Məhkəmə qərarları › İş №2(103)-7483/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7483/2020

05.10.2020 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7483/2020 05.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Dəmir Yolları QSC-nin Həkim-Sanitar Xidməti X4rşı “əmrin etibarsız hesab edilməsi, işə bərpa və s. tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(001)-4828/2019 saylı qətnaməsindən cavabdeh tərəfdən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Dəmir Yolları QSC-nin Həkim-Sanitar Xidməti X4rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işdən azad edilməsi barədə xx.xx.2019-cu il tarixli 112 saylı əmrin etibarsız hesab edilməsi, məcburi iş buraxmaya görə əmək haqqı hesablanmaqla işə bərpa olunması və vurulmuş mənəvi ziyana görə 2000 manatın cavabdehdən onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdehlə arasında bağlanmış əmək müqaviləsinə və cavabdehin xx.xx.2009-cu il tarixli əmrinə əsasən o, Azərbaycan Dəmir Yolları QSC Həkim Sanitar Xidməti X6 irinli cərrahiyyə şöbəsinə kiçik tibb bacısı vəzifəsinə işə qəbul edilmişdir, bu müəssisədə 10 illlik əmək stajına malikdir. xx.xx.2017-ci il tarixdə o, Tibb xidmətinin təşkili bölməsinə tibb qeydiyyatçısı vəzifəsinə keçirilmişdir. İşlədiyi dövrlərdə heç bir töhmət almamış, əksinə işini layiqincə yerinə yetirdiyinə görə ona müxtəlif formalarda təşəkkürnamələr verilmişdir. Onunla yaşayan və şəkər xəstəliyindən əziyyət çəkən dayısı X3 Dəmiryol Xəstəxanasında əməliyyat olunduqdan sonra evə yazılmış, lakin vəziyyəti ağır olduğundan, xx.xx.2019-cu il tarixdə gecə saat 20-20 radələrində onun evində vəfat etmişdir. xx.xx.2019-cu il tarixdə bazar günü o, xəstəxananın baş həkimi M.H.Mirzəyevə zəng edərək 15 və 16 aprel tarixləri üçün icazə almış, əlavə olaraq öz rəisi Məhəmmədə də hüzürünün düşməsi, baş həkimdən icazə alması barədə məlumat vermişdir. Həmin vaxt heç kim ona etirazını bildirməmişdir. xx.xx.2019-cu il tarixdə o, işinə gəlmiş və öz vəzifəsini icra etmişdir. İşə gələrkən Nazim ondan niyə bazar günü baş həkimə zəng edib onu narahat etməsini soruşmuşdur. xx.xx.2019-cu il tarixdə səhər işə gələrkən baş həkimin katibəsi ona zəng vurub “baş həkimin kadrlar şöbəsinə gedərək işdən çıxması barədə ərizə yazmasını tapşırmasını” ona demişdir. Bundan sonra ona işdən çıxarılmasının səbəbi baş həkimə zəng etməsinin olması məlum olmuşdur. O, baş həkimə xx.xx.2019-cu il tarixdə ərizə yazsa da, kadrlar şöbəsində həmin ərizə qəbul olunmamışdır. O, həmin ərizənin şəklini çəkərək özündə saxlamışdır. xx.xx.2019-cu il tarixdə o, Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət etmiş, müraciətinə cavab verilmədiyini görüb xx.xx.2019-cu il tarixdə təkrar müraciət etmiş, lakin onun müraciəti işdən azad olunduqdan sonra araşdırılmağa başlanmışdır. xx.xx.2019-cu il tarixdən etibarən işəgötürən ondan öz xahişi ilə işdən azad olunması barədə ərizə yazılmasını tələb edərək onu öz iş yerinə buraxmamış, xx.xx.2019-cu il tarixdə o, X6 Həmkarlar İttifaqı Komitəsinə dəvət olunmuş, lakin heç bir iclas olmamış, HİK üzvləri yığılmamış, ondan isə yenidən öz xahişi ilə işdən çıxması barədə ərizə yazması tələb olunmuşdur. Barəsində tərtib olunan aktlarla o, tanış edilməyib, ondan izahat alınmayıb. xx.xx.2019-cu il tarixdə isə onunla bağlanan əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2019-cu il tarixdə X6 rəhbərliyi tərəfindən onunla bağlanmış əmək müqaviləsi qanunsuz olaraq Əmək Məcəlləsinə zidd qaydada Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən və 72-ci maddənin “a” bəndinə əsasən ləğv edilmişdir. O, əmək funksiyaları üzrə öhdəliklərini layiqincə yerinə yetirməklə yanaşı əmək vəzifələrini pozmamış və işə gəlməməsinin səbəbi dayısının vəfat etməsi olmuş, 2 gün işə gəlməyəcəyi barədə telefon vasitəsilə işəgötürənə məlumat vermiş, ona işdən heç bir narahatçılığın olmaması bildirilmişdir. Lakin bir müddət sonra o, faktiki olaraq işdə olduğu və işəgötürən tərəfindən işə buraxılmadığı günlərə görə Əmək Məcəlləsinin iki maddəsi ilə işdən azad edilmişdir. Bundan başqa Əmək Məcəlləsinin hər iki maddəsi ilə onun işdən azad olunması qanunvericiliyin tələblərinə zidd olduğundan cavabdehin əmri qanunsuz və əsassızdır. O, Zəngilan rayonundan məcburi köçkündür, himayəsində azyaşlı uşağı olmaqla tək anadır. Bu iş yeri onun və övladının yeganə qazanc yeridir. Cavabdehin hərəkətləri nəticəsində o, əmək haqqı ilə yanaşı mənəvi ziyan da çəkmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(001)- 4828/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Azərbaycan Dəmir Yolları QSC Həkim-Sanitar Xidməti X6 112 saylı xx.xx.2019-cu il tarixli əmrinin etibarsız hesab edilməsi, İddiaçı məcburi iş buraxmaya görə əmək haqqı ödənilməklə Azərbaycan Dəmir Yolları QSC Həkim-Sanitar Xidməti Mərkəzi X2-Poliklinika şöbəsinin Tibbi Xidmətin təşkili bölməsinin 1,0 ştat vahidi ilə tibb qeydiyyatçısı vəzifəsinə bərpa olunması, Azərbaycan Dəmir Yolları QSC Həkim-Sanitar Xidməti X7n vurulmuş mənəvi ziyana görə 300 manatın İddiaçı xeyrinə tutulması, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamə ilə razılaşmayan cavabdeh tərəf apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı dayısının vəfatı ilə bağlı əsasları göstərməklə xx.xx.2019-cu il tarixdə iş yerindən şifahi xəbərdarlıq əsasında işə çıxmamış, sonradan bu əsasları təsdiq edən sənəd təqdim etməyərək aprel ayının 13, 14 və 16 tarixlərində yenə də dayısının ölümü səbəbindən işə gəlməmişdir. İşçinin qeyd olunan günlər ərzində işdə olmamasının üzürlü səbəblərdən olmasını təsdiq edən səbəblər istənilərək bu barədə ondan izahat yazması tələb edilməsinə və həmin günlər üçün əmək haqqının kəsilməli olması barədə bildirilənlərə etiraz edən İddiaçı xx.xx.2019cu il tarixdə heç kimə bildirməyərək, iş yerini tərk etmiş və 19, 20 aprel tarixlərində işə gəlməyərək əmək intizamının pozulması kimi hüquqi halın yaranmasına səbəb olmuşdur. İddiaçının telefon nömrəsinə zəng olunaraq işə gəlməsi və bu hərəkətləri barədə izahat yazması yenidən istənildiyi halda 22 aprel tarixdə işçi İddiaçı səhər saatlarında yenidən müəssisəyə gələrək xəstəxananın idarə heyətindən səlahiyyətli şəxslərlə mübahisə etmiş və heç bir izahat yazmayacağını, gəlmədiyi günlərə görə onun əmək haqqından tutmalar aparılmamasını bildirərək yenidən iş yerini tərk etmişdir. xx.xx.2019-cu il tarixdə telefon vasitəsi ilə xəstəxananın HİK iclasına dəvət olunan İddiaçı yenidən intizamsızlıq edərək təşkilatın iclasını pozmuş və müəssisənin ərazisini tərk etmişdir. Hazırkı vəziyyətdə əmrin etibarsızlığı əsasları mövcud deyildir. Həmçinin işçi 18 aprel və sonrakı tarixlərdə iş yerini tərk etməklə əmək intizamını pozmuşdur. Mənəvi zərərlə bağlı isə qeyd edilmişdir ki, nə əmrdə, nə də ki başqa halda iddiaçının şərəf və ləyaqəti əleyhinə heç bir mövqe nümayiş etdirilməmiş və hərəkət olunmamışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(103)-12466/2019 saylı qətnaməsi ilə cavabdehin apelyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(102)-2555/2020 saylı Qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-12466/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-ci il tarixli qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Kollegiya işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçını dinləyib, apellyasiya şikayətini iş materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya ilk növbədə qeyd edir ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin hüquqi mövqeləri nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsinin işi yeni apellyasiya baxışına göndərərkən mövqeyi və bundan irəli gələn göstərişləri ondan ibarət olmuşdur ki, “Apelyasiya instansiyası məhkəməsi iddia tələbini rədd edərkən Əmək Məcəlləsinin 84.1-ci maddəsinə istinad etmiş və qeyd edilən normada göstərilən hallardan hər hansı birinin mövcud olduğu halda ancaq əmrin etibarsızlığının mübahisələndirilə biləcəyini göstərmişdir. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmayaraq hesab edir ki, məhkəmə maddi hüquq normasının səhv təfsir etmişdir.Apelyasiya instansiyası məhkəməsi iddia tələbində normanın 1-ci hissəsində göstərilən məlumatlardan hər hansı birinin olmamasının göstərilmədiyini qeyd etmiş, bu səbəbdən əmrin etibarsızlığı üçün əsasların olmaması qənaətinə gəlmişdir. Lakin məhkəmə nəzərə almamışdır ki, işçi ilə əmək müqaviləsinə xitam verilməsi barədə əmr həmin normada göstərilməyən digər əsaslarla da etibarsız hesab edilə bilər. Əmrin etibarsızlığının həmin normada göstərilməyən hallarda da mübahisələndirilməsi məhdudlaşıdırıla bilməz.Qanunun mənasından göründüyü kimi, işə baxan məhkəmə işəgötürən tərəfindən Əmək Məcəlləsində müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi əsaslarını pozaraq və ya işəgötürən tərəfindən Əmək Məcəlləsində müəyyən edilmiş qaydalara əməl etmədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə məhkəmə məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə qəbul edir. Buna görə də, iddia tələbində əmrin ləğvi vaxud etibarsızlığı qoyulmasının əhəmiyyəti yoxdur.” İşin faktiki halları ilə aşağıdakılar müəyyən olunur: İşəgötürən Azərbaycan Dəmir Yolları QSC-nin Həkim-Sanitar Xidməti Mərkəzi Dəmiryol Xəstəxanası ilə işçi İddiaçı arasında bağlanmış xx.xx.2009-cı il tarixli əmək müqaviləsinin surətindən müəyyən olunur ki, İddiaçı X7 İrinli cərrahiyyə şöbəsinə kiçik tibb bacısı vəzifəsinə işə qəbul olunmuşdur. X6 mühafizə müdiri M.C.Əhmədovun X6 baş həkimi M.H.Mirzəyevə ünvanladığı xx.xx.2019-cu il tarixli məlumatdan müəyyən olunur ki, xəstəxananın tibb qeydiyyatçısı İddiaçı xx.xx.2019-cu il tarixdə dayısının ölməsini söyləyərək icazə almış, ona kadrlar şöbəsinə yaxınlaşıb ərizə formasını doldurması bildirilsə də, İddiaçı kadrlar şöbəsinə gəlmədən xəstəxananı tərk etmişdir. X6 təsərrüfat müdiri N.S.Məmmədovun X6 baş həkimi M.H.Mirzəyevə ünvanladığı xx.xx.2019-cu il tarixli məlumatından müəyyən olunur ki, tibb qeydiyyatçısı İddiaçı heç bir ərizə yazmadan dayısının vəfat etməsi haqqında şifahi xəbərdarlıq edib 3 gün müddətində işə gəlməmiş və məlum olmuşdur ki, həmin dövrdə İddiaçı dayısı vəfat etməmişdir. Ona görə də işçi haqqında ölçü götürülməsi xahiş olunur. X6 Mühafizə müdiri M.C.Əhmədovun X6 baş həkimi M.H.Mirzəyevə ünvanladığı xx.xx.2019-cu il tarixli məlumatından müəyyən olunur ki, Konsultativ Poliklinika şöbəsinin tibbi xidmətin təşkili bölməsinin tibb qeydiyyatçısı İddiaçı xx.xx.2019-cu il tarixdə heç bir xəbər vermədən saat 11:00-da öz iş yerini tərk edərək çıxıb getdiyi üçün işçi haqqında ölçü götürülməsini xahiş etmişdir. X6 baş meneceri F.N.Qabdrafikova, baş tibb bacısı R.X.Bigiyeva, dəftərxana müdiri A.H.Qasımzadə, kompyuter üzrə operator L.F.Fazilzadə tərəfindən tərtib olunan xx.xx.2019-cu il tarixli aktdan müəyyən olunur ki, Konsultativ Poliklinika şöbəsinin Tibbi Xidmətin Təşkili bölməsinin tibb qeydiyyatçısı İddiaçı xx.xx.2019-cu il tarixdə saat 11:30 radələrində kadrlar şöbəsinə gələrək işdən çıxmaq üçün ərizəsini təqdim etmiş, ərizə X6 ərizə formalarına uyğun olmadığı üçün onlar təqdim olunan ərizəni qəbul etməyərək işdən çıxmaq istədiyi halda həmin formalı ərizəni doldurmalı olmasını bildirmişlər. İddiaçı ərizəsində özü istəmədən, yası düşdüyü sözlərini qeyd etmişdir. X6 təsərrüfat müdiri N.S.Məmmədovun X6 baş həkimi M.H.Mirzəyevə ünvanladığı xx.xx.2019-cu il tarixli məlumatından müəyyən olunur ki, xəstəxananın tibb qeydiyyatçısı İddiaçı xx.xx.2019-cu il tarixdə naməlum səbəbdən işə gəlməmişdir. X6 baş meneceri F.N.Qabdrafikova, HİK sədri T.Ş.İsmayılova, baş tibb bacısı R.X.Bigiyeva, təsərrüfat müdiri N.S.Məmmədov, mühafizə müdiri M.C.Əhmədov, gözətçi S.R.Həmidov, tibb qeydiyyatçısı S.F.Səfərli tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli aktdan müəyyən olunur ki, Konsultativ Poliklinika şöbəsinin Tibbi Xidməti Təşkili bölməsinin tibb qeydiyyatçısı İddiaçı xx.xx.2019-cu il tarixdə saat 11:30 radələrinə heç kəsə məlumat vermədən özbaşına iş yerini yarımçıq tərk etmişdir. X6 baş meneceri F.N.Qabdrafikova, baş tibb bacısı R.X.Bigiyeva, dəftərxana müdiri A.H.Qasımzadə tərəfindən tərtib olunan xx.xx.2019-cu il tarixli aktdan müəyyən olunur ki, Konsultativ Poliklinika şöbəsi Tibbi Xidmətin Təşkili bölməsinin tibb qeydiyyatçısı İddiaçı xx.xx.2019-cu il tarixdə saat 09-20 radələrində xəstaxanaya gəlmiş, ona əmək kitabçası korlanmamaq üçün öz xahişi ilə ərizə yazaraq işdən azad olunması təklif olunsa da, İddiaçı mənim günahım yoxdur, şikayət edəcəyəm deyərək otağı tərk etmişdir. X6 baş meneceri F.N.Qabdrafikova, HİK sədri T.Ş.İsmayılova, baş tibb bacısı R.X.Bigiyeva, tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli aktdan müəyyən olunur ki, Konsultativ Poliklinika şöbəsi Tibbi Xidməti Təşkili bölməsinin tibb qeydiyyatçısı İddiaçı xx.xx.2019-cu il tarixdə xəstəxanaya gəlmiş, ondan xx.xx.2019-xx.xx.2019-cu il tarixlərində işdə olmaması haqqında izahat yazması tələb olunsa da, o bundan imtina edərək heç bir izahat yazmamışdır. X6 baş meneceri F.N.Qabdrafikova, HİK sədri T.Ş.İsmayılova, arxiv müdiri R.Ş.Xaliulina, dəftərxana müdiri A.H.Qasımzadə, kompyuter üzrə operator L.F.Fazilzadə tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli aktdan müəyyən olunur ki, Konsultativ Poliklinika şöbəsi Tibbi Xidmətin Təşkili bölməsinin tibb qeydiyyatçısı İddiaçı saat 10:27, 13:06 radələrində zəng edilməsinə baxmayaraq heç bir telefon zənginə cavab verməmiş və xx.xx.2019-cu il tarixdə naməlum səbəbdən işə gəlməmişdir. X6 baş meneceri F.N.Qabdrafikova, HİK sədri T.Ş.İsmayılova, baş tibb bacısı R.X.Bigiyeva tərəfindən tərtib olunan xx.xx.2019-cu il tarixli aktdan müəyyən olunur ki, Konsultativ Poliklinika şöbəsi Tibbi Xidmətin Təşkili bölməsinin tibb qeydiyyatçısı İddiaçı xx.xx.2019-cu il tarixdə saat 11-50 radələrində baş həkimin otağında anasının və dayısının yanında baş həkim tərəfindən başqa şöbəyə keçməsi, sanitar və xadimə işi təklif olunmuş, lakin E.N. Məmmədova təkliflə razılaşmamışdır. X6 baş meneceri F.N.Qabdrafikova, HİK sədri T.Ş.İsmayılova, baş tibb bacısı R.X.Bigiyeva, baş mühasib S.Q.Hüseynova, arxiv müdiri R.Ş.Xaliulina tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli aktdan müəyyən olunur ki, Konsultativ Poliklinika şöbəsi Tibbi Xidmətinin Təşkili bölməsinin tibb qeydiyyatçısı İddiaçı xx.xx.2019-cu il tarixdə saat 10:15 radələrində əmisi və dayısı inzibati binaya daxil olaraq nizam-intizam qaydalarını pozaraq səs-küy salmış, səbəb isə guya İddiaçı ixtisara salınmasını qeyd etmişlər. Halbuki qeyd olunan şəxs ixtisara düşməmiş, 7 gün müddətində heç kəsə məlumat vermədən naməlum səbəblərdən işə gəlməmiş, məcburi olaraq ona heç bir ərizə yazdırılmamışdır. X6 baş meneceri F.N.Qabdrafikova, arxiv müdiri R.Ş.Xaliulina tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli aktdan müəyyən olunur ki, Konsultativ Poliklinika şöbəsi Tibbi Xidmətin Təşkili bölməsinin tibb qeydiyyatçısı İddiaçı xx.xx.2019-cu il tarixdə saat 15:25 radələrində zəng edilərək xx.xx.2019-cu il tarixdə saat 09:00-da kadrlar şöbəsinə anası ilə birlikdə gəlməsi haqqında məlumat verilmişdir. X6 baş meneceri F.N.Qabdrafikova, baş tibb bacısı R.X.Bigiyeva, tibbi statistik R.K.Quliyeva, arxiv müdiri R.Ş.Xaliulina, kompyuter üzrə operator L.F.Fazilzadə, dəftərxana müdiri A.H.Qasımzadə tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli aktdan müəyyən olunur ki, Konsultativ Poliklinika şöbəsi Tibbi Xidməti Təşkili bölməsinin tibb qeydiyyatçısı İddiaçı yenidən zəng vurularaq İntensiv Terpiya blokuna kiçik tibb bacısı vəzifəsi yenidən təklif olunsa da, İddiaçı imtina etmişdir. Azərbaycan Dəmir Yolları QSC Həkim-Sanitar Xidməti X6 112 saylı xx.xx.2019-cu il tarixli əmrinin surətindən müəyyən olunur ki, X1 şöbəsinin Tibbi Xidmətin təşkili bölməsinin tibb qeydiyyatçısı İddiaçı ilə bağlanmış xx.xx.2009-cu il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə və 72-ci maddəsinin “a” bəndinə əsasən xx.xx.2019-cu il tarixdə xitam verilmiş, əmrin verilməsinə əsas məlumat, aktlar və HİK-in 1 saylı xx.xx.2019-cu il tarixli protokolu olmuşdur. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan X6 HİK-in yığıncağının 1 saylı protokolundan müəyyən olunmuşdur ki, Xəstəxananın tibbi qeydiyyatçısı İddiaçı öz başına, heç kimə məlumat vermədən əmək intizamını ciddi pozaraq xx.xx.2019 – xx.xx.2019-cu il tarixlərdə işdə olmadığına görə onun işdən azad edilməsinə etiraz olunmamışdır. Azərbaycan Respublikası Əmək və X15 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 6 saylı region üzrə Dövlət Əmək Müfəttişliyi tərəfindən məhkəməyə təqdim olunan X6 HİK-in yığıncağının 1 saylı protokolunun surətindən müəyyən olunur ki, Xəstəxananın tibbi qeydiyyatçısı İddiaçı öz başına, heç kimə məlumat vermədən əmək intizamını ciddi pozaraq xx.xx.2019 – xx.xx.2019-cu il tarixlərdə işdə olmadığına görə onun işdən azad edilməsinə etiraz olunmamışdır. Azərbaycan Respublikası Əmək və X15 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 6 saylı region üzrə Dövlət Əmək Müfəttişliyi tərəfindən məhkəməyə təqdim olunan əmək müqaviləsinin ləğv edilməsi barədə ərizədən müəyyən olunur ki, İddiaçı özü istəmədən yasının düşməsi səbəbindən xx.xx.2019-cu il tarixdə ərizə yazmışdır. İddiaçı tərəfindən məhkəməyə təqdim olunan xx.xx.2019-cu il tarixdə ödənişin aparılmasına dair mədaxil qəbzindən müəyyən olunur ki, A.Salmanovanın UZİ şöbəsində kecdiyi müayinəyə görə ödədiyi cəmi 60 manat xidmət haqqını İddiaçı qəbul edərək Rəsəb Mustafayevə təhvil vermişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim olunan xx.xx.2019-cu il tarixli ərizənin foto surətindən müəyyən olunur ki, İddiaçı X6 baş həkimi M.H.Mirzəyevə ünvanladığı xx.xx.2019-cu il tarixli ərizəsində hüzürü düşdüyü üçün o, baş həkimə və müdiri Məhəmmədə zəng edərək 2 gün icazə almış və ona icazə verilmiş, xx.xx.2019-cu il tarixdə səhər işə gələrkən Məhəmməd və Nazim adlı işçilər niyə baş həkimə zəng edərək icazə almasını, Nazim isə onun işdən rədd edilməsini demişdir. İddiaçı Azərbaycan Respublikası Əmək və X15 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin qaynar xəttinə xx.xx.2019-cu il tarixdə saat 14-15 radələrində etdiyi müraciətindən müəyyən olunur ki, İddiaçı yaxın qohumunun ölümü ilə bağlı Dəmiryol Xəstəxanasının baş həkiminə şifahi olaraq məlumat vermiş, ona 2 gün müddətinə şifahi olaraq icazə verilmiş, daha sonra işə qayıdarkən ondan öz xahişi ilə işdən azad edilməsinə dair ərizə yazıb işdən çıxması tələb olunmuş, imtina etdiyi üçün ona maddə ilə əmək müqaviləsinə xitam veriləcəyi bildirilmişdir. X6 baş meneceri F.N.Qabdrafikova, kompyuter üzrə operatoru L.F.Fazilzadə, dəftərxananın müdiri A.H.Qasımzadə tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli aktdan müəyyən olunur ki, Konsultativ Poliklinika şöbəsi Tibbi Xidməti Təşkili bölməsinin tibb qeydiyyatçısı İddiaçı verdiyi ev telefonu və ünvanı dəqiq olmadığı üçün xx.xx.2019-cu il tarixdə saat 14:48-də mobil telefon vasitəsilə əlaqə saxlayaraq ona əmək kitabçasını aparması barədə xəbərdar edilmişdir. X6 Baş meneceri F.N.Qabdrafikova, kompyuter üzrə operatoru L.F.Fazilzadə, xəstəxananın statistiki K.F.Quliyeva, arxiv müdiri R.Ş.Xalilovna tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli aktdan müəyyən olunur ki, xx.xx.2019-cu il tarixdə 14:15 radələrində xəstəxananın keçmiş tibb qeydiyyatçısı İddiaçı zəng edərək ona xəstəxanaya gəlib əmək kitabçasını götürməsi bildirilmişdir. Azərbaycan Dəmir Yolları QSC-nin Həkim Sanitar Xidməti-X6 XT 000084 saylı epikrizindən müəyyən olunur ki, xx.xx.2019-cu il tarixdə xəstəxanaya daxil olan xəstə X5 aşağı ətrafın İ-İİ barmaqlarının eksarfikulyasiyasının son vəziyyəti diaqnozu təyin olunmuş, xəstənin ayağı əməliyyat olunduqdan sonra o, xx.xx.2019-cu il tarixdə ambulator müalicəyə yazılmışdır. Azərbaycan Dəmir Yolları QSC-nin Həkim Sanitar Xidməti-X6 XT 000296 saylı epikrizindən müəyyən olunur ki, xx.xx.2019-cu il tarixdə xəstəxanaya daxil olan xəstə X5 ayaq pəncəsinin quru qanqrenası diaqnozu təyin olunmuş, xx.xx.2019-cu il tarixdə xəstə ambulator müalicəyə yazılmışdır. Təcili və Təxirəsalınmaz Tibbi yardım Stansiyasının ölüm haqqında xəbərdarlıq vərəqəsindən müəyyən olunur ki, X8 adına xx.xx.2019-cu il tarixdə daxil olan çağırışa əsasən ünvana gələn həkim S.Qafarov həkimə qədər ölüm kişi cinsli meyid aşkar etmişdir. Bakı şəhəri 1 saylı Asan xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli AZ-İİ № 013047 saylı ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X14 xx.xx.2019-cu il tarixdə Bakı şəhərində ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 895 nömrəsi ilə qeyd edilmişdir. Beləliklə müəyyən edilmişdir ki, İddiaçı şəkər xəstəliyindən əziyyət çəkən dayısı onun işlədiyi xəstəxanada əməliyyat olunduqdan sonra evə yazılmış, xx.xx.2019-cu il tarixdə (şənbə günü) iddiaçının evində vəfat etmiş, İddiaçı telefon vasitəsi ilə xx.xx.2019xx.xx.2019-cu il tarixlər üçün işəgötürəndən icazə almış, sonuncu tərtib etdiyi sənədlərdə bu iş günlərini məcburi işburaxma kimi qeyd etməməklə işçiyə icazə verilməsini faktiki olaraq qəbul etməsini təsdiq etmişdir. İddiaçı xx.xx.2019-cu il tarixdə işə çıxaraq öz əmək funksiyalarını icra etmiş, bu günün işçinin sonuncu iş günü olması işə götürənin xx.xx.2019-cu il tarixli əmrində qeyd olunmuşdur. xx.xx.2019-cu il tarixli 122 saylı əmrdən müəyyən olunur ki, əmrin verilməsi üçün əsas təqdim olunan məlumatlar, aktlar və HİK-in 1 saylı xx.xx.2019-cu il tarixli protokolu olmuşdur. X6 Həmkarlar İttifaqı Komitəsinin 1 saylı xx.xx.2019-cu il tarixli protokolunun nüsxələrindən müəyyən olunur ki, HİK bir halda işçinin 18-26 aprel tarixlərində, digər halda 19-26 aprel tarixlərində işdə olmadığına görə onun işdən azad edilməsinə etiraz etməmişdir. xx.xx.2019-cu il tarixdən sonra cavabdehin əməkdaşları tərəfindən tərtib olunan məlumatlardan və aktlardan isə müəyyən olunur ki, iddiaçı xx.xx.2019-cu il tarixdə və sonrakı günlərdə iş yerinə gəlmiş, ona faktiki olaraq iş yerində olmadığı 15-16 aprel tarixlərinə görə deyil, xx.xx.2019-cu il tarixi də daxil olmaqla sonrakı iş günlərində işə gəlməməsi irad tutulur. Baxmayaraq ki, iddiaçının xx.xx.2019-cu il tarixli ərizəsindən, Dövlət Əmək Müfəttişliyi Xidmətinə xx.xx.2019-cu il tarixli müraciətindən, işəgötürənin əməkdaşlarının tərtib etdikləri aktlardan aydın görünür ki, xx.xx.2019-cu il tarixdən başlayaraq cavabdeh iddiaçını öz xahişi ilə ərizə yazıb işdən çıxmasını məcmur etməklə onu iş yerinə buraxmamış, iddiaçının etirazı ilə qarşılaşdıqdan sonra isə işəgötürən ona başqa iş təklif etməsi, iddiaçının razılaşmaması barədə aktlar, daha sonra isə onunla əmək müqaviləsinə heç bir üzürlü səbəb olmadan bir neçə gün işə gəlməməsi əsası ilə xitam verilməsi barədə əmr qəbul etmişdir. Bu hərəkətləri ilə də işəgötürən məcburi köçkün və himayəsində azyaşlı uşağı olan iddiaçını yeganə qazanc yerindən məhrum edən, əmək müqaviləsinin ləğv edilməsinin faktiki əsası olmayan əmr vermişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci hissəsinə əsasən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin Məcəllənin 71-ci maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Həmin Məcəllənin 72-ci maddəsinin a bəndinə əsasən özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Məcəllənin 84-cü maddəsinə əsasən, əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Həmin məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada - təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinə əsasən, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarını, sadalanan qanunvericilik normalarının tələblərini, cavabdehin qəbul etdiyi əmrin qanuniliyini və əsaslılığını sübuta yetirə bilməməsini nəzərə alaraq belə nəticəyə gəlmişdir ki, xx.xx.2019cu il tarixli 122 saylı əmr iddiaçı ilə bağlanan əmək müqaviləsinin ləğv edilməsinin əsasının faktiki olaraq mövcud olmamasına görə etibarsızdır, buna görə də iddiaçının əmrin etibarsız hesab edilməsi, işə bərpa olunması və məcburi iş buraxmaya görə əmək haqqı tələbinə dair iddia tələbləri təmin edilməlidir. Kollegiya hesab edir ki, məhkəmənin qənaəti qanuni və əsaslıdır. İddiaçının işdən azad olunmasının faktiki əsasları işin yuxarıda qeyd edilən halları ilə təsdiqini tapmır. Mənəvi ziyan hissəsində də məhkəmənin gəldiyi nəticə ilə razılaşan Kollegiya hesab edir ki, heç bir əsas olmadan tutduğu vəzifədən azad edilərək, yeganə qazanc mənbəyi olan iş yerini itirməsi nəticəsində narahatlıq, stress hisləri keçirməsini nəzərə alıb, məhkəmə haqlı olaraq mənəvi ziyana görə 300 manat cavabdehdən iddiaçının xeyrinə tutmuş və həmin hissədə də gəldiyi nəticəni kifayət qədər əsaslandırmışdır. Cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutlan araşdırmalı və onlardan istfadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4828/2019 saylı iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Azərbaycan Respublikasının Ali Məhkəməsinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Vahid Sadıqov Hakimlər Qürbət Əsgərov Azad İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar