Məhkəmə qərarları › İş №2(103)-7496/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7496/2022

28.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7496/2022 28.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçın nümayəndəsi X1, Cavabdeh və nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3371/2022 saylı, 27 iyul 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları: 1."xxxx" MTK ilə Cavabdeh arasında bağlanmış xx.xx.2004-cü il tarixli 176/A-10 saylı müqaviləyə əsasən ünvan 1 ünvanda yerləşən 160 saylı mənzil Cavabdeh tərəfindən əldə edilmişdir. 2."xxxx" MTK ilə İddiaçı MMC arasında bağlanmış 01 may 2008-ci il tarixli, 01 may 2012-ci il tarixli və 01 may 2017-ci il tarixli müqavilələrə əsasən kommunal xidmətlər, o cümlədən: giriş-çıxışa və əraziyə nəzarətin həyata keçirilməsi; ümumi istifadədə olan sahələrin, həyətin təmizlənməsi; liftlərə xidmət göstərilməsi, saz vəziyyətdə saxlanılması, təmiri və elektik enerjisi ilə təmin olunması; məişət tullantılarının müəyyən olunmuş yerdən daşınması; cari təmir işlərinin həyata keçirilməsi; suyun ambardan nasoslar vasitəsi ilə mənzilə verilməsi; blokların, pilləkənlərin, həyətlərin işıqlandırılması işləri İddiaçı MMC tərəfindən həyata keçirilir. Kommunal xidmətin haqqı mənzilin ümumi sahəsinin hər kvadrat metri üçün 30 qəpik məbləğində müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsində icraat:

3. İddiaçı MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1.056 manat əsas borc, 500 manat hüquqi yardım xərci və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Tələbdə göstərilir ki, "xxxx" MTK Azərbaycan Respublikasının qanunvericiliyi əsasında yaradılmış və fəaliyyət göstərən hüquqi şəxsdir. Cavabdeh ilə "xxxx" MTK arasında 160 saylı mənzilin alğı-satqısına dair xx.xx.2004-cü il tarixli 176/A-10 saylı müqavilə bağlanmışdır və Bakı şəhəri Xətai prospekti 38 ünvandakı binada yerləşən 160 saylı mənzil həmin tarixdən cavabdehin adına rəsmiləşdirilmişdir. "xxxx" MTK ilə İddiaçı MMC arasında bağlanan müqaviləyə əsasən kommunal xidmətlər, o cümlədən: giriş-çıxışa və əraziyə nəzarətin həyata keçirilməli; ümumi istifadədə olan sahələrin, həyətin təmizlənməsi; liftlərə xidmət göstərilməsi, saz vəziyyətdə saxlanılması, təmiri və elektik enerjisi ilə təmin olunması; məişət tullantılarının müəyyən olunmuş yerdən daşınması; cari təmir işlərinin həyata keçirilməsi; suyun ambardan nasoslar vasitəsi ilə mənzilə verilməsi; blokların, pilləkənlərin, həyətlərin işıqlandırılması işləri İddiaçı MMC tərəfindən həyata keçirilir. Kommunal xidmətin haqqı mənzilin ümumi sahəsinin hər kvadrat metri üçün 30 qəpik məbləğində müəyyən olunmuşdur. Cavabdeh mülkiyyətçisi olduğu mənzilin ümumi sahəsi 176 m2 -dir. Mənzilin hər m2 -na görə 0,30 manat müəyyən edilmişdir ki, bu da aylıq 176 m2 x 0,30 manat = 52,80 manat təşkil edir. Beləliklə, həmin mənzilə göstərilən kommunal xidmətlərə görə aşağıdakı qaydada xidmət haqqı hesablanmışdır: xx.xx.2020-ci ildən xx.xx.2022-ci ilədək, 20 ay x 52,80 manat = 1.056 manat. Borcun ödənilməsi üçün cavabdehə dəfələrlə müraciətlər olunsa da, cavabdeh borcu ödəməkdən imtina etmiş və bu günədək olan kommunal borcunu ödəməmişdir. Sonuncu dəfə cavabdehlə telefon əlaqəsi saxlanılarkən məhkəməyə müraciət etmələrini təklif etmişdir.

5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3371/2022 saylı, 27 iyul 2022-ci il tarixli qətnaməsi (hakim Səməd Cəfərov) ilə iddia tələbinin qismən təmin edilərək 1.056 manat və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətində göstərir ki, Cavabdeh kommunal xərclər üzrə borcu xx.xx.2020-ci ildən xx.xx.2022-ci il tarixədək 120 ay üzrə 1.056 manat təşkil edir. Həmin borc mənzilin ümumi sahəsinin hər m2 üçün 0,30 manat olmaqla (176 m2 x 0,30 manat = 52,80 manat; 52,80 manat x 20 ay = 1.056 manat) hesablanmışdır. İddiaçı MMC Cavabdeh müraciət edərək, borc məbləği yarandığını qeyd etmiş, həmin borcun ödənilməsini tələb etmiş, əks təqdirdə qanunla müəyyən edilmiş tədbirlərin görüləcəyi cavabdehin nəzərinə çatdırılmışdır. Lakin cavabdeh yaranmış borc məbləğini ödəməmişdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh müvafiq ödənişləri vaxtaşırı olaraq ödəməli olduğu halda, ödənişləri vaxtıvaxtında və tam həcmdə yerinə yetirməmişdir. Bu səbəbdən, iddiaçının iddia tələbi kommunal xərcin ödənilməsinə dair hissədə əsaslıdır və təmin edilməlidir. Lakin iddia hüquqi yardım xərcinin cavabdehdən tutulmasına dair hissədə əsaslı deyil. Belə ki, hüquqi yardıma görə tələb edilən pul məbləğinin ödənilməsini təsdiq edən qəbz, ödəniş tapşırığı təqdim edilməmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 1.056 manat borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulmalıdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmamasını xahiş edib şikayətində göstərir ki, iddiaçının nümayəndəsi X2 məhkəməni aldadaraq cavabdehin ünvanı və telefonu barədə məhkəməni məlumatlandırmamış və mahkəmə də qanunvericilikdən irəli gələn vəzifəsini icra etməyərək cavabdehi məhkəmə iclaslanın yeri və vaxtı barədə lazımi qayadada məlumatlandırmamışdır. Bununla yanaşı, iddiaçı cavabdehin mənzildə yaşadığını bildirsə də, bu barədə məhkəməyə sübut təqdim etməmiş, məhkəmə də bu barədə hər hansı sübut tələb etməmiş, iddiaçının izahatı və "xxxx" MTK ilə "xxxx" MMC arasında bağlanmış müqavilələrə istinad edərək səhv nəticəyə gəlmişdir. Halbuki, cavabdeh mənzil alınan tarixdən orada yaşamayıb və hal-hazırda mənzil təmirsizdir. Bu fakt iddiaçıya məlum olsa da, bunu məhkəmədən gizlətmiş, cavabdehin mənzildə yaşaması və mənzildə yaşayışın olması barədə məhkəməyə yalan izahat vermişdir. Digər tərəfdən, iddiaçı ilə cavabdeh arasında kommunal xərclərlə bağlı müqavilə mövcud olmadığından tərəfərin bir-biri qarşısında bu barədə hər hansı vəzifə və öhdəliklərindən söhbət gedə bilməz. "xxxx" MTK ilə İddiaçı MMC arasında bağlanmış müqavilənin isə cavabdehə aidiyyəti yoxdur. Eyni zamanda, iddiaçı məhkəməni aldadaraq mənzilin kvadratmetrini artıq göstərmişdir. İddia ərizəsində mənzilin sahəsi 176 kv.metr göstərilsə də, reallıqda mənzilin ümumi sahəsi 167 kv.m təşkil edir. Bununla yanaşı, iddiaçı dövlət rüsumunu da düzgün ödəməmişdir. Belə ki, “Dövlət rüsumu haqqında” Qanunun 8.6-cı maddəsinə əsasən, apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu qanunun müvafq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi həcmində dövlət rüsumu ödənilməlidir. Yəni, iddiaçı 30,56 qəpik rüsumu ödəməli olduğu halda, 0,56 qəpik az rüsum ödəmişdir. Məhkəmə isə iddianı icraata qəbul edərək baxmışdır.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

8. Məhkəmə iclasında Cavabdeh və nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə edib onun məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi.

9. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək rədd olunmasını və rayon məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

10. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.

11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi:

Maddə 29.3. Qanunla və ya müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, yaşayış sahəsinin mülkiyyətçisi yaşayış sahəsinin və əgər həmin sahə mənzildirsə, müvafiq yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır, kommunal mənzildə otaq mülkiyyətçisi isə əlavə olaraq həmin mənzilin otaq mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır. Maddə 45.5. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının onun səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə bu Məcəllə ilə müəyyən edilmiş qaydada qəbul etdiyi qərarların icrası həmin binada bütün sahə mülkiyyətçiləri, o cümlədən, səsvermədə iştirak etməyən mülkiyyətçilər üçün məcburidir. Maddə 122.1.3. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin aşağıdakı hüquqları vardır: cəmiyyətin qəbul olunmuş illik gəlir və xərclər smetası əsasında çoxmənzilli binanın hər bir sahə mülkiyyətçisinin çoxmənzilli binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq onun üçün ödəniş və haqların miqdarını müəyyən etmək. Maddə 122.3. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi xərclərdə iştirak üzrə öz vəzifələrini yerinə yetirmədikdə, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin mütləq ödəniş və haqların əvəzinin məcburi ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır. Maddə 135.1. Fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Maddə 135.2, 135.2.3 və 135.2.4. Yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi: mənzil-tikinti kooperativi üzvləri üçün -mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi; yaşayış sahəsinin mülkiyyətçisi üçün – yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan yaranmış hesab edilir. Maddə 136.2, 136.2.1 və 136.2.2. Çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq aşağıdakılardan ibarətdir: çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq; kommunal xidmətlərə görə haqq. Maddə 137.1. Çoxmənzilli binanın idarəetmə müqaviləsində başqa müddət nəzərdə tutulmayıbsa, yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqq hər ay üçün həmin aydan sonra gələn ayın beşinədək təqdim edilmiş ödəniş sənədləri əsasında həmin aydan sonra gələn ayın on beşinədək ödənilir. Maddə 137.4. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənzil-tikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin (bundan sonra – ixtisaslaşmış istehlak kooperativi) üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər. Maddə 137.6. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradılmadığı halda, idarəedici təşkilat tərəfindən idarə olunan çoxmənzilli binanın sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları həmin idarəedici təşkilata ödəyirlər. Maddə 137.10. Mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir. Maddə 138.5. Çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına və təmirinə görə çəkilən xərclərlə bağlı mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənziltikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvlərinin (iştirakçılarının) mütləq (məcburi) ödənişləri və (və ya) haqlarının miqdarı bu Məcəlləyə və mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin nizamnaməsinə və ya mənzil-tikinti kooperativinin nizamnaməsinə və ya digər ixtisaslaşmış istehlak kooperativinin nizamnaməsinə müvafiq olaraq mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanları və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanları və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanları tərəfindən müəyyənləşdirilir. Maddə 140.1. Çoxmənzilli binanın sahə mülkiyyətçisi ona məxsus olan sahənin saxlanması xərclərini çəkməyə, habelə yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq ödəmək yolu ilə çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına çəkilən xərclərdə onun həmin əmlaka ümumi mülkiyyət hüququnda payına mütənasib olaraq iştirak etməyə borcludur. Maddə 141.1. Çoxmənzilli binanın idarə edilməsi sakinlərin əlverişli və təhlükəsiz yaşamaq şəraitini, çoxmənzilli binanın ümumi əmlakının lazımi saxlanmasını, həmin əmlakın istifadə edilməsi məsələlərinin həll edilməsini, habelə belə bina sakinlərinə kommunal xidmətlərin göstərilməsini təmin etməlidir.

12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri:

13. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

14. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

15. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

17. Apellyasiya şikayətinin nəticə hissəsində qətnamənin ləğv edilməsi xahiş edilsə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia qismən təmin edildiyi üçün qətnamənin bir hissəsi, yəni iddianın təmin edilən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edildiyi hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

18. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

19. Təmin edilən hissədə iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

20. Belə ki, iddia tələbinin qanuni əsası kimi Mənzil Məcəlləsinin 122.3, 135.1, 135.2, 135.2.3, 135.2.4, 137.6, 137.10 və 140.1- maddələri nəzərdən keçirilə bilər. Ancaq faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. Hazırki işdə faktiki hallar qeyd olunan maddi hüquq normalarının şərtləri ilə tam uzlaşır, eyni zamanda cavabdehin etiraz və müdafiə hüquqlarına görə iddianın əsaslılığı da aradan qalxmır.

21. Əvvəla, tələb olunan pulun tutulması üçün əsasların olması Mənzil Məcəlləsinin qeyd olunan və digər normalarında dəqiq və konkret göstərilmişdir. Belə ki, istər mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti(MM.m.122.3), istərsə də idarəedici təşkilatı kimi(MM.m.137.6) iddiaçının hazırki iddia ilə məhkəməyə müraciət etməkdə subyektiv hüququ olmuşdur.

22. Tərəflər arasında müqavilənin bağlanmaması da hazırki iddianın rədd edilməsi üçün əsas ola bilməz. Çünki, cavabdeh özü də müqavilə bağlamaqdan imtina etməməlidir. Ancaq cavabdeh hansı səbəbdən iddiaçı ilə müqavilə bağlamaq istəmədiyini də kifayət qədər aydın şəkildə məhkəmənin diqqətinə çatdırmaq istəmədi. Buna görə də yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi cavabdeh tərəfindən artıq yaşayış sahəsi ona verildiyi vaxtdan yaranmışdır. 23.Cavabdehin "xxxx" MMC ilə "xxxx" MTK arasında bağlanmış müqaviləyə görə deyil, Mənzil Məcəlləsinin yuxarıda qeyd edilən tələblərini yerinə yetirməməsinə görə məsuiyyəti yarana bilər. Bu öhdəlik cavabdeh üçün MTK-nın üzvü olaraq MTK-nın bağladığı əqdlər üzrə deyil, Mənzil Məcəlləsinin tələblərinə əsasən yaranır. Buna görə də iddianın rədd edilməsi üçün hər hansı bir əsas mövcud deyildir.

24. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qayadada məlumatlandırmaması barədə dəllillər də əsaslı hesab edilə bilməz. Çünki, birinci instansiya məhkəməsi tərəfindən cavabdehin rəsmi qeydə alındığı ünvana məhkəmə bildirişi göndərilmişdir. Cavabdeh qeydiyyatda olduğu ünvanda yaşamırsa, yaşadığı ünvanda qeydiyyata alınmalıdır. Ona görə də məhkəmə bildirişinin ona çatmaması hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz.

25. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3371/2022 saylı, 27 iyul 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

26. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3371/2022 saylı, 27 iyul 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar