi qaydada nəzarət etməməsinə, iddiaçı tərəfindən bilavasitə malların çatışmazlığına şərait yaradılması və sair. İddiaçı mağazanın fəaliyyətinə məsul olan şəxs olmuşdur və bu səbəbdən yaranmış hər çatışmazlığa görə maddi məsuliyyət daşıyırdı. Aparılmış audit nəticəsində iddiaçının işlədiyi dövr ərzində mağazada malların çatışmazlığı halı öz təsdiqini tapdığı üçün, şirkət onunla əmək münasibətlərini davam etdirilməməsində tam haqlı olmuşdur. Eyni zamanda iddiaçı yaranmış maddi ziyanı ödəməkdən də imtina etdiyi üçün, cavabdehin iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam vermək üçün bütün əsasları olmuşdur. Beləliklə Əmək Məcəlləsinə əsasən işəgötürənin iddiaçı ilə bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam vermək hüququ olduğu üçün, qəbul edilmiş əmr tam qanuni və əsaslıdır. İddiaçı öz iddia ərizəsində qeyd etmişdir ki, cavabdeh tərəfindən guya ona işə gəlməməsi və gözləməsi bildirilmişdir. Bu tamamilə absurt və həqiqətə uyğun olmayan bir iddiadır. Hətta cavabdeh məktubla iddiaçıya müraciət edərək işə gəlməməyi ilə bağlı müvafiq sənədlərin təqdim olunması xahiş olunmuş, lakin iddiaçı heç bir sənəd təqdim etməmişdir. Həmin məktubu da iddiaçı özü iddia ərizəsinə əlavə etmişdir. Qeyd edilməlidir ki, işçi işə gəlmirsə bunun səbəblərini işəgötürənə bildirməli və əgər həmin səbəblər üzürlü səbəblərdirsə işəgötürən tərəfindən nəzərə alınmalıdır. Lakin iddiaçı hər hansı bir üzürlü səbəb olduğunu təsdiq edən müraciət etməmiş və iddiasını əsaslandıran sübutları təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi-vəkili ayrı-ayrılıqda apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Əmək Məcəlləsi: 68.1. Əmək müqaviləsinə yalnız həmin Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. 71.2. Bu Məcəllənin 70-ci maddəsinin "ç" bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 71.3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.

72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. 76.2. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. 79.1. İşəgötürən tərəfindən: ... əmək qabiliyyətini müvəqqəti itirən işçilərin ... bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. 83.1. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 84.1. Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. 84.2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. 186.2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. 187.1. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. 189.2. İntizam tənbehi işçiyə işdə olduğu iş günü ərzində verilə bilər. Məzuniyyətdə, ezamiyyətdə olan, əmək qabiliyyətini müvəqqəti itirdiyi müddət ərzində işçiyə intizam tənbehi verilə bilməz. 300.1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. 300 ("Qeyd" hissəsi). Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş "dəymiş zərərin məbləği" dedikdə işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir.

Mülki Prosessual Məcəllə:

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

Məhkəmə kollegiyasının mövqeyi:

Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməklə iddia tələbinin rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli 1 nömrəli "Təhvil-təslim haqqında tam sayım" aktından görünür ki, yaranmış artıq fərqin miqdarı və məbləği 4819,16 manat təşkil edir. Təhvil verən mağaza müdiri vəzifəsində olan X7, təhvil alan mağaza müdiri vəzifəsində olan İddiaçı olmuş və imza etmişlər. İş materiallarında olan "xxxx" MMC-nin İnsan Resursları Departamentinin xx.xx.2023-cü il tarixli 317K nömrəli əmrin surətindən görünür ki, İddiaçı xx.xx.2023-cü ildən satış departamentinə mağaza müdiri vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli xxxxxxx000600 nömrəli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı "xxxx" MMC-yə "mağaza müdiri" vəzifəsinə işə qəbul olunmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, həmin tarixdən etibarən işdən azad edilmiş bölgə müdirləri X5 və X6 tabeliyindən olan mağazalar müvvəqəti olaraq "Megastore Xalqlar" mağazasının müdiri X4 və "Bizim Əhmədli" mağazasının müdiri İddiaçı arasında bölünmüşdür. İş materiallarında olan "xxxx" MMC-nin İnsan Resursları Departamentinin xx.xx.2024-cü il tarixli 199K nömrəli əmrinin surətindən görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən, yəni işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda maddəsinə əsasən "xxxx" MMC-nin mağazalar şəbəkəsində mağaza müdiri vəzifəsində işləyən İddiaçı ilə bağlanmış xxxxxxx000600 nömrəli əmək müqaviləsinə xx.xx.2024-cü ildən xitam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı Şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli 3-17-5/2M-38731/2024 nömrəli məktubundan görünür ki, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" 2015-ci il 20 oktyabr tarixli 1410-İVQ nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar xx.xx.2025-ci ilədək dayandırıldığından müraciətdə göstərilən halların yerində araşdırılması və müvafiq tədbirlərin görülməsi mümkün olmamışdır. Beləliklə işin faktiki halları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.2023-cü ildə "xxxx" MMC-də "mağaza müdiri" vəzifəsinə keçmişdir. Bundan əvvəl xx.xx.2023-cü ildə "xxxx" MMC-yə məxsus "Bizim-Əhmədli 1 (303)" mağazasının təhvil-təsilim zamanı tam sayım nəticəsində yaranmış fərqin və məbləği 4819,16 manat təşkil etmiş və iddiaçı tərəfindən imzalanaraq təhvil alınmışdır. xx.xx.2024-cü ildə "xxxx" MMC-yə məxsus "Grandmart Əhmədli 1 (403)" mağazasının təhvil-təsilim zamanı tam sayım nəticəsində yaranmış fərqin və məbləği 39339,50 manat təşkil etmiş və iddiaçı tərəfindən imzalanaraq təhvil verilmişdir. Bunun nəticəsində cavabdeh tərəfindən iddiaçının əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən xx.xx.2024-cü ildən xitam verilmişdir. Birinci instansiya məhkəməsi isə mübahisələndirilən əmri qanunsuz hesab etməklə mövqeyi ondan ibarət olmuşdur ki, əmək müqaviləsinin ləğv edilməsinin əsası, yəni iddiaçı tərəfindən törədilmiş pozuntunun konkret nədə ifadə olunması göstərilməmiş, Əmək Məcəlləsi əmək müqaviləsinin ləğvinə əsas verən pozuntunun məhkəmə baxışı zamanı izah olunmasını deyil, bilavasitə əmrdə göstərilməli olduğunu tələb edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi qeyd olunan nəticəyə gəlməklə maddi hüquq normalarının tələblərini pozmuşdur. Belə ki, əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununa dair tələblər Əmək Məcəlləsində nəzərdə tutulmuşdur. Əmrdə (sərəncamda, qərarda) digər məlumatlarla yanaşı, əmək müqaviləsinin ləğv edilməsinin əsası, həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi, eləcə də əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilməlidir. Əmək Məcəlləsinin 84-cü maddənin 1-ci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı birinin və ya bir neçəsinin göstərilməməsi əmrin (sərəncamın, qərarın) məhkəmə tərəfindən etibarsız hesab edilməsi üçün əsas sayılır. İş materiallarından göründüyü kimi, əmək müqaviləsinə xitam verilməsi barədə cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli əmrdə Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə istinad olunmuşdur. Həmin normada isə işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsindən əlavə, bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilməsi təsbit edilmişdir. Sözügedən normada isə hansı konrket hallarda işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması öz əksini tapmışdır. Məhkəmə kollegiyası hesab edir ki, iş materiallarında olan sənədlərlə iddiaçı tərəfindən yol verilmiş pozuntular təsdiq edilmişdir. Belə ki, iddiaçı 24 aprel 2024-cü il tarixdə verdiyi izahatla və 06 may 2024-cü il tarixdə imzaladığı aktla işlədiyi dövr ərzində işəgötürənə maddi ziyan vurulmasını təsdiq etmiş və qəbul etmişdir. Eyni zamanda iddiaçı ilə maddi məsuliyyət haqqında müqavilə imzalanmış və əmək müqaviləsinə əsasən onun əmək vəzifələri olmuşdur. Həmin əmək vəzifələrinə görə iddiaçı mağazada malların satışını təşkil etməlidir. Lakin iddiaçı göründüyü kimi üzərinə düşən əmək vəzifələrini kobud şəkildə pozmuş, işlədiyi dövr ərzində böyük məbləğdə əksikliyin yaranmasına şərait yaratmış və bu hallar da işəgötürənə maddi ziyan vurmaqla nəticələnmişdir. Həmşinin məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan İddiaçı oğlunun xx.xx.2024-cü il tarixli izahatından görünür ki, xx.xx.2024-cü ildə sayım nəticəsində 39339 manat əksik gəlib, o maksimum hədiyyəni nəzərə almadan 12000dir, 5000 sağlam sayılmayan məhsul, 3800 depo məhsullar, 3500,2 göyərti, yerdə qalan isə ümumi işlədiyi dövrdə çəki məhsullarının itki faizi və müştəri oğurluqlarıdır. Yerdə qalan əksiyin öz üzərinə düşəni ödəməyə hazırdır. Eyni zamanda iş materiallarında olan xx.xx.2024-cü il tarixli "Təhvil-təslim haqqında tam sayım" aktından da görünür ki, yaranmış artıq fərqin miqdarı və məbləği 39339,50 manat təşkil edir. Təhvil verən mağaza müdiri vəzifəsində olan İddiaçı, təhvil alan mağaza müdiri vəzifəsində olan X12 olmuş və imza etmişlər. Bununla yanaşı iş materiallarında olan xx.xx.2024-cü il tarixli 21/01 nömrəli Azərbaycan Respublikasının Auditorlar palatasının sərbəst auditor X13 tərəfindən aparılmış audit nəticəsində tərtib edilmiş "Audit rəyi"ndən görünür ki, "xxxx" MMC-nin mağaza müdiri İddiaçı xx.xx.2024-cü ilə öhdəsindəki 39339,50 manat ehtimal olunan çatışmazlıq ilkin sənədlərə uyğun olaraq onda düzgün və ədalətli təsəvvür yaradır. Göründüyü kimi işin qeyd edilən halları ilə iddiaçı tərəfindən özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi öz təsdiqini tapmış və bu səbəbdən də həmin hallar onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi üçün əsas olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, əmək müqaviləsinin ləğv edilməsinin əsası, yəni iddiaçı tərəfindən törədilmiş pozuntular işin halları ilə öz təsdiqini tapmış, həmçinin mübahisələndirilən əmrdə də həmin halları özündə əks etdirən Əmək Məcəlləsinin müvafiq maddəsinə istinad etmişdir. Birinci instansiya məhkəməsi isə işin faktiki hallarını və dəlilləri hərtərəfli araşdırmamış, cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmaması kimi səhv hüquqi nətiсəyə gəlmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi əmək mübahisəsinə baxarkən maddi hüquq normalarını düzgün tətbiq etməmiş, Əmək Məcəlləsinin 84-cü maddəsini səhv təsfir etmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh "xxxx" MMC-nin "Əmək müqaviləsinə xitam verilməsi barədə" xx.xx.2024-cü il tarixli 199K nömrəli əmrinin ləğv edilməsi üçün əsaslar olmamışdır. Bununla yanaşı, iddia tələbi qeyd olunan hissədə əsassız olduğundan digər hissələrdə, yəni “Əmək və Məşğulluq altsistemində aparılmış (ƏMAS) İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli 199K nömrəli əmrin qeydlərinin sistemdən silinməsi, "xxxx" MMC-də İddiaçı müdir vəzifəsinə bərpası, mediasiya üçün ödənilmiş 50 manat, vəkil orderi üçün 330 manat olmaqla ümümilikdə 380 manat məbləğində pulun cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı ödənilməsi hissəsində də təmin edilməsi üçün əsaslar olmamışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tələbinin əsaslarını məhkəmə araşdırması zamanı sübut edə bilmədiyindən iddiası göstərilən hallara görə qanuni və əsaslı sayıla bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia üzrə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilə bilməz. Buna görə də apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbinin rədd olunmasına dair yeni qətnamə qəbul edilməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 02 sentyabr 2024-cü il tarixli, e-2(008)- 4979/2024 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı cavabdehin xx.xx.2024-cü il tarixli 199K nömrəli əmrin etibarsız hesab edilməsi, Əmək və Məşğulluq altsistemində aparılmış (ƏMAS) İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli 199K nömrəli əmrin qeydlərinin sistemdən silinməsi, "xxxx" MMC-də iddiaçının müdir vəzifəsinə bərpasını, mediasiya üçün ödənilmiş 50 manat, vəkil orderi üçün 330 manat olmaqla ümümilikdə 380 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddiası rədd edilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Vahid Sadıqov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar