Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-75/2021 07.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi, İddiaçı iştirakı ilə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 04 dekabr 2018-ci il tarixli, 2(003)-6875/2018 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hal-hazırda Cavabdeh qanunsuz sahibliyində və istifadəsində olan, qanunla ona məxsus ünvan 1 ünvanına yaxın yerləşən 553 kv.m sahə və həmin sahədə yerləşən avtomobillərin təmiri üçün nəzərdə tutulan tikililərin boşaldılaraq ona təhvil verilməsi və vurulmuş 83500 manat zərərin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsində Cavabdeh Azərbaycan Respublikası CM-nin 322.1-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işinə baxılmış və təqsirləndirilən şəxs Cavabdeh məhkəmənin 23.02.2015-ci il tarixli hökmü ilə təqsirli bilinərək 300 manat məbləğində cərimə cəzasına məhkum etmişdir. Həm ibtidai, həm də məhkəmə istintaqı ilə müəyyən edilmişdir ki, Cavabdeh 28.08.2010-cu il tarixli 46 saylı müqavilə ilə Binə qəsəbə bələdiyəsi tərəfindən ona 2040-cı ilədək icarəyə verilmiş Binə qəsəbəsi, Ə.İsazadə küçəsində yerləşən 553 kv.m sahədə avtomobillərin təmiri üçün bokslar tikdirib, bundan bir müddət istifadə etdikdən sonra 2011-ci ilin sonlarından həmin sahənin öz evi yanında olmasını bəhanə gətirib həmin sahənin yoldan giriş hissəsinə daşlardan divar çəkmiş, sexə gələn elektrik və telefon xəttini kəsib iş fəaliyyətini pozmaqla onun həmin tikilini tərk etməsi üçün fəaliyyətinə mane olaraq özbaşınalıq edib hazırkı vaxtadək qanunla və digər normativ hüquqi aktla müəyyən edilmiş davranış qaydasına zidd olaraq qanuniliyi vətəndaş tərəfindən təkzib edilən hərəkəti özbaşına törədib ona 3500 manat dəyərdə ziyan vurmuşdur. Bundan başqa cavabdeh onun 2011-ci ilin sonlarından halhazıra kimi özünə məxsus avtomobillərin təmiri üçün inşa etdirdiyi bokslardan əldə edə biləcəyi 80000 manat gəlirdən məhrum etmişdir. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 04 dekabr 2018-ci il tarixli, 2(003)-6875/2018 saylı qətnaməsinə əsasən iddia təmin edilməmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, onun təmin edilməsini, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 04 dekabr 2018-ci il tarixli, 2(003)-6875/2018 saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində qeyd olunur ki, Mülki Prosessual Məcəlləsinin 82.3 maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Belə ki, Cavabdeh mübahisəli qeyri-yaşayış sahəsini özbaşnalıq edərək zəbt etməsi Bakı şəhər Xəzər rayon Məhkəməsinin 23.02.2015-ci il tarixli 1(003)-12/2015 saylı hökmü ilə sübut edilmiş və o, Cinayət Məcəlləsinin 322.1 maddəsinə əsasən 300 (üç yüz) manat cərimə edilmişdir. Həmçinin qeyd olunan məhkəmə hökmü ilə mübahisəli qeyri-yaşayış sahəsinə dair icarə müqaviləsi ilə İddiaçı məxsusluğu da əksini tapmışdır. Həmçinin məhkəmə hökmündə iş materiallarında Binə qəsəbə nümayəndəliyi tərəfindən tərtib edilmiş 30.08.2013-cü il tarixli 218 saylı arayışda Cavabdeh məxsus olan evin 515 kv metr həyətyanı torpaq sahəsi var. Həmçinin məhkəmə iş materiallarında Xəzər rayonu Binə qəsəbə bələdiyyəsi tərəfindən verilmiş 30.09.2013-cü il tarixli 209 saylı arayışda İddiaçı 28.08.2010-cu il tarixində Binə qəsəbəsində 553 kv metr torpaq sahəsi verilmişdir. (Qeyd olunan məhkəmə hökmünün surəti məhkəməyə təqdim olunmuşdur). Bundan başqa Cavabdeh məxsus evin və torpaq sahəsinin hüquqi təsdiq edici sənədlər Qətnamə qəbul edilmiş məhkəməyə təqdim edilmişdir. Bütün bunlara baxmayaraq əmlak ekspertinin rəyi və məhkəmənin qətnaməsi şübhə doğurur. Bundan başqa məhkəmə iki dəfə emalatxanaya baxış keçirmiş və hər dəfə emalatxananın fəaliyyət göstərdiyini görmüşdür. Lakin məhkəmə tərəfindən təqdim edilmiş sənədləri nəzərə almadan düzgün hüquqi münasibət bildirmədiyi halda Cavabdeh ona məxsus emalatxanadan qanunsuz istifadə etməsinə şərait yaradan qətnamə qəbul etmiş, məhkəmə səlahiyyətlərindən istifadə edərək polis və prokurorluq orqanlarına xüsusi qərardad qəbul etməmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə etdi, apellyasiya şikayətində göstərilənlərə uyğun məzmunda izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığınımübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, işdə olan sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 04 dekabr 2018-ci il tarixli, 2(003)-6875/2018 saylı qətnaməsi ləğv edilməli, işdə olan sübutlar əsasında yeni qətnamə qəbul edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən qeyd etmişdir ki, İddiaçı Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Əli İsazadə küçəsində yerləşən ümumi sahəsi 553 kv.m olan torpaq sahəsinin Binə Bələdiyyəsi tərəfindən ona icarəyə verildiyini bildirsə də, həmin sənədlərin əslini məhkəməyə təqdim etməmişdir. Bundan başqa Binə Bələdiyyəsinin arxivində İddiaçı torpaq sahəsinin icarəyə verilməsi barədə hər hansı sənəd mövcud deyildir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 23 fevral 2015-ci il tarixli, 1(003)-12/2015 saylı hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.1-ci maddəsi ilə təqsirli bilinərək, 300 (üç yüz) manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. Həmin hökmlə müəyyən edilmişdir ki, Cavabdeh 28 avqust 2010-cu il tarixli, 46 saylı müqavilə ilə Binə qəsəbə Bələdiyyəsi tərəfindən İddiaçı 2040-cı ilədək icarəyə verilmiş Binə qəsəbəsi, Ə.İsazadə küçəsində yerləşən 553 kvadrat metr sahədə avtomobillərin təmiri üçün bokslar tikdirib, bundan bir müddət istifadə etdikdən sonra 2011-ci ilin sonlarından həmin sahənin öz evi yanında olmasını və ata-baba torpağı olmasını bəhanə gətirib həmin sahənin yoldan giriş hissəsinə daşlardan divar çəkib, sexə gələn elektrik və telefon xəttini kəsib iş fəaliyyətini pozmaqla, icarədar İddiaçı həmin tikilini tərk etməsi üçün fəaliyyətinə mane olaraq özbaşınalıq edib, hazırkı vaxtadək qanunla və digər normativ hüquqi aktla müəyyən edilmiş davranış qaydasına zidd olaraq qanuniliyi vətəndaş tərəfindən təkzib edilən hərəkəti özbaşına törədib İddiaçı 3500 manat dəyərində mühüm ziyan vurmuşdur. İş materiallarında olan “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” 28 avqust 2010-cu il tarixli 46 saylı müqavilənin notariat qaydasında təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi, Əli İsazadə küçəsində yerləşən ümumi sahəsi 553 kv.m olan torpaq sahəsi Binə Bələdiyyəsi tərəfindən 28 avqust 2010-cu il tarixdən 28 avqust 2040-cı il tarixədək İddiaçı icarəyə verilmişdir. İş materiallarında olan Bakı şəhəri 33 saylı dövlət notariat kontorunda 10 iyul 2010-cu il tarixdə reyestrdə 7-E/1226 nömrə ilə qeyd edilmiş etibarnamənin surətindən görünür ki, Cavabdeh ona məxsus Binə qəsəbəsi Ə.İsazadə küçəsi ev 39 ünvanında avtomaşınların texniki təmiri üçün 400 kv.m /0.04 ha/ torpaq sahəsindən İddiaçı bütün növ sahibkarlıq fəaliyyəti ilə məşğul olmağı etibar etmişdir. İş materiallarında olan Bakı şəhəri 33 saylı dövlət notariat kontorunun 08 noyabr 2016-cı il tarixli 82 saylı məktubunun məzmunundan görünür ki, Bakı şəhəri 33 saylı dövlət notariat kontorunda 10 iyul 2010-cu il tarixli 7-E/1226 reyestrlə qeydə alınmış etibarnamə 29 aprel 2011-ci il tarixdə ləğv edilmişdir. İş materiallarında olan Maştağa rayon X2 İcraiyyə Komitəsinin 22 may 1953-cü il tarixli 5 saylı protokolundan görünür ki, Binə qəsəbəsində yaşayan X1 Binə qəsəbəsində 400 kv.m yer verilmişdir. İş materiallarına əlavə edilmiş Binə qəsəbə nümayəndəliyi tərəfindən verilmiş 21 noyabr 2016-cı il tarixli 421 nömrəli məktubdan görünür ki, texniki pasporta əsasən və həmin texniki pasportda göstərilmiş qeyddə Cavabdeh atası mərhum X1 Maştağa rayon İK tərəfindən 5/55 saylı 22.05.1953-cü il tarixli qərarla Binə qəsəbəsində 515.0 kv.m torpaq sahəsi ayrılmışdır. İş materiallarına əlavə edilmiş Binə Bələdiyyəsinin 17 noyabr 2016-cı il tarixli 237 saylı məktubunun məzmunundan görünür ki, Binə Bələdiyyəsinin sabiq rəhbəri barəsində Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı mübarizə idarəsində cinayət faktı üzrə açılmış cinayət işi ilə əlaqədar bir çox sənədlər Binə Bələdiyyəsinin arxivindən götürülmüş və indiyə kimi geri qaytarılmamışdır. Odur ki, 28 avqust 2010-cu il tarixli 46 saylı icarə müqaviləsinə əsasən İddiaçı torpaq sahəsinin icarəyə verilməsi barədə Binə Bələdiyyəsinin arxivində heç bir məlumat olmadığından, ünvanınıza təqdim etmək mümkün deyildir. İş materiallarında olan Binə Bələdiyyəsinin 12 dekabr 2016-cı il tarixli 261 saylı məktubundan görünür ki, bələdiyyənin əməkdaşları tərəfindən Ə.İsazadə küçəsi 39 ünvanında Cavabdeh uzun müddət istifadəsində olan torpaq sahəsinə və onun ətrafına baxış keçirilmiş və orada boş torpaq sahəsinin olmadığı müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Binə Bələdiyyəsinin 08 iyun 2017-ci il tarixli, 118 saylı məktubundan görünür ki, İddiaçı Binə qəsəbəsi Ə.İsazadə küçəsi 39 ünvanına yaxın ərazidə icarəyə torpaq sahəsinin götürülməsi barədə Binə Bələdiyyəsinə müraciət etmiş, İddiaçı sözügedən 46 saylı 28 avqust 2010-cu il tarixli icarə müqaviləsinin verilməsi barədə bələdiyyənin arxivində heç bir məlumat aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin 31.10.2018-ci il tarixli 21268 nömrəli rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisi tərəfindən tərtib edilmiş 23.05.2018-ci il tarixli rəyə əsasən İddiaçı Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Ə.İsazadə küçəsində ayrılmış 553 kv.metr sahəni Baş plandan çıxarışda qeyd olunmuş ölçülərdə eni 12.8 metr və 26.7 metr, uzunluğu 25 metr və eni 31 metr olmaqla naturada müəyyən etmək mümkün olmamışdır. Həmin torpaq sahəsinin ayrılmasının Azərbaycan Respublikasının 15 mart 2007-ci il tarixli 274-11 Q nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin tələblərinə uyğun həyata keçirilmədiyi müəyyən edilmişdir. Bu səbəbdən ikinci sualda göstərilən məsələ cavablandırmamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisi tərəfindən tərtib edilmiş 23.05.2018-ci il tarixli rəyə əsasən Cavabdeh istifadəsində naturada faktiki olaraq 841 kv.m torpaq sahəsinin mövcud olduğu müəyyən edilmişdir. Cavabdeh adına 400.0 kv.m torpaq sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sənədlər təqdim edilmədiyi üçün faktiki istifadədə olan torpaq sahəsinin artıq və ya az olmasını müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisi tərəfindən tərtib edilmiş 23.05.2018-ci il tarixli rəyə əsasən mübahisələndirilən ərazidə yerləşən ümumi sahənin 484 kv.m təşkil etdiyi müəyyən edilmişdir. Birinci və üçüncü suallarda göstərilən səbəblərdən sözügedən tikintilərin yerləşdiyi torpaq sahəsinin kimə məxsus olmasını müəyyən etmək mümkün olmamışdır. İş materiallarından Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 13.05.2019-cu il tarixli, 1(003)- 12/2015 saylı məktubundan görünür ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 23 fevral 2015-ci il tarixli, 1(003)-12/2015 saylı hökmü qanuni qüvvəsini almışdır. İş materiallarından “Telekommunikasiya xidmətlərinin göstərilməsi üçün “Bank müəssisəsi” ilə “Abunəçi” arasında 28.12.2012-ci il tarixdə bağlanmış müqaviləyə əsasən Xəzər rayon Telefon Qovşağı ilə İddiaçı arasında telekommunikasiya xidmətlərinin göstərilməsi razılaşdırılmışdır. İş materiallarından Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 11 iyun 2019-cu il tarixli, 2(003)- 1612/2019 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdehlər İddiaçı və Xəzər rayonu Binə qəsəbə Bələdiyyəsinə qarşı “icarə müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddiası rədd edilmişdir. Həmin qətnamədə məhkəmə qeyd etmişdir ki, Cavabdeh “icarə müqaviləsinin ləğv edilməsi”ni mübahisələndirmək üçün subyektiv hüquqa malik deyildir. İş materiallarından 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 07.10.2019-cu il tarixli, 2- 1(82)-2816/2019 saylı qərardadının surətindən görünür ki, iddiaçı Cavabdeh Bakı şəhəri Xəzər rayonu Binə Bələdiyyəsinə qarşı (üçüncü şəxs İddiaçı olmaqla) Binə Bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış 28.08.2010-cu il tarixli, 46 saylı müqavilənin etibarsız hesab edilməsi barədə iddiası mümkün sayılmamışdır. Həmin qərardadla məhkəmə qeyd etmişdir ki, iddia tələbi ilə qanuniliyi mübahisələndirilən Binə Bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış 28.08.2010-cu il tarixli, 46 saylı torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə mülki hüquqi əqd sayıldığından, inzibati akt hesab edilmir. Apellyasiya mərhələsində kesirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 08 fevral 2021-ci il tarixli, 10/3609 saylı rəyindən görünür ki, "xxxx" MMC tərəfindən tərtib edilmiş 18 yanvar 2021-ci il tarixli, 02 saylı mütəxəsis rəyinə əsasən İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsində ayrılmış 553 kv.m torpaq sahəsinin yerini müəyyən etmək mümkün olmadığından, Baş Plandan çıxarışda qeyd olunmuş ölçülərdə-eni 12,8 metr və 26,7 metr, uzunluğu 25 metr və 31 metr təşkil edən torpaq sahəsini naturada müəyyən etmək mümkün olmamışdır. Tədqiq olunan qeyri-yaşayış sahəsi faktiki olaraq 4 ədəd bir mərtəbəli tikililərdən ibarət olub. 1 saylı tikilinin uzunluğu 8 metr, eni 8 metr, 2 saylı tikilinin uzunluğu 7,4 metr, evi 8,1 metr, 3 saylı tikilinin uzunluğu 7,8 metr, evi 7,2 metr, 4 saylı tikilinin uzunluğu 2,4 metr, eni 7,8 metr təşkil edir. Mütəxəsis rəyinə əsasən, İddiaçı mübahisələndirdiyi 5 ədəd avtomobil təmir sexi və 5 ədəd avtomobil təmiri sexinin 1 ədəd qeyri-yaşayış sahəsi (üzərində icbari sığorta yazısı olan) olan tikililərin həmin torpaq sahəsində yerləşib-yerləşməməsini müəyyən etmək mümkün olmamışdır. Mütəxəsis rəyinə əsasən, Cavabdeh ünvan 2 ünvanında faktiki istifadəsində 0,14 ha torpaq sahəsi mövcud olduğu müəyyən edilmişdir. Mütəxəsis rəyinə əsasən Cavabdeh istifadəsində rəsmi olaraq ayrılmış 400 kv.m torpaq sahəsindən artıq 0,10 ha torpaq sahəsi olduğu müəyyən edilmişdir. Mütəxəsis rəyinə əsasən, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsində inşa olunmuş mübahisəli 5 ədəd avtomobil təmiri sexi və 1 ədəd qeyri-yaşayış sahəsinin (üzərində icbari sığorta yazısı olan) Cavabdeh zəbt etdiyi torpaq sahəsinin 480 kv.m ilə üst-üstə düşdüyü müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” 28 avqust 2010-cu il tarixli, 46 saylı müqaviləyə əsasən Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi, Əli İsazadə küçəsində yerləşən ümumi sahəsi 553 kv.m olan torpaq sahəsi Binə Bələdiyyəsi tərəfindən 28 avqust 2010-cu il tarixdən 28 avqust 2040-cı il tarixədək İddiaçı icarəyə verilmişdir. Bakı şəhəri 33 saylı dövlət notariat kontorunda 10 iyul 2010-cu il tarixdə verilmiş etibarnaməyə əsasən Cavabdeh ona məxsus Binə qəsəbəsi Ə.İsazadə küçəsi ev 39 ünvanında avtomaşınların texniki təmiri üçün 400 kv.m /0.04 ha/ torpaq sahəsindən İddiaçı bütün növ sahibkarlıq fəaliyyəti ilə məşğul olmağı etibar etmişdir. Həmin etibarnamə 29 aprel 2011-ci il tarixdə ləğv edilmişdir. Maştağa rayon X2 İcraiyyə Komitəsinin 22 may 1953-cü il tarixli 5 saylı protokoluna əsasən Binə qəsəbəsində yaşayan X1 Binə qəsəbəsində 400 kv.m yer verilmişdir. Texniki pasporta əsasən və həmin texniki pasportda göstərilmiş qeyddə Cavabdeh atası mərhum X1 Maştağa rayon İK tərəfindən 5/55 saylı 22.05.1953-cü il tarixli qərarla Binə qəsəbəsində 515.0 kv.m torpaq sahəsi ayrılmışdır. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 23 fevral 2015-ci il tarixli, 1(003)-12/2015 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.1-ci maddəsi ilə təqsirli bilinərək, 300 (üç yüz) manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. Həmin hökmlə müəyyən edilmişdir ki, Cavabdeh 28 avqust 2010-cu il tarixli, 46 saylı müqavilə ilə Binə qəsəbə Bələdiyyəsi tərəfindən İddiaçı 2040-cı ilədək icarəyə verilmiş Binə qəsəbəsi, Ə.İsazadə küçəsində yerləşən 553 kvadrat metr sahədə avtomobillərin təmiri üçün bokslar tikdirib, bundan bir müddət istifadə etdikdən sonra 2011-ci ilin sonlarından həmin sahənin öz evi yanında olmasını və ata-baba torpağı olmasını bəhanə gətirib həmin sahənin yoldan giriş hissəsinə daşlardan divar çəkib, sexə gələn elektrik və telefon xəttini kəsib iş fəaliyyətini pozmaqla icarədar İddiaçı həmin tikilini tərk etməsi üçün fəaliyyətinə mane olaraq özbaşınalıq edib hazırkı vaxtadək qanunla və digər normativ hüquqi aktla müəyyən edilmiş davranış qaydasına zidd olaraq qanuniliyi vətəndaş tərəfindən təkzib edilən hərəkəti özbaşına törədib İddiaçı 3500 manat dəyərində mühüm ziyan vurmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Prosessual Qanunvericiliyin tələbinə görə cinayət təqibi üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə baxılarkən hadisənin olub-olmaması, şəxsin həmin hadisəyə aidiyyətinin olub-olmaması hissəsində məcburidir. Kollegiya iddiaçının Cavabdeh qanunsuz sahibliyində və istifadəsində olan, qanunla ona məxsus ünvan 1 ünvanına yaxın yerləşən 553 kv.m sahə və həmin sahədə yerləşən avtomobillərin təmiri üçün nəzərdə tutulan tikililərin boşaldılaraq ona təhvil verilməsi tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Belə ki, ekspert rəyinə əsasən İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsində ayrılmış 553 kv.m torpaq sahəsinin yerini müəyyən etmək mümkün olmamışdır. İddiaçı mübahisələndirdiyi 5 ədəd avtomobil təmir sexi və 5 ədəd avtomobil təmiri sexinin 1 ədəd qeyriyaşayış sahəsi (üzərində icbari sığorta yazısı olan) olan tikililərin həmin torpaq sahəsində yerləşibyerləşməməsini müəyyən etmək mümkün olmamışdır. Cavabdeh ünvan 2 ünvanında faktiki istifadəsində 0,14 ha torpaq sahəsi mövcud olduğu müəyyən edilmişdir. Cavabdeh istifadəsində rəsmi olaraq ayrılmış 400 kv.m torpaq sahəsindən artıq 0,10 ha torpaq sahəsi olduğu müəyyən edilmişdir. Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsində inşa olunmuş mübahisəli 5 ədəd avtomobil təmiri sexi və 1 ədəd qeyri-yaşayış sahəsinin (üzərində icbari sığorta yazısı olan) Cavabdeh zəbt etdiyi torpaq sahəsinin 480 kv.m ilə üst-üstə düşdüyü müəyyən olunmuşdur. Kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. Göründüyü kimi, iddiaçının tələb etdiyi 553 kv.m torpaq sahəsi naturada yerində müəyyən olunmur. Cavabdeh ünvan 2 ünvanında faktiki istifadəsində 0,14 ha torpaq sahəsi mövcud olduğu, istifadəsində rəsmi olaraq ayrılmış 400 kv.m torpaq sahəsindən artıq 0,10 ha torpaq sahəsi olduğu müəyyən edilmişdir. Bundan əlavə onun tələb etdiyi 5 ədəd avtomobil təmiri sexi və 1 ədəd qeyriyaşayış sahəsinin (üzərində icbari sığorta yazısı olan) Cavabdeh zəbt etdiyi torpaq sahəsinin 480 kv.m ilə üst-üstə düşdüyü müəyyən olunmuşdur. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli Qərarına görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırılmalıdır. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. Hüquqi nəzəriyyəyə görə subyektiv mənada hüquq normativ-hüquqi aktla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə qanunla müəyyən edilmiş qaydaya riayyət edildikdə yaranır. Belə qaydaya riayyət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Kollegiya iddiaçının Cavabdeh qanunsuz sahibliyində və istifadəsində olan, qanunla ona məxsus ünvan 1 ünvanına yaxın yerləşən 553 kv.m sahənin boşaldılaraq ona təhvil verilməsi hissəsində iddiaçının subyektiv hüququ yaranmadığından, iddianın təmin edilməməsi nəticəsinə gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. MM-nin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək-onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Beləliklə, kollegiya hesab edir ki, iddiaçının tələb etdiyi 5 ədəd avtomobil təmiri sexi və 1 ədəd qeyri-yaşayış sahəsi (üzərində icbari sığorta yazısı olan) Cavabdeh zəbt etdiyi torpaq sahəsinin 480 kv.m hissəsində yerləşməklə, özbaşına tikililərdir. Özbaşına tikili ilə bağlı heç bir hüquqlar tanınmır. Buna görə də, iddia tələbi Cavabdeh qanunsuz sahibliyində və istifadəsində olan, qanunla ona məxsus ünvan 1 ünvanına yaxın yerləşən torpaq sahəsində olan avtomobillərin təmiri üçün nəzərdə tutulan tikililərin boşaldılaraq ona təhvil verilməsi hissəsində təmin edilə bilməz. Kollegiya qeyd edir ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 23 fevral 2015-ci il tarixli, 1(003)-12/2015 saylı hökmü iddianın təmin edilməyən hissəsində preyudisial əhəmiyyət kəsb etmir. Kollegiya iddiaçının cavabdehdən 3500 manat maddi zərərin tələb edilməsi hissəsində iddianı əsaslı hesab edərək, təmin edilməsi qənaətinə gəlir. Belə ki, cavabdehin telefon və elektrik kabelini kəsməklə iddiaçıya 3500 manat məbləğində zərər vurması qüvvədə olan məhkəmə hökmü ilə müəyyən olunmuşdur. Kollegiya qeyd edilən iddia tələbi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülkidövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. (MM-nin 21.2-ci maddəsi). Göründüyü kimi MM-nin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. MM-nin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və yazərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-nin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Kollegiya həmçinin qeyd edir ki, iddia tələbi “hal-hazırda Cavabdeh qanunsuz sahibliyində və istifadəsində olan, qanunla ona məxsus ünvan 1 ünvanına yaxın yerləşən 553 kv.m sahə və həmin sahədə yerləşən avtomobillərin təmiri üçün nəzərdə tutulan tikililərin boşaldılaraq ona təhvil verilməsi” hissəsində əsassız olmaqla təmin edilmədiyindən, iddia tələbi digər hissədə- “iddiaçının özünə məxsus avtomobillərin təmiri üçün inşa etdirdiyi bokslardan əldə edə biləcəyi 80000 manat gəlirin cavabdehdən tələb edilməsi” hissəsində təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsinin Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına istinadən, məhkəmə qeyd edir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Yuxarıda istinad edilən xüsusatları nəzərə alaraq kollegiya hesab edir ki, mülki prosesdə qəbul edilmiş və mülki prosesdə mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edən zaman 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən dövlət rüsumu iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən alınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən kollegiya hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddia tələbinin təmin olunmuş hissəsinə münasib olaraq cavabdehə aid edilməli, ondan 1,2 manat alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 115.0.1-ci maddəsinin tələbinə görə işə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinin tərkib hissəsi olan məhkəmə məsrəfi - yəni iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 200 (100+100) manatın 8 manatı cavabdehdən, 192 manatı iddiaçıdan alınıb, Az.MEM,VÖEN **********, AZ34CTRE ********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ**********0000 003944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1, 385.1.2, 385.1.3, 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 04 dekabr 2018-ci il tarixli, 2(003)-6875/2016 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 3500 (üç min beş yüz) manat maddi zərər, 1,2 (bir manat iyirmi qəpik) manat ödənilmiş dövlət rüsumu, cəmi 3501,2 (üç min beş yüz bir manat iyirmi qəpik) manat tutulsun. İddia qalan hissələrdə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 200 (100+100) (iki yüz) manatın 8 (səkkiz) manatı cavabdehdən, 192 (yüz doxsan iki) manatı iddiaçıdan alınıb, Az.MEM,VÖEN **********, AZ34CTRE ********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ**********0000 003944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Emin Mehdiyev Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-75/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-75/2021
07.04.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver