Məhkəmə qərarları › İş №2(103)-7499/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7499/2020

15.10.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7499/2020 15.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil1, Cavabdeh2, habelə digər Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə köçürülmə və istifadə hüququnun tanınması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilən apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2lə xx xxxxxxxx 2015-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurduğunu, ailə qurduqdan sonra Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi massiv 2, ev 6 ünvanına gəlin köçdüyünü, cehiz əşyalarını özbaşına tikili olan həmin evə yerləşdirdiyini və cavabdehlərlə birlikdə orada yaşadığını, nikahından xx.xx.2017-ci il tarixdə Fatimə adını verdikləri uşaqlarının dünyaya gəldiyini, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən nikahlarının pozulduğunu və uşağın onun himayəsinə verildiyini, bundan sonra onu və azyaşlı qızını evə buraxmadıqlarını, hazırda qızıyla birlikdə valideynlərinin yanında yaşadığını bildirmiş, buna görə də qızı Fatimə Babayeva ilə birlikdə sözügedən evə köçürülməsi və evə istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbləri təmin olunmamışdır. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddia tələblərinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin yuxarıda göstərilən məzmununa uyğun əsaslandırmaqla məhkəmənin işin həqiqi hallarını və tərəflərin qarşılıqlı münasibətlərini hərtərəfli araşdırmadığını, sübutları düzgün qiymətləndirmədiyini, evin özbaşına tikili olmasını və cavabdehlərin orada pasport qeydiyyatında olmalarını nəzərə almadığını, maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu irəli sürmüşdür. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun vəkili apellyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını, cavabdeh Pərviz Muradaov, habelə digər Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil2 isə şikayətin əsassız olduğunu bildirərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin müəyyən olunmuş və mübahisələndirilməyən hallarına əsasən iddiaçı, Cavabdeh2 ilə xx.xx.2015-ci il tarixdə rəsmi nikaha daxil olaraq onun valideynlərinin yaşadıqları Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi massiv 2, ev 6 ünvanına gəlin köçmüş, nikahından xx.xx.2017-ci il tarixdə Fatimə adını verdikləri uşaqları dünyaya gəlmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. İşin mübahisələndirilməyən halı həmçinin ondan ibarətdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi massiv 2 ünvanında yerləşən 6 saylı ev dövlət reyestrində qeydiyyatdan keçməmişdir, lakin həmin evə dair Qaradağ rayon İcra Hakimiyyəti başçısının Qızıldaş Qəsəbə nümayəndəliyində təsərrüfat kitabı açılmaqla cavabdehlər 1995-ci ildən oraya pasport qeydiyyatına alınmışlar. Məhkəmə kollegiyası ilk növbədə nəzərə alır ki, iddiaçının tələbi dövlət reyestrində qeydiyyatdan keçmədiyinə görə hüquqi statusu etibarilə özbaşına tikili hesab edilən evlə bağlıdır. Ona görə də, özbaşına tikiliyə köçürülmə məsələlərini birbaşa tənzimləyən maddi hüquq norması olmadığından kollegiyanın qənaətinə görə mübahisə analoji münasibətləri tənzimləyən hüquq normalarının tələblərinə uyğun həll edilməlidir. Belə ki, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 13.1-13.2-ci maddələrinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Həmin Məcəllənin 11.2-ci maddəsinə əsasən, oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının 2015-ci ilin sentyabr ayından sonra mübahisəsi gedən evdə yaşadığını nəzərə almaqla mübahisəyə xx xxxxxxx 2009-cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsini tətbiq etməkdə haqlı olmuşdur. Həmin Məcəllənin 30.1-ci və 30.2-ci maddələrinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar; 30.4-cü maddəsinə görə isə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin şərh edilməsinə dair” xx xxxxxxx 2013-cü il tarixli qərarında Konstitusiya Məhkəməsi göstərilən normanı aşağıdakı kimi təfsir etmişdir: “Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin məzmununa görə yaşayış sahəsinin mülkiyyətçisi ilə onun ailə üzvləri arasında həmin yaşayış sahəsindən istifadə qaydalarını tənzimləyən razılaşma bağlanmışdırsa bu maddənin müddəaları tətbiq olunmur. Bu cür razılaşmanın hər hansı şərtinin müəyyənləşdirilməməsi onun iştirakçılarına geniş sərbəstlik vermişdir. Məhz bu səbəbdən belə razılaşma qismində həm mülki (məsələn, əmlak kirayəsi müqaviləsi və ya əvəzsiz istifadə haqqında müqavilə), həm də ailə qanunvericiliyi (nikah müqaviləsi və ya alimentin ödənilməsinə dair razılıq) ilə nəzərdə tutulan bu və ya digər müqavilə, yaxud razılıq, habelə qüvvədə olan qanunvericiliyə zidd olmayan digər razılıq növü çıxış edə bilər. Göstərilən münasibətlər razılaşma ilə tənzimlənmədikdə, ailə münasibətlərinə xitam verilməsi keçmiş ailə üzvü tərəfindən yaşayış sahəsindən istifadə hüququnun itirilməsi üçün əsasdır, bu da öz növbəsində Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə nəzərdə tutulmuş digər qaydaların tətbiqini mümkün edir. Eyni zamanda, digər ailə üzvləri ilə yaşayış sahəsinin mülkiyyətçisi arasında ailə münasibətlərinə xitam verilməsi mütləq qaydada keçmiş ailə üzvü üçün yaşayış sahəsindən istifadə hüququnun itirilməsi ilə nəticələnmir. Mənzil Məcəlləsinin 30.4-cü maddəsi bir neçə halda bu hüququn saxlanılması imkanını nəzərdə tutur. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Mənzil Məcəlləsinin 30.4-cü maddəsi mənzil ehtiyaclarının təmin olunması üçün heç bir başqa imkanı və vəsaiti olmayan keçmiş ailə üzvlərinin bu ehtiyaclarının ödənilməsi məqsədilə yaşayış sahəsinin mülkiyyətçisinin hüquqlarının müəyyən müddətə məhdudlaşdırılmasına yol verir. Beləliklə, yaşayış sahəsindən istifadə hüququnun mövcud olması üçün əsaslar olmadıqda belə bu hüquq, keçmiş ailə üzvünün mənzil maraqlarının qorunması məqsədilə məhkəmə qaydasında saxlanıla bilər. Bu mənada həmin hüququn Mənzil Məcəlləsinin 30.4-cü maddəsində nəzərdə tutulan ağlabatan və ədalətli əsas olduğu halda həyata keçirilməsi və bu hüququn yalnız müəyyən müddətə saxlanılması mülkiyyətçinin hüququnun məhdudlaşdırılmasının mütənasibliyinə dəlalət edir”. Yuxarıda qeyd olunduğu kimi, iddiaçı ilə Cavabdeh2 arasında olan nikaha məhkəmə qətnaməsi əsasında xitam verilmiş və beləliklə də onunla evdən yaşayış sahəsi kimi istifadə edən cavabdehlər arasındakı ailə münasibətlərinə son qoyulmuşdur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarındakı hüquqi mövqelərə görə, “...Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də, həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz”. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin müraciətinə dair” xx.xx.2015-ci il tarixli Qərardadında isə Konstitusiya Məhkəməsinin Palatası qeyd etmişdir ki, “Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə təsbit olunan yaşayış sahəsindən istifadə hüququnun saxlanılmasından yalnız mülkiyyətçinin keçmiş ailə üzvü yararlana bilər. Bu mənada hansı şəxslərin ailə üzvü dairəsinə aid olmasını müəyyən edərkən məhkəmələr həmin Məcəllənin 30.1-ci maddəsini, habelə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014cü il tarixli Qərarında əks olunan hüquqi mövqeləri nəzərə almalıdırlar”. Konstitusiya Məhkəməsinin qeyd olunan hüquqi mövqelərinə uyğun olaraq kollegiya hesab edir ki, İddiaçı mübahisəsi gedən evə sahiblik edən şəxslərdən (Cavabdeh2 valideynlərindən) özünün saxlanılmasını tələb etmək hüququ olmadığından, yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də ola bilməz; buna görə də, birinci instansiya məhkəməsinin iddiaçının iddia tələbləri üzrə gəldiyi qənaət həm işin mübahisələndirilməyən hallarına, həm də mülki qanunvericiliyə uyğun olmuşdur. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-990/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar