Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7488/2021 22.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə, Türkmənli Lamiyə Elman qızının katibliyi, Cavabdehin nümayəndəsi (vəkili) X2 iştirakı ilə, İddiaçı Cavabdeh Fərux oğluna qarşı «pulun tutulması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 23 iyun 2021-ci il tarixli, 2(009)-1813/2021 saylı qəraradadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Fərux oğluna qarşı «pulun tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir . Həmçinin, iddiaçı iddianı təmini tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, gələcəkdə çıxarılacaq qətnamənin icrasını təmin etmək məqsədilə cavabdehin adına qeydiyyata alınmış ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin özgəninkiləşdirilməsinin cavabdehə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 18 iyun 2021-ci il tarixli, 2(009)-1813/2021 saylı qərardadı ilə (hakim Şahin Abdullayev) ərizə təmin edilmiş, işə mahiyyəti üzrə baxılıb qurtaranadək iddianı təmin etmə tədbiri kimi X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış ünvan 2 saylı qeyri-yaşayış sahəsinin özgəninkiləşdirilməsi ilə bağlı hərəkətlərin qadağan edilməsi qərara alınmışdır. Maraqlı şəxs birinci instansiya məhkəməsinə müraciət edərək, ünvan 2 saylı qeyriyaşayış sahəsinin özgəninkiləşdirilməsinə qoyulmuş qadağanın ləğv edilməsini xahiş etmişdir. Maraqlı şəxs şikayətini onunla əsaslandırmışdır ki, 03.06.2021-ci il tarixli AN-İ No ******* saylı daşınmaz əmlakın alğı-satqı müqavləsinə əsasən ünvan 2 saylı qeyri-yaşayış sahəsi ona satılmışdır. Həmin əmlak üzərində hazırda cavabdehin hər hansı bir hüququ mövcud deyildir Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 23 iyun 2021-ci il tarixli, 2(009)-1813/2021 saylı qərardadı ilə (hakim Şahin Abdullayev) şikayət təmin edilmiş, Bakı şəhər Səbail rayon Məhkəməsinin 18.06.2021-ci il tarixli 2(009)-1831/2021 saylı qərardadı ləğv edilmiş və həmin qərardadın icrasına dönüş edilərək ünvan 2 saylı qeyri-yaşayış sahəsinin özgəninkiləşdirilməsinə qoyulmuş qadağa götürülmüş, iddianın təmini barədə ərizəsi rədd olunmuşdur. İddiaçı birinci instansiya məhkəməsinin qeyd olunan qərardadından şikayət verərək ləğv edilməsini xahiş etmiş, şikayət təmin edilməyərək, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətin dəlilləri: Şikayət - birinci instansiya məhkəməsi qərardadının əsassız olması, prosessual hüquq normalarının pozulması və s. kimi əsaslandırılmış, məhkəmədən şikayətin təmin olunması xahiş edilmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) şikayəti əsassız sayaraq göstərmişdir ki, birinci instansiya məhkəməsi haqlı olan iddiaçının ərizəsini təmin etməmişdir. Çünki, ünvan 2 ünvanında yerləşən daşınmaz əmlak alğı-satqı müqaviləsi əsasında satılmışdır. Cavabdehin həmin daşınmaz əmlak üzərində hər hansı hüququ mövcud deyildir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından şikayətin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə işdə iştirak edən digər şəxslərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar, naməlum səbəblərdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası məruzəni və izahatı dinləyib, şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, MPM-in 157.1 və 157.2-ci maddələrinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. MPM-in 158.1 və 158.1.2-ci maddələrinə əsasən iddianı təmin etmək üçün müəyyən hərəkətləri etməyi cavabdehə qadağan edə bilər. Göründüyü kimi, mülki prosessual qanunvericilik qəbul ediləcək məhkəmə aktlarının gələcəkdə icrasını təmin edən müvafiq tədbirlərin görülməsinin mümkünlüyünü nəzərdə tutur. Belə tədbirlər sırasında iddianı təmin etmə tədbirləri xüsusi yer tutur. İşdən isə görünür ki, ünvan 2 saylı qeyri-yaşayış sahəsi alğı-satqı müqaviləsi əsasında 03.06.2021-ci il tarixdə, yəni hazırki iş üzrə iddia ərizəsi məhkəmənin icraatına daxil olmamışdan kifayət qədər müddət əvvəl özgəninkiləşdirilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddianın təmini tədbiri kimi üzərinə həbs qoyulmuş daşınmaz əmlak artıq cavabdehə məxsus deyildir. Eyni zamanda, iş materiallarından görünür ki, üzərinə həbs qoyulması iddia edilən əmlak hazırki iş üzrə münahisə predmetinə də aid deyildir. Çünki, iddia tələbi cavabdehdən «pulun tutulması» ilə bağlı irəli sürülmüşdür. Halbuki, məhkəmə, təmin etmə tədbirlərinin tətbiq edilməsinə dair ərizələrə baxarkən ərizəçinin tələb etdiyi konkret təmin etmə tədbirinin irəli sürülmüş iddia tələbi ilə nə qədər bağlı olduğunu, ona müvafiq olub-olmadığını araşdırmalıdır. Buna görə məhkəmə, irəli sürülmüş iddia tələbindən və həmin iddia ilə bağlı mümkün məhkəmə qərarından çıxış edərək əmin olmalıdır ki, iddia tələbinin təmin olunması halında Mülki Prosessual Məcəllənin 158-ci maddəsində göstərilən tədbirlərdən hər hansı birinin qəbul olunmaması məhkəmə qərarının icrasını çətinləşdirə və yaxud qeyri-mümkün edə bilər («Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 mart 2018-ci il tarixli qərarı). Göründüyü kimi, ərizəçinin tələb etdiyi konkret təmin etmə tədbiri irəli sürülmüş iddia tələbi ilə bağlı olmalı, ona müvafiq olmalıdır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mübahisəli qərardad çıxarılan vaxt üzərinə həbs qoyulmuş daşınmaz əmlakın daşınmaz əmlakın dövlət reyestrində cavabdehin adında qeydiyyatda qalması alğı-satqı müqaviləsi qüvvədə olduğu müddət ərzində cavabdehə məxsus olan əmlak kimi qiymətləndirilə bilməz. Çünki həmin qeydiyyat alğı-satqı müqaviləsinə əsasən yeni mülkiyyətçinin hüquqlarının qeydiyyata alınması və əvvəlki mülkiyyətçinin qeydiyyatının ləğvi edilməsi üçün əsasdır. Daşınmaz əmlak o halda şəxsə məxsus olur ki, onun həmin əmlak üzərinə mülkiyyət hüququnun bütün ünsürləri mövcud olsun. Lakin alğı-satqı müqaviləsi bağlandıqdan sonra mülkiyyətçinin həmin əmlak üzərində hər hansı hüquqları qalmır və o, həmin əmlakın artıq sahibi deyildir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366, 395, 397-400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Cavabdeh Fərux oğluna qarşı «pulun tutulması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 23 iyun 2021-ci il tarixli, 2(009)-1813/2021 saylı qəraradadından iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. İş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 23 iyun 2021-ci il tarixli, 2(009)- 1813/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-7488/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7488/2021
22.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver