Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-749/2022 11.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Əbdürəhmanov Aqşin Qasım oğlunun katibliyi, İddiaçı MMMC-nin nümayəndəsi Nümayəndə1, Cavabdeh nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı İddiaçı MMMC-nin Cavabdeh qarşı kommunal xərclərin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 03 sentyabr 2021-ci il tarixli 2(007)-2922/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti Cavabdeh qarşı kommunal xərclərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 28 mart 2016-cı il tarixdə sahə mülkiyyətçilərinin qərarı əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçib. Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 28 mart 2016-cı il tarixdə 1116-MM3-0022 nömrə ilə qeydiyyata alınan İddiaçı Nizamnaməsinin surətindən görünür ki, cəmiyyətin fəaliyyət ərazisi Bakı şəhəri Xətai rayonu Məhəlllə 2934 Sadıqcan küçəsi ev 2A, fəaliyyət predmeti və məqsədi daşınmaz əmlakın kompleksini birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi və ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etməkdən ibarətdir. İddiaçı MMMC-nin Nizamnaməsinə əsasən cəmiyyət qanunvericiliyə müvafiq qaydada çoxmənzilli binanın idarə edilməsi haqqında müqavilə, habelə çoxmənzilli binanın ümumi əmlakının saxlanılması və təmiri, kommunal xidmətlərin göstərilməsi haqqında və cəmiyyət iştirakçılarının maraqlarına uyğun digər müqavilələr bağlamaq, illik gəlir və xərclər smetasını, o,cümlədən çoxmənzilli binanın ümumi əmlakının saxlanılması və təmiri xərclərini, çoxmənzilli binanın əsaslı təmirinə və ya yenidən qurulmasına çəkilən xərclərin smetasını, ehtiyat fonduna xüsusi haqqı və ayırmaları, habelə bu fəsildə və cəmiyyətin nizamnaməsində müəyyən edilən məqsədlər üçün digər xərcləri müəyyən etmək, cəmiyyətin qəbul olunmuş illik gəlir və xərclər smetası əsasında çoxmənzilli binanın hər bir sahə mülkiyyətçisinin çoxmənzilli binanın ümumi əmlakına mülkiyyət hüququndan payına mütənasib olaraq onun üçün ödəniş və haqların miqdarını müəyyən etmək və sair hüquqlara malikdir. ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 178,40 kv.m. olan 13 saylı mənzil Cavabdeh mülkiyyətindədir. Cavabdeh qeyd olunan mənzilin mülkiyyətçisi olduğu üçün ümumi əmlakın saxlanılması üçün kommunal haqları ödəmək öhdəliyi vardır. Lakin cavabdeh öhdəliklərini yerinə yetirmir, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq yaranan borcunu ödəməkdən yayınır. Azərbaycan Respublikası Tarif Şurasının “Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə” 28 noyabr 2016-cı il tarixli 18 nömrəli və 22 dekabr 2016-cı il tarixli 19 nömrəli qərarlarına müvafiq olaraq, İddiaçı MMMC-nin aylıq kommunal tariflərin dəyişdirilməsinə dair İddiaçı MMMC-nin idarə heyətinin 28 dekabr 2016-cı il tarixli 5 saylı iclas protokoluna əsasən aylıq kommunal xidmət tariflərinin dəyişdirilməsi qərara alınıb. Belə ki, sahə mülkiyyətçisinə qış mövsümündə istilik, daimi olaraq isti su verildikdə mənzilin ümumi sahəsinin hər kv.m üçün 0,90 manat, sahə mülkiyyətçisinə qış mövsümündə istiliklə təchiz edilmədikdə və mənzilə isti su verilmədikdə mənzilin ümumi sahəsinin hər kv.m. üçün 0,50 manat və sahə mülkiyyətçisi mənzildə yaşamadığı təqdirdə, təmirə başlayan günədək mənzilin ümumi sahəsinin hər kv.m üçün 0,35 manat müəyyən olunub. İddiaçı MMMC-nin maliyyə arayışlarından görünür ki, cavabdeh kommunal xərclər üzrə borcu 2016-cı ilin fevral ayına kimi 1868 manat 16 qəpik və 2016-cı ilin fevral ayından 2021-ci ilin iyun ayına qədər 3758 manat 80 qəpik, cəmi borcu 5626 manat 96 qəpik təşkil edir. Həmin borc mənzilin ümumi sahəsinin hər kv.m. üçün 0.50 manat olmaqla hesablanıb. Ona görə də cavabdehdən 5626 manat 96 qəpik borcun və 30 manat dövlət rüsumunun İddiaçı MMMC-nin xeyrinə tutulması, cavabdehə növbəti aylar üçün mülkiyyətindəki mənzil üzrə kommunal haqların Xətai-5” MMMC-yə ödənilməsi vəzifəsinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti 18.08.2021-ci il tarixdə iddia tələbinin dəqiqləşməsi barədə ərizə verərək iddia tələbinin həcmini azaltmış, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 178,40 kv.m. olan 13 saylı mənzil üzrə kommunal xidmətlərə görə 01 iyun 2021-ci il tarixinə olan 5016,16 manat məbləğində borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 03 sentyabr 2021-ci il tarixli 2(007)- 2922/2021 sayl qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 1200 manat ödənilməyən kommunal xərc və 30 manat ödənilmiş dövlət rüsumunun İddiaçı Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin iddia tələbinin təmin edilməyən hissəsində ləğv olunmasını və iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə çıxarılmış, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmişdir. O, iddia tələbi barədə kifayət qədər sübutlar təqdim etsə də, buna hüquqi qiymət verilməmişdir. Belə ki, Cavabdeh mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 13 saylı mənzilin ümumi sahəsi 178,40 kv.m. təşkil edir və kommunal haqlar hər kv.m. üçün 0.50 AZN olmaqla hesablanmışdır. Cavabdehin hər ay üçün ödənilməli olan məbləğ 89 manat 20 qəpik (178,40 m2x0,50 AZN = 89,20 manat) təşkil edir. Belə olan halda kommunal xidmətlərə görə cavabdeh tərəfindən bu günə cəmi 2650 manat ödənilmiş, ödəmədiyi aylar üzrə isə 5016 manat borcu yaranmışdır. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını, cavabdehin nümayəndəsi isə şikayətin təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 03 sentyabr 2021-ci il tarixli 2(007)-2922/2021 saylı qətnaməsi dəyişdirilməlidir. İş materiallarında olan İddiaçı Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətinin maliyyə arayışından görünür ki, ünvan 2 ünvanında yerləşən 13 saylı mənzilin mülkiyyətçisi Cavabdeh həmin mənzil üzrə 2016-cı ilin fevral ayına kimi 1868,16 manat və 2016-cı ilin fevral ayından 2021-ci ilin iyun ayına qədər İddiaçı MMMC-yə kommunal borcu 3148 manat, cəmi borcu 5016 manat təşkil edir. İş materiallarında olan mədaxil qəbzlərindən görünür ki, Cavabdeh 05 sentyabr 2020-ci il tarixdə 100 manat, 25 yanvar 2020-ci il tarixdə 50 manat, 30 aprel 2020-ci il tarixdə 100 manat, 28 noyabr 2020-ci il tarixdə 200 manat, 21 oktyabr 2020-ci il tarixdə 200 manat, 22 dekabr 2020-ci il tarixdə 200 manat, 21 yanvar 2021-ci il tarixdə 200 manat, 19 mart 2021-ci il tarixdə 100 manat, 24 fevral 2021-ci il tarixdə 200 manat kommunal xidmətlərə görə İddiaçı Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətinə cəmi 1350 manat ödəniş etmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 136.2-ci maddəsinə əsasən çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqdan və kommunal xidmətlərə görə haqdan ibarətdir. Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Mənzil Məcəlləsinin 135.2.3-cü maddəsinə əsasən yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifələrindən biri mənzil-tikinti kooperativi üzvləri üçün mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan yaranmış hesab edilir. Həmin Məcəllənin 137.4-cü maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənzil-tikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin (bundan sonra – ixtisaslaşmış istehlak kooperativi) üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər. Həmin Məcəllənin 137.7-ci maddəsinə görə bilavasitə mülkiyyətçilər tərəfindən idarə olunan çoxmənzilli binanın yaşayış sahələrinin mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq ödəyirlər. Yenə həmin Məcəllənin 137.10cu maddəsinə əsasən mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə görə haqqın və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir. İş materiallarından görünür ki, cavabdeh iddianı qismən, yəni 1200 manat hissəsində etiraf etdiyindən iddia qismən təmin olunmuşdur. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, çoxmənzilli binada Cavabdeh məxsus 13 saylı mənzilin aylıq saxlama xərci 89,20 manatdır (178,40 x 0,5=89,20). Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən həmin çoxmənzilli bina təhvil alındığı tarixdən, yəni 02 iyun 2016-cı ildən iddia qaldırılan 01 iyun 2021-ci il tarixədək olan 5 il üçün xidmət haqqı 5352 manat (60 ay x 89,2 manat=5352 manat) təşkil edir. İddiaçı MMMC apellyasiya şikayətində cavabdeh tərəfindən 2016-2018ci illərdə 2650 manat ödəniş edildiyini bildirmişdir. Cavabdeh tərəfindən cəmi 2650 manat xidmət haqqı ödənildiyindən hazırda ödəmədiyi xidmət haqqı 2702 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi yalnız cavabdehin etirafına əsaslanıb iddia tələbini 1200 manat həddində təmin etməklə düzgün nəticəyə gəlməmişdir. Odur ki, Cavabdeh 2702 manat xidmət haqqı tutulub iddiaçıya ödənilməlidir. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı MMMC-nin apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 03 sentyabr 2021-ci il tarixli e-2(007)- 2922/2021 saylı qətnaməsi dəyişdirilsin. Cavabdeh İddiaçı MMMC-nin xeyrinə kommunal xidmətlərə görə 2702 manat məbləğində pul tutulsun. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-749/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-749/2022
11.01.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver