Məhkəmə qərarları › İş №2(103)-7478/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7478/2022

23.11.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7478/2022 23.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “işə bərpa, əmək müqaviləsinin bağlanması və s.” tələbinə dair mülki iş üzrə İş № 2(103)-7478/2022 Açar sözlər: (işə bərpa, əmək müqaviləsinin bağlanması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, İlahə Novruz qızı Həsənzadənin katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 sentyabr 2022-ci il tarixli, 2(001)-4649/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.İddiaçı cavabdehə Cavabdeh məxsus “X3” adlı kursda riyaziyyat və ingilis dili müəllimi vəzifəsində 7 gün işləməsini qeyd edərək, işlədiyi müddətdə əmək müaviləsi bağlanmadığına, əmək haqqı ödənilmədiyinə və işdən çıxarılmağına görə məhkəməyə müraciət etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 2.İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin onu işə bərpa etməsi, onunla əmək müqaviləsi bağlanması və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 3.İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 10 may 2022-ci il tarixdə cavabdehə aid “X3” adlı kursda riyaziyyat və ingilis dili müəllimi vəzifəsinə qəbul olunmuşdur. Müsahibə zamanı 700 manat əmək haqqı ödənilməsinə razılaşmışdır. İşə qəbul edildiyi tarixdən əmək müqaviləsi bağlanmasını tələb etsə də, bunun üçün gözləməli olduğu bildirilmişdir. 17 may 2022-ci il tarixdə isə heç bir əsas olmadan onu işdən azad etmişlər. İşlədiyi 1 həftəlik müddət ərzində riyaziyyat və ingilis dilindən tədris aparmışdır. Onunla Cavabdeh Viktrovna arasındakı münasibət əmək münasibətidir. Əmək Məcəlləsinin 7.2-3.4-cü maddəsinə görə tərəflər arasındakı münasibətilər müvafiq peşə və ya vəzifəyə qəbul (təyin) edilmə olduqda tərəflər arasında yaranan münasibətlər əmək münasibətləri hesab edilir və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir. Cavabdehin “jobsearch.az” saytında yerləşdirdiyi iş vakansiyası elanı da bu qəbildəndir. O, bu elanı görərək, iş üçün müraciət etmişdir və elanda qeyd olunan vəzifəyə müsahibədən keçərək qəbul edilmişdir. Bundan başqa Əmək Məcəlləsinin 7.2-3.3, 7.2-3.4-cü maddələrinə görə. Əmək Məcəlləsinin 7.2- 3.4-cü maddəsinə görə, yerinə yetirilən işə (xidmətə) görə ödənilən haqqın tərkibi bu Məcəllənin 157-ci maddəsinin 3-cü hissəsində göstərilən aylıq tarif (vəzifə) maaşından, əlavədən və mükafatdan ibarət olduqda, tərəflər arasında yaranan münasibətlər əmək münasibətləri hesab edilir və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir. Cavabdehin “job search, az” saytında yerləşdirdiyi iş vakansiyası elanından, o cümlədən cavabdehin nümayəndəsinin iş müsahibəsindəki aylıq maaş təklifindən göründüyü kimi cavabdehlə aralarındakı münasibət əmək münasibətidir. Əmək Məcəlləsinin 7.2- 3.4.-cü maddəsinə görə, 7-cı maddəsinin 2-3-cü hissəsində nəzərdə tutulan hallardan biri aşkar edildiyi gündən bu maddənin 2ci hissəsinə uyğun olaraq yazılı əmək müqaviləsi bağlanmalıdır. Bu baxımdan hesab edir ki, Cavabdeh onunla 10 may 2022-ci İİ tarixində omək müqaviləsi bağlamalı idi. Cavabdehin onunla əmək müqaviləsi bağlamaması onun, əmək münasibətindən ortaya çıxan vəzifələrindən azad edilməsi mənasına gəlmir. Çünki işçinin əmək hüquqları əmək müqaqviləsinin bağlanıldığı tarixdə yox, əmək münasibətlərinin yarandığı tarixdə yaranır. Əgər işəgötürən işçi ilə yazılı əmək müqaviləsinin bağlanılmasını yubadırsa, bu o mənaya gəlmir ki, əmək müqaviləsi bağlanana qədər işçinin omək haqqı ödənilməsin, əsassız olanıq omək münasibətinə xilam verilsin və digər omək hüquqları pozulsun. Əmək müqaviləsi bağlanılmasa belə, işəgötürən tərəfindən omək münasibətlərinə xilanı verilməsi Əmək Məcəlləsinin 70-ci maddəsinin heç bir bəndinə uyğun gəlmir. Əmək Məcəlləsinin 83.1-ci maddəsinə gorə, "əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asıb olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir”’. Bu maddədən də göründüyü kimi, əmək münasibətinə xitam verilməsinin zəruriliyinin əsaslandırılması olmalıdır. Ancaq cavabdeh heç bir əsaslandırma olmadan onunla əmək münasibətlərinə xitam verib. 4.Məhkəmə iclasında İddiaçı izahatında qeyd etmişdir ki, o, 10 may 2022-ci il tarixdə cavabdehə aid “X3” adlı kursda riyaziyyat və ingilis dili müəllimi vəzifəsinə qəbul olunmuşdur. Müsahibə zamanı 700 manat əmək haqqı ödənilməsinə razılaşmışdır. İşə qəbul edildiyi tarixdən əmək müqaviləsi bağlanmasını tələb etsə də, bunun üçün gözləməli olduğu bildirilmişdir. 17 may 2022-ci il tarixdə isə heç bir əsas olmadan onu işdən azad etmişlər. İşlədiyi 1 həftəlik müddət ərzində riyaziyyat və ingilis dilindən tədris aparmışdır. Sonradan guyə bu sahə üzrə pedoqoji təhsili olmaması əsası ilə onu işdən çıxarmışlar. Halbuki, o, bu işlə bağlı öz məlumatlarını cavabdehə göndərəndə cavabdeh onun təhsili ilə bağlı məlumatları da görmüş, buna baxmayaraq, onu sınaq üçün işə dəvət etmişlər. Sınaq dərsindən sonra ona işə uyğun olduğu bildirilmişdir. İşlədiyi 7 gün ərzində mütəmadi olaraq dərslər keçmiş, onlayn dərs materialları yükləmiş, dərslərə hazırlaşmışdır. Cavabdehdən əmək müqaviləsinin bağlanmasını tələb etsə də, cavabdeh mühasib işə başlayan gün onunla müqavilə bağlanacağını bildirmişdir. Sınaq dərsində olan zaman kursda işləyən Nübar adlı işçi ilə cavabdeh dərsə daxil olmuş, sonradan Nübar ona cavabdehi gördükdən niyə ayağa qalxmaması ilə əlaqədar iradını bildirmişdir. Bir neçə gün sonra cavabdeh özü ona niyə salam vermədiyini soruşmuş, beləliklə o başa düşmüşdür ki, onu işdən çıxaracaqlar. O, cavabdehin onu işdən çıxarması ilə bağlı əmək müfəttişliyinə şikayət etmiş, cavabdeh izahatında belə bir işçilərinin ümumiyyətlə olmadığını bildirmişlər. Ona görə də müfəttişlik tərəfindən cavabdeh barəsində heç bir tədbir görülməmişdir. Əgər onu həqiqətən də təhsili ilə bağlı işdən çıxarsalardı müfəttişliyə verdikləri izahatda məhz belə deyərdilər. İşlədiyi 1 həftə ərzində onun həm vaxtı getmiş, həm işə gəlib-getmişdir. İşə uyğun olmadığını əvvəldəcən bildirsəydilər, o, belə əziyyət çəkməzdi. Uyğun olduğu bildirildiyi üçün əmək müqaviləsi bağlanacağı ümidi ilə işə getmiş, işləmişdir. 5.Məhkəmə iclasında cavabdehin nümayəndəsi X1 iddianı qəbul etmədiklərini bildirərək izahatında qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh arasında hər hansı əmək münasibəti olmamışdır. İddiaçı kursun əməkdaşı Nübar adlı şəxslə əvvəl mobil telefon vasitəsilə kursun fəaliyyəti ilə bağlı maraqlanmış, sonradan 1 dəfə kursa gələrək işləmək istədiyini bildirmişdir. Cavabdeh, yəni kursun rəhbəri Yelena xanım iddiaçını ümumiyyətlə görməmiş, onunla münasibətdə olmamışdır. Nübar adlı əməkdaş iddiaçı barəsində maraqlandıqda onun pedoqoji təhsilinin olmadığı müəyyən edilmiş, beləliklə həmin kursda işləməsinin mümkün olmadığı bildirilmişdir. Buna görə də iddia tamamilə əsassızdır. Sonda Vəkil məhkəmədən göstərilənləri nəzərə alıb iddianın rədd edilməsini xahiş etmişdir. 6.Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 01 sentyabr 2022-ci il tarixli, 2(001)-4649/2022 saylı qətnaməsi ilə (sədrlik edən-Etibar Mustafayev) iddia tələbi təmin edilməmişdir. 7.İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Bakı şəhər idarəsi tərəfindən İddiaçı ünvanlandırılmış məktubda göstərilmişdir ki, “araşdırma zamanı Cavabdeh tərəfindən X2 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim edilən məktubda fiziki şəxsə məxsus olan “X3” adlı təhsil müəssisəsində çalışmadığınız və Sizinlə hər hansı əmək münasibətlərində olmadığı bildirilmişdir. Eyni zamanda, tərəfimizdən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək Münasibətləri və Məşğulluq” altsisteminə baxış keçirilərkən, Sizinlə fiziki şəxs Cavabdeh arasında əmək müqaviləsinin bağlanmasına dair əmək müqaviləsi bildirişinin qeydiyyatının mövcud olmadığı müəyyən edilmişdir. Həmçinin bildiririk ki, X2 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim etdiyiniz sənədlərdən fiziki şəxs Cavabdeh tərəfindən əmək müqaviləsi bağlanılmadan hər hansı işlərin yerinə yetirilməsinə cəlb olunduğunuzu müəyyən etmək mümkün olmamışdır.” 8.Məhkəmə hesab etmişdir ki, iddiaçı ilə cavabdeh arasında əmək münasibətlərinin mövcud olması öz təsdiqini tapmadığından, habelə əmək müqaviləsi olmadan iddiaçının cavabdeh tərəfindən əməyə cəlb edilməsi sübuta yetirilmədiyindən iddia tələbi əsassızdır, ona görə də təmin edilməməlidir. 9.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 2-ci, 4-1 və 5-ci hissələri; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81, 88, 14.2, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a)Apellyasiya şikayətinin dəlilləri 10.İddiaçı apellyasiya şikayəti verərək qətnamənin tam ləğv edilməsini və “işə bərpa, əmək müqaviləsinin bağlanması və məcburi buraxılan iş günlərinə görə əmək haqqının ödənilməsi” tələbinə dair iddianın təmin edilməsini xahiş etmişdir. 11.Apellyasiya şikayəti iddia tələbi ilə eynilik təşkil etməklə, onunla əsaslandırılır ki, cavabdehin onunla əmək müaviləsi bağlamaması onun əmək münasibətindən ortaya çıxan vəzifələrindən azad edilməsi mənasına gəlmir. Çünki işçinin əmək hüquqları əmək müqaviləsinin bağlandığı tarixdə yox, əmək münasibətlərinin yarandığı tarixdə yaranır. Əgər işəgötürən işçi ilə yazılı əmək müaviləsinin bağlanmasını yubadırsa, bu o mənaya gəlmir ki, əmək müqaviləsi bağlanana qədər işçinin əmək haqqı ödənilməsin, əsassız olaraq əmək münasibətinə xitam verilsin və digər əmək hüquqları pozulsun. Məhkəmə yeganə sübut kimi X2 Xidməti Bakı şəhər idarəsinin ona ünvanlanmış məktubunu əsas götürmüşdür. Bütün bunlar onu göstərir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərfli və tam baxmamışdır. Məhkəmə Əmək Məcəlləsinin 7-ci maddəsinin 2- 3.3, 2-3.4, 2-3.7-ci bəndlərini nəzərə almamışdır. Məhkəmə Əmək Məcəlləsinin 70-ci maddəsinin kobud pozulması halına istinad etməyib. Məhkəmə Nübar Rzayevanın ona, tədris edəcəyi dərslərin adlarını və saatlarını göndərdiyi “votsap” yazışmalarına münasibət bildirməyib. Məhkəmə Nübar Rzayevanın göndərdiyi “Google Classroom” kodlarını, dərs cədvəlini göndərdiyini dediyi “Votsap” səs yazısına qətnamədə münasibət bildirməmişdir. Məhkəmə, həmçinin təqdim etdiyi Nübar Rzayevanın “1 həftənin işçisisiniz, işiniz xoşumuza gəlmir, bitiririk sizinlə işimizi, niyə belə uzadırsınız?” dediyi telefon səs yazısına da qətnamədə münasibət bildirməyib. Məhkəmə, həmçinin təqdim etdiyi “Baku HogwartSchool”da tədris üçün istifadə olunan “Google Classroom” platformasındakı paylaşımlarına da münasibət bildirməyib. Əgər o, tədris verməmişdirsə, tərəfindən tətbiq olunan həmin platformaya girişi necə əldə etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 12.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 13.Məhkəmə Kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə etdi, onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. 14.Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayənədəsi və vəkili Vəkil şikayəti qəbul etmədi, onun təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etdi, izahatında qeyd etdi ki, iddiaçı kursun əməkdaşı Nübar adlı şəxslə telefonla əlaqə saxlamış, bir dəfə kursa gələrək işləmək istədiyini bildirmişdir. Nübar xanım tərəfindən iddiaçının telefonuna tədrislə bağlı proqram göndərilmişdir. Lakin iddiaçının pedaqoji təhsili olmadığına görə kursda tədrisi həyata keçirməmişdir. Cavabdehlə iddiaçı arasında əmək münasibəti yaranmamışdır. Belə ki, tərəflər arasında əmək münasibətinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən hər hansı razılaşma-yazılı müqasilə bağlanmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin:

15. 3-cü maddəsinin 2-ci hissəsi. İşçi-işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir.

16. 3-cü maddəsinin 4-1-ci hissəsi. Əmək münasibətləri – əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əmək haqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir.

17. 3-cü maddəsinin 5-ci hissəsi. Əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında “əmək müqaviləsi”)–işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə.

18. 7-ci maddənin 2-ci hissəsi. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır.

19. 7-ci maddənin 2-3-cü hissəsi. Aşağıdakı hallarda tərəflər arasında yaranan münasibətlər əmək münasibətləri hesab edilir və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir: -2-3.3. tərəflər arasında münasibətlər müvafiq peşə və ya vəzifəyə qəbul (təyin) edilmə, o cümlədən ödənişli seçkili və ya təyinatlı, habelə müsabiqə əsasında vəzifəni tutma, kvota üzrə işə düzəlmə, məhkəmənin qərarı ilə işə bərpa olunma ilə bağlı yarandıqda; -2-3.4. tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda;

20. 7-ci maddənin 2-4-cü hissəsi. Bu maddənin 2-3-cü hissəsində nəzərdə tutulan hallardan biri aşkar edildiyi gündən bu maddənin 2-ci hissəsinə uyğun olaraq yazılı əmək müqaviləsi bağlanmalıdır.

21. 42-ci maddənin 1-ci hissəsi. Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.

22. 44-cü maddəsinin 1-ci bəndi. Əmək müqaviləsi yazılı formada bağlanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 23.Maddələr 14.2, 77.1, 217.4. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 24.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 25.Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun.

Apellyasiya baxışının hədləri

26.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 27.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28.Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, işdə olan sübutları tədqiq edərək hesab edir ki, iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 sentyabr 2022-ci il tarixli, 2(001)-4649/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. 29.Belə ki, tərəflər arasında əmək münasibətlərinin mövcudluğunu təsdiq edəcək heç bir sübut mövcud olmadığından iddiaçının tələbi əsaslı hesab edilə bilməz. 30.İş materiallarından göründüyü kimi iddiaçı ilə cavabdeh arasında hər hansı bir əmək müqaviləsi mövcud olmamış, bundan əlavə Əmək Məcəlləsində (7-ci maddənin 2-ci hissəsi) tələb olunuduğu kimi əmək münasibətinin yaranmasını müəyyən edən elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsi ilə bağlı heç bir məlumat aşkar edilməmişdir. Əgər bu şərtlərdən hər hansı birinə əməl olunmamışdırsa, əmək münasibətinin yaranmasından söhbət gedə bilməz. 31.Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-4-cü hissəsinə əsasən həmin maddənin 2-3-cü hissəsində nəzərdə tutulan hallardan biri aşkar edildiyi gündən bu maddənin 2-ci hissəsinə uyğun olaraq yazılı əmək müqaviləsi bağlanmalıdır. Göründüyü kimi, qanunverici tərəflər arasında yaranan münasibətlər əmək münasibətləri hesab edildiyi halda, əmək münasibətinin yaranmasını müəyyən edən elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsi ilə bağlı məlumat olduğu halda, əmək müqaviləsinin bağlanmasını qeyd etmişdir. 32.Digər tərəfdən iddiaçının iş materiallarına əlavə etdiyi “WhatsApp” yazışmaları onun işləməsinin sübutu kimi qəbul oluna bilməz. 33.Qeyd edilənlərə uyğun olaraq kollegiya hesab edir ki, məhkəmə düzgün olaraq, iddiaçı ilə cavabdeh arasında əmək münasibətlərinin mövcud olması öz təsdiqini tapmadığından, habelə əmək müqaviləsi olmadan iddiaçının cavabdeh tərəfindən əməyə cəlb edilməsi sübuta yetirilmədiyindən iddia tələbini əsassız hesab edərək təmin etməmişdir. 34.İddiaçının əmək müqaviləsi bağlanması tələbi ilə bağlı Kollegiya qeyd edir ki, Əmək Məcəlləsinin tələbinə (42-ci maddəsinin 1-ci hissəsi) əsasən, heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. 35.Həmçinin, kollegiya iddianın digər hissəsi olan məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair hissədə qeyd edir ki, iddia tələbi işə bərpa hissəsində təmin olunmadığından, prosessual qənaət prinsipini nəzərə almaqla əlavə araşdırma aparılmadan iddia ərizəsi bu hissədə də təmin edilməməlidir. 36.Yuxarıda qeyd olunan işin hallarını müzakirə edib, onlara hüquqi qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, İddiaçı Cavabdeh qarşı “işə bərpa, əmək müqaviləsinin bağlanması və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi”tələbi məhkəmə tərəfindən düzgün olaraq təmin edilməmişdir. 37.Kollegiya qeyd edir ki, məhkəmə tərəfindən iş materiallarında olan “WhatsApp” yazılarına qiymət verilməməsi düzgün qətnamə qəbul olunduğundan, qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. 38.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 39.Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir.

40.Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 41.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 42.Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 sentyabr 2022-ci il tarixli, 2(001)-4649/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər.

Sədrlik edən Xəyal Sarıyev

Hakimlər Namiq Cəfərov

Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar