Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-75/2022 09.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cəmilova Xəyalə Adil qızı (sədrlik edən və məruzəçi), Mirzə Nəsib oğlu Tağızadədən və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, 3-cü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin Sabunçu rayon Mühafizə İdarəsinə qarşı “əmlak kompleksinin "xxxx" ASC-yə təhvil verilməsi, Sabunçu rayon Mühafizə İdarəsinin əmlak kompleksindən çıxarılması, həmin əmlak kompleksinin istifadə edilməsinə mühafizə idarəsi və digər şəxslər tərəfindən yaradılan maneənin aradan qaldırılması” tələbinə dair iddiası üzrə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-7335/2019 saylı 16 dekabr 2019-cu il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin Sabunçu rayon Mühafizə İdarəsi və 3-cü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə 09 fevral 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Leyla Məmmədbəyova 1 ünvanında 0,24824 ha torpaq sahəsində yerləşən 4646,1 kv.m. ümumi sahədən ibarət əmlak kompleksinin "xxxx" ASC-yə təhvil verilməsi, "xxxx" ASCnin əmlak kompleksini mühafizəsi ilə əlaqədar qoyulmuş Sabunçu rayon Mühafizə İdarəsinin əmlak kompleksindən çıxarılması və həmin əmlak kompleksinin istifadə edilməsinə mühafizə idarəsi və digər şəxslər tərəfindən yaradılan maneənin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 773/2016 saylı 28 noyabr 2017-ci il tarixli qətnaməsinə əsasən ona məxsus "xxxx" ASC-nin hər birinin nominal dəyəri 2 manat, ümumi dəyəri 9988 manat olan 4994 ədəd sənədli adi adlı səhmə; X9 məxsus "xxxx" ASC-nin hər birinin nominal dəyəri 2 manat, ümumi dəyəri 119.680 manat olan 59840 ədəd sənədli adi adlı səhmə; X2 məxsus "xxxx" ASC-nin hər birinin nominal dəyəri 2 manat, ümumi dəyəri 55970 manat olan 27985 ədəd sənədli adi adlı səhmə; "xxxx" ASC-yə məxsus ünvan 2 ünvanında istifadədə olan 0,24824 ha torpaq sahəsində yerləşən 4646,1 kv.m. ümumi sahədən ibarət əmlak kompleksinə; X10 məxsus ünvan 3 ünvanında istifadədə olan 0,863 ha torpaq sahəsində yerləşən 3196,1 kv.m. ümumi sahədən ibarət əmlak kompleksinə tutma yönəldilməsi və "xxxx" MMC-nin 25 dekabr 2009-cu il tarixli **********09 saylı kredit müqaviləsi üzrə iddiaçı ASC “Xalq” Bank qarşısındakı 2.000.000 manat məbləğində əsas borcu, 255.827,11 manat məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləği, əsas borcun müvafiq hissələrinin qaytarılmasının gecikdirilməsinə görə 02 avqust 2013-cü il tarixinə qədər 121.389,01 manat məbləğində hesablanmış cərimə faizləri, cəmi 3.377.216,12 manatın, ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin dövlət qeydiyyatına alınmalarına görə 60 manatın, eləcə də ödənilmiş 20 manat dövlət rüsumu məbləğində çəkilmiş xərclərin girov və ipoteka predmetlərinin dəyərindən iddiaçı ASC “Xalq” Bankın xeyrinə tutulması, "xxxx" ASC-yə məxsus ünvan 4 ünvanında istifadədə olan 0,24824 ha torpaq sahəsində yerləşən 4646,1 kv.m. ümumi sahədən ibarət əmlak kompleksinin hərracda ilkin satış qiymətinin 3.515,300 manat; X10 məxsus ünvan 5 ünvanında istifadədə olan 0,8563 ha torpaq sahəsində yerləşən 3196,1 kv.m. ümumi sahədən ibarət əmlak kompleksinin hərracda ilkin satış qiymətinin 294.800 manat müəyyən edilməklə həmin əmlakların açıq hərracdan satılması və satışdan əldə olunan vəsait hesabına ümumi borcun ödənilməsi qət edilmişdir. Bundan başqa, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 iyul 2019-cu il tarixli 2(005)-353/2019 №-li qətnaməsinə əsasən iddiaçılar "xxxx" ASC-nin və X6 iddiasının qismən təmin edilməsi, “X8” MMC tərəfindən "xxxx" ASC-nə məxsus ünvan 4 ünvanında istifadə olunan 0,24824 ha torpaq sahəsində yerləşən 4646,1 kv.m. ümumi sahədən ibarət əmlak kompleksinin və X10 məxsus ünvan 5 ünvanında istifadədə olan 0,8563 ha torpaq sahəsində yerləşən 3196,1 kv.m. ümumi sahədən ibarət əmlak kompleksinin "xxxx" ASC-yə satılmasına dair keçirilən hərracın yekunları barədə 20 avqust 2018-ci il tarixli 106/8 nömrəli protokolun və eyni tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında "xxxx" ASC-nin mülkiyyət hüququnun qeydə alınmasına dair Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli və RX seriyalı ******* nömrəli çıxarışların ləğv edilməsi, ünvan 2 ünvanında istifadə olunan 0,24824 ha torpaq sahəsində yerləşən 4646,1 kv.m ümumi sahədən ibarət əmlak kompleksi üzərində "xxxx" ASC-nin yüklülüyü saxlanılmaqla "xxxx" ASC-nin mülkiyyət hüququnun bərpa edilməsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində müvafiq qeydlərin aparılması, ünvan 3 ünvanında istifadədə olan 0,8563 ha torpaq sahəsində yerləşən 3196,1 kv.m ümumi sahədən ibarət əmlak kompleksi üzərində "xxxx" ASC-nin yüklülüyü saxlanılmaqla X6 mülkiyyət hüququnun bərpa edilməsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsində müvafiq qeydlərin aparılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 28 noyabr 2017-ci il tarixli 2(103)-773/2016 №-li qətnaməsi üzrə verilmiş icra sənədi Bakı şəhəri Cavabdeh icra məmuru Bəydulla Sadıqzadənin icraatına verilmiş və 15 oktyabr 2019-cu il tarixdə icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 iyul 2019-cu il tarixli 2(005)-353/2019 №-li qətnaməsinə əsasən isə verilmiş icra sənədi Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Elgiz Qəmbərovun icraatındadır. Həmin qətnamənin icrası hələ başa çatdırılmamış və icra sənədi icraatdadır. Qanuni qüvvədə olan məhkəmə qətnaməsinə əsasən mübahisəli əmlak üzərində mülkiyyət hüquqlarının bərpa edilməməsinə baxmayaraq, Bakı Apellyasiya Məhkəməsinin 28 noyabr 2017-ci il tarixli 2(103)- 773/2016 №-li icra sənədinin icrası ilə əlaqədar həmin əmlakın yenidən hərraca çıxarılması ilə bağlı icra hərəkətləri davam etdirilmiş, hazırda cavabdeh tərəfindən onun mülkiyyət hüquqları pozulur. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-7335/2019 saylı 16 dekabr 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Leyla Məmmədbəyova 1 ünvanında 0,24824 ha torpaq sahəsində yerləşən 4646,1 kv.m. ümumi sahədən ibarət əmlak kompleksinin "xxxx" ASC-yə təhvil verilməsi, "xxxx" ASC-nin əmlak kompleksinin mühafizəsi ilə əlaqədar qoyulmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin Sabunçu Rayon Mühafizə İdarəsinin əmlak kompleksindən çıxarılması və həmin əmlak kompleksindən istifadə edilməsinə mühafizə idarəsi və digər şəxslər tərəfindən yaradılan maneələrin aradan qaldırılması qət edilmişdir. Həmin qətnamədən narazı qalan 3-cü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsi və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Eyi zamanda qətnamədən narazı qalan cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin Sabunçu rayon Mühafizə İdarəsi tərəfindən də apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi xahiş edilmişdir. 3-cü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən aşağıda qeyd edilən bir çox kobud prosessual pozuntulara yol verilmişdir. Bu pozuntulardan biri məhkəmə aidiyyəti qaydalarının pozulması və bu zaman çıxarılmış qərardad üzrə prosessual qanunvericilikdə nəzərdə tutulmuş şikayət vermə müddəti gözlənilmədən, iş üzrə Bankın Konstitusiyada və prosessual qanunvericilikdə təsbit olunmuş məhkəmə müdafiəsi hüququnu pozmaqla işə mahiyyəti üzrə baxaraq qətnamə qəbul etməsidir. Belə ki, iddiaçı "xxxx" ASC ilk növbədə Cavabdehnə qarşı “icraata başlamaq haqqında qərarın qanunsuz hesab edilməsi, əmlak kompleksinin iddiaçıya təhvil verilməsi və Sabunçu rayon Mühafizə İdarəsinin oradan çıxarılması” tələbinə dair iddia ərizəsi ilə Sabunçu rayon Məhkəməsinə müraciət etmişdir. Qeyd edilən iş üzrə 22.11.2019-cu il tarixədək məhkəmədə 3 iclas təyin edilsə də, Bank prosesə nə cavabdeh, nə də 3-cü şəxs qismində cəlb edilmişdir. Halbuki mübahisəli 1-ci Əmlak üzrə Nərimanov rayon Məhkəməsinin 2(005)-353/2019 saylı 24.07.2019-cu il tarixli qətnaməsi ilə Bankın mülkiyyət hüququnu təsdiq edən Çıxarış ləğv edilsə də, əmlak üzərində Bankın ipoteka yüklülüyü saxlanılmışdır. İddia üzrə irəli sürülən tələblər və qəbul ediləcək məhkəmə aktı Bankın birbaşa maraqlarına toxunacağından (icra icraatının ləngidilməsi, əmlak kompleksinin Mühafizə İdarəsinin mühafizəsindən alınaraq iddiaçıya təhvil verilməsi ilə əmlakın məhv edilmə, yararsız vəziyyətə salınma riskinin mövcudluğu və s.) Bank tərəfindən “2(008)-7335/2019 saylı mülki iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində qoşulma barədə” 22.11.2019-cu il tarixli ərizə ilə məhkəməyə müraciət edilmişdir. İddia qanunvericilikdə nəzərdə tutulmuş aidiyyət qaydalarının pozulması ilə verildiyinə görə bank tərəfindən “məhkəmə aidiyyətinin dəyişdirilməsi barədə” ərizə məhkəməyə təqdim edilmişdir. Belə ki, qeyd edilən iddia tələbi üzrə mübahisə məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından (“icraata başlamaq haqqında qərarın qanunsuz hesab edilməsi”) irəli gəldiyinə görə mübahisəyə icra məmurunun olduğu yerin məhkəməsində - Sabunçu rayon Məhkəməsində deyil, icra məmurunun olduğu ərazi üzrə inzibatiiqtisadi məhkəməsində- 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılmalı idi. Lakin məhkəmə qanunvericiliyin qeyd edilən normalarının tələblərini kobud şəkildə pozaraq Bankın ərizəsinin təmin edilməməsi barədə 2(008)-7335/2019 saylı 05.12.2019-cu il tarixli qərardad qəbul etmişdir. Qeyd edilən qərardad 16.12.2019-cu il tarixdə rəsmi qaydada əldə edilmiş, məhkəməyə həmin qərardaddan şikayət veriləcəyi bildirilsə də, məhkəmə prosessual qanunvericiliyin tələblərini kobud şəkildə pozaraq işə mahiyyəti üzrə baxaraq həmin tarixdə qətnamə qəbul etmişdir. Eyni zamanda həmin gün Banka məlum olmuşdur ki, iddiaçı “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə təqdim etmiş, cavabdeh qismində İcra Şöbəsinin əvəzinə Mühafizə İdarəsi göstərilmiş və iddia tələbinin həcmi azaldılaraq tələb «əmlak kompleksinin iddiaçıya təhvil verilməsi, Mühafizə İdarəsinin oradan çıxarılması, Mühafizə İdarəsi və digər şəxslər tərəfindən yaradılan maneənin aradan qaldırılması» olaraq qeyd edilmişdir. Bu isə onu deməyə əsas verir ki, məhkəmə öz qanunsuzluqlarını ört-basdır etmək üçün tərəfə bu cür ərizənin verilməsini məsləhət görmüş, nəticədə məhkəmə aidiyyəti üzrə qəbul etdiyi qanunsuz və əsassız qərardadından şikayət verilməsinin bir növ qarşısını almış və işə mahiyyəti üzrə baxaraq həmin gün qətnamə qəbul etmişdir. Məhkəmə iş üzrə kifayət qədər araşdırma aparmadan hazırki tələb üzrə iddiaçının tələbinin əslində kimə (kimlərə) qarşı yönəlməli olmasını, cavabdehin (cavabdehlərin) kim olmasını aydınlaşdırmadan işə mahiyyəti üzrə baxmış, nəticədə iş üzrə məhkəmə baxışının prinsiplərinin (MPM 14-cü maddə) pozulması ilə qanunsuz qətnamə qəbul etmişdir. Göründüyü kimi, işə obyektiv və hərtərəfli baxılması üçün lazımi şəraiti yaratmadan, eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli Qərarında göstərilmiş tələblərə riayət etmədən məhkəmə əsl olmayan cavabdehə (cavabdehlərə) yönəlmiş tələbləri təmin etməklə nəticə etibarı ilə Bankın və İcra Şöbəsinin hüquqlarını pozan qətnamə çıxarmışdır. Məhkəmənin iddianın təmin edilməsi üçün gəldiyi nəticə də tamamilə əsassız və qanunsuzdur. Məhkəmə hesab etmişdir ki, "xxxx" ASC və X14 tərəfindən ASC “Xalq” Bankına və “X8” ASC-yə qarşı “hərracın nəticələri barədə protokolun etibarsız hesab edilməsi” haqqında iddia tələbinin təmin edilməsi barədə Nərimanov Rayon Məhkəməsin 24.07.2019-cu il tarixli 2(005)-353/2019 saylı qətnaməsinin qanuni qüvvəyə minməsi və mülkiyyət hüququnun (ipoteka yüklülüyündə olsa da) İddiaçıya keçməsi hazırki iddia tələbinin təmin edilməsinə əsasdır. Lakin Məhkəmə nəzərə almamışdır ki, tutma yönəldilən əmlakın bir şəxsin mülkiyyətində olması həmin əmlakın zərurət olduqda icra qurumu tərəfindən digər şəxsin saxlancına verilməsi halını istisna etmir. Belə ki, “İcra haqqında” Qanunun 52.1-ci (Borclunun əmlakının saxlanılması) maddəsinə əsasən borclunun əmlakı saxlanmaq üçün onun özünə və ya icra məmuru tərəfindən təyin olunmuş digər şəxslərə (saxlayıcıya) verilir. Məhkəmə isə icra məmuru tərəfindən 1-ci Əmlakın tələbkara saxlanca verilməsinin hansı zərurətdən irəli gəldiyini, bu zərurəti əsaslandıran əvvəlki məhkəmə qətnamələrində (ipoteka predmetinə tutmanın yönəldilməsi ilə bağlı) təsbit olunmuş halları (bu halları qeyd edəcək İcra Şöbəsi prosesə cəlb edilmədən) araşdırmadan, əmlakın iddiaçının mülkiyyətində olmasını əsas götürərək qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin Sabunçu rayon Mühafizə İdarəsi tərəfindən apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ASC “Xalq” Bank "xxxx" ASC-yə qarşı “kredit müqaviləsi üzrə (Kreditorun) tələblərinin təmin edilməsi üçün girov İpoteka müqaviləsi üzrə ipoteka predmeti olan ünvan 4 ünvanında istifadədə olan 0,24824 ha torpaq sahəsində yerləşən 4646,1 kv.m. ümumi sahədən ibarət əmlak kompleksinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət edilmiş və həmin idarə tərəfindən Bankın 1-ci Əmlaka mülkiyyət hüququnun qeydiyyata alınmasına dair 18.09.2018-ci il tarixli RX seriyalı ******* №-li, 2-ci Əmlaka mülkiyyət hüququnun qeydiyyata alınmasına dair isə 24.09.2018-ci il tarixli RX seriyalı ******* №-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışlar verilmişdir. Qeyd edilən əmlak obyektinə mülkiyyət hüququnu əldə etdikdən sonra Bank tərəfindən əmlakın mühafizəsini təmin etmək məqsədilə AR DİN Baş Mühafizə İdarəsinin Sabunçu rayon Mühafizə İdarəsi ilə 03.10.2018-ci il tarixdə iki tərəfli müqavilə bağlanmış və həmin obyektin mühafizəsi cavabdeh tərəfindən mühafizə olunur. Həmin müqaviləyə əsasən cavabdeh orqan tam məsuliyyət daşıyır və gələcəkdə qorunan obyektə dəymiş hər hansı bir zərərə görə onun hərəkətinə hüquqi qiymət veriləcəkdir. Azərbaycan Respublikası DİN-in Baş Mühafizə İdarəsi və onun struktur hissələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 may 1994-cü il tarixli 197 nömrəli Qərarına əsasən özünümaliyyələşdirmə prinsipi ilə fəaliyyət göstərir, mülkiyyətçilərlə bağlanmış müqavilələr əsasında alınan vəsaitlər hesabına saxlanılır. Mühafizə xidmətinin spesifikliyi ondan ibarətdir ki, mühafizə olunan obyektlərdən daxil olan vəsait hesabına əməkhaqları və digər müavinətlər ödənilir. 09.02.2022-ci il tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış iddiaçı və 3-cü şəxs X15 məhkəmə iclasında iştiraklarını təmin etməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. 09.02.2022-ci il tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə məlumat olan məhkəmə bildirişi onun göndərilməsi barədə poçt zərfinin üzərindəki qeydə əsasən «B92-aid deyil» və «bu ünvanda yaşamır» səbəbindən geri qaytarıldığı üçün müvafiq olaraq cavabdeh və 3-cü şəxs X14 məhkəmə iclası barədə məlumatlandırıla bilməmiş və ona görə də məhkəmə iclasında iştiraklarını təmin edə bilməmişdir. İşdə iştirak edən 3-cü şəxs hazırki işə həmin şəxslərin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 146 və 376.2-ci maddələrinin tələbinə görə işə iddiaçı "xxxx" ASC-nin, cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin Sabunçu rayon Mühafizə İdarəsinin, 3-cü şəxslər X7 və X6 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə iştirak edən 3-cü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X13 öz apellyasiya şikayətini müdafiə edərək və məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdi. 05.08.2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş iddiaçının qanuni təmsilçisi X22 apellyasiya şikayətlərini qəbul etməyərək onların təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Həmin tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X11 hər iki apellyasiya şikayətini müdafiə edərək onların təmin olunmasını və qətnamənin ləğv olunmasını xahiş etmişdi. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, proses iştirakçısının izahatını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, cavabdehin və 3-cü şəxsin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia rədd edilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdi ki, "xxxx" ASC-nin Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Leyla Məmmədbəyova 1 ünvanında 0,24824 ha torpaq sahəsində yerləşən 4646,1 kv.m. ümumi sahədən ibarət əmlak kompleksinə mülkiyyət hüququnun bərpa edilməsinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olmasına baxmayaraq "xxxx" ASC mülkiyyət hüquqlarından tam şəkildə istifadə edə bilmir, onun bu hüquqdan istifadə imkanı məhdudlaşdırılmış və o, mülkiyyət hüququndan məhrum edilməsə də, həmin hüquqların tam həyata keçirilməsinə cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin Sabunçi Rayon Mühafizə İdarəsinin həmin əmlak kompleksindən çıxmaması maneçilik törədir. Ona görə də məhkəmə hesab etmişdir ki, iddia əsaslıdır və təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, aşağıda göstərilənlərə əsasən birinci instansiya məhkəməsi iddiaçının iddia tələbinin təmin edilməsi ilə bağlı düzgün nəticəyə gəlməmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 28 noyabr 2017-ci il tarixli 2(103)-773/2016 №-li icra vərəqəsindən görünür ki, X18 məxsus "xxxx" ASC-nin hər birinin nominal dəyəri 2 manat, ümumi dəyəri 9988 manat olan 4994 ədəd sənədli adi adlı səhmə; X9 məxsus "xxxx" ASC-nin hər birinin nominal dəyəri 2 manat, ümumi dəyəri 119.680 manat olan 59840 ədəd sənədli adi adlı səhmə; X2 məxsus "xxxx" ASC-nin hər birinin nominal dəyəri 2 manat, ümumi dəyəri 55970 manat olan 27985 ədəd sənədli adi adlı səhmə; "xxxx" ASC-yə məxsus ünvan 2 ünvanında istifadədə olan 0,24824 ha torpaq sahəsində yerləşən 4646,1 kv.metr ümumi sahədən ibarət əmlak kompleksinə; X10 məxsus ünvan 3 ünvanında istifadədə olan 0,863 ha torpaq sahəsində yerləşən 3196,1 kv.metr ümumi sahədən ibarət əmlak kompleksinə tutma yönəldilməli və "xxxx" MMC-nin 25 dekabr 2009-cu il tarixli **********09 saylı kredit müqaviləsi üzrə iddiaçı ASC “Xalq” Bank qarşısındakı 2.000.000 manat məbləğində əsas borcu, 255.827,11 manat məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləği, əsas borcun müvafiq hissələrinin qaytarılmasının gecikdirilməsinə görə 02 avqust 2013-cü il tarixinə qədər 121.389,01 manat məbləğində hesablanmış cərimə faizləri, cəmi 3.377.216,12 manat, ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin dövlət qeydiyyatına alınmalarına görə 60 manat, eləcə də ödənilmiş 20 manat dövlət rüsumu məbləğində çəkilmiş xərclər girov və ipoteka predmetlərinin dəyərindən iddiaçı ASC “Xalq” Bankın xeyrinə tutulmalı, "xxxx" ASC-yə məxsus ünvan 2 ünvanında istifadədə olan 0,24824 ha torpaq sahəsində yerləşən 4646,1 kv.m ümumi sahədən ibarət əmlak kompleksinin hərracda ilkin satış qiyməti 3.515,300 manat; X10 məxsus ünvan 3 ünvanında istifadədə olan 0,8563 ha torpaq sahəsində yerləşən 3196,1 kv.m ümumi sahədən ibarət əmlak kompleksinin hərracda ilkin satış qiyməti 294.800 manat müəyyən edilməklə həmin əmlaklar açıq hərracdan satılmalı və satışdan əldə olunan vəsait hesabına ümumi borc ödənilməlidir. Həmin icra vərəqəsi Bakı şəhəri Cavabdeh icra məmuru X1 icraatına daxil olmuş, sonuncu tərəfindən 15 oktyabr 2019-cu il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş, 02 dekabr 2019-cu il tarixli qərara əsasən isə icra sənədi üzrə icraat dayandırılmışdır. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 24 iyul 2019-cu il tarixli 2(005)- 353/2019 №-li qətnaməsinə əsasən iddiaçılar "xxxx" ASC-nin və X6 iddiasının qismən təmin edilməsi, “X8” MMC tərəfindən "xxxx" ASC-nə məxsus ünvan 2 ünvanında istifadə olunan 0,24824 ha torpaq sahəsində yerləşən 4646,1 kv.m. ümumi sahədən ibarət əmlak kompleksinin və X10 məxsus ünvan 5 ünvanında istifadədə olan 0,8563 ha torpaq sahəsində yerləşən 3196,1 kv.m. ümumi sahədən ibarət əmlak kompleksinin "xxxx" ASC-yə satılmasına dair keçirilən hərracın yekunları barədə 20 avqust 2018-ci il tarixli 106/8 nömrəli protokolun və eyni tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında "xxxx" ASC-nin mülkiyyət hüququnun qeydə alınmasına dair Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli və RX seriyalı ******* nömrəli çıxarışların ləğv edilməsi, ünvan 6 ünvanında istifadə olunan 0,24824 ha torpaq sahəsində yerləşən 4646,1 kv.m. ümumi sahədən ibarət əmlak kompleksi üzərində "xxxx" ASCnin yüklülüyü saxlanılmaqla "xxxx" ASC-nin mülkiyyət hüququnun bərpa edilməsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində müvafiq qeydlərin aparılması, ünvan 5 ünvanında istifadədə olan 0,8563 ha torpaq sahəsində yerləşən 3196,1 kv.m. ümumi sahədən ibarət əmlak kompleksi üzərində "xxxx" ASC-nin yüklülüyü saxlanılmaqla X6 mülkiyyət hüququnun bərpa edilməsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsində müvafiq qeydlərin aparılması qət edilmişdir. Qeyd olunan qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilməsi üçün Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş, böyük icra məmuru X4 tərəfindən 20 sentyabr 2019-cu il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 27 noyabr 2019-cu il tarixli məktubundan görünür ki, ünvan 7 ünvanda yerləşən əmlak kompleksi kimi müəssisə 24.09.2018-ci il tarixdə "xxxx" ASC-nin adına qeydiyyatan keçmişdir və hazırda mülkiyyətindədir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin Sabunçu Rayon Mühafizə İdarəsi tərəfindən təqdim olunaraq iş materiallarına əlavə edilmiş sənədlərdən (mülkiyyətçinin zəmanət məktubu, obyektin mühafizəsinə dair müqavilə, qiymət cədvəli, obyektin mühafizəyə götürülməsinə dair əmrin surəti, obyektin ilkin (müqaviləqabağı) müayinə aktı, aktın təşkilatlara göndərilməsi barədə məktublar, siqnalizasiya sistemlərinin quraşdırılması barədə müayinə və istismara qəbulu aktları, obyektin mühafizəyə qəbulunun mümkünlüyü barədə icraçının arayışı) görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Leyla Məmmədbəyova 1 ünvanında 0,24824 ha torpaq sahəsində yerləşən 4646,1 kv.m. ümumi sahədən ibarət əmlak kompleksinin mühafizə edilməsi ilə bağlı "xxxx" ASC ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin Sabunçu Rayon Mühafizə İdarəsi arasında 03 oktyabr 2018-ci il tarixdə müqavilə bağlanmışdır. Apellyasiya baxışı zamanı iddiaçı "xxxx" ASC-nin cavabdehlər Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” MMC-yə və Cavabdehnə qarşı “hərrac protokolunun etibarsız sayılması” tələbinə dair iddiasının Bakı Kommersiya Məhkəməsinin icraatında olduğu məlum olmuşdur. Həmin işə baxılıb yekun məhkəmə qərarı qanuni qüvvəsini alanadək hazırki iş üzrə icraat Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3042/2020 saylı 05 avqust 2020-ci il tarixli qərardadı ilə dayandırılmışdır. Sonradan məlum olmuşdur ki, Bakı Kommersiya Məhkəməsinin 2- 2(113)-1324/2020 saylı 13.10.2020-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməməsi qət edilmiş və həmin qətnamə Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2-2(103)-539/2021 saylı 24 iyun 2021-ci il tarixli qətnaməsi, Azəbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının isə 2-2(102)-5792021 saylı 07 dekabr 2021-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Bu səbəbdən də hazırki iş üzrə icraatın dayandırılması aradan qalxdığı üçün məhkəmənin 2(103)-75/2022 saylı 06.01.2022-ci il tarixli qərardadı ilə iş üzrə icraat təzələnmişdir. Beləliklə, iddiaçının hazırki vəziyyətdə bu iddianı qaldırmaq səlahiyyətinin artıq mövcud olmadığı müəyyən olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Baxılan iş üzrə iddiaçı belə bir iddia qaldırmaq üçün müvafiq subyektiv hüquqa malik olduğunu təsdiq etmək üçün ilk növbədə əmlak komplesinə dair qanunla müdafiə olunan sahiblik, istifadə və ya sərəncam hüquqlarını təsdiq edən sübutlar təqdim etməlidir. Apellyasiya baxışı zamanı ünvan 8 ünvanda yerləşən əmlak kompleksi üzərində kimin (fiziki və ya hüquqi şəxsin) hüquqlarının (sahiblik, istifadə və icarə) qeydiyyatdan keçməsi, əmlak kompleksinə dair reyestrdən çıxarışın mövcud olub-olmaması, olduğu təqdirdə həmin çıxarışın təsdiq olunmuş surətinin məhkəməyə təqdim edilməsi ilə bağlı DƏDRX-nin bakı Ərazi İdarəsinə sorğu məktubu göndərilmişdir. Həmin sorğuya cavab olaraq 03.02.2022-ci il tarixdə DƏDRX-nin bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə daxil olmuş məktubun məzmunundan görünür ki, ünvan 9 ünvanında yerləşən əmlak kompelksi hazırda tam mülkiyyət hüququ üzrə "xxxx" ASC-nin adına qeydiyyata alınmışdır. Həmçinin sözügedən əmlak komlpeksinin bankın xüsusi mülkiyyətində olması məktuba əlavə edilmiş RX seriyalı 411958 saylı 24.09.2018-ci il tarixli çıxarışdan da müəyyən edilir. Göründüyü kimi, ünvan 8 ünvanda yerləşən əmlak kompleksinin iddiaçıya məxsus olması halı iş materialları ilə öz təsdiqini tapmır. Belə olan halda iddiaçının "xxxx" ASC-nin mülkiyyətində olan ünvan 8 ünvanda yerləşən əmlak kompleksinin təhvil verilməsi və cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin Sabunçu rayon Mühafizə İdarəsinin əmlakdan çıxarılmasını mübahisələndirmək üçün subyektiv hüququnun olması istisna edilir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməsi ilə bağlı düzgün nəticəyə gəlməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30.07.2008-ci il tarixli “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Baxılan iş üzrə iddiaçı belə bir iddia qaldırmaq üçün müvafiq subyektiv hüquqa malik olduğunu təsdiq etmək üçün ilk növbədə mübahisəli əmlak kompleksinin ona məxsus olmasını təsdiq edən sübutlar təqdim etməli idi. Lakin, sözügedən kompleksinin iddiaçıya məxsus olması müəyyən olunmur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddia tələbləri buna müvafiq subyektiv hüququ olmayan şəxs tərəfindən qaldırıldığından, iddia tələblərinin təmin edilməsi üçün heç bir əsas yoxdur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, yuxarıda göstərilən əsaslar iddiaçının iddia tələbinin təmin olunmasını istisna edir. Ona görə də cavabdehin və 3-cü şəxsin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddiaçının iddiasının rədd edilməsi ilə bağlı yeni qətnamə qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi Sabunçu rayon Mühafizə İdarəsi və 3-cü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilsin. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-7335/2019 saylı 16 dekabr 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İddia rədd edilsin. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları apelyantların özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2(103)-75/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-75/2022
09.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver