Məhkəmə qərarları › İş №2(103)-7492/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7492/2022

25.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7492/2022 25.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həsənov Rəşad Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Ərizəçi Maraqlı şəxs MMC-də müddətli “qanuni təmsilçi və baş direktor” səlahiyyətlərinin icra müddətinin başa çatması faktının xüsusi icraat qaydasında müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli, 2(006)-4677/2022 saylı qərardadından Ərizəçi tərəfindən verilmiş şikayət ərizəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi Maraqlı şəxs MMC-də müddətli “qanuni təmsilçi və baş direktor” səlahiyyətlərinin icra müddətinin başa çatması faktının xüsusi icraat qaydasında müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli, 2(006)- 4677/2022 saylı qərardadı ilə Ərizəçi Maraqlı şəxs MMC-də müddətli “qanuni təmsilçi və baş direktor” səlahiyyətlərinin icra müddətinin başa çatması faktının xüsusi icraat qaydasında müəyyən edilməsi” tələbinə dair ərizəsinin və ona əlavə edilmiş sənədlərin iddianın yolverilməzliyinə görə icraata qəbul edilməkdən imtina edilməsi və ərizəçiyə qaytarılması qərara alınmışdır. Hazırda Ərizəçi tərəfindən həmin qərardaddan şikayət ərizəsi verilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli, 2(006)-4677/2022 saylı qərardadının dəyişdirilməsi, ərizəsinin və ona əlavə edilmiş sənədlərin icraata qəbul edilərək, xüsusi icraat qaydasında baxılması xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli, 2(006)- 4677/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayəti nəzərdən keçirib hesab edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli, 2(006)-4677/2022 saylı qərardadı ləğv edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 sentyabr 2022ci il tarixli, 2(006)-4677/2022 saylı qərardadından verilmiş şikayət qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Prezidentinin 16 iyul 2021-ci il tarixli Fərmanı ilə “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 09 iyul tarixli 363-VİQD nömrəli Qanunu 2021-ci il oktyabrın 1-dən qüvvəyə minmişdir. Həmin Qanunun 2.2-ci bəndində qeyd olunmuşdur ki, bu Qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, şikayətlərə və onlar əsasında baxılan işlərə şamil edilir. Həmçinin Azərbaycan Respublikasının MPM-in 361.1-ci maddəsində apellyasiya şikayətinin müəyyən edilmiş formada verilməsi tələbi əks olunmuş və 361.1.2-361.1.7-ci maddələrində apellyasiya şikayətinin məzmunu ilə bağlı tələblər müəyyən edilmişdir. Apellyasiya şikayətinin forması isə “MPM-ə əlavə 2”-də göstərilmişdir. Hazırki işin materiallarından isə göründüyü kimi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli, 2(006)-4677/2022 saylı qərardadından Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti “MPM-ə əlavə 2”-də göstərilən formada tərtib edilməmişdir. Azərbaycan Respublikasının MPM-in 363.1.1-1-ci maddəsinə görə, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsas yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 361, 366, 402, 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli, 2(006)- 4677/2022 saylı qərardadı ləğv edilsin. Ərizəçi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli, 2(006)-4677/2022 saylı qərardadından vermiş olduğu şikayət qeyri-mümkün hesab edilsin və şikayət Ərizəçi geri qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar