Məhkəmə qərarları › İş №2(103)-7501/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7501/2020

21.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7501/2020 21.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, Cavabdeh “xxxxxxxxxxxxxxxxxxxx”ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh “xxxxxxxxxxxxxxxxxxxx”ASC-yə qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmişapelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, cavabdeh “xxxxxxxxxxxxxxxx” KEM ASC-dən 1985-ci ildə Mingəçevir QRES-də baş vermiş bədbəxt hadisə nəticəsində ağır bədən xəsarəti alaraq əmək qabiliyyətini itirməklə 2-ci qrup əlil və müxtəlif xəstəliklərə düçar olması nəzərə alınaraq, hadisə nəticəsində ona dəymiş 10.000 manat mənəvi zərərin, 2015-ci ildən 2020-ci ilə kimi ödənilməmiş 3000 manat ödəncin, illik müalicə və müayinə olunmaq, dərman preparatlarını almaq, sosial reabilitasiya və kurort xərcləri üçün son 3 il üçün 5000 manat olmaqla, cəmi 18.000 manat və gələcəkdə hər il üçün 5000 manat birdəfəlik ödənişin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə, “xxxxxxxxxxxxxxxx КЕМ” ASC-dən 3296,25 manat alınaraq, İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi və cavabdehdən dövlət rüsumuna görə 30 manatın dövlət nəfinə tutulması qət edilmişdir. Cavabdeh “xxxxxxxxxxxxxxxx” KEM ASC, apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, iddiaçı Sovet İttifaqı dövründə 1985-ci ildə istehsalat xəsarəti almışdır. Ona verilən aylıq 73,25 manat təşkil edir. İddiaçı kimi daha 12 nəfər istehsalat xəsarəti almışdır ki, onların alacaqları 2020-ci ilə qədər 49.000 manat təşkil edir. İdarənin iddiaçı və digər 12 nəfərin pulunu ödəməyə imkanı yoxdur. Belə ki, idarə iş həcmi olmadığı üçün 2011-ci ildən 2015-ci ilə, 2015-ci ildən 2025-ci ilə kimi hesabını bağlamışdır. Bu barədə Vergilər Nazirliyindən arayış verilmişdir. İdarə iş almaq üçün müxtəlif qurumlara yazılı surətdə müraciət etsə də, heç bir nəticəsi olmamışdır. Əgər fəaliyyət göstərərsə, 3296,25 manatın hissə-hissə ödənilməsi mümkündür. Eyni zamanda, iddiaçı Sovet İttifaqı dövründə xəsarət aldığından Nazirlər Kabinetinin 2008-ci ilin oktyabr ayında verilən 242 nömrəli Sərəncamına əsasən, o, DSMF-nin hesabına keçməlidir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi, apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin olunmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlmədiyindən, MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası, qətnaməni cavabdehin mübahisələndirdiyi hissədə yoxlamışdır. Cavabdeh apelyasiya şikayətində qətnamənin tamamilə ləğv edilməsini xahiş etsə də, şikayətin dəlillərindən aydın olur ki, o, qətnaməni yalnız iddianın təmin edilmiş hissəsində mübahisələndirir. Odur ki, aşağıda aparılan hüquqi dəyərləndirmə şikayətin həddi və dəlilləri ilə bağlıdır. Kollegiya, apelyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan sənədlərdən görünür ki, istehsalatda baş vermiş bədbəxt hadisə haqqında xx.xx.1985- ci il tarixli İ saylı aktda qeyd ounmuşdur ki, 5-ci dərəcəli çilingər X4 Şerbakovun briqadasında işləyərkən 4-cü dərəcəli çilingər Əliyevin ehtiyyatsızlığı səbəbindən 9 metrlik taxta lövhəsi hündürlükdən onun başına düşmüşdür. Daha sonra o tibb məntəqəsinə, xx.xx.1985-ci il tarixdə xəstəxanaya yoxlanışa getmişdir. 12 saylı TSEK-in xx.xx.2016-cı il tarixli müayinə aktından çıxarışa əsasən (müayinə tarixi xx.xx.1996-cı il) İddiaçı 2-ci qrup əlildir, istehsalat zədəsi 80%-dir (postrovmatik ensefolopatiya, qabarıq parkinson sindromu). “xxxxxxxxxxxxxxxx КЕМ” ASC tərəfindən tərtib edilmiş ödəniş cədvəlinə əsasən, İddiaçı alacağı məbləğ aylıq 73,25 manat təşkil edir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə, İddiaçı “xxxxxxxxxxxxxxxx КЕМ” ASC-yə qarşı “1985-ci ildə Mingəçevir QRES-də baş vermiş bədbəxt hadisə nəticəsində ağır bədən xəsarəti alaraq əmək qabiliyyətini itirməklə 2-ci qrup əlil və müxtəlif xəstəliklərə düçar olması nəzərə alınaraq, hadisə nəticəsində ona dəymiş olan 10000 manat mənəvi zərərin, 2010-cu ildən 2016-cı il tarixədək ödənilməmiş 6000 manata yaxın ödəncin, illik müalicə və müayinə olunmaq, dərman preparatlarını almaq, sosial reabilitasiya və kurort xərcləri üçün son 3 il üçün 5000 manat olmaqla, cəmi 21.000 manat və gələcəkdə hər il üçün 5000 manat birdəfəlik ödənişin cavabdehdən alınaraq ona verilməsi barədə” iddiası qismən təmin edilərək, cavabdehdən 5020,06 manatın alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə, “xxxxxxxxxxxxxxxx КЕМ” ASC-nin apelyasiya şikayəti təmin edilmədən, Xətai Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi iddianın qismən təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmışdır. Xətai Rayon Məhkəməsinin qanuni qüvvəsini almış həmin qətnaməsində qeyd olunmuşdur ki, ...məhkəmə təqdim olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, xx.xx.2011-ci il tarixdən başqayaraq xx.xx.2016-cı il tarixədək 5 il 8 ay 16 gün təşkil etdiyindən istehsalat qəzasına görə hər ay 73,25 manat məbləğində ödənc hesablanmaqla cəmi 5020,06 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Göründüyü kimi, Müslim Abbasovun “xxxxxxxxxxxxxxxx КЕМ” ASC-yə qarşı istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində ona dəymiş maddi ziyanın ödənilməsi tələbinə baxılmış və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsilə xx.xx.2011-ci il tarixdən xx.xx.2016-cı il tarixədək istehsalat qəzasına görə hər ay ödənilməli olan 73,25 manat məbləğində ödəncin hesablanaraq iddiaçıya cəmi 5020,06 manatın ödənilməsi qət edilmişdir. İddiaçı, hazırda 2015-ci ildən 2020-ci ilədək cavabdeh tərfindən ona ödənilməyən aylıq ödənişin hesablanaraq ödənilməsini tələb edir. Birinci instansiya məhkəməsi, Mülki Məcəllənin 21.2-ci, 1118.1-ci, 1119.1-ci, 1119.3cü maddələrinə, Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarxili, 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları” nın 1.3-cü bəndinə, Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin silə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği barədə Qaydalar”ın 1-3-cü bəndlərinə istinad edərək, hesab etmişdir ki, istehsalat qəzasına görə hər ay 73,25 manat məbləğində ödənc hesablanmaqla xx.xx.2011-ci il tarixdən başlayaraq xx.xx.2016-cı il tarixədək, 5 il 8 ay 16 gün üçün cavabdeh “xxxxxxxxxxxxxxxx КЕМ” ASC-dən cəmi 5020,06 manatın alınaraq İddiaçı ödənilməsi Xətai Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə qət olunduğundan xx.xx.2016-cı il tarixdən 3 il 9 ay üçün cəmi 3296,25 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə kollegiyası, qeyd olunanları birlikdə qiymətləndirərək, bu qənaətlə razılaşır və hesab edir ki, rayon məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir və məhkəmənin gəldiyi nəticə işin fatiki hallarına uyğundur. Cavabdehin apelyasiya şikayətinin “qətnamə ilə tutulması qət olunmuş məbləğin ödənilməsi ilə bağlı cavabdehin maddi imkanın olmaması və yalnız müəssisəyə sifarişlər olduğu halda hissə-hissə icranın mümkün olması” bardə dəlillərinə münasibətdə isə Kollegiya vurğulayır ki, qeyd olunanlar hazırkı mərhələdə mübahisənin həlli üçün əhəmiyyət kəsb etmir. Cavabdeh qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrası mərhələsində qətnamənin hissə-hissə icra edilməsi və ya möhlət verilməsi ilə bağlı məhkəməyə ərizə ilə müraciət edə bilər. Odur ki, Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. MPM-in 384.0.1-ci və 385.2-ci maddələrinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: “xxxxxxxxxxxxxxxxxxxx”ASC-nin apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin2(011)-2760/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın (mübahisələndirilən hisssədə). Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar