Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7497/2023 11.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 QSC-yə qarşı, Ağcabədi rayon İcra və Probasiya şöbəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “hərracın nəticələri haqqında yekun protokolların etibarsız hesab edilməsi” tələbinə mülki iş üzrə (Açar sözlər: şikayət vermə müddətinin bərpası barədə ərizə təmin edilməmişdir) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), X2 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 QSC-yə qarşı, Ağcabədi rayon İcra və Probasiya şöbəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “hərracın nəticələri haqqında yekun protokolların etibarsız hesab edilməsi” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)- 1303/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından Cavabdeh1 MMC tərəfindən verilmiş şikayət üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 QSC-yə qarşı “hərracın nəticələri haqqında yekun protokolların etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı məxsus olan Ağcabədi şəhəri, Ənnağı Bünyadov küçəsində olan 0,07 ha torpaq sahəsində yerləşən 5 girişli, ümumi sahəsi 441,7 kv.m. olan 1 mərtəbəli qeyri-yaşayış binasının (mağaza) hərraca çıxarılaraq hərracın yekunları üzrə əmlakın alqısatqısı barədə 15 dekabr 2022-ci il tarixli hərracın yekunları haqqında 135 №li yekun protokolun; Ağcabədi şəhəri, X5 küçəsində olan 0,14 ha torpaq sahəsində yerləşən 8 girişli, ümumi sahəsi 1288,5 kv.m. olan 1 mərtəbəli qeyri-yaşayış binasının (mebel mağazası) hərraca çıxarılaraq hərracın yekunları üzrə əmlakın alqısatqısı barədə 15 dekabr 2022-ci il tarixli hərracın yekunları haqqında 132 №-li yekun protokolun; Ağcabədi şəhəri, 20 Yanvar küçəsində olan 0,43 ha torpaq sahəsində olan 903,8 kv.m. olan 1 mərtəbəli qeyri-yaşayış binasının (anbar) hərraca çıxarılaraq hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 15 dekabr 2022-ci il tarixli hərracın yekunları haqqında 134 №-li yekun protokolun; Ağcabədi şəhəri, X5 küçəsində yerləşən 108 saylı fərdi yaşayış evinin hərraca çıxarılaraq hərracın yekunları üzrə əmlakın alqı- satqısı barədə 15 dekabr 2022-ci il tarixli hərracın yekunları haqqında 133 №-li yekun protokolun qanunsuz və etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)- 1303/2023 saylı qətnaməsi ilə iddia rədd edilmişdir.
3. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə apellyasiya şikayəti təqdim edilmişdir.
4. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)- 1303/2023 saylı qərardadı ilə müddət ötürüldüyündən apellyasiya şikayəti geri qaytarılmışdır.
5. İddiaçı məhkəməyə apellyasiya şikayəti təqdim edərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)-1303/2023 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Eyni zamanda ərizə ilə müraciət edərək, apellyasiya şikayəti vermək üçün prosessual müddətin bərpa edilməsini və şikayətin baxılması üçün apellyasiya instansiyasına göndərilməsini xahiş etmişdir.
6. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1303/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizənin təmin edilməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)-1303/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddət üzrlü hesab edilərək bərpa edilməsi, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
7. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)-1303/2023 saylı qətnaməsi xx.xx.2023-cü il tarixdə İddiaçı göndərilmiş, lakin poçt orqanı vasitəsi ilə “köçüb” qeydi ilə geri qaytarılmışdır. Sonradan həmin qətnamə İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə məhkəmə qəbzinə imza atılmaqla rəsmi qaydada alınmışdır. Apellyasiya şikayətini isə xx.xx.2023-cü il tarixdə məhkəməyə təqdim etmişdir. Məhkəmə hesab edir ki belə olan təqdirdə, iddiaçının prosessual müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etməsi hüquqdan sui-istifadə kimi deyil, mülki hüquqi müdafiə vasitələrindən tam həcmdə istifadə etmə istəyi kimi qiymətləndirilməli, şəxsin hüquqları məhdudlaşdırılmamalıdır.
Şikayətin dəlilləri, birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə və şikayətə etirazın dəlilləri:
8. Cavabdeh2 QSC şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(005)- 1303/2023 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir.
9. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş müddət üzrsüz səbəblərdən ötürülmüşdür və müddətin bərpa edilməsi üçün əsas yoxdur. İddiaçı hazırki məhkəmə icraatında səlahiyyətli nümayəndəsi və vəkili Vəkil vasitəsi ilə təmsil olunmuşdur. Vəkil məhkəmə iclaslarından iştirak etmiş, iş üzrə qəbul edilmiş qətnamədən məlumatlı olmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1303/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi vəkilin elektron kabinetinə yerləşdirilmiş, lakin vəkil tərəfindən qanunvericilikdə müəyyən olunmuş müddətdə apellyasiya şikayəti verilməmişdir. Qətnamənin iddiaçının vəkilinin elektron kabinetinə yerləşdirilməsi qətnamənin iddiaçı tərəfindən rəsmi qaydada alınması kimi qiymətləndirilməlidir. Qətnamə elektron qaydada iddiaçının nümayəndəsinə məxsus elektron kabinetə yerləşdirildiyi vaxtdan ona rəsmi qaydada verilmiş hesab edilir. Həmçinin qeyd edilməlidir ki, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadına əsasən iddiaçı apellyasiya şikayəti geri qaytarılmış, geri qaytarılmanın əsası olaraq qətnamənin iddiaçının vəkilinin elektron kabinetinə xx.xx.2023-cü il tarixdəı yerləşdirildiyi qeyd edilmişdir. Bütün bu hallardan görünür ki, iddiaçı və onun vəkili qətnamədən artıq 10 iyul 2023-cü il tarixdən məlumatlı idi və müddət də məhz həmin tarixdən hesablanmalıdır.
10. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1303/2023 saylı, xx.xx.2023cü il tarixli qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(005)- 1303/2023 nömrəli qərardadından Cavabdeh2 QSC tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətin işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
11. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.
12. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq normaları:
13. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.
14. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 128.1-cı maddəsinə əsasən, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir.
15. Həmin Məcəllənin 130.1-ci maddəsinin tələblərinə görə, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
16. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
17. Mülki Prosessual Məcəllənin 133.2-ci maddəsinə əsasən buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.) (Maddə 133.3)
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, ərizə təmin edilməməlidir.
19. İşə birinci instansiya məhkəməsində baxılması zamanı İddiaçı nümayəndə və vəkili Vəkil tərəfindən təmsil edilmiş və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)-1303/2023 saylı qətnaməsi Vəkil elektron kabinetinə 10 iyul 2023-cü il tarixdə yerləşdirilmişdir.
20. Göründüyü kimi İddiaçı münasibətdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)-1303/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş müddət 11 avqust 2023-cü il tarixə qədər olmuşdur.
21. İddiaçı tərəfindən apellyasiya şikayəti məhkəməyə xx.xx.2023-cü il tarixdə təqdim edilərək, qanunvericiliklə müəyyən edilmiş müddət ötürülmüşdür.
22. “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.
23. Beləliklə, üzürlü səbəblər müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyrimümkün edən elə hallardır ki, onların mövcudluğu tərəfə nəzərdə tutduğu prosessual hərəkəti etməyə imkan vermir və ya əhəmiyyətli dərəcədə çətinləşdirir. Odur ki, elə obyektiv və ya subyektiv halların mövcudluğu üzürlü səbəblər kimi qəbul edilə bilər ki, onların mövcudluğu şəxsə müvafiq prosessual hərəkəti etməyə mane olsun. Bir qayda olaraq şəxsin özünün və ya yaxın ailə üzvünün prosessual hərəkətin həyata keçirilməli olduğu dövr ərzində xəstə olması, xidməti ezamiyyətdə olma və s. kimi hallar üzürlü səbəblər kimi qəbul edilir.
24. Hazırki işin halları baxımından isə belə hallar mövcud deyildir, belə ki, İddiaçı tərəfindən qətnamədən şikayət verə bilməsinə maneə törədəcək üzrlü səbəblərlə (xəstəlik, ezamiyyət, qarşısı alınmaz qüvvənin təsiri və s.) qarşı-qarşıya qalmış olmasına dair hər hansı sübut təqdim edilməmişdir.
25. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi buraxılmış prosessual müddətin bərpa edilməsi barədə qərardad qəbul etməklə düzgün olmayan nəticəyə gəlmişdir.
26. Mülki Prosessual Məcəllənin 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır.
27. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Q Ə R A R A A L D İ:
Şikayət təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1303/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 QSC-yə qarşı, Ağcabədi rayon İcra və Probasiya şöbəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “hərracın nəticələri haqqında yekun protokolların etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)-1303/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa edilməsi barədə İddiaçı ərizəsi təmin edilməsin. Qərardad dərhal icra olunsun. Qərardaddan şikayət verilə bilməz.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev