Məhkəmə qərarları › İş №2(103)-7497/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7497/2021

12.10.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7497/2021 12.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, Həm iddiaçı (digər iddiaçı X2 nümayəndəsi) İddiaçı1, Cavabdeh1 iştirakı ilə ilə, İddiaçılar İddiaçı1 və X2 cavabdehlər Cavabdeh2 Güləli oğluna və Cavabdeh1 qarşı mənzilə köçürülmə tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli 2(004)-2018/2021 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və X5 cavabdehlər Cavabdeh1 Vəfadar oğlu və Cavabdeh2 Güləli oğluna qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzilə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı və himayəsində olan oğlu 1-ci qrup əlil X5 Bakı şəhəri Yasamal rayonu Ə.Hüseynzadə küçəsi dalan l ev 17-də pasport qeydiyyatındadırlar. Göstərilən ünvandakı mülkün sahibi Cavabdeh1 onun və himayəsində olan oğlu 1-ci qrup əlil X2 yaşamağa yeri olmadığını nəzərə alaraq yüksək insanpərvərlik göstərib onları şəxsi mülkiyyətində olan evə qeydiyyata saldırıb yaşamaqları üçün orada bir otaq təklif etmişdir. Lakin bu ünvanda qeydiyyatda olan, ancaq faktiki yaşamayan Cavabdeh2 Güləli oğlu və onun qohumları ev sahibinin tələblərinə baxmayaraq onların göstərilən ünvanda yerləşməklərinə maneçilik törədirlər. Buna görə də o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli 2(004)- 2018/2021 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Qətnamədən Cavabdeh2 Güləli oğlu apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyator və ailə üzvləri 1995-ci ildən ünvan 1-də yerləşən mülkdə pasport qeydiyyatında olmaqla həmin mülkdə yaşayırlar. Azərbaycan Respublikası Ali Məhkəməsinin 11 mart 2009-cu il tarixli qərarı ilə Cavabdeh2 Güləli oğlunun həmin yaşayış sahəsində yaşamaq və pasport qeydiyyatında qalmaq hüquqları saxlanılmışdır. Həmin mənzilin mülkiyyətçisi olan Cavabdeh1 onun və ailə üzvlərinin mənzildə qanunla müəyyən olunmuş istifadə və yaşamaq hüquqlarını təsdiq edən məhkəmə qətnamələrinin mövcudluğundan xəbərdar olsa da, onu həmin mənzildən bezdirib çıxartmaq məqsədi ilə hazırkı iddia tələbini məhkəmədə iddiaçılar Samirə Əsgərova və onun oğlu vasitəsi ilə qaldırmağa nail olmuşdur. Cavabdeh1 öz hərəkətlərinə "qanuni don" geyindirmək məqsədi ilə tanışları İddiaçı1 və X1 mənzilə sonradan pasport qeydiyyatına saldırmış və guya onların həmin mənzildə faktiki yaşadıqlarını bildirmişdir. Məqsəd yuxarıda qeyd etdiyi kimi onu sözügedən mənzildə sıxışdırmaq və bezdirib çıxartmaq olmuşdur. Məhkəmə kollegiyasının iclasında İddiaçı1 və Cavabdeh1 Vəfadar oğlu apellyasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, iş üzrə Cavabdeh2 Güləli oğlu məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli 2(004)-2018/2021 saylı qətnaməsi Cavabdeh2 Güləli oğlunun apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan daşınmaz əmlakın dövlət reyestrindən 12.06.2007-ci il tarixli MH seriyalı ******* saylı Çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının 18.09.2014-cü il tarixli sərəncamı ilə İddiaçı1 fəaliyyət qabiliyyəti olmayan övladı X5 üzərində qəyyum təyin edilmişdir. İş materiallarında olan yaşayış yeri üzrə qeydiyyat haqqında Azərbaycan Respublikası DİN-in 26.09.2020-ci il tarixli arayışından görünür ki, İddiaçı1 və X5 ünvan 1 ünvanında pasport qeydiyyatındadır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 11.03.2009-cu il tarixli 2(102)-658/09 saylı qərarından görünür ki, Yasamal Rayon Məhkəməsinin 04 fevral 2008-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh1 cavabdehlər X8, Cavabdeh2 Güləli oğluna, X9, X6, X4, X7, X10, X11 və X14 qarşı yaşayış sahəsindən çıxarılma tələbinə dair iddiası təmin edilsə də, Bakı Apellyasiya Məhkəməsinin 04 dekabr 2008-ci il tarixli qətnaməsi ilə Yasamal Rayon Məhkəməsinin 04 fevral 2007-ci il tarixli qətnaməsi ləğv edilmiş, Ali Məhkəmənin 11.03.2009-cu il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 04 dekabr 2008-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmçinin, Azərbaycan Respublikası MPM-nin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Göründüyü kimi, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar əmlakın mülkiyyətçisi olan Cavabdeh1 tərəfindən etiraf edilərək qəbul edilmişdir. Qeyd edilənlərə əsasən iddiaçılar İddiaçı1 və X2 ünvan 1 ünvanında yerləşən mənzilə köçürülməsi digər Cavabdeh2 Güləli oğlunun da həmin mənzilə dair hüquqlarını pozmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ---subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bu şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Göründüyü kimi, Cavabdeh1 fərdi yaşayış evinin tam mülkiyyətçisi kimi ev üzərində sərbəst surətdə sərəncam verə və əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıların Cavabdeh1 razılığı ilə sonuncunun mülkiyyətində olan evə köçmələri mənzildən istifadə hüququ olan Cavabdeh2 Güləli oğlunun hər hansı hüquqlarını pozmur və hüquqdan sui-istifadə kimi qiymətləndirilə bilməz. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, iddianı təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402- 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh2 Güləli oğlunun apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli 2(004)- 2018/2021 saylı qətnaməsi Cavabdeh2 Güləli oğlunun apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh2 Güləli oğluna aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar