Məhkəmə qərarları › İş №2(103)-7474/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7474/2020

20.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7474/2020 20.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2 İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və “xxxxxxxxxxxxx” MMC-yə qarşı “mənzilin təmirinə çəkilmiş xərclərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-300/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən iş üzrə cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və “xxxxxxxxxxxxxx” MMC-yə qarşı “mənzilin təmirinə çəkilmiş xərclərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Mingəçevir şəhəri Nizami küçəsi 14 saylı binanın arxa hissəsindəki 126-cı məhəllədə inşa olunan binanın 8 saylı mənzilində aparılmış təmir işləri zamanı xərclənən 25000 (iyirmi beş min) manat pulun, məhkəməyə ödənilmiş 30 manat (otuz) məbləğində dövlət rüsumunun və məhkəmədə hüquqlarının müdafiə edilməsi məqsədilə fərdi qaydada fəaliyyət göstərən vəkil A.Kərimbəyliyə ödənilmiş 200 (iki yüz) manat məbləğində müqavilə pulunun cavabdeh X4 və “xxxxxxxxxxxxx” MMC-dən tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-300/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş,Mingəçevir şəhəri Nizami küçəsi 12A saylı evin 8 saylı mənzilində aparılmış təmir-tikinti işlərinin dəyəri 17706 manat məbləğində pul vəsaiti və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehlər “xxxxxxxxxxxxx” MMC-dən və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı verilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh “xxxxxxxxxxxxx” MMC apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(103)-347/2020 saylı qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilmiş, qətnamə ləğv edilmiş və iddia tələbi rədd edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və mülki işi baxılması üçün yenidən Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(102)-3267/2020 saylı qərarı ilə şikayət təmin edilmiş və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, ekspert müəyyən etməli idi ki, təmir işləri kim tərəfindən aparılıb. Ekspert rəyində göstərilmiş 17706 manat məbləğində təmir xərci də şişirdilmişdir, belə ki, mövcud bazar qiymətlərinə uyğun gəlmir. Bundan əlavə onunla İddiaçı arasında hər hansı bir müqavilə imzalanmamışdır. Buna görə də iddiaçı tərəfindən ona qarşı hər-hansı bir iddianın qaldırılması da qanunvericiliyin tələblərinə uyğun deyildir. Həmçinin iddiaçı tərəfindən iddia qaldırılarkən pretenziya qaydalarına da əməl edilməmişdir. Cavabdeh “xxxxxxxxxxxxx” MMC apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, ekspert müəyyən etməli idi ki, təmir nə vaxt və kim tərəfindən aparılıb, mənzil iddıaçı İddiaçı olanda onun tərəfindən və ya mənzilin yeni sahibi X1 tərəfindən. Həmçinin ekspert rəyində göstərilmiş 17706 manat məbləğində təmir xərci də şişirdilmişdir. Belə ki, mövcud bazar qiymətlərinə uyğun gəlmir. Həmçinin iddiaçı tərəfindən iddia qaldırılarkən pretenziya qaydalanna da əməl edilməmişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. İşə baxılma vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlmədiklərindən və bunun səbəbləri barədə məhkəməyə məlumat vermədiklərindən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının apellyatorlara münasibətdə yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətlərin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayətləri təmin edilməməli, iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanlmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətlərinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətlərin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehlərin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, “xxxxxxxxxxxxx” MMC ilə İddiaçı arasında bağlanmış xx xxxx 2012-ci il tarixli çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqavilənin surətindən görünür ki, Mingəçevir şəhəri Nizami küçəsi 12A saylı evin 8 saylı mənzil İddiaçı satılmışdır.Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2016-cı il tarixli, 2(051)-266/2016 saylı qətnaməsindən görünür ki, iddiaçı X7 ilə İddiaçı arasında bağlanmış xx xxxx 2012-ci il tarixli çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqavilənin ləğv edilməsi, cavabdeh İddiaçı Mingəçevir şəhəri Nizami küçəsi 12A saylı evin 8 saylı mənzirildən çıxarılması, həmin mənzilin Cavabdeh1 qaytarılması, ödənilmiş 14850 (on dörd min səkkiz yüz əlli) manat məbləğində pul vəsaitinin iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı xeyrinə tutulması qət edilmişdir.Şəki Apellyasiya Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(107)- 860/2016 saylı qətnaməsindən görünür ki, cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2016-cı il tarixli, 2(051)- 266/2016 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli ekspert rəyinə əsasən, Mingəçevir şəhəri, Nizami 12A saylı evin, 8 saylı mənzilində aparılmış tikinti-təmir işlərinin mövcud bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 17706 manat məbləğində müəyyən edilmişdir. Bundan başqa iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli ekspert rəyinə əsasən, Mingəçevir şəhəri, Nizami 12A saylı evin, 8 saylı mənzilində aparılmış tikinti-təmir işlərinin mövcud bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 17706 manat məbləğində müəyyən olunur. Lakin, təmir işlərinin hansı dövrdə görülməsinin müəyyən edilməsinə dair metodika olmadığından, Mingəçevir şəhəri, Nizami 12A saylı evin, 8 saylı mənzilində təmir işlərinin hansı dövrdə aparıldığını müəyyən etmək mümkün deyil. İş materiallarına təmin işlərinin aparılmasına dair hər hansı bir sənəd yoxdur. Belə olan halda təmin işlərinin kimin tərəfindən aparılmasının subyektiv tərəfinə aid olmaqla hüquqi xarakter daşıyır və ekspertin səlahiyyətlərindən kənardır. Buna görə də, bu məsələ son nəticədə məhkəmə tərəfindən həll edilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 157.7-ci maddəsinə əsasən, vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı Mingəçevir şəhəri Nizami küçəsi 12A saylı evin 8 saylı mənzilindən çıxarılması, həmin mənzilin X5 qaytarılması, ödənilmiş 14850 (on dörd min səkkiz yüz əlli) manat məbləğində pul vəsaitinin Cavabdeh1 cavabdeh İddiaçı xeyrinə ödənilməsi məhkəmə qərarları ilə müəyyən edilsədə, İddiaçı mübahisəli mənzildə təmir işləri apardıqdan sonra məhkəmə qətnaməsi əsasında oradan çıxarılarkən onun tərəfindən görülmüş yaxşılaşdırma işləri Cavabdeh1 və MMC-də qalmışdır. Belə vəziyyətdə kollegiya hesab edir ki, yaxşılaşdırma işlərinin dəyərinin, yəni 17706 manat pulun ödənilməsi vəzifəsi cavabdehlərin üzərinə düşür. Mənzili sonradan təmirli vəziyyətdə satması onları iddiaçı qarşısında maddi məsuliyyətdən azad etmir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəlmişdir. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, Cavabdeh1 birinci instansiya məhkəməsində izahat verərkən İddiaçı tərəfindən mənzildə təmir işləri aparıldığını, sonra isə həmin mənzili kirayə verdiyini bildirmişdir. Eyni zamanda, Cavabdeh1 əvvəlki apellyasiya baxışı zamanı da, İddiaçı tərəfindən mənzildə təmir işlərinin aparılmasını bildirmişdir. Bundan başqa kollegiya qeyd edir ki, hazırkı mübahisənin və ya bu qəbilədən olan mübahisələrin məhkəməyə qədər pretenziya qaydasında həll edilməsi müəyyən edilməmişdir. Həmçinin artıq mübahisəli mənzil ilə bağlı tərəflər arasında məhkəmə mübahisələri mövcud olmuşdur. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsi). Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır. Cavabdehlər apellyasiya şikayətlərində qətnamənin ləğv edilməsini xahiş etsələr də, qətnamənin ləğv edilməsinə əsas olan sübutlarını məhkəməyə təqdim etməmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-nin 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 387.1-ci maddəsinə əsasən, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən prosessual-hüquq normalarının pozulması müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası MPMnin 385-ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdehlər Cavabdeh1 və “xxxxxxxxxxxxx” MMC-nin apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-300/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar