Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7471/2020 21.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı, İlkin iddia üzrə Cavabdeh1, İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7254/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı uşaqları xx.xx.2015-ci il təvəllüdlü Zurabov Ömər İlqar oğlu və xx.xx.2016-cı il təvəllüdlü X6 ilə birlikdə ünvan 2ndə yerləşən özbaşına tikili hesab olunan ünvana istifadə hüququ tanınmaqla həmin evə köçürülmələrinə dair ilk iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı yataq dəstinin ünvan 2ndə yerləşən fərdi yaşayış evindən çıxarılmasına və əşyaların yerləşdiyi otağın boş vəziyyətdə ona təhvil verilməsi vəzifəsinin İddiaçı həvalə olunmasına dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İlk iddia ərizəsi üzrə iddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh1la xx.xx.2015-ci ildə nikaha daxil olmuş, birgə nikahlarından xx.xx.2015-ci il təvəllüdlü Zurabov Ömər İlqar oğlu və xx.xx.2016-cı il təvəllüdlü X6 anadan olmuş, nikahı hal-hazırda da qüvvədədir. Nikaha daxil olduqdan sonra o, Cavabdeh1 ailəsi ilə birlikdə yaşadığı ünvan 2ndə yerləşən özbaşına tikiliyə gəlin köçərək cehizlərini həmin ünvana aparmışdır. O, Cavabdeh1la birlikdə Bakı şəhəri Binəqədi rayonuXocəsən qəsəbəsi R.Allahverdiyev küçəsində yerləşən özbaşına tikilidə yaşadığı müddətdə həyat yoldaşı ilə birlikdə tikinti-bərpa işləri aparmışdır. O, xx.xx.2016-cı il tarixdə və ikinci dəfə xx.xx.2017-ci il tarixdə cərrahiyyə əməliyyatları keçirmişdir. Hər əməliyyatdan sonra həkim ona ağır işlərlə məşğul olmağı qadağan etmişdir. Əməliyyatdan sonra o, ər evinə getmiş, lakin ona və uşaqlarına baxan olmadığından məcbur qalaraq sağlamlığının bərpa olunanadək anasıgilə getmişdir. İkinci dəfə anasıgilə gedərkən qaynanası Cavabdeh2 ona 10 gün müddətində qayıdıb gəlməsini bildirmişdir. Lakin o, qeyd edilən vaxtda səhhətində olan problemlərə əsasən qayıda bilməmişdir. Bir müddət sonra o, əri Cavabdeh1 evə qayıtmaq istədiyini bildirmiş, lakin əri anası Cavabdeh2 onlar evə qayıtsa özünü yandıracağını ona demiş və evə qayıtmamasını bildirmişdir. Cavabdeh2 məqsədli şəkildə bunu bəhanə edərək onun fərdi yaşayış evində yaşamasına maneçilik törətmiş və imkan verməmişdir. Cavabdeh2 qızı İlhaməni də məqsədli şəkildə boşatdıraraq bu fərdi yaşayış evində saxlamışdır. Belə ki, əri İlhaməni dəfələrlə öz evinə aparmaq istəsə də Cavabdeh2 buna imkan verməmişdir. Həmin ev onun və uşaqlarının daimi yaşayış yeri olmuş və ona məxsus əşyalar da qanuni əsaslarla bu fərdi yaşayış evində yerləşir. Həmçinin onun azyaşlı uşaqlarının da hüquqları pozulur, onların da normal şəraitdə yaşamaq hüquqları vardır. O, iki ay kirayədə yaşasa da, sonra kirayə pulunu verməyə maddi imkanı olmadığına görə hazırda müvəqqəti olaraq valideynlərinə məxsus fərdi yaşayış evində yaşayır. Valideyninin evində bacısı və qardaşları yaşayırlar, ev həddindən artıq darısqaldır. Qarşılıqlı iddia tələbi tam əsassızdır. Belə ki, onun və himayəsində olan uşaqlarının yeganə yaşayış sahəsi olan evdən əşyalarının çıxarılması mümkün deyildir. Qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, onun həyat yoldaşı cavan yaşında vəfat etdiyindən o, iki övladını təkbaşına öz zəhməti və qazancı hesabına böyütmüşdür. İki otaqdan ibarət olan ev onun tərəfindən öz şəxsi vəsaiti hesabına 2009-cu ildə tikilmiş və təmir edilmiş, evin su, elektrik və qaz təchizatı ilə bağlı müvafiq dövlət orqanları ilə müqavilələr onunla bağlamışdır. Bu müddət ərzində həmin evin bütün kommunal xərcləri, qaz, su, elektrik enerjisindən istifadəyə görə haqqlar onun tərəfindən ödənilmişdir. Cavabdeh1 birinci nikahı pozulduqdan sonra o, İddiaçı ilə nikaha daxil olmuş və İddiaçı onların yaşadıqları evə köçməklə cehiz əşyalarını bu evə gətirmişdir. Həmin evdə, o, qızı iki uşağı, oğlu və İddiaçı uşaqları ilə birlikdə yaşamışlar. İddiaçı birinci dəfə əməliyyat olunduqdan sonra anasının evinə getmiş və 2 aydan sonra geri qayıtmışdır. Həmin vaxt o, İddiaçı birdə uzun müddət anasının evində qalacağı halda geri qayıtmasına icazə verməyəcəyini demişdir. İkinci əməliyyatdan sonra o, A.M. Zurabovanın qayğısına qalaraq ona çay, yemək versə də, İddiaçı onun verdiyi yeməyi yeməmişdir. Daha sonra ikinci dəfə əməliyyatdan sonra İddiaçı öz valideynlərinin evinə getmişdir. Bu yaxınlarda oğlu Cavabdeh1 İddiaçı evə qaytmaq istədiyini ona demiş, o, gəlinin ondan üzr istədikdən sonra evə qayıda biləcəyini oğluna demişdir. Bundan sonra İddiaçı məhkəməyə müraciət etməsi ona məlum olmuşdur. İddiaçı evdən gedərkən özünə məxsus olan bütün əşyaları götürmüş, təkcə yataq dəsti otaqlardan birində qalmışdır. Yataq dəstinin otaqda qalması onun həmin otaqdan sərbəst, öz istəyinə uyğun istifadə edilməsinə mane olur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7254/2019 saylı xx xxxxxx 2019cu il tarixli qətnaməsi ilə ilk iddia ərizəsinin qismən təmin edilməsi, İddiaçı xx.xx.2015-ci il təvəllüdlü Zurabov Ömər İlqar oğlu və xx.xx.2016-cı il təvəllüdlü X6 ilə birlikdə ünvan 2ndə yerləşən özbaşına tikiliyə köçürülməsi, ilk iddia ərizəsinin qalan hissədə təmin edilməməsi, Cavabdeh2 İddiaçı qarşı yataq dəstinin ünvan 2ndə yerləşən fərdi yaşayış evindən çıxarılmasına və əşyaların yerləşdiyi otağın boş vəziyyətdə ona təhvil verilməsi vəzifəsinin İddiaçı həvalə olunmasına dair qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 apellyasiya şikayəti verərək qətnamənin qismən, İddiaçı xx.xx.2015-ci il təvəllüdlü Zurabov Ömər ilqar oğlu və xx.xx.2016-cı il təvəllüdlü X6 ilə birlikdə ünvan 2ndə yerləşən özbaşına tikiliyə köçürülməsi, Cavabdeh2 İddiaçı qarşı yataq dəstinin Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən fərdi yaşayış evindən çıxarılması və əşyaların yerləşdiyi otağın boş vəziyyətdə ona təhvil verilməsi vəzifəsinin İddiaçı həvalə olunmasına dair qarşılıqlı iddia ərizəsinin təmin olunmaması hissəsində ləğv edilməsini, ilkin iddia tələbinin təmin olunmaması, qarşılıqlı iddianın isə təmin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, Cavabdeh1 və Cavabdeh2 ünvan 2ndə özbaşına ev inşa etmiş, Cavabdeh1 İddiaçı ilə nikaha daxil olduqdan sonra İddiaçı yaşadığı evə köçürmüş, bu ünvanda Cavabdeh1 və İddiaçı iki övladı anadan olmuş, İddiaçı 2017-ci ilin aprel ayında əməliyyat olunduqdan sonra yaşadığı evdə onun qayğısına qalan olmadığından anasının evinə getmiş, geri qayıtmaq istəyərkən Cavabdeh2 buna öz etirazını bildirmiş, Cavabdeh1 isə anasının etirazının olması səbəbindən İddiaçı evə qayıtmasına icazə verməmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2329/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 apellyasiya şikayətinin qismən təmin edilməsi, hazırki iş üzrə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2019-ci il tarixli, 2(001)-7254/19 nömrəli qətnaməsinin qismən, yəni ilkin iddianın təmin edilən, qarşılıqlı iddianın isə təmin olunmayan hissəsində qismən ləğv olunması, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə köçürülmə tələbinə dair iddiasının təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, Cavabdeh2 məxsus ünvan 2ndə yerləşən fərdi yaşayış evindən (özbaşına tikilidən) İddiaçı məxsus yataq dəstinin çıxarılması qət edilmişdir. Qətnamədən İddiaçı kasasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-3833/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı ilə İddiaçı kasasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2329/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə, yəni ilk iddia tələbinin rədd edilən hissədə (iddiaçının azyaşlı uşaqları ilə birlikdə ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə köçürülməsi) və qarşılıqlı iddia tələbinin təmin edilən hissədə (iddiaçıya məxsus yataq dəstinin həmin evdən çıxarılması) ləğv edilməsi və mülki iş ləğv edilən hissələrdə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, həmin evdə oğlu Cavabdeh1 əmək sərf etmiş olsa da, özbaşına tikili onun vəsaiti hesabına tikilmişdir. Məhkəmə kollegiyasının iclasında ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, həmin tikili o, nişanlı olan dövürdə Cavabdeh1 tərəfindən təmir edilmiş və nikaha daxil olduqdan sonra o, Cavabdeh1 ailəsi ilə birlikdə yaşadığı ünvan 2ndə yerləşən özbaşına tikiliyə gəlin köçərək cehizlərini həmin ünvana aparmışdır. Məhkəmə kollegiyasının iclasında ilkin iddia üzrə Cavabdeh1 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, həmin tikili onun vəsaiti və əməyi ilə tikilmişdir və İddiaçı həmin tikiliyə gəlin köçmüşdür. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Kollegiya ilk növbədə qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız ilk iddia tələbinin təmin edilməsi hissəsi və qarşılıqlı iddia tələbinin rədd edilən hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7254/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan 3 saylı Bakı Asan xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli AZ-İİ 023157 saylı nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Cavabdeh1 ilə X1 nikaha daxil olmuş, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2015-ci il tarixdə 365 nömrə ilə qeyd edilmiş, nikaha daxil olduqdan sonra arvada Zurabova soyadı verilmişdir. İş materiallarında olan 3 saylı Bakı Asan xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli AZ-İİİ № 608247 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Zurabov Ömər İlqar oğlu xx.xx.2015-ci il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 4640 nömrəli xx.xx.2015-ci il tarixli doğum haqqında akt qeydi tərtib olunmuş, atası Cavabdeh1, anası İddiaçıdır. İş materiallarında olan 3 saylı Bakı Asan xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli AZ-İİİ № 909848 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X6 xx.xx.2016-cı il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 928 nömrəli xx.xx.2017-ci il tarixli doğum haqqında akt qeydi tərtib olunmuş, atası Cavabdeh1, anası İddiaçıdır. İş materiallarında olan 4 saylı doğum evinin 154 saylı epikrizindən müəyyən olunur ki, xx.xx.2017-ci il tarixdə xəstəxanaya daxil olan xəstə İddiaçı sağ tərəfli uşaqlıqdan kənar boru hamiləliyi diaqnozu təyin olunmuş, xəstə əməliyyat olunduqdan sonra o, xx.xx.2017ci il tarixdə ambulator müalicəyə yazılmışdır. İş materiallarında olan Cavabdeh2 tərəfindən təqdim olunan ******* saylı və 197183 saylı aktların surətlərindən müəyyən olunur ki, yaşadığı ünvanda təbii qazdan və elektrik enerjisindən istifadə etməsində mövcud olan nöqsanlara görə Cavabdeh2 barəsində aktlar tərtib olunmuşdur. İş materiallarında olan Azərsu ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2010cu il tarixli müqavilənin surətindən müəyyən olunur ki, Azərsu ASC Cavabdeh2 yaşadığı ünvanda su təchizatı sistemindən su buraxılması və konalizasiya xidmətlərinin göstərilməsini öhdəsinə götürmüşdür. Birinci instansiya məhkəməsində şahid X3 ifadəsində göstərmişdir ki, İddiaçı onun qardaşı qızıdır. Cavabdeh2 elçi gələrkən İlqarın onun yeganə oğlu olmasını, İlqarın evinin olmasını onlara demişdir. İddiaçı 2016 və 2017-ci illərdə iki dəfə əməliyyat olunmuş, lakin qaynanası İddiaçı və uşaqlarına baxmadığından Aytac anasının evinə getməyə məcbur olumuşdur. İkinci dəfə 2017-ci ildə əməliyyat olunduqdan sonra İddiaçı bir müddət anasının evində yaşamış, öz evinə qayıtmaq istədikdə qaynanası Aytacı evə buraxmamışdır. Bir müddət Aytac kirayədə yaşasa da, maddi imkanı olmadığından yenidən anasının evinə qayıtmışdır. İlqar onlara anasının Aytac evə qayıdacağı halda özünü yandıracağını demişdir. O, özü də İradənin evinə gedərək Aytacın evə qayıtmaq istədiyini demiş, lakin İradə icazə vermədiyini bildirmişdir. Birinci instansiya məhkəməsində şahid X4 ifadəsində göstərmişdir ki, o, A.M. Zurabovanın anası ilə bir yerdə işləyir. Ona görə də bilir ki, İddiaçı 2017-ci ildə ikinci dəfə əməliyyat olunduqdan sonra evinə qayıtmaq istədikdə qaynanası onu evə buraxmamışdır. Bundan sonra İddiaçı 2-3 ay kirayədə yaşamış, sonradan kirayə haqqını ödəyə bilmədiyindən yenidən anasının mənzilinə qayıtmışdır. Birinci instansiya məhkəməsində şahid X2 ifadəsində göstərmişdir ki, o, Cavabdeh2 ilə 15 ilə yaxındır rəfiqədir və təxminən ayda bir dəfə rəfiqəsinin evinə gedir. Heç vaxt İddiaçı rəfiqəsi Cavabdeh2 evində görməmişdir. Cavabdeh2 sözlərindən gəlini İddiaçı anasının evində yaşadığını bilir. Birinci instansiya məhkəməsində şahid X5 ifadəsində göstərmişdir ki, Cavabdeh2 ilə onun anası rəfiqədirlər. O, təxminən 4-5 ildir anasını Cavabdeh2 məxsus ünvan 2ndə yerləşən evə gətirib aparır. O, İ.Ə. Zurabovanın qızını və uşaqlarını görüb, lakin gəlinini həmin evdə heç vaxt görməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, qarşılıqlı iddia tələbinin təmin olunub-olunmaması ilkin iddia tələbinin nəticəsində asılı olduğundan ilk olaraq ilkin iddia tələbinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, Cavabdeh1 və Cavabdeh2 ünvan 2ndə özbaşına ev inşa etmiş, Cavabdeh1 İddiaçı ilə nikaha daxil olduqdan sonra İddiaçı yaşadığı evə köçürmüş, bu ünvanda Cavabdeh1 və İddiaçı iki övladı anadan olmuş, İddiaçı 2017-ci ilin aprel ayında əməliyyat olunduqdan sonra yaşadığı evdə onun qayğısına qalan olmadığından anasının evinə getmiş, geri qayıtmaq istəyərkən Cavabdeh2 buna öz etirazını bildirmiş, Cavabdeh1 isə anasının etirazının olması səbəbindən İddiaçı evə qayıtmasına icazə verməmişdir. Kassasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qərarında qeyd olunmuşdur ki, apellyasiya instansiyası məhkəməsi mübahisəli yaşayış evinin təkcə cavabdeh-qaynana Cavabdeh2 məxsus olması barədə nəticəyə gəlməkdə səhvə yol vermiş, digər cavabdeh, iddiaçının əri Cavabdeh1 həmin evə aidiyyatı məsələsi müəyyən edilməmişdir. Halbuki həmin məsələnin müəyyən olunması mübahisənin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir, həmin məsələ müsbət həllini tapdığı halda qanunun analogiyası tətbiq edilməklə xx xxxxxxx 2009-cu ildən qüvvəyə minmiş Mənzi Məcəlləsinin 8-ci fəslinin müddəalarına əsasən Cavabdeh1 ailə üzvü olan arvadı, İddiaçı azyaşlı uşaqları ilə birlikdə həmin evə köçürmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Məhkəmə kollegiyası kassasiya instansiyası məhkəməsinin göstərişlərinin nəzərə alaraq iş üzrə araşdırma aparmış və tərəflərin vermiş olduğu izahatlardan məlum olmuşdur ki, mübahisəli evin tikintisi zamanı Cavabdeh1 da əmək və vəsait sərf etmiş, sonuncunun da digər Cavabdeh2 ilə bərabər yaşayış evinə aidiyyatı olmuş və hər iki cavabdeh inşa edildiyi vaxtdan həmin evdə yaşamışlar. Məhkəmə kollegiyası qeyd edir ki, özbaşına inşa edilmiş tikililərlə bağlı hüquq münasibətlərini tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəllənin 180.1.-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2.-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Maddi hüquq normalarının tələbindən müəyyən olunur ki, özbaşına tikili inşa etmiş şəxsin özünün belə həmin tikiliyə hüququnun yaranması qüvvədə olan, bu münasibətləri tənzimləyən normalara əsasən yolverilməzdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib haqlı olaraq qeyd etmişdir ki, ilk iddiaçı himayəsində olan uşaqları ilə birlikdə ilk iddia ərizəsi üzrə cavabdehlər kimi özbaşına inşa olunan ünvan 2ndə yerləşən evdə yaşadığından, bu tikili Cavabdeh1 ailə üzvləri olan iddiaçının uşaqları ilə birlikdə yeganə yaşayış sahəsi olduğundan, Cavabdeh2 etirazının əsasları iddiaçının uşaqları ilə birlikdə bu evə köçürülmələrinin qarşısını ala biləcək əsaslar olmadığından iddiaçının uşaqları ilə birlikdə özbaşına inşa olunan ünvan 2ndə yerləşən İ.Ə. Zurabovanın yaşadığı evə köçürülmələrinə dair iddia tələbi əsaslıdır ona görə də təmin edilməlidir. Belə ki, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (Bundan sonra MPM-in) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ilkin iddianı mübahisələndirilən hissədə təmin etməklə və qarşılıqlı iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində qeyd olunanlar yuxarıda qeyd olunanlara əsasən əsaslı sayıla və təmin edilə bilməz. Belə ki, iddiaçı nə birinci instansiya məhkəməsində, nə də apellyasiya icraatı zamanı istinad etdiyi dəlilləri təsdiq edəcək heç bir sübutu təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7254/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7254/2019 saylı xx xxxxxx 2019cu il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7471/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7471/2020
21.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver