Məhkəmə qərarları › İş №2(103)-7506/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7506/2020

30.10.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7506/2020 30.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürmə və istifadə hüququnun tanınması tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli qətnamədən iddiaçının verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçının özünün və vəkili (nümayəndəsi) X2 və cavabdehin vəkili (nümayəndəsi) X4 iştirakları ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddia ərizəsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 53cü maddəsinə əsasən verilmiş “iddia tələbinin həcminin azaldılması barədə” ərizə ilə Xətai Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, onun xx.xx.2013-cü il təvəllüdlü övladı Ağabacı Mahmudova ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 24 “A” saylı evin, 28 saylı mənzilinə köçürülmələri və həmin mənzildən istifadə hüququnun tanınması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2012-ci il tarixdə cavabdehlə nikaha daxil olaraq, mübahisəli mənzilə köçmüş, birgə nikahdan xx.xx.2013-cü il tarixdə Ağabacı Mahmudova adlı övladı doğulmuşdur. Cavabdehlə münasibətləri əvvəlcə normal olsa da, sonradan xeyli pozulmuşdur. Nikah formal xarakter daşıdığından Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə nikaha xitam verilmişdir. Son günlərə qədər iddiaçı və uşaq mübahisəli mənzildə yaşasalar da, bir müddət əvvəl cavabdeh iddiaçını uşaqla birlikdə mənzildən qovmuş, mənzilin giriş qapısının kilitini dəyişmişdir. Bu səbəbdən də iddiaçı uşaqla birlikdə qohum-tanışlarının evində yaşamaq məcburiyyətində qalmışdır. Mənzil dövlət mənzil fonduna aiddir və sovet dövründə dövlət mənzil fondundan cavabdehin atasına verilmişdir. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, Rayon Məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq göstərilir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, Rayon Məhkəməsinin hazırki mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsini tətbiq etməsi yanlışdır. Çünki hüquq münasibətləri iddiaçının 2012-ci ildə mənzilə gəlin köçməsi ilə yaranmışdır. Odur ki, həmin münasibətlərə yeni Mənzil Məcəlləsinin dövlət mənzil Fonduna aid mənzillərlə bağlı 68-ci maddəsi tətbiq olunmalıdır. Apellyasiya baxışında iştirak edən iddiaçının özü və vəkili (nümayəndəsi) A.Sadıqlı apellyasiya şikayətinin dəlillərini müdafiə etdilər və apellyasiya şikayətinin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdilər. İş üzrə cavabdehin vəkili (nümayəndəsi) R.Əliyev apellyasiya baxışında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdi. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. Belə ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-4162/2019 saylı iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə (hazırki iş üzrə cavabdeh) Cavabdeh ilə (hazırki iş üzrə iddiaçı) Mahmudova (Səfərova) Leyla Ramis qızı arasında bağlanmış xx.xx.2012-ci il tarixli nikahın pozulması, nikahın pozulmasından sonra uşağın – xx.xx.2013-cü il təvəllüdlü Ağabacı Mahmudovanın anası İddiaçı yanında qalması və uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh L.Mühmudovanın xeyrinə alimentin tutulması qət edilmişdir. İşdə olan sənədlərdən görünür və tərəflər arasında mübahisə doğurmur ki, iş üzrə tərəflər xx.xx.2012-ci il tarixdə nikaha daxil olduqdan sonra iddiaçı mübahisəli mənzilə gəlin köçmüş və cavabdeh ilə birlikdə həmin mənzildə yaşamışdır. Mənzil sovet dövründə dövlət mənzil fondundan cavabdehin atası X1 verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş “Çıxarışdan” görünür ki, mübahisəli mənzil xüsusi mülkiyyətdə olan daşınmaz əmlak kimi cavabdehin atası Eyvaz Mahmudovun adına xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır. AZ-İİ seriyalı 064120 nömrəli xx.xx.2020-ci il tarixdə verilmiş “Ölüm haqqında şəhadətnamədən” görünür ki, Eyvaz Mahmudov xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş X3 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, o, iddiaçının anasıdır. İddiaçı mübahisəli evə 2012-ci ildə gəlin köçmüşdür. Cavabdehlə aralarında mübahisələri tez-tez olurdu. Cavabdeh iddiaçını mübahisəli mənzildən qovmuşdur. 6-7 aydır ki, iddiaçı onun yanında qalır. Evi kiçikdir və digər qızı uşaqları ilə birlikdə onunla yaşayır. İddiaçının başqa yaşayış yeri yoxdur. Göstərilənlərə əsasən müəyyən edilir ki, mübahisəli mənzil iddiaçının keçmiş qayınatası, cavabdehin atası Eyvaz Mahmudova ayrılmışdır. Tərəflər 2012-ci ildə ailə münasibətlərinə daxil olaraq rəsmi nikah bağlamış və iddiaçı qayınatasına məxsus mənzilə gəlin köçmüşdür. 2019-cu ildə tərəflər boşandıqdan sonra iddiaçı mübahisəli mənzildən çıxarılmışdır. 2020-ci ilin yanvar ayında sözügedən mənzil dövlət reyestrində Eyvaz Mahmudovun adına qeydiyyatdan keçməklə, xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olmuş, həmin ilin fevral ayında isə Eyvaz Mahmudov vəfat etmişdir. Hazırda isə mənzilin Eyvaz Mahmudov öldükdən sonra miras əmlak olaraq kimə qalması müəyyən olunmadığından, cavabdeh ölənin birinci növbəli vərəsəsi hesab edildiyindən, hazırkı iddiaya Cavabdeh tərəfindən cavab verilməsi məqsədəmüvafiqdir. Rayon Məhkəməsi də ilk növbədə cavabdehin mübahisəli mənzilə gözlənilən mülkiyyət hüququ olduğunu müəyyən etmişdir. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Axverdiyev Azərbaycana qarşı” iş üzrə qəbul etdiyi xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malik olub maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatından asılı deyil. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. Hər bir işdə, işin bütün halları nəzərə alınmaqla, bu halların ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi marağa hüquq verib-verməməsi müəyyən olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Akimovanın Azərbaycana qarşı” iş üzrə qəbul etdiyi xx.xx.2007-ci il tarixli qərarında göstərilmişdir ki, 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı olmamaqla əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Önər Yıldız Türkiyəyə qarşı” iş üzrə qəbul etdiyi xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilibedilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Göstərilənləri nəzərə alan Məhkəmə qeyd edir ki, tərəflər arasında münasibətlər 2012-ci ildən sonra yaranmışdır. Tərəflər arasında mübahisə doğurmur ki, iddiaçı mübahisəli mənzilə gəlin köçərək orada yaşamışdır və həmçinin onun həmin mənzildən istifadə hüququnun yaranması üçün iddiaçı mənzil mülkiyyətçisinə münasibətdə ailə üzvü deyildir. Lakin işin əhəmiyyətli hallarını düzgün müəyyən etmiş Rayon Məhkəməsi hüququn tətbiqində səhvə yol verərək mübahisəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin müddəalarına əsasən həll etmişdir. Məhkəmə, bu halı maddi və prosessual hüquq normalarının kobud pozuntusu kimi qəbul edir və aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında qeyd edilir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Göründüyü kimi, Konstitusiya Məhkəməsinin Plenumunun qeyd edilən qərarında təsbit edilmiş hüquqi mövqeyə gərə, hazırki mülki mübahisə konkret olaraq Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları əsassında həll edilməlidir. Odur ki, hesab edilməlidir ki, apellyasiya şikayətində mübahisənin Mənzil Məcəlləsinin 68-ci maddəsinin müddəaları ilə həll edilməsi ilə bağlı dəlilləri də əsassızdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə görə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Lakin hazırki iş üzrə sübutetmə yükü üzərinə düşən iddiaçı, nə yaşayış sahəsindən istifadə hüququ ilə bağlı notarial razılaşmanı təqdim edə bilmiş, nə də işdə olan mənzilə ailə çıxarışda mənzilin iddiaçının istifadə hüququ ilə yüklü olması müəyyən olunur. Belə olan halda, müəyyən olunur ki, iddiaçının mənzildən istifadə hüququ yaranmamışdır və onun mənzilə köçürülmə tələbinin heç bir hüquqi əsası yoxdur. İddiaçı özü ilə yanaşı azyaşlı övladı – xx.xx.2013-cü il təvəllüdlü Ağabacı Mahmudovanın da mübahisəli mənzilə köçürülməsi barədə tələb irəli sürdyündən Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə görə 14 yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş şəxslərin yaşayış yeri sayılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 60.4-cü maddəsinə görə, valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini (uşaqların qardaş və bacılarına, valideynlərindən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Ağabacı Mahmudovanın yaşayış yeri yuxarıda qeyd edildiyi kimi Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-4162/2019 saylı iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilib. Həmin qətnamə ilə o, anasının (hazırki iş üzrə iddiaçının yanında saxlanılıb. Ona görə də uşağın yaşayış yeri iddiaçının yaşayış yeri sayılır. Mübahisəli mənzil iddiaçının yaşayış yeri sayılmadığından iddianın uşağa aid olan hissəsi də əsaslı hesab edilə bilməz. Beləliklə apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, düzgün tətbiq etməmişdir. İddia əsassız olsa da, işə baxmış Rayon Məhkəməsi iddia tələbini maddi hüquq normasını səhv tətbiq etməklə rədd etmişdir. MPM-nin 385-ci maddəsinə görə isə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsinin qətnaməsində göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Odur ki, Məhkəmə, göstərilənləri və MPM-nin 385-ci maddəsinin tələblərini nəzərə alaraq və MPM-nin 384.0.2-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Qətnamənin ləğv edildiyi üçün hesab edilməlidir ki, apellyasiya şikayəti qismən təmin edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli qətnamə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “mənzilə köçürmə və istifadə hüququnun tanınması tələbi barədə” iddiası təmin edilməsin. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumları onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar