Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7490/2022 14.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: işə bərpa, işə bərpa olunduğu günə qədər əmək haqqılar arasındakı fərqin hesablanaraq, həmçinin maddi və mənəvi zərərin ödənilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və X2 ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı, Cavabdeh "xxxx" QSC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı «işə bərpa, işə bərpa olunduğu günə qədər əmək haqqılar arasındakı fərqin hesablanaraq, həmçinin maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 may 2022-ci il tarixli, 2(006)-1838/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 14 dekabr 2022-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Tərəflər arasında bağlanmış əmək müqaviləsinə əsasən İddiaçı "xxxx" QSC-də elektrik qatarının maşinisti vəzifəsində işləmişdir.
2. "xxxx" QSC-nin Bakı Lokomotiv Deposu rəisinin yanında keçirilmiş xx.xx.2021-ci il tarixli müşavirənin protokoluna əsasən, xx.xx.2020-ci il tarixdə 6703 nömrəli Şirvan-Bakı elektrik qatarını ER2-3301 saylı elektrik qatarı ilə maşinist İddiaçı və maşinist köməkçisi Mirəziz Əliyev idarə edərkən Keşlə stansiyasında sürət həddinin aşılması hadisəsi baş vermişdir. Belə ki, lokomotiv briqadası lokomotiv işarəvericisinin ağ işığında Keşlə platformasında yola düşmüş və qatarın sürət həddi 40 km/saat olduğu halda, onlar 300 m məsafəni 62-63 km/saat sürətlə hərəkət edərək sürət həddini 20 km/saatdan çox aşmışlar. Bu hadisə Dəmiryolu nəqliyyatında kobud və ciddi nöqsan hesab olunduğundan ağır nəticələrə səbəb ola bilərdi. Bununla da, maşinist İddiaçı «A.D.D.Y.X6»nın 16.38, «Lokomotiv briqadalarının vəzifə Təlimatı»nın 2.4.1, «Danışıq reqlamenti»nin 3.1.3, «Qatarların hərəkəti və manevr işinə dair Təlimat»ın 1.3, «İşarəvermə Təlimatı»nın 2.2.4cü bəndlərinin tələblərini kobud şəkildə pozmuşdur. Bundan başqa, araşdırma zamanı o da müəyyən olunmuşdur ki, İddiaçı maşinist kimi əmək münasibətində olduğu əvvəlki illərdə də əmək və icra intizamını kobud şəkildə pozduğuna görə dəfələrlə intizam tənbehləri almışdır. Əmək müqaviləsi ilə müəyyənləşdirilmiş öhdəliklərini və öz əmək funksiyasını kobud şəkildə pozduğuna görə «Dəmir yolu müəssisələrində işçilərin intizam Nizamnaməsi»nin 4.7-ci bəndinə əsasən peşəsi (ixtisası) nəzərə alınarağ, İddiaçı elektrik qatarının maşinisti vəzifəsindən azad edilələrək, elektrik qatarının maşinist köməkçisi işinə keçirilməsi qərar alınmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" QSC-nin X3 Bakı Lokomotiv Deposunun xx.xx.2021-ci il tarixli əmri ləğv olunmaqla onun elektrik qatarının maşinisti vəzifəsinə bərpa edilməsi, işə bərpa olunduğu günə qədər elektrik qalan maşinistinin vəzifəsinin əmək haqqı ilə elektrik qatarının maşinist köməkçisi vəzifəsinin əmək haqqı arasındakı fərqin hesablanaraq ödənilməsi və maddi və mənəvi zərərə görə 2.000 manat pul vəsaitinin cavabdeh Bakı Lokomotiv Deposundan tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı tələbini belə əsaslandırmışdır ki, xx.xx.1990-cı il tarixdə "xxxx" QSC-nin Bakı Lokomotiv Deposunda işə başlamışdır. Vəzifəsi elektrik qatarının maşinisti olmuşdur. Aylıq gəliri təxminən 600-650 manat təşkil edirdi. İşlədiyi müddət ərzində hər hansı bir nöqsanı olmamış və barəsində əmək intizamının pozulması ilə bağlı heç bir intizam tənbehinə məruz qalmamışdır. Cavabdeh "xxxx" QSC-nin Bakı Lokomotiv Deposu rəisinin yanında keçirilmiş xx.xx.2021-ci il tarixli müşavirənin protokoluna əsasən, xx.xx.2020-ci il tarixdə 6703 nömrəli Şirvan Bakı sərnişin qatarı ER2-3301 saylı elektrik qatarını idarə edərkən iddiaçının və köməkçisinin Keşlə stansiyasında sürət həddinin aşılması baş verdiyi qeyd olunmuşdur. Protokolda qeyd olunur ki, lokomotiv briqadası lokomotiv işarəvericinin ağ işığında Keşlə platformasında yola düşmüş və qatarın sürət həddi 40 km/saat olduğu halda iddiaçı və köməkçisi 300 metrlik məsafədə 62-63 km/saat sürətlə hərəkət edərək sürət həddini 20 km/ saatdan çox aşmışlar. Qeyd elmək zəruridir ki, protokolda qeyd olunur ki, sürət həddinin aşılması nəticəsində heç bir bədbəxt hadisə baş verməmişdir. Müşavirədə İddiaçı iştirak etmişdir və sürət həddini aşmadığını bildirmişdir, lakin protokolda onun etirazı və ya mövqeyi barəsində heç bir qeyd edilməmişdir. Müşavirə nəticəsində iddiaçı elektrik qatarının maşinisti vəzifəsindən azad edilərək, elektrik qatarının maşinist köməkçisi vəzifəsinə keçirilmişdir. Yeni vəzifəsində iddiaçının əmək haqqı 450-500 manat təşkil edir. Lakin, iş dayanması ilə əlaqədar hazırda 300-350 manat əmək haqqı alır. İddiaçı hesab edir ki, sürət həddinin aşılması böhtanını ona ataraq vəzifəsini aşağı salmaqda qərəzli olmuşlar. Depoda işləyən həmin qərəzli şəxslərdən biri təlimatçı İbrahim Əlibəyli olmuşdur. İddiaçı həmin təlimatçıdan dəfələrlə sürət lentinə böhtan atdığına və iş zamanı buraxdığı nöqsanlarla bağlı Bakı Lokomotiv Deposuna şikayət etmişdir. Hətta xx.xx.2021-ci il tarixdə rəsmi ərizə ilə müraciət etmişdir, lakin hərhansı bir cavab verilməmişdir. Həmin şəxslə sürət həddi barəsində də aralarında mübahisə olmuşdur. Eyni zamanda iddiaçı iş yerində müvafiq geyim forması, tibbi maska ilə təmin olunmaması və idarə etdiyi elektrik qatarında şüşə təmizləyənin işləməməsi ilə bağlı "xxxx" QSC-yə müraciət etmişdir. "xxxx" QSC-nin xx.xx.2021-ci il tarixli cavab məktubu ilə həmin məsələlər barədə cavabdeh Bakı Lokomotiv Deposunun rəhbərliyinə müvafiq tapşırıqlar verildiyi bildirilmişdir. Bütün bu məsələlərdən sonra iddiaçının xx.xx.2020-ci il tarixdə sürət həddini aşması böhtanı irəli sürülmüşdür. İddiaçının təhsili, iş təcrübəsi və pensiya yaşına az qalması belə nəzərə alınmamışdır. Digər tərəfdən nöqsan varsa belə vəzifənin aşağı salınmasında daha yüngül tənbeh tədbiri mümkün olduğu halda, qərəzli şəkildə vəzifə salınması tətbiq edilmişdir. Vəzifəsi aşağı salındıqdan sonra iddiaçı dəfələrlə, "xxxx" QSC-yə və X8 Xidmətinə müraciət etmişdir. Həmçinin, iddiaçı Mediasiya Şurasına müraciət etmişdir. Mediasiya Şurası tərəfindən xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilə bilməməsi barədə arayış verilmişdir. İddiaçı X8 Xidmətinə etdiyi müraciətlərlə əlaqədar xx.xx.2021-ci il tarixli məktubu ilə məhkəməyə müraciət etməli olduğu bildirilmişdir.
5. Birinci instansiya məhkəməsi baxışı zamanı cavabdeh tərəf məhkəməyə iddiaya etiraz və iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək göstərmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 1-ci hissəsi istisna olmaqla qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı qabaqdan məhkəməyə müraciət edə bilər. İş materiallarından görünüdüyü kimi iddia ərizəsi xx.xx.2022-ci il tarixdə məhkəməyə verilmişdir. İddiaçının elektrik qatarı maşinisti vəzifəsindən elektrik qatarının maşinist köməkçisi vəzifəsinə keçirilmə barədə əmri isə xx.xx.2021-ci il tarixdə verilmişdir. Göründüyü kimi, iddiaçı qanunvericiliklə tələb olunan iddia müddətini ötürmüşdür. Bundan əlavə bildirirlər ki, iddiaçının elektrik qatarı maşinisti vəzifəsindən elektrik qatarının maşinist köməkçisi vəzifəsinə keçirilmə barədə əmri tam qanuni və əsaslıdır. Belə ki, iddiaçı xx.xx.2020-ci il tarixdə 6703 №-li Şirvan-Bakı sərnişin qatarını ER2-3301 saylı elektrik qatarı ilə maşinist İddiaçı və maşinist köməkçisi Əliyev Mirəziz idarə edərkən Keşlə stansiyasında sürət həddinin aşılması hadisəsi baş vermişdir. Belə ki, lokomotiv briqadası lokomotiv işarəvericisinin ağ işığında Keşlə platformasından yola düşmüş və qatarın sürət həddi 40 km/saat olduğu halda, onlar 62-63 km/saat sürətlə hərəkət edərək sürət həddini 20 km/saatdan çox aşmışdır. Bununla da, iddiaçı «A.D.D.Y.X6»nın 16.38. «Lokomotiv briqadalarının vəzifə təlimatının» 2.4.1, «Danışıq reqlamentinin» 3.1.3, «Qatarların hərəkəti və manevr işinə dair Təlimat»ın 1.3 «İşarəvermə Təlimatının» 2.2.4 bəndininn tələblərini kobud şəkildə pozmuşdur. Yol verilmiş pozuntu dəmir yolu sahəsində çox ciddi pozuntu kimi qiymətləndirilir. Belə bir pozuntuya görə adətən işçi işdən azad olunmalı idi. Lakin İddiaçı uzun illər maşinist təcrübəsi olmasını və təqaüd vaxtına az qalmasını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 102 nömrəli qərarı ilə təsdiq edilmiş «Dəmir yolu müəssisələrində işçilərin intizam Nizamnaməsi»-nin 4.7-ci bəndinə əsasən iddiaçının peşəsi (ixtisası) nəzərə alınmaqla elektrik qatarının maşinisti vəzifəsindən elektrik qatarının maşinist köməkçisi vəzifəsinə keçirilmişdir. Bundan başqa, iddiaçının şikayəti əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər idarəsi tərəfindən araşdırma aparılmış və hər hansı bir qanun pozuntusu aşkar edilməmişdir. Həmçinin, iddiaçı mənəvi ziyan tələb etsə də, hansı mənəvi sarsıntı keçirtdiyini əsaslandıra bilməmiş və bu barədə hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Mənəvi zərərin ödənilməsi barədə qanunveiciliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» xx.xx.2008-ci il tarixli qərarının 2-ci bəndində göstərilmişdir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Bundan başqa, yuxarıda qeyd edildiyi kimi, İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı «işə bərpa və digər təiəblər» tələbinə dair iddia ərizəsi üzrə mülki işə baxılır. İddiaçı cavabdeh ADY-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ADY-nin Sərnişin Daşımaları Departamenti Bakı Lokomotiv Deposunun xx.xx.2021-ci il tarixli əmrinin ləğv olunmaqla onun elektrik qatarının maşinisti vəzifəsinə bərpa edilməsi, işə bərpa olunduğu günə qədər elektrik qatarı maşinistinin vəzifəsinin əmək haqqısı ilə elektrik qatarının maşinist köməkçisi vəzifəsinin əmək haqqısı arasındakı fərqin hesablanaraq ödənilməsi, maddi və mənəvi zərərə görə 2.000 manat pul vəsaitinin cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Hesab edirlər ki, iddia qanunvericiliyin tələbləri pozularaq verildiyindən qanunsuz və əsassızdır, buna görə də rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən həmin maddənin 1-ci hissəsi istisna olmaqla qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı qabaqdan məhkəməyə müraciət edə bilər. İş materiallarından göründüyü kimi, İddiaçı elektrik qatarı maşinisti vəzifəsindən elektrik qatarının maşinist köməkçisi vəzifəsinə keçirilmə barədə əmr xx.xx.2021-ci il tarixdə verilmişdir. Həmin tarixdə o, əmrlə tanış olmuş, lakin əmrin surətini qəbul edib imzalamaqdan imtina etmişdir. Bundan başqa, iddiaçının iddia ərizəsinə əlavə etdiyi məktubların və ərizələrinin surətlərindən görünür ki, o, əmr verildikdən sonrakı dövlərlərdə də, dəfələrlə ADY-yə müraciət edərək onun əvvəlki vəzifəsinə qaytarılması məsələsinə baxılmasını xahiş etmişdir. Göründüyü kimi, iddiaçının onun aşağı vəzifəyə keçirilməsi barədə məlumatı olmuş, hüququnun pozulduğu bilmiş, lakin bu barədə məhkəməyə müraciət edərək əmri mübahisələndirməmişdir. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, iddiaçı qanunvericiliklə tələb olunan iddia müddətini ötürmüş, hüquqlarını pozulduğunu bildiyi halda qanunsuz hesab etdiyi əmrin ləğvi barədə məhkəməyə müraciət etməmiş, əmrin qəbul olunduğu gündən təxminən 1 il sonra, yəni xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Göstərilənləri nəzərə alaraq, İddiaçı cavabdeh ADY-yə qarşı «işə bərpa və digər tələblərə» dair iddia ərizəsi üzrə iddia müddəti buraxıldığı üçün iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 may 2022-ci il tarixli, 2(006)-1838/2022 nömrəli qətnaməsi ilə iddia tələbinə iddia müddəti tətbiq edilməklə rədd edilmişdir.
7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı tərəfindən "xxxx" QSC-nin X3 Bakı Lokomotiv Deposunun xx.xx.2021-ci il tarixli əmrinin ləğv olunması xahiş edilmişdir. İş materiallarından və tərəflərin izahatların göründüyü kimi belə bir əmr mövcud deyildir. Həmin tarixli "xxxx" QSC-nin Bakı Lokomotiv Deposu rəisinin yanında keçirilmiş xx.xx.2021-ci il tarixli müşavirənin protokolu ilə bağlı məhkəmə qeyd etmişdir ki, həmin protokol hazırda mübahisələndirilmir, eyni zamanda əmək qanunvericiliyinə uyğun olaraq işçiyə intizam icraatının tətbiq edilməsi və ya vəzifəsinin dəyişdirilməsi üçün əsas deyildir. Bundan əlavə iş materiallarından görünür ki, iddiaçı hazırda "xxxx" QSC-nin Sərnişin daşımaları departamentinin istismar xidmətinin Elektrik qatarının maşinist köməkçisi vəzifəsinə tərəflər arasında bağlanılmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən işləyir. Həmin müqavilə tərəflərin qarşılıqlı razılığı ilə bağlanmış və müqavilənin bir nüsxəsi iddiaçı tərəfindən imzalanaraq təhvil alınmışdır. İddiaçı məhkəmə iclasında struktuktur dəyişikliyi ilə əlaqədar əmək müqaviləsinə xitam veriləcəyi səbəbindən ona bildiriş təqdim edildiyi üçün bu müqaviləni imzaladığını bildirmişdir. Əlavə olaraq məhkəmə qeyd etmişdir ki, iddiaçı elektrik qatarının maşinisti vəzifəsindən elektrik qatarının maşinist köməkçisi işinə keçirilməsini elə həmin dövrdən bildiyi halda və uzun müddət əvvəlki işinə qaytarılması üçün dəfələrlə cavabdehə müraciət etməsinə baxmayaraq, qanunla müəyyən olunmuş iddia müddətini xeyli ötürdükdən sonra, yalnız xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi iddiaçı tərəfindən qanunla müəyyən edilmiş müddət üzrlü səbəb olmadan xeyli ötürülmüşdür. Cavabdeh tərəf Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab etmişdir ki, İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı «işə bərpa, işə bərpa olunduğu günə qədər əmək haqqılar arasındakı fərqin hesablanaraq, həmçinin maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddiası iddia müddəti tətbiq edilməklə rədd edilməlidir.
8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsi, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinin 1-ci hissəsinə, 45-ci maddənin 4-cü hissəsinə, 47-ci maddəsinin «f» bəndinə, 296.2-ci maddəsinə eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apelyasiya şikayətinin dəlilləri
9. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apelyasiya şikayətində göstərilmişdir ki, qanunvericilikdə iddia müddətinin axımının başladığı gün müvafiq əmrin verildiyi gün hesab edilmişdir. Məhkəmə qətnaməsində qeyd etmişdir ki, “...xx.xx.2021-ci il tarixli əmrin ləğv olunması xahiş edilmişdir. İş materiallarından və tərəflərin izahatlarından göründüdüyü kimi belə bir əmr mövcud deyildir”. Həmin əmrin iddiaçıda olmadığı onu təsdiq edir ki, işəgötürən həmin əmri ona təqdim etməmişdir. Cavabdehin izahatlarından və xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, xx.xx.2020-ci il tarixində Keşlə stansiyasında guya ki baş vermiş hadisənin nəticəsi olaraq barəsində intizam tənbehi tədbiq edilmiş və bunun əsasında vəzifəsini daha aşağı vəzifəyə dəyişdirmişlər. İşə götürən isə iddia etdiyi pozuntunu aşkar etdiyi vaxtdan 8 aya yaxın müddət keçdikdən sonra barəsində tədbir görmüşdür. Belə ki, Məhkəmə qətnaməsində qeyd edilmişdir ki, maşinist köməkçisi vəzifəsinə dair tərəflər arasında xx.xx.2021-ci il tarixli əmək müqaviləsi bağlanmışdır. Qeyd olunan əqd yuxarıda vurğulanan halların (intizam təhbehinin tədbiqi) pərdələnməsinə yönəldilmişdir. Ona hüquqları düzgün izah edilməmiş, həmin müqavilə ilə əmək şəraitimin dəyişdirildiyi bildirilməmişdir. Belə ki, təşkilatın adında müəyyən dəyişiklik baş verildiyi və bu səbəbdən də məcburi qaydada bütün işçilərin əmək müqaviləsinə dəyişiklik edildiyi bildirilmişdir. Vurğulamağı zəruri hesab edir ki, xx.xx.2020-ci il tarixində tərəfindən heç bir pozuntuya yol verilməmişdir. Onun izahatları cavabdeh və Məhkəmə tərəfindən nəzərə alınmamışdır. Eyni zamanda istehsalın və əməyin təşkilində hansı dəyişikliklər əsasında cavabdeh onu daha aşağı vəzifəyə keçirdiyini əsaslandırmamışdır. Sadəcə işəgötürən olaraq özü üçün daha üstün hüquqlar müəyyən etmişdir.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verməklə əlavə olaraq bildirdi ki, birinci instansiya məhkəməsi iddia müddətini tətbiq etməklə düzgün olmayan nəticəyə gəlmişdir, belə ki, qanunvericiliyin tələblərinə əsasən iddia müddətinin axımının başladığı gün müvafiq əmrin verildiyi gün hesab edilir, lakin işin faktiki halları ilə müəyyən edilmişdir ki, belə bir əmr ona təqdim edilməmişdir. Hesab edir ki, apellyasiya şikayəti təmin edilməklə, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddia tələbi təmin edilməlidir.
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh "xxxx" QSC-nin nümayəndəsi X4 apellyasiya şikayəti ilə razılaşmayaraq izahatında əlavə olaraq bildirdi ki, iddiaçının vəzifəsi dəyişdirilərkən, 15 mart 2021-ci il tarixli əmr qəbul edilmiş və iddiaçı həmin əmrlə tanış edilsə də əmrin surətini qəbul edib imzalamaqdan imtina etmişdir. Göründüyü kimi iddiaçı əmrin verilməsindən məlumatlı olmuş, lakin qanunla müəyyən edilmiş qaydada və müddətdə məhkəməyə müraciət etməmişdir.
Tətbiq edilən maddi hüquq normaları:
14. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinə əsasən əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; əməyin təhlükəsizliyi normalarına əməl etmək; işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; əmək qanunvericiliyinin tələblərinə əməl etmək vəzifələridir.
15. Həmin Məcəllənin 45-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.
16. Həmin Məcəllənin 45-ci maddəsinin 4-cü hissəsinə əsasən əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.
17. Həmin Məcəllənin 47-ci maddəsinin «f» bəndinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər.
18. Həmin Məcəllənin 296.2-ci maddəsinə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci madəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
Apelyasiya baxışının hədləri
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
22. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə olan halda qətnamə tam mübahisələndirildiyindən bütövlükdə yoxlanılır.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası izahatları dinləyib apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
24. Belə ki, iş materiallarından görünür ki, iddiaçı tərəfindən "xxxx" QSC-nin X3 Bakı Lokomotiv Deposunun xx.xx.2021-ci il tarixli əmrinin ləğv olunması xahiş edilmişdir.
25. Birinci instansiya məhkəməsi baxışı zamanı isə iş materialları və tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, belə bir əmr mövcud deyildir.
26. Həmin tarixdə, yəni xx.xx.2021-ci il tarixdə "xxxx" QSC-nin Bakı Lokomotiv Deposu rəisinin yanında keçirilmiş müşavirənin protokolu olmuşdur ki, birinci instansiya məhkəməsi həmin protokola münasibətdə düzgün olaraq qeyd etmişdir ki, hazırda həmin protokol mübahisələndirilmir, eyni zamanda əmək qanunvericiliyinə uyğun olaraq işçiyə intizam icraatının tətbiq edilməsi və ya vəzifəsinin dəyişdirilməsi üçün əsas deyildir.
27. Bundan başqa iş materiallarından görünür ki, iddiaçı xx.xx.2021-ci il tarixli əmrlə "xxxx" QSC-nin Sərnişin daşımaları departamentinin istismar xidmətinin Elektrik qatarının maşinist köməkçisi vəzifəsində işləyir.
28. Birinci instansiya məhkəməsi baxışı zamanı həmçinin müəyyən edilmişdir ki, iddiaçı elektrik qatarının maşinisti vəzifəsindən elektrik qatarının maşinist köməkçisi işinə keçirilməsini elə həmin dövrdən bildiyi halda və uzun müddət əvvəlki işinə qaytarılması üçün dəfələrlə cavabdehə müraciət etməsinə baxmayaraq, qanunla müəyyən olunmuş iddia müddətini xeyli ötürdükdən sonra, yalnız xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
29. Birinci instansiya məhkəməsi baxışı zamanı da cavabdeh tərəf Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
30. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən qanunla müəyyən edilmiş müddət üzrlü səbəb olmadan xeyli ötürüldüyündən birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi barədə düzgün nəticəyə gəlmişdir.
31. Apellyasiya şikayətinin dəlilləri isə əsassız olmuşdur, belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2021-ci il tarixdə "xxxx" QSC-nin Bakı Lokomotiv Deposu rəisinin yanında keçirilmiş müşavirədə iştirak etmiş və izahatı alınmışdır, həmin protokolla da iddiaçının elektrik qatarının maşinisti vəzifəsindən azad edilərək, elektrik qatarının maşinist köməkçisi vəzifəsinə keçirilməsi qərara alınmışdır, həmçinin iddiaçının "xxxx" QSC-nin Sərnişin daşımaları departamentinin istismar xidmətinin Elektrik qatarının maşinist köməkçisi vəzifəsinə keçirilməsi barədə 15 mart 2021-ci il tarixli əmr verilmişdir. İddiaçının isə 11 iyun 2021-ci il tarixdə yazdığı ərizədən (i.v 14) görünür ki, onun maşinist vəzifəsindən maşinist köməkçisi vəzifəsinə keçirilməsindən məlumatlı olmuşdur.
32. Göründüyü kimi iddiaçının vəzifəsinin dəyişdirilməsindən, yəni hüququnun pozulduğundan məlumatı olmuşdur. Bu zaman isə ona əmrin təqdim edilməməsi onun hüquqlarını pozulmasından məlumatlı olmaması anlamına gəlmir. Lakin qanunvericilikdə nəzərdə tutulmuş qaydada 1 ay müddətində məhkəməyə müraciət etməmişdir.
33. Digər tərəfdən iddiaçı qeyd etmişdir ki: “işə götürən isə iddia etdiyi pozuntunu aşkar etdiyi vaxtdan 8 aya yaxın müddət keçdikdən sonra barəsində tədbir görmüşdür”.
34. Məhkəmə kollegiyası iddiaçının bu dəlili ilə də razılaşmır. Belə ki, iddiaçının da qəbul etdiyi kimi iddiaçı xx.xx.2020-ci il tarixdə iddia edilən pozuntunu törətmiş, xx.xx.2021-ci il tarixdə bununla bağlı müşavirə keçirilmiş və xx.xx.2021-ci il tarixli əmrli iddiaçının vəzifəsi dəyişdirilmişdir ki, bu zaman müəyyən edilmiş pozuntudan 8 ay keçməmişdir.
35. Beləliklə məhkəmə kollegiyasının qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.
37. Həmin Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
38. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
39. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə ləğv edilə görə bilməz.
41. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Q ət e t d i :
İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 may 2022-ci il tarixli, 2(006)-1838/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov